Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3201/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “ödənilmiş hərrac xərclərinin geri tələb edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “ödənilmiş hərrac xərclərinin geri tələb edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Nizami Rayon Məhkəməsinin 2(007)-2453/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “ödənilmiş hərrac xərrac xərclərinin geri tələb edilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh və “X1 Azərbaycan” QSC arasında xx.xx.2014-cü il tarixli 010714 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 15 faiz olmaqla xx.xx.2019-cu il müddətinə 32000 (otuz iki min) manat kredit verilmişdir. xx.xx.2014-cü il tarixli 010714 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edilməsi məqsədi ilə xx.xx.2014- cü il tarixdə bank ilə ipoteka qoyan Cavabdeh arasında xx.xx.2014-cü il tarixli İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1 ünvanında, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 70.7 kv.m, yaşayış sahəsi 50.04 kv.m, yardımçı sahə 20.66 kv.m olan 4 otaqdan ibarət olan mənzil “X1 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh öz ökdəliklərini lazımınca yerinə yetirmədiyi üçün “X1 Azərbaycan” QSC Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3000/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 25403.10 manat əsas borc, 2573.18 manat faiz borcu,11 manat poçt xərcinin, 30 manat dövlət rüsumunun, cəmi 28807.93 manat vəsaitin “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması, tutmanın cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, vəsait kifayət etmədikdə, qalan borcun cavabdehdən tutulması, məbləğ borcdan artıq olduğu halda isə qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12051/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-3000/2017 saylı qətnaməsi dəyişdirilərək, ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayou, Sahil qəsəbəsi, məhəllə 21, 2 A saylı evin 24 saylı mənzilinin ilkin satış qiymətinin 85000 manat müəyyən edilməsi, qətnamənin cavabdehin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyəti üzrə Gəncə şəhər üzrə İcra idarəsinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlaklar Hərracın nəticələri barədə 30 oktyabr 2020-ci il tarixli 34/04 saylı Hərracın yekunları barədə Protokoluna əsasən “X1 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir. “X1 Azərbaycan” QSC tərəfindən xx.xx.2019-cu il tarixində 123 saylı ödəniş tapşırığına əsasən 487,69 manat (ƏDV 18%) və 2709.37 manat xidmət haqqının, cəmi 3197.06 manatın "xxxx" MMC-yə ödənilməsinə dair 123 saylı ödəniş tapşırığı/hesab faktura verilmiş və həmin tarixli bank köçürmə sənədi ilə qeyd edilən məbləğlər sonuncunun bank hesabına ödənilmişdir. “X1 Azərbaycan” QSC tərəfindən xx.xx.2020-ci il tarixində 530.25 manat məbləğində sadələşdirilmiş verginin ödənilməsinə dair 428 saylı ödəniş tapşırığı/hesab faktura verilmiş və həmin tarixli bank köçürmə sənədi ilə qeyd edilən məbləğlər sonuncunun bank hesabına ödənilmişdir. Qeyd olunanlara əsasən Cavabdeh “X1 Azərbaycan” QSC-nin xeyrinə 487,69 manat (ƏDV 18%) və 2709,37 manat xidmət haqqının, 530,25 manat sadələşdirilmiş verginin, cəmi 3727,31 manatın və ödənilmiş 57,30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmışdır.
4. Nizami Rayon Məhkəməsinin 2(007)-2453/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Rauf Əhmədov) ilə iddia tələbi təmin edilmiş, 487,69 manat (ƏDV 18%) və 2709,37 manat məbləğində xidmət haqqı, 530,25 manat məbləğində sadələşdirilmiş vergi ödənişi olmaqla, cəmi 3727,31 manat məbləğində borc və ödənilmiş 57,30 manat məbləğində dövlət rüsumunun Cavabdeh “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir.
5. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
6. Bununla yanaşı cavabdeh vəsatətlə məhkəmə kollegiyasına müraciət edərək, bildirmişdir ki, apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi birinci insitasiya məhkəməsində iş baxılarkən ona rəsmi bildiriş verilməmişdir, buna görə də məhkəmə iclasında iştirak edib sübutlarını təqdim edə bilməmişdir. Həmin sübutlarını apellyasiya məhkəməsinə təqdim edib məhkəməyə şifahi olaraq izahat vermək istəyir. Göstərilənlərə əsasən məhkəmə iclasını şifahi məhkəmə iclası keçirməklə məhkəmə iclasında iştirakının təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyası cavabdehin vəsatətinə münasibətdə qeyd edir ki, hazırkı işə məhkəmə iclasında baxılmasına hər hansı bir əsas olmadığından apellyasiya şikayətinə MPM-in 394-1-ci maddəsinə əsasən, yazılı icraat qaydasında baxılır.
8. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülki prosessual qanuvericilikdə “işə məhkəmə iclasında baxılması barədə” vəsatət təmin edildiyi halda qərardad qəbul edilməlidir. Hazırda isə vəsatət təmin edilmədiyindən, məhkəmə kollegiyası bu barədə qərardad qəbul edilməsinə zərurət görmür. Apellyasiya şikayəti və onun dəlilləri:
9. Rayon Məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsi işə qərəzli yanaşaraq yalnız iddiaçının mövqeyindən çıxış edərək, onun məhkəmə iclasında iştirakını təmin etmədən qanuna zidd qətnamə qəbul etmişdir. Hazırkı iş üzrə qətnamə çıxararkən rayon məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, sübutlara düzgün qiymət verməmiş, konstitusiya ilə qorunan hüquqlarını, ədalətli araşdırma prinsipini, çəkişmə prinsipini pozaraq, qanunsuz və ədalətsiz olaraq bir tərəfli qətnamə qəbul etmişdir. Rayon məhkəməsi yalnız iddiaçı tərəfin qanunsuz və səthi dəlilləri əsasında işə baxmış, işin konkret halları və qanunun normaları nəzərə alınmamışdır. Apellyasiya şikayətinə əlavə etdiyi xx.xx.2020-ci il tarixli ödəniş qəbzlərdən göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12051/2017 saylı qətnaməsi ilə ondan tutulmalı olan 28.808 manat borc və hərracın keçirilməsi barədə iddiaçı tərəfindən çəkilmiş xərc 3242 manat və 32+32 manat pullar tərəfindən iddiaçı “X1 Azərbaycan” QSC-nə ödənilmişdir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəmə qərarının icrasını təmin edən Qaradağ rayon icra şöbəsinə ərizə verilərək icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc və əlavə xərclər tərəfindən tam icra edildiyi üçün Qaradağ rayon icra şöbəsi tərəfindən icraata xitam verilmişdir. Buna baxmayaraq iddiaçı əsassız və qanunsuz olaraq təxminən 3 il müddət keçdikdən sonra yenidən hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Sübutların tədqiqi:
10. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3000/2017 saylı, xx.xx.2017ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 25403.10 manat əsas borc, 2573.18 manat faiz borcu,11 manat poçt xərcinin, 30 manat dövlət rüsumunun, cəmi 28807,93 manat borcun tutulması, tutmanın cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayou, Sahil qəsəbəsi, məhəllə 21, 2 A saylı evin 24 saylı mənzilinə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, vəsait kifayət etmədikdə, qalan borcun cavabdehdən tutulması, məbləğ borcdan artıq olduğu halda isə qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir.
11. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12051/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3000/17 saylı, 17 avqust 2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, məhəllə 21, 2 A saylı evin 24 saylı mənzilinin ilkin satış qiymətinin 85 000 (səksən beş min) manat müəyyən edilməsi, qətnamənin cavabdehin apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyəti orqana göndərilmişdir.
13. Hərracın nəticələri barədə 30 oktyabr 2020-ci il tarixli 34/04 saylı Hərracın yekunları barədə Protokol ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103) 12051/17 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin xx/xx- 141735/1 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubunun və “X1” Azərbaycan QSC-nin nüvafiq məktubunun icrasına əsasən mübahisəli əmlak “X1 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir.
14. “X1 Azərbaycan” QSC-nin xx.xx.2019-cu il tarixində 123 saylı ödəniş tapşırıqları ilə müəyyən olunur ki, “X1 Azərbaycan” QSC tərəfindən "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nin hesabına Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, məhəllə 21, 2 A saylı evin 24 saylı mənzilinin hərrac xidmətinin dəyəri olaraq 487,69 manat (ƏDV 18%) və 2709,37 manat ödənilmişdir.
15. “X1 Azərbaycan” QSC-nin xx.xx.2020-ci il tarixli, 428 saylı ödəniş tapşırığı ilə 530,25 manat məbləğində sadələşdirilmiş verginin ödənilməsi müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır.
19. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, mülki iş materialları ilə müəyyən edilir ki, 487,69 manat və 2709,37 manat xidmət haqqı, 530,25 manat sadələşdirilmiş vergi ödənişi borclu Cavabdeh əvəzinə tələbkar “X1 Azərbaycan” QSC tərəfindən ödənilmişdir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdətutulmasın.
22. Həmin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə əsasənəgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.
25. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri- əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır.
26. Həmin Qanunun 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir.
27. Həmin Qanunun 79.2.1-ci maddəsinə əsasən borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına dair xərclər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir.
28. Həmin Qanunun 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür.
29. Qeyd olunanlara əsasən müəyyən edilir ki, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi iləəlaqədar çəkilən xərclərin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir.
30. Apellyasiya şikayətində cavabdeh həmin xərclərin tərəfindən ödənilməsini qeyd edərək ödəniş qəbzlərini təqdim etsə də həmin qəbzlərdən müəyyən edilir ki, cavabdeh tərəfindən ödənişlər 16 noyabr 2020-ci il tarixdə həyata keçirilmişdir, halbuki iddiaçı tərəfindən mübahisələndirilən ödənişlər 15 fevral 2019-cu il tarixində 123 saylı ödəniş tapşırığına əsasən edilmişdir.
31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavadeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirmədiyindən rayon məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.
32. Cavabdehin rayon məhkəməsi tərəfindən məhkəmə iclasında onun iştirakının təmin edilməməsi barədə dəlilinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
33. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir;
34. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər;
35. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
36. Hazırki iddia tələbi də məhz kiçik iddiaya aid olmaqla sadələşdirilmiş icraat qaydasında baxılmış, həmçinin rayon məhkəməsi tərəfindən cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş cavabdehin iş materiallarında olan ünvanına qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmişdir.
37. Bu baxımdan, kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab edir. Nəticə:
38. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. MPM-in 394-1.3-ci maddəsinə əsasən, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
41. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdeh özünə aid edilməlidir.
42. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 oktyabr 2021-ci il tarixindən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə edilmiş dəyişikliyə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər (maddə 402.1).
43. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
44. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin 2(007)-2453/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.