Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3202/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, iddiaçının nümayəndəsi X4, Cavabdeh1, nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçılar "İddiaçı1" QSC-nin ("İddiaçı2" MMC-nin təsisçisi), İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2(003)- 364/2020 nömrəli qətnaməsindən "İddiaçı1 QSC ("İddiaçı2" MMC-nin Təsisçisi) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar "İddiaçı1" QSC ("İddiaçı2" MMC-nin təsisçisi) və "İddiaçı2" MMC cavabdehlər Cavabdeh1 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 76.908 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "İddiaçı2" MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18.603 manat məbləğində pulun, Cavabdeh1 58.305 manat məbləğində pulun və Cavabdeh1 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "İddiaçı2" MMC-yə ödənilməsi və iddiaçı "İddiaçı1" QSC tərəfindən vəkilə ödənilmiş 1000 ABŞ dolları vəsaitin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "İddiaçı1" QSC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "İddiaçı2" MMC-nin keçmiş direktoru Cavabdeh1 özünün AR Mülki Məcəllənin 49.3-cü maddəsində nəzərdə tutulmuş vəzifələrini pozmuş və bu pozuntu nəticəsində iddiaçı "İddiaçı2" MMC-yə zərər vurmuşdur. Misal üçün, Cavabdeh1 Cəmiyyətin pul vəsaiti hesabına özünün həyat yoldaşı X8, İtaliya, Çin və sair ölkələrə aviabiletlərini almış və bununla da, Şirkətə 7.421 manat ziyan vurmuşdur. Həmçinin, Cavabdeh1 Cəmiyyətə aidiyyatı olmayan digər şəxslərin də (misal üçün, Khilkevich Siarhei, Shaplyka Viacheslav və sair şəxslərin) aviabilet, otel və səfər xərclərini Cəmiyyətin pul vəsaiti hesabına ödəmiş və Cəmiyyətə ümumilikdə 76.908 manat məbləğində ziyan vurmuşdur. İddiaçıda olan ilkin məlumatlara görə bu şəxslərin arasında Cavabdeh1 biznes tərəfdaşı olan X13" şirkətinin (şirkət Belorusiyada yerləşir) əməkdaşları, Cəmiyyətilə rəqabət aparan "xxxx" MMC-nin direktoru (Cavabdeh2), bir qismi isə Cavabdeh1 təsis etdiyi və direktoru olduğu "xxxx" MMC-nin müştəriləri olmuşlar. Əlavə edilmiş sənədlərdə Cavabdeh1 təyinatdan kənar istifadə etdiyi məbləğləri təfərrüatı ilə göstərən cədvəl əlavə olunur. Cədvəldə Cəmiyyətin pul vəsaiti hesabına səfər xərcləri ödənilmiş şəxslərin adları, vəsatin xərcləndiyi xidmətin adı (misal üçün, aviabilet, otel va s.), vəsaitin məbləği, vəsaitin köçürüldüyü turizm şirkətinin adı göstərilmişdir. Bundan əlavə, xərclər ilə bağlı Cəmiyyətə təqdim edilən hesab-fakturalar və pulun ödənilməsini təsdiq edən ödəniş tapşırıqları əlavə edilir. Cavabdeh1 öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmişdir. Belə ki, Cəmiyyətin direktoru kimi Cavabdeh1 Cəmiyyətə məxsus olan pul vəsaitlərindən istifadə etmək səlahiyyəti olmuşdur. Cəmiyyətin direktoru kimi Cavabdeh1 öz qulluq mənafeyinə görə Cəmiyyətin pul vəsaitlərindən yalnız və yalnız Cəmiyyətin fəaliyyət məqsədlərini həyata keçirmək üçün istifadə edə bilərdi. Cavabdeh1 öz həyat yoldaşının və Cəmiyyətin işçiləri olmayan şəxslərin səfər və sair xərclərini ödəməklə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmişdir. Cavabdeh1 qeyd edilən səlahiyyətlərindən özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə istifadə etmişdir. Belə ki, Cəmiyyətin işçiləri olmayan şəxslərin səfər və sair xərclərinin qarşılanması həmin üçüncü şəxslər üçün qanunsuz üstünlüklər yaratmışdır. Belə ki, adi halda bu xərclər üçüncü şəxslərin özləri tərəfindən qarşılanmalı idi. Həmin xərcləri Cəmiyyətin hesabına qarşılamaqla Cavabdeh1 həmin üçüncü şəxslər üçün qanunsuz üstünlüklər yaratmışdır. Cavabdeh1 qeyd edilən əməli nəticəsində Cəmiyyətin hüquqlarına və qanuni maraqlarına mühüm zərər vurulmuşdur. Belə ki, Cəmiyyətin işçiləri olmayan şəxslərin səfər və sair xərclərini ödəmək üçün Cavabdeh1 Cəmiyyətin 76.908 manat məbləğində pul vəsaitindən istifadə etmişdir. İddiaçı "İddiaçı2" MMC Azərbaycan Respublikası qanunvericiliyinə əsasən təsis edilmiş hüquqi şəxsdir (VOEN: **********) və onun üç təsisçisi vardır: "X18 Limited" şirkəti (Kipr Respublikasının hüquqi şəxsi) (50%), "İddiaçı1" QSC (Rusiya Federasiyasının hüquqi șəxsi) (30%) və Cavabdeh1 (20%). İddiaçı2" MMC-nin əsas fəaliyyəti informasiya texnologiyaları avadanlıqlarının satışından ibarətdir. İddiaçı dünyanın 50 ölkəsində fəaliyyət göstərən və informasiya texnologiyaları sahəsində nüfuzu olan "Softlayn" şirkətlər qrupuna daxildir. İddiaçı "İddiaçı2" MMC ilə Cavabdeh1 İİham oğlu arasında imzalanmış 16 mart 2006-cı il tarixli əmək müqaviləsinə əsasən cavabdeh iddiaçı "İddiaçı2" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir (əmək müqaviləsinin təsdiq edilmiş surəti əlavə edilir). Cavabdeh1 Cəmiyyətə aidiyyatı olmayan şəxslərin aviabilet, otel və səfər xərclərini Cəmiyyətin pul vəsaiti hesabına ödəmiş və Cəmiyyətə ümumilikdə 76.908 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh1 iddiaçı "İddiaçı2" MMC-yə münasibətdə daşıdığı AR Mülki Məcəlləsinin 49.3-cü maddəsində göstərilmiş öhdəliklərini pozmuşdur. Belə ki, heç bir vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət edən fiziki şəxs və hüquqi şəxsin maraqlarına sadiq olan va onun maraqlarını öz maraqlarından üstün tutan şəxs özünün direktoru olduğu hüquqi şəxs ilə rəqabət aparan fəaliyyətlə məşğul olmaz. Lakin cavabdeh "İddiaçı2" MMC ilə rəqabət aparan hüquqi şəxsi təsis etmiş, onun direktoru olmuş, həmin hüquqi şəxs vasitəsi ilə İddiaçı2 MMC ilə oxşar kommersiya fəaliyyətini həyata keçirmiş və İddiaçı2 MMC-nin təqdim etdiyi mallara oxşar olan malları digər şəxslərə satmışdır. Beləliklə, cavabdeh tərəfindən AR Mülki Məcəlləsinin 49.3-cü maddəsində göstərilmiş öhdəliklərinin və əmək müqaviləsinin şərtlərinin pozulması nəticəsində iddiaçı "İddiaçı2" MMC-yə 76.908 manat məbləğində zərər dəymişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2(003)-364/2020 nömrəli qətnaməsinə əsasən iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iş üzrə iddiaçı "İddiaçı1 QSC ("İddiaçı2" MMC-nin Təsisçisi) apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunan dəlillərə istinad edilməklə əsaslandırılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş "İddiaçı2" MMC-nin 10.04.2015-ci il tarixli nizamnaməsinin surətindən aydın olur ki, "İddiaçı2" MMC-nin üç təsisçisi vardır: "X18 Limited" şirkəti (Kipr Respublikasının hüquqi şəxsi) (50%), "İddiaçı1" QSC (Rusiya Federasiyasının hüquqi șəxsi) (30%) və Cavabdeh1 (20%). İş materiallarına əlavə edilmiş "İddiaçı2" MMC ilə Cavabdeh1 arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, o, sonuncu MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Kommersiya Hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, "İddiaçı2" MMC VOEN: ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış hüquqi şəxsdir. İş materiallarına əlavə olunmuş elektron poçt yazışmalarından görünür ki, 2016-cı il ildə “Huawei” şirkətinin Azərbaycan üçün Softlayn mühəndis təlimi ilə bağlı 15.000 ABŞ dolları, Korporativ müştərilər üçün yerli marketinq tədbirləri ilə bağlı 5.000 ABŞ dolları, Softlayn şirkətinin Çində “Huawei” şirkətinə səfəri ilə bağlı 20.000 ABŞ dolları maliyyə vəsaiti ayırmışdır. İş materiallarına əlavə olunmuş elektron poçt yazışmalarından görünür ki, “Huawei” şirkətinin əməkdaşı Donqvençin Cavabdeh1 məktub yazmaqla, Daxili İşlər Nazirliyinin səlahiyyətli nümayəndələrini “Huawei” şirkəti ilə əməkdaşlıqla bağlı tədbirlərə rəsmi dəvət edir və gündəlik tədbirlər planını təqdim etmişdir. İş materiallarına elektron poçt yazışmalarından görünür ki, Siarhei Khikevich “İddiaçı2" şirkətlər qrupunun sahibi İqor Borovikovla görüş təyin etməyə dair onun köməkçisi İnna Gnusina ilə 2018-ci ilin iyul ayında yazışmalar aparmış və “İddiaçı2" şirkətlər qrupu ilə işgüzar münasibətdə olmuşdur. İş materiallarından müəyyən olunur ki, “X16” Belorusiya şirkətinin təsisçiləri X2, Cavabdeh1 və X9. Təqdim edilmiş əmək kitabçasının surətindən görünür ki, X2, 03.08.2018-ci il tarixdən həmin şirkətin direktoru təyin edilmişdir. İş materiallarından müəyyən olunur ki, Vyaçeslav Şapliko 24.12.2017- 29.06.2018-ci il tarixlərdə “Novakom” şirkətinin əməkdaşı olmuşdur. İş materiallarına əlavə olunmuş elektron poçt yazışmalarından görünür ki, Vyaçeslav Şaplika ilə Cavabdeh1 arasında nağd və nağdsız vəsaitlərinin uçotu sisteminin yaradılması ilə bağlı yazışmalar aparılmışdır. İş materiallarından müəyyən olunur ki “xxxx” MMC tərəfindən təqdim edilmiş hesab fakturalar və həmin hesab fakturalar əsasında toplanmış aviabilet və otel vauçerlərinin təsdiq edilmiş surətlərinə əsasən, “İddiaçı2" MMC tərəfindən sifariş olunmaqla ödənişi həyata keçirilmiş aviabilet və otel sifarişinin “xxxx” MMC tərəfindən icra olunması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi X3 tərəfindən qəbul edilmiş 12.06.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, mülki qaydada məhkəməyə müraciət edilməsi izah olunmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 6(009)- 98/2019 saylı 28 avqust 2019-cu il tarixli qərarının surətindən görünür ki, "İddiaçı2" MMCnin direktor müavini Elşad Nəsibov Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi X3 tərəfindən qəbul edilmiş 12.06.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayət əsassız olduğundan təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 28.09.2020-ci il tarixli məhkəməyə ünvanlanmış məktubundan aydın olur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) və "İddiaçı2" MMC, "X17" MMC (VÖEN: **********) arasında hər hansı əməkdaşlıq olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsinin 09.10.2020-ci il tarixli məhkəməyə ünvanlanmış məktubundan aydın olur ki, Belarus Respublikasının Daxili İşlər Nazirliyinin dəvəti ilə 2017-ci ilin 4-7 may tarixlərində Minsk şəhərinə, Çin Xalq Respublikasının "Huawei Technologies" şirkətinin dəvəti ilə 2017-ci ilin 11-18 iyun və 4-11 sentyabr tarixlərində Çinin müxtəlif şəhərlərinə, habelə Fransa Respublikasının Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə 2017-ci ilin 21-24 noyabr tarixlərində Paris şəhərində keçirilən "Milipol" sərgisində iştirak etmək üçün DİN-in Polis general-mayoru Dilqəm Aslanovun və baş idarənin mütəxəssislərindən ibarət heyət Daxili İşlər Nazirliyinin Rəhbərliyinin yazılı razılığı əsasında aidiyyəti ölkələrə ezam olunmuşdur. Həmçinin, 2016-cı ilin 20 noyabr-4 dekabr tarixlərində Dilqəm Aslanov rəsmi məzuniyyətdə olduğu dövr ərzində Belarus Respublikasının Minsk şəhərində olmuşdur. Məktubda o da qeyd olunur ki, X6 15- 18.06.2017-ci il tarixdə ölkə daxilində olmuşdur. O, 05.03.2020-ci il tarixdə öz arzusu ilə daxili işlər orqanlarından xaric olunub. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, "İddiaçı1" MMC-də ofis meneceri vəzifəsində işləmişdir. Maliyyənin xəbəri olmadan biletlər ayıra bilmirdilər. Cəmiyyətin işləri ilə bağlı iş adamları qonaq gəldiyi zaman o, bütün otellərə sorğu yazırmış və biletlər yazılırdı. Maliyyə şöbəsi biletlərin qiymətini hesablayırdı. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Cavabdeh2 ifadəsində bildirmişdir ki, onun Türkiyə Respublikasına səfərlə bağlı aviabilet və otel xərcləri, Kiyev, Minsk, İstanbul şəhərlərinə ikitərəfli aviabiletlər, Bakı-Kiyev-Barselona ikitərəfli aviabiletləri, eləcə də X20 otelinin xərclərinin ödənilməsi onun şəxsi səfərlər ilə bağlı olmuş, lakin sonradan həmin pullar cəmiyyət tərəfindən onun əmək haqqından və ona verilən mükafatlardan tutulmuşdur. Qeyd edir ki, "İddiaçı1" MMC-nin turizm şirkəti ilə əməkdaşlıq etdiyinə görə həmin turizm şirkəti Cəmiyyətə endirimlər edirdi. Ona görə də o, həmin səfərlərlə bağlı aviabilet və otel xərclərinin Cəmiyyət sifarişi ilə həll etmişdir. Lakin sonradan həmin vəsaitlər onun əmək haqqından və ona verilən mükafatlardan tam həcmdə tutulmuşdur. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə Kollegiyası Cavabdeh1 və Cavabdeh2 vurulmuş zərər qismində 18.603 manatın tələb edilməsi ilə bağlı onu qeyd etməyi zəruri sayır ki, sözügedən məbləğdə xərclər ayrı-ayrı vaxtlarda cəmiyyət tərəfindən ödənilsə də, həmin xərclərin iddia tələbinin əsası kimi istinad edilən qaydada cavabdehlər tərəfindən mənimsənilməsi və israf edilməsi sübuta yetirilmir. Belə ki, Cavabdeh2 və ailə üzvlərinin şəxsi istirahəti üçün otel və digər xərcləri üçün cəmiyyətin hesabından 18.603 manat vəsait köçürülsə də, Cavabdeh2 həmin məbləğlərin sonradan onun əmək haqqından və ona verilən bonuslardan çıxıldığını bildirmişdir. Məhkəmə Kollegiyası ilk öncə onu qeyd etməyi zəruri sayır ki, yalnız hüquqi şəxsin adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməyə borcu olduğundan, Cavabdeh2 isə iddiaçı “xxxx” MMC-nin adından çıxış edən və ya onun idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan şəxs olmadığından və vəsaitləri üzərində sərəncam hüququna malik olmadığından, o, iddiaya cavab verməli olmayan şəxsdir. Bundan başqa, iddiaçılar Cavabdeh2 bildirdiklərini mübahisələndirməmiş, eyni zamanda həmin halın təkzib edilməsi ilə bağlı iddiaçı “xxxx” MMC-də saxlanılan sübutları təqdim etməmişlər. Eyni zamanda “xxxx” MMC-nin Cavabdeh1 tərəfindən vəzifə səlahiyyətlərindən suiistifadə edilərək, Cəmiyyətin pullarını təyinatdan kənar istifadə etməklə israf etməsi barədə müraciəti Bakı şəhər Prokurorluğunda araşdırılarkən, digər xüsusatlarla yanaşı Cavabdeh2 və ailə üzvlərinin şəxsi istirahəti üçün otel və digər xərcləri üçün cəmiyyətin hesabından 18.603 manat vəsaitin köçürülməsi halı da araşdırılaraq hüquqi qiymət verilmiş və 12 iyun 2019-cu il tarixli qərarla Cavabdeh1 barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə Kollegiyası Cavabdeh1 vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, 18.603 manat vəsait təyinatdan kənar istifadə etməsi halının müəyyən edilmədiyini nəzərə alaraq, həmin vəsaitin sonradan onun əmək haqqından və ona verilən bonuslardan çıxılması barədə Cavabdeh2 bildirdiklərini işin hallarına uyğun sayır. Bundan başqa, Bakı şəhər Prokurorluğunun 12 iyun 2019-cu il tarixli qərarının qüvvədə saxlanılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 6(009)-98/2019 saylı 28 avqust 2019-cu il tarixli qərarı ilə “xxxx” MMC-nin pul vəsaitinin təyinatdan kənar istifadə edilməməsi, səfərlərlə bağlı çəkilən xərclərin birbaşa “xxxx” MMC-nin biznes fəaliyyəti ilə bağlı olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə Kollegiyası hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 6(009)-98/2019 saylı 28 avqust 2019-cu il tarixli qərarı ilə “xxxx” MMC-nin pul vəsaitinin təyinatdan kənar istifadə edilməməsi, səfərlərlə bağlı çəkilən xərclərin birbaşa “xxxx” MMC-nin biznes fəaliyyəti ilə bağlı olması təsdiq edildiyindən, bununla da Cavabdeh1 vəzifələrini pozması və pozuntu nəticəsində “xxxx” MMC-yə zərər dəyməsi müəyyən edilmədiyindən, eləcə də Cavabdeh2 bu iddiaya cavab verməli olmayan şəxs olduğundan, birinci instansiya məhkəməsi 18.603 manat və 58.305 manat məbləğində pulun tutulması hissəsində iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Eyni zamanda, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aiddir və vəkilin göstərdiyi yardıma görə xərclərin əvəzi cavabdehlərdən alınıb onlara verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2(003)-364/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3202/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3202/2021
20.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver