Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3204/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «kredit borcu, zaminlik») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Nizamil Rayon Məhkəməsinin 2(007)-1018/2024 saylı, 01 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 04 mart 2016-cı il tarixli, LD/16064/00105 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 30 (otuz) ay müddətinə 04 avqust 2018-ci il tarixə qədər, illik 2.87% dərəcəsi tətbiq edilməklə 1133 (min yüz otuz üç) ABŞ dolları məbləğində kredit verilmişdir
2. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 04 mart 2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür.
3. “Hüquqların və tələblərin güzəşti haqqında” 06 dekabr 2019-cu il tarixli müqavilədən görünür ki, BOKT "Vijn Fond Azərkredit” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri yeni kreditor BOKT "xxxx" ASC-yə keçmişdir (tələb güzəşt edilmişdir).
4. Götürülmüş 1133 ABŞ dolları kredit məbləğindən cəmi 561.46.ABŞ dolları məbləğində: xx.xx.2016-cı il tarixindən xx.xx.2018-ci il tarixədək cəmi 161.27 ABŞ dolları məbləğində ödəniş edilmiş, xx.xx.2019-cu il tarixində 400.19 ABŞ dolları məbləğində kompensasiya ödənişi edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı BOKT "xxxx" MMC məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müracət edərək məhkəmədən Cavabdeh1 ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC arasında bağlanmış 04 mart 2016-cı il tarixli, LD/16064/00105 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1113 (min yüz on üç) ABŞ dolları, faiz borcu üzrə 36 (otuz altı) ABŞ dolları, cərimə üzrə 111 (yüz on bir) ABŞ dolları olmaqla, ümumilikdə 1260 (min iki yüz altmış) ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMCnin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir.
6. Tələbdə göstərilir ki, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında 04 mart 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. 7.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)-5205/2017 saylı əmrinə əsasən, xx.xx.1972-ci il təvəllüdlü, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 və xx.xx.1959- cu il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 müştərək qaydada Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə 1113 (min yüz on üç) ABŞ dolları əsas borc, faiz borcu üzrə 36 (otuz altı) ABŞ dolları, cərimə üzrə 111 (yüz on bir) ABŞ dolları olmaqla, ümumilikdə 1260 (min iki yüz altmış) ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul vəsaiti tutulması əmr edilmişdir. 8.Cavabdeh2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)- 5205/2017 saylı əmrinə etiraz edilməsinə dair xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən məhkəmə əmrinin ləğv edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli 2(007)-5205/2017 saylı qərardadı ilə məhkəmə əmrinə etiraz təmin edilərək mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1018/2024 saylı, 01 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Starə Əliyeva) iddia tələbinin təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 580.81 ABŞ dolları məbləğində əsas borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, Cavabdeh1n müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca və yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir.Cavabdeh Məmmədov X1 Mətanət Ziyad qızı ilə iddiaçı arasında bağlanmış 04 mart 2016-cı il tarixli, LD/16064/00105 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2 izahatına əsasən müəyyən edilmişdir ki, cavabdeh tələb edilən 580.81 ABŞ dolları borc məbləğini, Cavabdeh1 zamin olması məsələsini mübahisələndirməmişdir. İzahatında onun Cavabdeh1 zamin olduğundan ilk növbədə borc məbləğinin əsas borcludan tutulmalı olduğunu, əsas borclu öldüyü halda tələbin ona yönəldilməli olduğunu bildirmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməməsini xahiş edərək şikayətində göstərib ki, sözü gedən borc məbləğinin bir hissəsi Cavabdeh1 tərəfindən ödənilmişdir. Beləliklə, öhdəliyin icra edilməməsi halı mövcud deyildir. Amma buna baxmayaraq ədalət mühakiməsini həyata keçirən məhkəmə yekun akt qəbul edərkən bu faktı nəzərə almamış, maddi norma yanlış tətbiq olunaraq cavabdehin hüquqlarının kobud şəkildə pozulması və qanunsuz qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Hazırki mülki iş üzrə Cavabdeh1 ödənişin bir hissəsini icra etmiş, qalıq borc məbləğinin də ödənilməsindən boyun qaçırmır. Belə ki, şəxs öz öhdəliyini lazimi qaydada yerinə yetirməyə hazırdır. Bu isə şəxsin öz hərəkətləri ilə öhdəliyini yerinə yetirməyə çalışdığını, razılaşdırılmış pul vəsaitini ödəməyi öhdəsinə götürdüyünü və müqavilə üzrə hərəkətləri icra etməsinə əsas verir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və qətnamənin ləğv edilərək iddianın təmin olunmamasını xahiş etdi.
13. Məhkəmə iclasında iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və qətnamənin ləğv edilərək iddianın təmin olunmamasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Maddə 739.1(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
23. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Mülki Məcəllənin 472.1-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır. Ona görə də birinci instansiya məhkəməsi zamin Cavabdeh2 münasibətdə maddi hüquq normalarını düzgün təfsir etmişdir.
24. Cavabdeh2 göstərdiyi dəlillər də onun iddiaçı ilə bağladığı zaminlik müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki cavabdeh qeyd olunan zaminlik müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də zamindən də qaytarmaq hüququ vardır.
25. Qətnamənin icrası qaydasında borcun əmək haqqına yönəldilməsi də qanunsuz deyildir. Çünki borc məbləği müştərək qaydada həm də zamindən tutulmuşdur. Borc məbləğinin bir hissəsinin Cavabdeh1 tərəfindən ödənilməsi isə öhdəliyin lazımınca icra edilməsi demək deyil. Çünki borclunun öhdəliyi istədiyi vaxt deyil, müqavilədə razılaşdırılmış vaxtda icra etmək vəzifəsi müəyyən edilmişdir. Bununla yanaşı, qətnamə ilə müəyyən edilən borcun zamin tərəfindən tam formada ödənilməsi isə zamin kimi borcludan kreditora ödənilmiş məbləği, həmçinin ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb etməyə əsas verir (MM.m.475).
26. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1018/2024 saylı, 01 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cvabdeh Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1018/2024 saylı, 01 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.