Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3210/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), İx və Sxndan ibarət tərkibdə, Smn katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4825/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə 004 saylı fərdi kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdehə 36 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 5.000 manat məbləğində kredit verilmiş, cavabdeh alınmış krediti qaytarmağı, hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürmüşdür.
2. Cavabdeh həmin müqavilə üzrə ümumilikdə 1.217 manat məbləğində ödəniş etmiş, iddiaçı tərəfindən həmin məbləğin 90,75 manatı əsas borcun, 1.124,45 manat faiz borcunun, 1,8 manat isə cərimə borcunun silinməsinə yönəlmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 004 saylı “Fərdi Kredit Müqaviləsi”nə əsasən iddiaçıya borclu olduğu 4.909,25 manat məbləğində əsas borc, 1.545,13 manat məbləğində faiz borcu, 2.105,32 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 8.559,70 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 106 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 004 saylı fərdi kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 5.000.00 manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Həmin müqavilə üzrə cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixində 217 manat, xx.xx.2020-ci il tarixində 200 manat, xx.xx.2020-ci il tarixində 200 manat, xx.xx.2020-ci il tarixində 200 manat, xx.xx.2021-ci il tarixində 200 manat, xx.xx.2021-ci il tarixində 200 manat, ümumilikdə 1.217 manat məbləğində ödəniş edilmişdir. Cavabdehə dəfələrlə şifahi, ***-***-**-** saylı mobil telefon nömrəsinə, rəsmi bildiriş ilə edilən xəbərdarlıqlara baxmayaraq, sonuncu kredit müqaviləsi üzrə öhdəliklərini icra etməkdən müxtəlif bəhanələr gətirərək aylıq ödənişləri etməkdən boyun qaçırır, nəticədə kredit müqaviləsi üzrə ödənişlərdə gecikmələr əmələ gəlmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli, 004 saylı fərdi kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə günün əvvəlinə əsas borc üzrə 4.909,25 manat, faiz borcu üzrə 1.545,13 manat, cərimə borcu üzrə 2.105,32 manat, ümumilikdə 8.559,70 manat kredit borcu mövcuddur. Kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən Borcalan əsas borc və ya faizlərin ödənilməsini ardıcıl 2 dəfə gecikdirdikdə, Kreditor bütün borcu vaxtı keçmiş borc hesablarına ata, müqaviləyə xitam verə və bütün borcun vaxtından əvvəl ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 9.4-cü bəndinə əsasən əgər Kreditor krediti vaxtından əvvəl qaytarmağı Borcalandan tələb edərsə, Borcalan 10 gün ərzində borcu qeydşərtsiz, heç bir iddia irəli sürmədən qaytarmağı öz öhdəsinə götürür.
5. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 4825/2022 nömrəli qətnaməsi ilə (hakim T.N.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixli, 004 saylı fərdi kredit müqaviləsi üzrə 4.909,25 manat əsas borc, 1.545,13 manat faiz borcu və 300 manat cərimə borcu olmaqla, cəmi 6.754,38 manat pul vəsaitinin tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin hesabına ödənilməsi, iş üzrə ödənilmiş 106 manat dövlət rüsumunun 87,54 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş və kreditora ödəməli olan əsas borcu, əsas borca hesablanmış faizləri və cəriməni ödəməmişdir. Odur ki, iddia tələbi əsas və faiz borcuna münasibətdə tam əsaslıdır.
7. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi cərimə borcuna münasibətdə qismən əsaslıdır. İddia tələbində qeyd olunan 2.105,32 manat cərimə borcu əsas borca münasibətdə mütənasib olmadığından onun miqdarı azaldılmalı və 300 manat məbləğində müəyyən edilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.2, 467-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 119.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, manatın Mərkəzi Bank tərəfindən əvvəl sabit valyuta kimi təriflənib vətəndaşların arxayınlaşdırılması, qısa müddət sonra, il ərzində 100 faiz ucuzlaşdırılması məhz Mülki Məcəllənin 556-557-ci maddələrinin təsirinə düşür. Lakin bu məhkəmə tərəfindən nəzərə alınmamışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsində faizlərin əsas borcla birlikdə, aylar üzrə ödənilməsi nəzərdə tutulub. Mülki Məcəllənin 741-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Bu da iddiaçının ödəmə imkanlarını çətinləşdirən amillərdən biridir. Cavabdeh üçün daha ağır olan kredit məbləğinin ödənilməsi olduğu halda, iddiaçı Bank tərəfindən aparılmış ödənişlər faizləri, cəriməyə və məbləğin az hissəsi yalnız əsas borcun silinməsinə yönəlmişdir. Bundan əlavə məhkəmə tərəfindən Mülki Porsessual Məcəlləsinin 9.1 və 14.2-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə Cavabdeh məhkəmə iclasında iştirak etməməyinin səbəblərini araşdırmadan, iştirakını təmin etmədən məhkəmə qətnaməsi qəbul etmişdir. Bununla da, məhkəmə sübutların araşdırılmasından və sübutların təqdim olunmasından iddiaçını məhrum edərək ədalət mühakiməsinin müqəddəs olan tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərini pozaraq ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına səbəb olmuş, iddiaçı tələbinin əsasında duran halları mötəbər dəlillərlə tam sübuta yetirə bilməmiş, cavabdehin isə iddiaya etirazını məhkəməyə təqdim etməsinə şərait yaradılmamışdır. Bundan əlavə, məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir. Lakin Məhkəmə tərəfindən pul tutulmuşdur. Lakin hansı müqavilə və ümumiyyətlə pul verilib-verilməməsi araşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı işdə iddia qismən təmin olunduğundan, cavabdeh apellyasiya şikayətində iddianın rədd edilməsini xahiş etdiyindən qətnamənin əsaslığı iddianın təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli, 004 saylı fərdi kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 5.000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehə pulun verilibverilməməsinin araşdırılmaması, onun məhkəmə iclasında iştirakının təmin olunmadan qətnamənin qəbul edilməsi, etirazının məhkəməyə təqdim edilməsinə şəraitin yaradılmaması dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə məhkəmə iclasları ilə bağlı rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh məhkəməyə iddiaya dair etirazını göndərmiş, həmin etirazda xx.xx.2020-ci il tarixli, 004 saylı kredit müqaviləsi üzrə 5.000 manat məbləğində pulu götürdüyünü bildirmişdir.
20. İşdə olan sənədlərdən həmçinin görünür ki, cavabdeh həmin müqavilə üzrə 1.217 manat məbləğində ödəniş də etmişdir.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər aralarında bağlanmış kredit müqaviləsində kreditin qaytarılması müddətini və qaydasını (ödəniş tarixlərini və məbləğlərini) sərbəst surətdə razılaşdırmışlar. Həmin tarix və məbləğlər müqaviləyə 1 saylı Əlavədə əks olunmuşdur. Bundan başqa, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit cavabdehə manatla verilmiş və müqavilənin özü ölkədə baş vermiş devalvasiyadan bir neçə il sonra bağlanmışdır.
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, odur ki, iddia tələbi əsas və faiz borcuna münasibətdə tam əsaslıdır. Həmçinin, iddiaçı tərəfindən tələb olunan cərimə borcu əsas borca münasibətdə mütənasib olmadığından onun miqdarı azaldılmalıdır.
23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 4825/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.