Məhkəmə qərarları › İş №2(103)-3210/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3210/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3210/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “kirayə haqqının ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 mart 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı və Cavabdeh Mənzil-Tikinti Kooperativinin vəkili (nümayəndəsi) Vəkil və apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət üçün, yəni 15 ay üçün cavabdeh MTK-nın ona ödəməli olduğu, lakin ödəmədiyi cəmi 7.500 manat kirayə haqqı pulunun və iddia ərizəsinin verilməsi üçün cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, S.Rəhimov küçəsi, bina № 201-də yerləşən 33 №-li mənzil iddiaçıya məxsus olmuşdur. Cavabdeh MTK tərəfindən həmin ərazidə söküntü-tikinti işləri həyata keçirilməli idi. MTK-nın rəhbərliyi və nümayəndələri iddiaçını aldadaraq xx.xx.2018-ci il tarixdə “əvəzləşdirmə müqaviləsinin” bağlanmasına nail olmuşlar. Müqavilənin şərtlərinə əsasən, iddiaçı, özünə məxsus mənzili MTK-ya təhvil verməli, MTK isə mənzilin yerləşdiyi binanı sökməli, yerində 2 il müddətində yeni bina inşa etməli, həmin binadan iddiaçıya yeni tam təmirli mənzil və mənzilə dair "xxxx" verməli, mənzil və "xxxx" iddiaçıya verilənədək, iddiaçıya hər ay 500 manat məbləğində kirayə haqqı ödəməli idi. Lakin cavabdeh MTK üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, mənzilə dair iddiaçının adına "xxxx" almamış, buna baxmayaraq kirayə haqqını 15 aydır kı ödəmir. İddiaçı isə həmin mənzilə köçə bilmir, çünki bina dövlət tərəfindən istismara qəbul edilmədiyindən binaya təbii qaz verilmir. Buna görə də, (500 manat x 15 ay=) 7.500 manat MTK-dan tutularaq ona pdənilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin rəhbəri Asim Rzayev iddiaçıya məktub yazaraq mənzilin açarının iddiaçıda olması və mənzilin bir şəraitinin olduğunu bildirmişdir. Hal bu ki, həmin məktubda qeyd edilənlərə həqiqətə uyğun deyil, həmin məlumat şər-böhtan xarakterlidir. Buna görə də, Asim Rzayev Azərbaycan Respublikası Mülki Məcəlləsinin 22-ci maddəsinə uyğun olaraq 5.000 manat məbləğində cərimə olunmalı və həmin məbləğ iddiaçıya ödənilməlidir (bu ifadə iddiaçı tərəfindən Rayon Məhkəməsinə ilk dəfə verilmiş iddia ərizəsinin mətnində qeyd edilmiş, lakin nə həmin iddia ərizəsində, nə də ki, iddiaçı tərəfindən sonradan verilmiş “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələrdə Asim Rzayev adlı şəxs cavabdeh kimi göstərilməmiş və ona qarşı iddia tələbi irəli sürülməmişdir). b) birinci instansiya məhkəməsində tərəflərin verdikləri izahatlar barədə məlumat

3. İddiaçı iddia tələbini müdafiə edərək, Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, MTK, sakinləri həmin binada yaşamağa məcbur etdiyinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən cərimə olunmuşdur. Sakinlərin bir çoxu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmiş, bununla bağlı MTK-nın barəsində müvafiq yoxlama aparılmışdır. O, mənzilinə ekspert dəvət etmiş və ekspert mənzilə baxış keçirərək, belə nəticəyə gəlmişdir ki, mənzilin təmiri natamamdır. Mənzil keyfiyyətsiz təmir olunub, istilik kombisi yoxdur. Mənzilin keyfiyyətsiz təmir olunması ilə bağlı MTK-ya qarşı ayrıca iddia qaldıracaq. Mənzildə yaşamaq mümkün olmadığından hazırda kirayədə qalır.

4. Cavabdeh MTK-nın vəkili (nümayəndəsi) Vəkil işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçıya verilmiş yeni mənzilin yerləşdiyi binanın sakinlərinə məxsus hər bir mənzil elektrik enerjisi və içməli su ilə təchiz edilir və bununla bağlı hər bir mənzildə müvafiq sayğaclar quraşdırılıb. İddiaçı öz mənzilinə köçsə, kommunal xərcləri hər bir fiziki şəxs kimi ödəyəcək. Hazırda bina fasiləsiz şəkildə işıq və su ilə təmin olunur. Bir blok hazır deyil deyə binaya təbii qaz verilməyib. MTK müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra edib. İddiaçının mənzilinin təmiri 2023-cü ilin sonunda bitib. Buna görə də, MTK kirayə haqqının ödənilməsini dayandırıb. Lakin iddiaçı mənzili qəbul edib, mənzilə köçmək istəmir və kirayə haqqının ödənilməsini tələb edir. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsini xahiş edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun iddiaçının özünə aid edilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər, “müqavilə azadlığı” prinsipinə uyğun olaraq xx.xx.2018-ci il tarixdə mənzil tikintisi müqaviləsi bağlamış, müqavilə üzrə öz vəzifələrini, öhdəliklərini və hüquqlarını müəyyən etmişlər. İddiaçı, həmin müqaviləyə əsaslanaraq iddia tələbində mənzilin təhvil verilməməsi nəticəsində kirayədə yaşadığını və bu səbəbdən də ona kirayə haqqı verilməli olduğunu göstərmişdir. Lakin məhkəmə baxışının nəticəsi ilə müəyyən olunmuşdur ki, binanın tikintisi başa çatmış və müqavilə predmeti olan mənzil MMC tərəfindən tam təmir edilsə də, iddiaçı binanın istismara verilməməsi, ona mülkiyyət hüququna dair “Reyestrdən çıxarışın” verilmədiyi əsas götürərək mənzilə köçməkdən imtina edir və bunun onunla əsaslandırır ki, mənzildə yaşamaq mümkün deyil. Lakin nəzərə alınmalıdır ki, Bakı şəhərində müvafiq qaydada dövlət tərəfindən istismara qəbul olunmamış, lakin tikilərək sakinlərin istifadəsinə verilmiş çoxsaylı binalara mövcuddur ki, həmin binaların sakinləri həmin binalarda yaşayırlar. İddiaçıya məxsus mənzil istifadəyə tam yararlı olduğu halda iddiaçının cavabdeh MTK-dan kirayə haqqı tələb etməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddia tələbi əsassızdır. İddiaçının iddia ərizəsində Nəsimi Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin rəhbəri Asim Rzayevin Mülki Məcəllənin 22-ci maddəsinə uyğun olaraq 5.000 manat məbləğində cərimə olunması və həmin məbləğin iddiaçıya ödənilməsi fikri ifadə edilsə də, qeyd edilməlidir ki, 22-ci maddə Mülki Məcəllədən çıxarılmışdır. Həmçinin, həmin şəxs iş üzrə tərəf olmamaqla, qeyd edilən hallar məhkəmə araşdırmasının predmeti olmamışdır. d) apellyasiya şikayəti barədə məlumat

7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini, məhkəmənin bitəcəyi aya qədər kirayə haqqının ödənilməsini və 2.000 manat məbləğində məhkəmə xərclərinin və dövlət rüsumunun əvəzinin MTK-dan tutulub ona verilməsini xahiş etmişdir.

8. İddia ərizəsinin və iddiaçının Rayon Məhkəməsinə verdiyi izahatın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

9. İddiaçı apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

10. Apellyasiya baxışında iştirak edən cavabdehin vəkili (nümayəndəsi) Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bakı şəhəri, S.Rəhimov küçəsi, bina № 201-də yerləşən 33 №-li mənzil iddiaçıya məxsus olmuşdur.

13. İddiaçı ilə cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, iddiaçı, özünə məxsus mənzilin yerləşdiyi binanın söküntüsü məqsədi ilə mənzilini MTK-ya təhvil verir (müqavilənin 1.2-ci bəndi), bunun müqabilində MTK üzərinə öhdəlik götürür ki, həmin ərazidə inşa ediləcək yeni binadan, binanın inşası yekunlaşdıqdan sonra iddiaçıya 58,13 kv.m-dən ibarət 1 otaqlı təmirli mənzili verəcək (bənd 1.4.), iddiaçı söküntü üçün mənzili MTK-ya təhvil veridikdən sonra, növbəti aydan başlayaraq hər ay üçün 500 manat məbləğində kirayə haqqı, əvvəlcədən ilk ödəniş gününə istinad etməklə üç ayda 1 dəfə olmaqla, yeni mənzil iddiaçıya təhvil verilən günədək iddiaçıya ödəyəcək (bənd 1.2.).

14. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən işə baxmış Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-53-3/2-21/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 1.8-ci bəndinə əsasən tikintisi başa çatmış çoxmənzilli yaşayış binalarının mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələr daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulduqdan sonra, digər kateqoriyalı istehlakçılarla isə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həmin istehlakçıların STTSAS-a qoşulmasını təsdiq edən "xxxx" tərtib edilərək imzalandıqdan sonra bağlanmalıdır. Cavabdeh MTK tərəfindən Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində inşa edilmiş yaşayış binasının sakinləri ilə Nəsimi Rayon Sukanal İdarəsi arasında sudan istifadə və MTK ilə Nəsimi Rayon Sukanal İdarəsi arasında imzalanmış müqaviləyə istinadən binanın su təchizatı xəttinin birləşmə nöqtəsində quraşdırılmış su sayğacına əsasən aparılır.

15. "xxxx" ASC tərəfindən işə baxmış Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 13-13/2-1/16-3841/2025 saylı məktubundan görünür ki, cavabdeh MTK tərəfindən Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində inşa edilmiş yaşayış binasında yerləşən mənzillər üzrə ASC tərəfindən elektrik sayğacları quraşdırılmamışdır.

16. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-18-2/2-M-13xx-xx/2025 saylı məktubdan görünür ki, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 263 nömrəli, xx.xx.2017ci il tarixli sərəncamı ilə Nəsimi rayonu, Azadlıq prospekti ilə Ş.Əzizbəyov, M.Qaşqay və S.Rəhimov küçələrin kəsişməsində yerləşən torpaq sahəsi yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi üçün pilot layihə çərçivəsində cavabdehin istifadəsinə verilmiş və Nəsimi RİH başçısının xx.xx.2018-ci il tarixli, 259 nömrəli sərəncamı ilə ərazidə yaşayış, qeyri-yaşayış binaların tikintisinə icazə verilmişdir. Yeni inşa edilmiş çoxmənzilli yaşayış binasının müvafiq qaydada istismarına icazə əldə edilmədən sakinlərin məskunlaşdırılması yolverilməzdir.

17. Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə yerində müayinə zamanı şahid qismində dindirilmiş binanın sakini X4 Rayon Məhkəməsinə verdiyi ifadədə göstərmişdir ki, o, cavabdeh MTK-da iş icraçısı vəzifəsində işləyir. Hazırda iddiaçı mənzilə köçmədiyi üçün mənzilə işıq verilməsi təhlükəsizliyə görə mümkün deyil, iddiaçı mənzilə köçən kimi digər mənzillərə verildiyi kimi işıqla təmin olunacaq. İddiaçıya məxsus mənzilin yerləşdiyi mərtəbədəki digər mənzillərdə yaşayan yoxdur, lakin binada 17 nəfər qonşu yaşayır. Qışa hazırlıqla əlaqədar naqilləri gücləndirmək üçün hərdən binada işıq kəsilib.

18. İddiaçı cavabdeh MTK-ya qarşı irəli sürdüyü iddia tələbini və qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırır ki, cavabdeh MTK, aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə onun qarşısında üzərinə öhdəlik götürmüşdür ki, ona tam təmirli mənzil və mənzilə dair "xxxx" verəcək, lakin bu öhdəliyi yerinə yetirməmiş, "xxxx" ona verməmişdir. Odur ki, MTK tərəfindən ona mənzilə "xxxx" verənədək MTK ona kirayə haqqını ödəməlidir.

19. İddiaçının bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış müqavilədən görünür ki, MTK bu kimi öhdəliyi üzərinə götürməmişdir.

20. Bundan başqa nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması və buna uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestrindən” müvafiq "xxxx" verilməsi cavabdeh MTK-nın deyil, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 səlahiyyətlərinə aiddir.

21. Göründüyü kimi iddiaçının bu dəlili əsassızdır və iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz.

22. İddia ərizəsində və qətnamədən verdiyi apellyasiya şikayətində iddiaçı bildirir ki, o, yeni mənzilə köçə bilmir, çünki bina dövlət tərəfindən istismara qəbul edilməmişdir. Buna görə də, MTK ona kirayə haqqını ödəməkdə davam etməlidir.

23. İddiaçının bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış müqavilədən görünür ki, MTK üzərinə öhdəlik götürmüşdür ki, mənzilin təmiri başa çatdırdıqdan sonra mənzili iddiaçıya təhvil verəcək, həmin vaxta kimi isə iddiaçıya kirayə haqqı ödəyəcək (bənd 1.3.).

24. MTK tərəfindən iddiaçıya kirayə haqqının bina dövlət tərəfindən istismara qəbul edilənədək və ya iddiaçı mənzilə köçənədək ödənilməsi barədə şərt müqavilədə nəzərdə tutulmamışdır.

25. Göründüyü kimi iddiaçının bu dəlili əsassızdır və iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz.

26. İddia ərizəsində və qətnamədən verdiyi apellyasiya şikayətində iddiaçı daha sonra bildirir ki, mənzilin yerlədiyi bina istismara qəbul edilmədiyi üçün bina təbii qazla təchiz edilmir, buna görə də o, mənzilə köçə bilmir. Bu səbəbdən də, MTK ona kirayə haqqının ödənilməsini davam etməlidir.

27. İddiaçının bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, iş üzrə tərəflər arasında bağlanmış və yuxarıda qeyd edilən müqavilədə nəzərdə tutulmamışdır ki, bina təbii qazla təchiz edilənədək MTK iddiaçıya kirayə haqqı ödəməlidir.

28. Bu baxımdan qəbul edilməlidir ki, iddiaçının bu dəlili də əsassızdır.

29. İddiaçı, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, onun tərəfindən dəvət edilmiş ekspert mənzilə baxış keçirərək, belə nəticəyə gəlmişdir ki, mənzilin təmiri natamamdır. Mənzil keyfiyyətsiz təmir olunub, istilik kombisi yoxdur.

30. Məhkəmə bildirir ki, iddiaçının verdiyi bu məlumatda iddianın təmin edilməsi üçün əsas ola bilməz. Çünki iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış müqavilədə nəzərdə tutulmamışdır ki, mənzilin təmirinin keyfiyyəti və ya mənzildə kombinin quraşdırılmaması kirayə haqqının ödənilməsi müddətinə təsir göstərə bilər. Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış müqavilədən görünür ki, MTK üzərinə öhdəlik götürmüşdür ki, mənzilin təmiri başa çatdırdıqdan sonra mənzili iddiaçıya təhvil verəcək, həmin vaxta kimi isə iddiaçıya kirayə haqqı ödəyəcək.

31. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (maddə 390.2.). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir (maddə 390.5.). Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (maddə 390.6.). Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir (maddə 390.7.). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (maddə 405.1.). Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1.).

32. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş və yuxarıda qeyd edilən hallarına yanaşdıqda müəyyən edilir ki, iş üzrə tərəflər “müqavilə azadlığı” prinsipindən çıxış edərək, müqavilə ilə müəyyən edilmiş vəzifələrini və öhdəliklərini bəyənmiş və bundan sonra müqavilə bağlamışlar. Hər iki tərəf üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmişlər. Onlar, əsasən də iddiaçı, müqavilənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirlməsi ilə bağlı tələblər irəli sürməmişlər.

33. Bunu nəzərə alan Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.).

34. Lakin hazırkı işin hallarından müəyyən edilir ki, cavabdeh MTK, onunla iddiaçı arasında bağlanmış müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. MTK-nın iddiaçı qarşısında icra etmədiyi öhdəlik yoxdur. İddiaçının bildirdiyi məsələlər MTK-nın öhdəliyinə daxil deyil. İddiaçı hüquqdan sui-istifadə edərək, cavabdeh MTK-dan kirayə haqqının ödənilməsini tələb edir.

35. Mülki Məcəllənin 16.1-ci maddəsinə görə isə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

36. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsi iddia tələbini əsassız hesab edərək, təmin etməməkdə haqlı olmuşdur.

37. Daha sonra Məhkəmə bildirir ki, iddiaçı ilk dəfə verdiyi iddia ərizəsinin mətnində bildirmişdir ki, Bakı Şəhəri Nəsimi RİH-nin təsərrüfat şöbəsinin rəhbəri Asim Rzayev ona məktub yazaraq mənzilin açarının onda (iddiaçıda) olması və mənzilin hər bir şəraitinin olduğunu bildirmişdir. Hal bu ki, həmin məktubda qeyd edilənlərə həqiqətə uyğun deyil, həmin məlumat şər-böhtan xarakterlidir. Buna görə də, Asim Rzayev Mülki Məcəlləsinin 22-ci maddəsinə uyğun olaraq 5.000 manat məbləğində cərimə olunmalı və həmin məbləğ ona ödənilməlidir.

38. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (MPM) istinadən bildirir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1.). İddia qaldırmış şəxs iddiaçı, iddia tələbinin yönəldiyi şəxs cavabdeh hesab olunurlar (maddə 50.). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 218.3.).

39. İş materiallarından isə görünür ki, Rayon Məhkəməsinə ilk dəfə verilmiş iddia ərizəsində, sonradan verilmiş “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələrdə iddiaçı həmin şəxsi cavabdeh kimi göstərməmiş, ona qarşı iddia tələbi irəli sürməmişdir.

40. Buna görə də, Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi Asim Rzayev adlı şəxs barəsində iddiaçının bildirdiklərinə hüquqi qiymət vərməməkdə haqlı olmuşdur. g) apellyasiya instansiyası məhkəməsinin nəticəsi

41. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

42. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, iddiaçının verdiyi apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən iddiaçının özünə aid edilməlidir.

44. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh MTK hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

45. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən o, qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

46. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 mart 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh Mənzil-Tikinti Kooperativi hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar