Məhkəmə qərarları › İş №2(103)-3214/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3214/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3214/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin etibarsızlığı və borcun silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: müqavilənin etibarsız hesab edilməsi,borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilənin etibarsızlığı və borcun silinməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(005)-100/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 10 dekabr 2014-cü il tarixli Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış, QT- 1518/14 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh ASC şəxsi məqsədlər üçün İddiaçı illik 28 %, 48 ay müddətinə olmaqla 10 dekabr 2018-ci il tarixinədək 15000 manat məbləğdə kredit verməyi öhdəsinə götürmüşdür.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli, 2(004)- 11064/2015 nömrəli məhkəmə əmrinə əsasən, xx xxxx 1953-cü il tarixdə İsmayıllı rayonu Talıstan kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı 14267,17 manat əsas borc, faiz borcu 5532,96 manat olmaqla, cəmi 19800,13 manat məbləğdə pul və 20 manat məbləğdə ödənilmiş dövlət rüsumunun Cavabdeh ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir.

3. 14 noyabr 2019-cu il tarixli Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 30-xxxx-100915 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı illik 1 %, 60 ay müddətinə olmaqla 11214,93 manat məbləğdə kredit verməyi öhdəsinə götürmüşdür.

4. 04 mart 2022-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 dekabr 2019-cu il tarixli Fərmanının tələbinə əsasən vaxtı keçmiş 14267 manat məbləğində əsas kredit borcuna hesablanmış 5532,96 manat faiz məbləğinin silinməsinə və həmçinin həmin fərmanın icrası ilə bağlı fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılanması tələbinə əsasən xarici valyutada olan kreditləri üzrə ona güzəşt olunaraq hesablandığı üçün Cavabdeh ASC-nin hesabına ödənən 1337,39 manat pul məbləğinin, həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli, 2(004)-11064/2015 nömrəli icra vərəqəsi üzrə təqaüdündən tutulan 7712,93 manat pul məbləğinin kredit üzrə əsas borcundan çıxılmasına köməlik göstərilməsi xahiş olunmuşdur.

5. 10 iyun 2019-cu il tarixli Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına DSMF-nin cavab məktubunun məzmunundan görünür ki, İddiaçı adına Cavabdeh ASC-nin xeyrinə daxil olmuş məhkəmə icra vərəqinə əsasən 19820,13 manat pul vəsaitindən 7712,93 manat pensiyaçının pensiyasından tutularaq Cavabdeh ASC-nin hesabına köçürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli, 30-xx-xx-100915 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının tələbinə əsasən vaxtı keçmiş 14267 manat məbləğdə əsas kredit borcuna hesablanmış 5532,96 manat faiz məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 10 dekabr 2014-cü il tarixdə Cavabdeh ASC ilə QT-1518/14 nömrəli kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh bank tərəfindən iddiaçıya 48 ay müddətinə 15000 manat məbləğdə kredit verilmişdir. Sözügedən kredit müqaviləsi ilə əlaqədar olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli, 2(004)-11064/2015 nömrəli məhkəmə əmri çıxarılmış, 14267 manat əsas borc, 5532,96 manat faiz borcu olmaqla ümumilikdə 19800,13 manat məbləğdə pulun iddiaçıdan tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı ilə fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı bir çox məsələlərinin həlli o cümlədən fiziki şəxslərin gecikdirilmiş kreditləri üzrə hesablanmış faiz borclarının banklar tərəfindən silinməli olması qeyd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli, 2(004)-11064/2015 nömrəli məhkəmə əmrinə əsasən Cavabdeh ASC-nin xeyrinə ondan tutulmalı olan cəmi 19800,13 manat məbləğdə pulun 14267 manatı əsas borc, 5532,96 manatı isə faiz borcu olmuşdur. Həmin müvafiq fərmanda əks olunan fiziki şəxslərin gecikdirilimş kredit borclarındakı faiz borclarının silinməsiylə əlaqədar məhkəmə əmri üzrə ondan tutulmalı olan 14267 manat əsas borca hesablanmış 5532,96 manat faiz borcu silinməli, müvafiq məhkəmə əmrinin icrası ilə bağlı 01 mart 2019-cu il tarixə qədər DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən təqaüdündən tutularaq Cavabdeh ASC-nin hesabına ödənən 7712,93 manat məbləğində pul, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası ilə bağlı onun xarici valyutada olan mövcud qeyri banklardakı kreditləri üzrə güzəşt olaraq ona hesablandığı üçün müvafiq məhkəmə əmri üzrə borcunun ödənməsi "xxxx" ASC-nin hesabına ödənilmiş 1337,39 manat məbləğdə vəsait Cavabdeh ASC tərəfindən 14267 manat məbləğdə olan əsas borcundan çıxılaraq qalıq borcu olaraq qalan 5216,68 manat məbləğ üzrə onunla restrukturizasiya müqaviləsi bağlanmalıydı. Lakin, cavabdeh bank tərəfindən əsas kredit borcuna hesablanan 5532,96 manat faiz borcu silinməmişdir. Bundan başqa məhkəmə əmrinin icrası üzrə təqaüdündən tutularaq Cavabdeh ASC-nin 7712,93 manat puldan cəmi 5532,15 manat pul (faiz qarışıq) bank tərəfindən borcundan çıxıldığı üçün, ona Cavabdeh ASC tərəfindən qalıq borcunun 12929,78 manat olduğu bildirilərək, yalnız həmin məbləğlə restrukturizasiya müqaviləsi bağlayacaqları bildirilmişdir. Bununla bağlı etibarnamə üzrə nümayəndəsi tərəfindən banka etiraz edilməsinə baxmayaraq buna məhəl qoyulmamış, bank tərəfindən inandırılmışdır ki, guya Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən “restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə hesablanmış faizlər və dəbbə pullarının tam şəkildə silinməsi ilə bağlı” müddəa ona şamil olunmur. Sonradan etibarnamə üzrə nümayəndəsi tərəfindən bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilmişdir. Müraciətdən sonra Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının məsələyə müdaxiləsindən sonra Cavabdeh ASC müraciəti qismən təmin etməyə məcbur qalaraq təqaüddən tutulan məbləğin bir hissəsi borcundan çıxılaraq qismən azaldılsa da, ölkə prezidentinin müvafiq fərmanına əsasən məhkəmə əmri üzrə ondan tutulmalı olan əsas borca hesablanmış faiz borcunun silinməsi mümkün olmamışdır. Müraciətin tam təmin olunmaması ilə bağlı banka etiraz edilsə də, bank əməkdaşı tərəfindən onlardan xahiş edilmişdir ki, artıq ilin axırına az qalması səbəbilə mütləq restrukturizasiya müqaviləsi bağlamaq lazımdır, MBNP və Mərkəzi Bank tərəfindən müqavilələrin bağlanmasının yekunlaşdırılması tələb olunmuşdur. Onlara halhazırda icra olunmayan vədlər verilərək, hələlik problemin tam təmin olunmaması ilə bağlı MBNP-na yenidən şikayət etməmələri və müqavilə bağlayandan sonra (2020-ci ilin) şikayətin tam təmin olunmasına köməklik göstəriləcəyinə dair söz verilmişdir. Nəticədə onunla Cavabdeh ASC arasında 11214,93 manat həcmində 60 ay müddətinə illik 1 faiz olmaqla 14 noyabr 2019-cu il tarixli, 30-xx-xx-100915 nömrəli kredit müqaviləsi bağlanmışdır. Lakin bankla restrukturizasiya müqaviləsi bağlandıqdan sonra bank onlarla əlaqəni tamamilə kəsmiş və heç bir rəsmi cavab verilməmişdir. Həmin tarixdən hal – hazıra kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli, 2(004)- 11064/2015 nömrəli məhkəmə əmri üzrə ondan tutulmalı olan (14,267 manat əsas borc, 5532,96 manat faiz borcu olmaqla) cəmi 19800,13 manat məbləğdə pulun faiz borcu olaraq 5532,96 manatı silinməmiş və həmçinin məhkəmə əmri üzrə təqaüdündən tutularaq Cavabdeh ASC-nin hesabına ödənən 7712,93 manat məbləğ pulun yekun olaraq yalnız 7247,93 manatı üzrə (əsas və faiz borcu olmaqla) borcundan silinmə aparılmış, qalan 465 manat üzrə heç bir silinmə aparılmamışdır. Bugünə qədər həmin problemlər öz həllini tapmamışdır. Təqaüddən tutulmalarla bağlı Cavabdeh ASC-nin hesabına ödənən məbləğin dəqiqləşdirilməsi üçün DSMF-nin Yasamal Rayon şöbəsinə sorğu ilə müraciət edilmişdir. Sorğuya cavab olaraq DSMF-nin Yasamal Rayon şöbəsi tərəfindən MBNP-na ünvanlanan 10 iyun 2019-cu il tarixli cavab məktubunda həqiqətən də məhkəmənin icra vərəqəsinə əsasən 01 mart 2019-cu il tarixə Cavabdeh ASC-nin xeyrinə təqaüdündən tutularaq Cavabdeh ASC-nin hesabına ödənən məbləğin 7712,93 manat olması öz təsdiqini tapmışdır. Həmin məktubun surəti banka təqdim edilsə də, bank tərəfindən bu nəzərə alınmamış, “biz hesablama aparırıq” cavabı verilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2022-ci il tarixli, 9/8741 nömrəli rəyinin məzmunundan görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 10 dekabr 2014-cü il tarixli, QT-1518/14 nömrəi kredit müqaviləsi və həmin müqavilənin restruktruzasiyasına dair bağlanmış 14 noyabr 2019-cu il tarixli, xx-xx-23100915 nömrəli kredit müqaviləsinin şərtləri, eyni zamanda iş materiallarında olan hesabdan çıxarış məlumatları nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş sual üzrə 10 dekabr 2014-cü il tarixli, QT1518/14 nömrəli kredit müqaviləsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli, 2(004)11064/2015 nömrəli məhkəmə əmrinin icrası ilə bağlı Cavabdeh ASC-nin xeyrinə DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən aparılan təqaüdündən ümumilikdə 7267,81 manat məbləğdə banka olan borcdan silinmişdir. Həmin müqavilə üzrə ödənişlər və tutulmalar nəzərə alınmaqla hazırkı qərardadın tarixinə, yəni 10 noyabr 2022-ci il tarixinə yaranmış əsas və faiz borcu məbləği müvafiq olaraq əsas borc üzrə 11212,62 manat, faiz borcu üzrə 259,16 manat müəyyən edilmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(005)- 100/2023 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

10. Qətnamənin əsaslarına görə, iddiaçının cavabdehə irəli sürdüyü şərtlər daxilində faiz borcunun silinməsi əsassızdır və qanuni əsası yoxdur. Hazırda iddiaçı bank tərəfindən əsassız olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “ 2019-cu il 28 fevral tarixli fərmana uyğun olaraq restrukturuzasiya tətbiq edilmədiyini və kredit müqaviləsi üzrə artıq faiz borcunun tutulduğunu iddia edir və həmin artıq hesablanmış məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən tələb edir. Mülki işin materiallarından müəyyən edilir ki, iddiaçı "Muğanbank” ASC-yə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tətbiqi ilə bağlı banka 2021-ci ildə müraciət etmiş, qeyd edilən müraciətə bank tərəfindən fərmanın icra müddətinin bitməsi səbəbindən baxılmasının qeyri-müəyyən olması bildirilmişdir. Bundan əlavə mülki işin araşdırılması zamanı məhkəmə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə İddiaçı artıq hesablanmış əsas və faiz borcunun olubolmamasını müəyyən etmək üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2022-ci il tarixli, ekspert rəyi ilə iddiaçının borcu 11212,62 manat əsas və 212,83 manat faiz borcu olduğu müəyyən edilmişdir. Bu halda məhkəmə hesab etmişdir ki, iddia tələbi göstərilən hissədə də əsassızdır və rədd edilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Republikası Mülki Məcəlləsinin 339, 390, 399, maddələri, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı, Azərbaycan Respublikası Maliyyə Bazarlarına nəzarət Palatasının 27 mart 2019-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apelyasiya şikayətinin dəlillərinə görə, cavabdeh ilə aralarında 11214,93 manat həcmində 60 ay müddətinə illik 1 faiz olmaqla 14 noyabr 2019-cu il tarixli, 30-xx-xx- 100915 nömrəli kredit müqaviləsi bağlankən iddiaçı bankın əməkdaşları tərəfindən aldadılmış və yalan vədlər verilmişdir. Belə ki, iddia ərizəsində qeyd edildiyi kimi 10 dekabr 2014-cü il tarixdə Cavabdeh ASC ilə QT-1518/14 nömrəli kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən bank 48 ay müddətinə 15000 manat məbləğində kredit verilmiş, həmin müqavilə əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli, 2(004)-11064/2015 nömrəli məhkəmə əmri çıxarılmış,14267 manat əsas borc, 5532,96 manat faiz borcu olmaqla ümumilikdə 19800.13 manat pulun tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı ilə fiziki şəxslərin gecikdirilmiş kreditləri üzrə hesablanmış faiz borclarının banklar tərəfindən silinməli olması qeyd edilmişdir. Bununla bağlı digər banklar tərəfindən kompensassiya kimi qaytarılmalı olan 1337,39 manat və iddiaçının təqaüdündən tutularaq Cavabdeh ASC-nə ödənilən 7712,93 manat əsas borcu olan 14267 manatdan cıxıldıqdan sonra yerdə qalan 5216,68 manat məbləğlə restruksasiya müqaviləsi bağlanmalı idi. Cavabdeh bank tərəfindən əsas kredit borcuma hesablanan 5532,96 manat faiz borcu olmaqla silinmədiyindən, kompensassiya kimi qaytarılmalı olan 1337,39 manat və onun təqaüdündən tutulan 7712,93 manat, faizlə birlikdə ümumilikdə hesablanan ******* manatdan tutulmuşdur. Bundan başqa məhkəmə əmrinin icrasi üzrə təqaüddən tutularaq Cavabdeh ASC-nin 7712,93 manat puldan cəmi 5532,15 manat pul (faiz qarışıq) bank tərəfindən borcundan çıxıldığı üçün, ona ASC tərəfindən qalıq borcunun 12929,78 manat olduğu bildirilərək yalnız həmin məbləğlə restrukturizasiya müqaviləsi bağlayacaqları bildirilmişdir. Bununla bağlı etibarnamə üzrə iddiaçının nümayəndəsi tərəfindən banka etiraz edilməsinə baxmayaraq etiraza bank tərəfindən heç bir məhəl qoyulmamış, bank tərfindən onları inandırmışlar ki, guya Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən “restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pullarının tam şəkildə silinməsi ilə bağlı” müddəa iddiaçıya şamil olunmur. İddiaçının təqaüdündən tutularaq ASC-nin hesabına ödənən məbləğin dəqiqləşdirilməsi üçün tərəflərin dən DSMF-nun Yasamal rayon şöbəsinə sorğu ilə müraciət edilmişdir. Sorğuya cavab olaraq DSMF-nun Yasamal rayon şöbəsi tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanlanan 10 iyun 2019-cu il tarixli cavab məktubunda həqiqətən də məhkəmənin icra vərəqəsinə əsasən 01 mart 2019-ci il tarixə ASC-nin xeyrinə təqaüddən tutularaq Muğanbank ASC-nin hesabına ödənən məbləğin 7712,93 manat olması öz təsdqini tapmışdır. Həmin məktubun surəti banka təqdim edilsə də bank tərəfindən bu nəzərə alınmamış, “biz belə hesablama aparırıq” cavabı verilmişdir. Sonradan etibarnamə üzrə nümayəndə tərəfindən bununla bağlı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (2019-cu il tarixində) müraciət edilmişdir. Müraciətdən sonra Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının məsələyə müdaxiləsindən sonra ASC müraciəti qismən təmin etməyə məcbur qalaraq təqaüddən tutulan məbləğin bir hissəsi borcdan çıxılaraq borc qismən azaldılsa da ölkə prezidentinin müvafiq Fərmanına əsasən məhkəmə əmri üzrə ondan tutulmalı olan əsas borca hesablanmış faiz borcunun tam şəkildə silinməsi bank tərəfindən icra olunmamışdır. Müraciətin tam təmin olunmaması ilə bağlı banka etiraz etsələr də bank əməkdaşı tərəfindən onlardan xahiş edilmişdir ki, artıq ilin axırına az qalıb deyə mütləq restrukturizasiya müqaviləsini bağlamaq lazımdır, Palata və Mərkəzi Bank tərəfindən müqavilələrin bağlanmasının yekunlaşdırılması tələb olunur. Hazırda icra olunmayan vədlər verərək, hələlik problemin tam həll olunmaması ilə bağlı Palataya yenidən şikayət etmələri və müqaviləni bağlayandan sonra şikayətin tam təmin olunmasına köməklik göstəriləcəyinə dair söz verilmişdir. Nəticədə iddiaçıyla ASC arasında 11214,93 manat həcmində 60 ay müddətinə illik 1 faiz olmaqla 14 noyabr 2019-cu il tarixli, 30-xx-xx- 100915 nömrəli kredit müqaviləsi bağlanmışdır. Lakin bankla restrukzasiya müqavilə bağladıqdan sonra bank əlaqəni tamamilə kəsmiş, özləri əlaqə saxladıqda isə onlara heç bir rəsmi cavab verilməmişdir. Həmin tarixdən bu günə qədər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli, 2(004)-11064/2015 nömrəli Məhkəmə əmri üzrə ondan tutulmalı olan cəmi 19800,13 manat məbləğdə pulun faiz borcu olaraq 5532,96 manatı silinməmiş və həmçinin məhkəmə əmri üzrə təqaüdündən tutularaq ASC-nin hesabına ödənən 7712,93 manat məbləğ pulun yekun olaraq yalnız 7247,93 manatı üzrə (əsas və faiz borcum olmaqla) borcundan silinmə aparılmış, qalan 465 manat üzrə heç bir silinmə aparılmamışdır. Bugünə qədər də həmin problemlər öz həllini tapmamışdır. Həmçinin məhkəmə qətnaməsində Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanın 8.9-cü bəndinə əsasən faizlərin silinməsi dedikdə vaxtı keşmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya)silinməsini qeyd edilsə də faktiki olaraq həmin Fərmanın tələbləri məhkəmə tərəfindən tətbiq edilməmişdir. Məhkəmə qətnamədə qeyd etdiyi kimi ona artıq hesablanmış əsas və faiz borcunun olub-olmamasını müəyyən etmək üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edərək, 08 sentyabr 2022-ci il tarixli ekspert rəyi ilə 11212,62 manat əsas və 212,83 manat faiz borcunun olduğunun müəyyən edilməsini qeyd etsə də, faktiki olaraq onun ekspertiza keçirilməsi barədə vəsatəti qətnamənin icrası ilə bağlı təqaüdümdən tutulan 7712,93 manat məbləğin tam şəkildə borcumdan silinmədiyi üçün Bank tərəfindən nə qədər məbləğdə tutmaların aparılması ilə bağlı olmuşdur. Beləliklə, vəsatətində məhkəmənin qətnaməsində qeyd olunan faiz borcunun müəyyən olunması qeyd edilməmiş, ümumiyyətlə bununla bağlı ekspertiza keçirilməmişdir. Təqaüddən tutmalarla bağlı ilkin verdiyi vəsatət məhkəmə tərəfindən təmin edilmiş, ekspertin rəyi ilə razı olmadıqlarından təkrar ekspertizanın keçirilməsi barədə verdiyi vəsatət təmin edilib, ekspert tərəfindən rəy verilməsinə baxmayaraq, yenə də yetərli araşdırma aparılmadan bankın təqdim etdiyi sənədlər əsasında eyni rəy verilmişdir. Həmin rəyə də etiraz edərək yenidən ekspertiza keçirilməsini xahiş etsələr də də vəsastətini təmin etməyən məhkəmə tərəfindən bununla bağlı əsaslandırılmış qərardad qəbul edilməmiş və buna heç bir münasibət bildirilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Mülki qanunvericilikdə etibarsızlığa səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlər də fərqli şəkildə tənzimlənir. Məsələn, əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir. Həmçinin mülki qanunvericiliyə nəzər yetirdikdə məlum olur ki, əqdin etibarsızlığına səbəb olan hallar yalnız əhəmiyyətsizlik və mübahisə edilən hallardan ibarət deyildir. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilk tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Məsələn, Mülki Məcəllənin 345ci maddəsinə görə, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların qanuni nümayəndələrinin müvafiq razılığı olmadan bağladıqları əqdlər etibarsız olsalar da, onların qanuni nümayəndələri sonradan ağlabatan müddət ərzində həmin əqdlərə razılıq verməklə (bəyənməklə) onları etibarlı hala gətirə bilərlər (Mülki Məcəllənin 30.1-ci maddəsi). Bəzən qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunan etibarsızlıq halları əqdlərin etibarsızlığına səbəb olan digər bir növü təşkil edir. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar. Qanunvericilikdə hərracın keçirilməsinin, qiymətli kağızların buraxılışının və vəsiyyətnamələrin yalnız məhkəmə qərarı ilə etibarsız hesab oluna biləcəyi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 416, 1078-27.1.3 və 1225.3-cü maddələri). ... Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.”

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

21. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 10 dekabr 2014-cü il tarixli, QT-1518/14 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank tərəfindən ona 48 ay müddətinə 15000 manat məbləğdə kredit verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli, 2(004)-11064/2015 nömrəli məhkəmə əmri çıxarılmış, 14267 manat əsas borc, 5532,96 manat faiz borcu olmaqla, ümumilikdə 19800,13 manat məbləğdə pulun iddiaçıdan tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Daha sonra iddiaçı ilə cavabdeh arasında 14 noyabr 2019-cu il tarixli, 30-xx-xx-100915 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, bank 60 ay müddətinə illik 1 faiz olmaqla 11214,93 manat məbləğdə krediti iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, ayrılmış kredit məbləğinin istifadə təyinatı müştərinin restrurkturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi olmuşdur.

22. Hazırda iddiaçı 14 noyabr 2019-cu il tarixli, 30-xx-xx-100915 nömrəli kredit müqaviləsinin etibarsızlığını tələb edərək, tələbini onunla əsaslandırır ki, müqavilə bağlanarkən bankın əməkdaşları tərəfindən aldadılmış, ona yalan vədlər verilmişdir. İddiaçı şikayətini də bu istiqamətdə əsaslandırmışdır.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, hazırkı işdə əqdlərin etibarsızlığı ilə bağlı maddələrin dispozisiya şərtlərinin mövcudluğu təsdiq olunmur.

24. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Hazırkı işdə isə əqdlərin etibarlılığını istisna edən halların heç biri mövcud deyil. Mübahisələndirilən əqd - 14 noyabr 2019-cu il tarixli müqavilə lazımi subyektlərin iştirakı ilə bağlanmış, onların iradə ifadələri mövcud olmuş, əqdin forma və məzmununa dair şərtlərə əməl edilmişdir.

25. İddiaçının müqavilə bağlanarkən aldadıldığı barədə dəlili də işin materialları ilə sübuta yetirilmir.

26. Halbuki, mülki prosesin əsas prinsipləri olan dispozitivlik və çəkişmə prinsipləri onu tələb edir ki, tərəflər öz istinad etdikləri hallara dair sübutları özləri təqdim etsinlər, öz tələblərini bu sübutlara istinadən əsaslandırsınlar. Bu pinsiplərə əsasən, sübutetmə vəzifəsi ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulur, məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır. Tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

27. Bundan əlavə, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən isə, Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.

28. Qeyd olunan konteksdə hazırkı işin halları üzrə o da müəyyən olunur ki, iddiaçı MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddəti ötürməklə əqdi mübahisələndirmək hüququnu itirmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi resturkturizasiya müqaviləsi 14 noyabr 2019-cu il tarixdə imzalanmış, həmin müqavilə bağlandığı vaxt müqavilənin predmeti olan pulun məbləği, iddiaçının müqaviləni mübahisələndirməkdə əsaslandığı hallar (əsas və faiz borcunun məbləği) ona məlum olmuşdur. Hazırkı iddia ilə isə 18 aprel 2022-ci il tarixdə məhkəməyə müraciət edilmişdir.

29. İddiaçının digər tələbi - Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının tələbinə əsasən vaxtı keçmiş 14267 manat məbləğdə əsas kredit borcuna hesablanmış 5532,96 manat faiz məbləğinin silinməsi də əsassızdır.

30. Əvvəla, onu qeyd etmək lazımdır ki, qeyd olunan borc məbləği yuxarıda göstərildiyi kimi müqavilə tərəflərinin iradə ifadəsi əsasında müəyyən olunmuş məbləğdir və həmin müqavilənin etibarsızlığı üçün heç bir əsas müəyyən olunmadığı, müqavilə ləğv olunmadığı, qüvvədə olduğundan həmin müqavilə üzrə müəyyən olunmuş borcun silinməsi barədə tələbin təmini üçün əsas mövcud deyildir.

31. Tələbdən görünür ki, 5532,96 manat məbləğdə pul Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2015-ci il tarixli məhkəmə əmri ilə iddiaçıdan tutulması əmr edilmiş faiz borcunun məbləğidir. Həmin əmr üzrə əsas və faiz borcu, eyni zamanda iddiaçının müqaviləyə qədərki ödəmələri nəzərə alınmaqla, tərəflər arasında yeni resturkturuzasiya müqaviləsi bağlanmışdır.

32. Birinci instansiya məhkəməsi tərəfindən alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2022-ci il tarixli, ekspert rəyi ilə iddiaçının 11212,62 manat əsas və 212,83 manat faiz borcu olduğu müəyyən edilmişdir.

33. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

34. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(005)- 100/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(005)- 100/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar