Məhkəmə qərarları › İş №2(103)-3215/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3215/2023

17.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3215/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Balaş oğlunun Cavabdeh qarşı iş üzrə (Açar sözlər: ziyanın ödənilməsi tələbi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Balaş oğlunun iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-141/2023 saylı iş üzrə 16 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 1 ünvanda yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı Balaş oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

2. İş materiallarında olan 115 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktına əsasən ünvan 2 ünvanın yuxarı mərtəbəsində yerləşən Cavabdeh məxsus 43 saylı mənzilin sanitar qovşağından suyun axması nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 5, mənzil 40 ünvanda yaşayan İddiaçı Balaş oğlunun 40 saylı mənzilə ziyan dəymişdir.

3. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 dekabr 2022-ci il tarixli, 10/5048 nömrəli rəyinin nəticə hissəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 5 saylı evin 40 saylı mənzilin divarlarında və tavanında olan qüsurları, həmin qüsurların su sızmaya xarakterik olduğunu və həmçinin 115 saylı MKİS-in əməkdaşları tərəfindən 04 aprel 2022-ci il tarixdə tərtib edilmiş aktın məlumatlarını nəzərə alaraq, 40 saylı mənzilə 43 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunur. 43 saylı mənzilin kanalizasiya xətləri gizli şəkildə olduğundan suz sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 40 saylı mənzilə su sızması 43 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 43 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Tədqiq olunan 40 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2311,0 manat məbləğində müəyyən olunur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Balaş oğlunun Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Aşıq Alı küçəsi 5, 40 saylı mənzilə dəymiş maddi ziyanın əvəzində 7313 (yeddi min üç yüz on üç) manat məbləğində pulun alınıb onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Aşıq Alı küçəsi 5, mənzil 40 onun mülkiyyətindədir. Həmin mənzildə yaşayır. Cavabdeh də, ailə üzvləri ilə qeyd olunan evdə özünə məxsus mənzildə yaşayır. Uzun illərdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində yaşadığları mənzildə rahat həyat sürə bilməmişlər. Belə ki, cavabdehin mənzili onlara məxsus mənzilin mətbəx və vanna otağına dəfələrlə su axıdılmışdır. Nəticədə onun mənzili yararsız hala düşmüş və dəfələrlə cavabdehin mənzilindən axıdılan suyun təsiri nəticəsində mənzilinə dəyən ziyanı aradan qaldırmaq üçün xeyli vəsait xərcləmişdir. Bununla yanaşı o və ailə üzvləri mənəvi iztirab keçirmişdir. Cavabdeh tərəfindən vurulmuş ziyan nəticəsində yararsız hala düşmüş mənzili əsaslı təmir etdirmiş və bunun üçün xeyli vəsait xərcləmişdir. Bu barədə cavabdehə etiraz bildirilsə də, onun mənzilindən axıdılan su daimi olaraq mənzilə axmaqda davam edir. Su axıdan zaman mətbəx mebeli, məişət əşyaları, kombi, soyuducu, hava asperatoru və divar kağızları asma tavanla birlikdə sıradan çıxmışdır. Səhər vaxtı o 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 115 saylı Mənzil Kommunal İstismar sahəsinə bu barədə müraciət edilmiş və MİS-nin əməkdaşları tərəfindən mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 43 saylı mənzilin mülkiyyətçisi Cavabdeh tərəfindən öz mənzilini təmir etdiyi zaman xəttləri düzgün qoşmadığından divarı zədələnmiş və onların mənzilinə su sızmasına səbəb olmuşdur.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-141/2023 saylı iş üzrə 16 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddianın qismən təmin edilməsi, Cavabdeh 2311 (iki min üç yüz on bir) manat məbləğində maddi ziyanın İddiaçı Balaş oğluna ödənilməsi, keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 (bir yüz) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.4, 170.2, 226.1, 226.2, 1096.1, 1097.1, və 1111.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15 və 29.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Balaş oğlu ona məxsus Bakı şəhəri Aşıq Ali küçəsi ev 5 mənzil 40-da yerləşən mənzilinə suyun Cavabdeh məxsus Bakı şəhəri Aşıq Ali küçəsi ev 5 mənzil 43-da yerləşən mənzildən axıdılmasını iddia etsə də bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli akda da qeyd olunur ki, Cavabdeh məxsus Bakı şəhəri Aşıq Ali küçəsi ev 5 mənzil 43-da yerləşən mənzilə də su axıdılmış və su Bakı şəhəri Aşıq Ali küçəsi ev 5 mənzil 46-da yerləşən mənzildən axıdılmışdır. Bu iş materiallarında olan aktlarla da sübut olunur. Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 dekabr 2022-ci il tarixli, 10/5048 nömrəli rəyinin nəticə hissəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 5 saylı evin 40 saylı mənzilin divarlarında və tavanında olan qüsurları, həmin qüsurların su sızmaya xarakterik olduğunu və həmçinin 115 saylı MKİS-in əməkdaşları tərəfindən 04 aprel 2022-ci il tarixdə tərtib edilmiş aktın məlumatlarını nəzərə alaraq, 40 saylı mənzilə 43 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunur. 43 saylı mənzilin kanalizasiya xətləri gizli şəkildə olduğundan suz sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 40 saylı mənzilə su sızması 43 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 43 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Tədqiq olunan 40 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2311,0 manat məbləğində müəyyən olunur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən İddiaçı Balaş oğlu şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh X3 nın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 21 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”.

14. Maddə 226.1 yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır;

15. Maddə 226.2 yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir;

16. Maddə 1096 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

17. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır; a. birincisi mülki hüquq pozuntusu olmalıdır, b. ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, c. üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır.

18. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır.

19. Maddə 1111.2 əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir;

20. Maddə 1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etdiyindən apellyasiya baxışının hədlərini qətnamənin məhz həmin iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətlər təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-141/2023 saylı iş üzrə 16 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.

31. Həmçinin o da qeyd olunmalıdır ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdelərhin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

32. Məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir ki, İddiaçı Balaş oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsindəki 5 saylı evdə yerləşən 40 saylı mənzilə yuxarı mərtəbədə yerləşən cavabdehə məxsus 43 saylı mənzildən su axması faktı müəyyən olunmuşdur.

33. Birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq haqlı olaraq hesab etmişdir ki, iddia mübahisələndirilən hissədə əsaslı olduğundan təmin olunmalıdır.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Həmçinin cavabdeh apellyasiya şikayətində iş üzrə təyin edilmiş ekspert rəyi ilə razı olmadığını qeyd etsə də, ekspert rəyinin mötəbərliyini təkzib edəcək hər hansı bir sübut təqdim edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də, apellyasiya şikayətinin qeyd olunan dəlili də əsaslı sayıla və qətnamənin ləğvi üçün əsas ola bilməz.

35. Göründüyü kimi, apellyasiya şikayətlərində qeyd olunanlar işin yuxarıda qeyd edilən halları ilə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

37. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-141/2023 saylı iş üzrə 16 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar