Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3215/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2(003)-1369/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2024-ci il tarixli, AL/91583/95/14 saylı kredit sazişi bağlanmış və cavabdehə 59 ay müddətinə, illik 25% olmaqla 4500 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka borcu yaranmışdır. Belə ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-ci il tarixli saziş üzrə banka 4499.82 manat məbləğində əsas borc, 695.94 manat məbləğində faiz borcu, 162.37 manat məbləğində cərimə borcu vardır. Hazırda iddiaçı cavabdehin öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək, qeyd edilən borcun cavabdehdən tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4499,82 manat məbləğində əsas borc, 695,94 manat məbləğində faiz borcu, 162,37 manat məbləğində cərimə borcu, cəmi 5358,13 manat borcun və 75,0 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Bolkart” Ailə müqaviləsinə əsasən bank borcluya 59 ay müddətinə, illik 25% olmaqla 4500 manat məbləğində kredit vermişdir.Hazırda Cavabdeh “Ödəniş cədvəlinə” əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2(003)- 1369/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 4499,82 manat məbləğində əsas borc, 695,94 manat məbləğində faiz borcu, 162,37 manat cərimə və 75,0 manat dövlət rüsumu olmaqla, cəmi 5433,13 manatın tutularaq İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin və cərimənin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə hesab etmişdir ki, cavabdeh kredit razılaşması əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən razılaşma əsasında kredit məbləğini, həmin razılaşma ilə müəyyən edilmiş faizləri və cərimələri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda, iddiaçı verdiyi kredit üzrə əsas borcu, faizləri və cəriməni tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 75 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və faiz borcunun yenidən hesablanaraq iddia tələbinin qismən təmin edilməsi, həmçinin cərimə borcunun tutulması hissəsində iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, 2024-cü ilin aprel ayından işdən çıxmış, may ayından etibarən isə Qazaxıstanın Almatı şəhərində olmuşdur. Həmin şəhərdə qeydiyyat sənədi ilə bağlı (üzrsüz səbəbdən) yaşadığı problemə görə bir neçə ay ölkədən çıxış edə bilməmiş, hətta xx.xx.2024-cü il tarixində Almatı Bakı reysinə bilet almış, sadəcə problemə görə hava limanı onu buraxmamışdır. Hal-hazırda Azərbaycan Respublikasında problemli kreditlərinə görə iş tapa bilmir və bütün ödənişi ödəmək gücündə deyil. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən öhdəliyini icra etməməsi ondan asılı səbəblərdən olmamış. Qeyd etdiyi kimi, sənədlərində yaranmış problemə görə Qazaxıstan Respublikasını tərk edə bilməmiş və bu səbəbdən kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirə bilməmişdir. Məhkəməyə ünvanladığı ərizədə kredit müqaviləsi üzrə öhdəliyi olmasını qəbul etdiyini bildirsə də, cərimə borcu ilə razı olması barədə hər hansı bir qeydi olmamışdır. Bununla belə məhkəmə qətnaməsində onun ərizəsi borcun tam etiraf edilməsi kimi göstərilmişdir. Halbuki, məhkəmə borcun məbləğini müəyyən etmək məqsədilə ekspertiza təyin etməli idi. Göründüyü kimi ölkəyə qayıda bilmədiyindən ödənişləri edə bilməmiş və bu səbəbdən ona əsassıq olaraq faiz borcu və dəbbə pulu hesablanmışdır. Halbuki məhkəmə qeyd etdiyi halı fors-major hal kimi qəbul edə bilərdi. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin faiz və cərimə borcunun tutulması hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan xx.xx.2024-ci il tarixli, AL/91583/95/14 saylı kredit sazişindən görünür ki, kreditor İddiaçı ASC tərəfindən borcalan Cavabdeh 59 ay müddətinə, illik 25% olmaqla 4500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-ci il tarixli saziş üzrə banka 4499.82 manat məbləğində əsas borc, 695.94 manat məbləğində faiz borcu, 162.37 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan İddiaçı ASC-i tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş, gecikdirilmiş borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun ödənilməsi məqsədilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh müqavilə azadlığı prinsipinə uyğun olaraq qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Göründüyü kimi Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuşdur. Bununla yanaşı Cavabdeh apellyasiya şikayətində bildirir ki, məhkəmə bankın tələb etdiyi faiz və cərimə borclarını artıq tutulmasını qət etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclunun 4499,82 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı tərəfindən 162,37 manat cərimə borcu hesablayıb tələb etmişdir və məhkəmə kollegiyasının qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 162,37 manat həddində müəyyənləşdirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətlidir. Apellyasiya şikayətinin faiz borcuna aid hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1 ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. İş materiallarında olan iddiaçı tərəfindən borcluya göndərilmiş bildiriş məktubundan görünür ki, cavabdehdən əsas borca görə 4499.82 manat əsas, 695.94 manat faiz, 162.37 manat cərimə borcu ödənilməsi tələb edilmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, adi riyazi hesablama yolu ilə tələb edilən faiz məbləği işin faktiki hallarına uyğun olmuşdur. Həmçinin iddiaçı müqavilənin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən məhz bildiriş tarixinə olan faiz borcu tutulmalıdır. Eyni zamanda cavabdeh apellyasiya şikayətində faiz və cərimə məbləğlərinin düzgün hesablanmadığını irəli sürsə də, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bununla yanaşı Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışında qeyd edilən borcun məbləğini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Bundan başqa Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, borcalanın maddi vəziyyətinin pisləşmiş olması onu iddiaçı qarşısında yaranmış öhdəliklərindən azad etmir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Beləliklə də, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2(003)- 1369/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə