Məhkəmə qərarları › İş №2(103)-3216/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3216/2023

11.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3216/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, sübutetmə, preyudisiya, qətnamənin əsaslandırılmaması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qiyabi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. 2013-cü il buraxılışlı, “Nissan Sunny” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi İddiaçı məxsus olmuşdur.

2. Abdulla X5 Nazirliyinin Ağcabədi rayonunun Sarıcalı kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin maliyyə hissə rəisi vəzifəsində baş leytenant hərbi rütbəsində xidmətdə olarkən, N avqust 2020-ci il tarixdə saat 20:40 radələrində xidmət yoldaşları ilə birlikdə Ağdam rayonunun “Sultanbud meşəsi” adlanan ərazisindəki restoranda hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini X2 doğum gününü qeyd etdikləri vaxt məclisdə iştirak edən digər xidmət yoldaşı – hərbi hissənin maddi-texniki təminat bölməsinin arxa təminat xidmət rəisi vəzifəsində baş leytenant hərbi rütbəsində xidmət edən İddiaçı məxsus olmaqla əyləşdikləri kölgələnəcəyin yanında dayanmış “Nissan Sunny” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qapıları açıq vəziyyətdə və mühərrikini işə salan açar açar yerinin üzərində olduğundan İddiaçı icazəsi olmadan siqaret almaq məqsədilə avtomobilə əyləşib idarə edərək restoranın yaxınlığında yerləşən mağazalardan birinə getmiş, daha sonra saat 21:00 radələrində mağazadan restorana qayıdarkən avtomobilin arxa sol təkəri yerindən çıxmış və o, idarəetməni itirərək qəza törətməklə İddiaçı məxsus həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir.

3. Tərtər Hərbi Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1800 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir.

4. Həmin hökmlə müəyyən olunmuşdur ki, 2013-cü il buraxılışlı, “Nissan Sunny” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin 2020-ci ilin avqust ayına təmir-bərpa xərci nəzəri hesablama yolu ilə təxminən 1405 manat təşkil edir və həmin ziyan məbləği təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir.

5. Sözügedən cinayət işinə baxılarkən zərərçəkən şəxs qismində dindirilmiş İddiaçı bildirmişdir ki, “həqiqətən də Cavabdeh qəzadan sonra onun avtomobilini təmir etdirmiş, deməsinə görə təmir üçün 1400 manat xərc çəkmişdir. Avtomobili 14 000 manata almış, qəzadan sonra dəyəri düşdüyü üçün 9000 manata satmışdır və hesab edir ki, buna görə 5000 manat ziyana məruz qalmışdır. Cinayət işi üzrə çıxarılacaq yekun qərar qanuni qüvvəsini aldıqdan sonra məhkəmədə mülki iddia qaldıracaqdır”.

6. “Nissan Sunny” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobil hazırda X4 mülkiyyətindədir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı (iddiaçı) Cavabdeh qarşı (cavabdeh) iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən maddi ziyanın əvəzi qismində 5000 (beş min) manatın, dövlət rüsumuna görə 30 (otuz) manatın, yəni cəmi 5030 (beş min otuz ) manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, uzun müddətdir tanıdığı Cavabdeh ilə eyni hərbi hissədə xidmət etmişlər. N avqust 2020-ci il tarixdə saat 20:40 radələrində xidmət yoldaşları və başqa bir neçə şəxslə birlikdə Ağdam rayonunun “Sultanbud meşəsi” adlanan ərazidə yerləşən restoranda yemək yeyərkən Cavabdeh icazəsi olmadan mülkiyyətində olan “Nissan Sunny” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qaçıraraq avtoqəza törətmiş və avtomobilinə 6500 (altı min beş yüz ) manat maddi ziyan vurmuşdur. Cavabdeh onun avtomobilinə dəyən ziyanı qarşılayacağı vədini əvvəlcə versə və avtomobilin bəzi hissələrini bərpa etsə də, avtomobili tam bərpa etməkdən imtina etmiş, onu aldadaraq avtomobili bərpa etməkdən boyun qaçırmışdır. Ziya hətta öz avtomobilini sataraq ziyanı ödəmək üçün onun atasına etibarnamə əsasında avtomobilini satmaq üçün versə də, daha sonra etibarnaməni ləğv etdirərək öz avtomobilini onun atasından polis vasitəsi ilə almışdır. Cavabdeh avtomobilini bərpa etmədiyini görüb avtomobili bərpa etməyə imkanı olmadığı üçün avtomobilini aldığı qiymətdən 5000 (beş min) manat aşağı başqa şəxsə satmağa məcbur olmuşdur. Belə ki, avtomobil nasaz vəziyyətdə, texniki qulluğa, üzərində rəngləmə və s. bərpa işləri aparılmasına ehtiyac olmuşdur. Cavabdeh törətdiyi əmələ görə CM-nin 185.1-ci maddəsi İlə cinayət məsuliyyətinə cəlb edilərək Tərtər Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmü ilə məhkum edilmiş, həmin hökmdən zərərçəkmiş kimi apellyasiya şikayəti vermişdir. Belə ki, Cavabdeh yüngül cəza verilmişdir. Zia Abdulladan 5000 (beş min) manat maddi ziyanı tələb etməyinin səbəbi ondan ibarət olmuşdur ki, Cavabdeh avtomobilini qaçırıb qəza törətdikdən sonra avtomobilinə dəymiş ziyanı ödəməmiş, avtomobilin cüzi ziyan dəyən hissəsini bərpa etməyə çalışmış, nəticədə daha sonra avtomobilinə dəymiş ziyanı ödəməkdən yayındığı üçün avtomobilini 5000 (beş min) manat ziyana qəzalı vəziyyətdə başqa şəxsə satmağa məcbur olmuşdur. Cavabdeh avtomobilin 5000 (beş min) manat ziyana başqa şəxsə satıldığını bildiyini Tərtər hərbi məhkəməsində məhkəmə prosesi zamanı da bildirmiş, buna baxmayaraq ziyanı ödəməkdən yayınmışdır.

9. Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmiş, məhkəməyə ünvanladığı teleqramda hərbi hissənin pul təminatını həyata keçirə bilmədiyini bildirməklə prosesin təxirə salınmasını xahiş etmişdir.

10. Məhkəmənin 28 aprel 2022-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmış, eyni tarixli qiyabi qətnamə ilə iddianın təmin edilməsi qət olunmuşdur.

11. Məhkəmə gəldiyi nəticəni əsaslandırmamış, bununla belə Mülki Məcəllənin 21-ci maddəsinə istinadla “Nissan Sunny” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinin yararsız hala düşdüyünü, ilkin qiymətləndirmə aktına görə avtomobilə dəymiş zərərin ümumi dəyərinin 1770 manat müəyyən edildiyini vurğulayaraq hesab etmişdir ki, Cavabdeh ziyanın əvəzi qismində 5000 (beş min) manat, dövlət rüsumunun əvəzi qismində 30 manat alınıb İddiaçı ödənilməlidir.

12. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edən cavabdeh şikayətini belə əsaslandırmışdır ki, iddiaçının avtomobilinə dəymiş ziyanı tam şəkildə ödədiyi qanuni qüvvəsini almış hökmlə müəyyən olunduğu halda, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan, həmin avtomilə dəymiş ziyanın məbləğinin ekspert rəyi ilə müəyyən edildiyini, iddiaçının avtomobili 14 000 manata alıb 9000 manata satdığı barədə sübut təqdim edilmədiyini, eləcə də avtomobilin dəyərinin 5000 manat azalmasının onun təqsirindən ortaya çıxmasının sübuta yetirilmədiyini nəzərə almadan qanunsuz qərar çıxarmışdır.

Apellyasiya şikayətinə etiraz

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar

14. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında həmçinin bildirmişdir ki, iddiaçının avtomobilini tam şəkildə təmir etdirib təhvil vermiş, bu hal barəsində çıxarmış hökmdə də öz əksini tapmış, lakin sonradan iddiaçı avtomobili guya başqa şəxsə satmış olması görüntüsü yaradaraq ondan pul tələb etmişdir.

15. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

27. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi qətnaməni ümumiyyətlə əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.

28. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

29. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.

30. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq qətnamə ləğv olunmaqla iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.

31. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

32. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

33. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

34. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, cavabdehin törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə ziyan dəymiş, bundan sonra avtomobilin əmtəə dəyərində azalma olmuş, bu səbəblə 14 000 manata aldığı avtomobilini 9000 manata satmaq məcburiyyətində qalmış, beləliklə də 5000 manat zərər çəkmişdir.

35. Kollegiyanın qənaətinə görə iddiaçının tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları (MM 1096, 1097) nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

36. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbləri üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı, iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir.

37. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

38. Hazırkı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal cavabdehin törətdiyi əməl nəticəsində iddiaçıya məxsus avtomobilin əmtəə dəyərini 5000 manat itirmiş olması - iş üzrə sübutetmənin predmetidir və kollegiyanın qənaətinə görə iddiaçı bu halı biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, o, avtomobili məhz 14 000 manata aldığına və yol-nəqliyyat hadisəsindən sonra onu 9000 manata satdığına dair hər hansı sübut təqdim etməmişdir.

39. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

40. Digər tərəfdən qeyd olunmalıdır ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Şəxsin hüquqazidd əməli zərərin yaranmasına yalnız o halda səbəb ola bilər ki, bu səbəb birbaşa (bilavasitə) həmin nəticə ilə bağlı və əlaqəli olsun. Burada əhəmiyyət kəsb edən əsas və vacib məsələ odur ki, şəxsi məsuliyyətə cəlb etmək üçün kifayət edən, mühüm, zəruri və hüquqi əhəmiyyətə malik olan səbəbli əlaqə müəyyən edilsin.

41. Yuxarıda qeyd olunduğu kimi, qanuni qüvvədə olan hökmlə iddiaçının avtomobilinə 1405 manat ziyan dəydiyi və həmin ziyanın cavabdeh tərəfindən ödənildiyi müəyyən olunmuşdur.

42. Yol-nəqliyyat hadisəsinə məruz qalan avtomobilin əmtəə dəyərində azalma olduğu hamıya bəlli olan hal olsa da, hazırkı iddia tələbi üzrə iddiaçının iddia etdiyi 5000 manatlıq dəyər itkisinin məhz cavabdehin əməli ilə səbəbli əlaqə nəticəsində yarandığı müəyyən edilməmişdir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-425/2022 saylı iş üzrə 28 aprel 2022-ci il tarixli qiyabi qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar