Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3217/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1906/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17000 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1906/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanıllr və bu səbəbdən iş aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsində baxılmalıdır. Məhkəmənin 09 aprel 2025-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1906/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvanı Naxçıvan MR, Şahbuz rayonu, Nursu kəndidir. İddiaçı cavabdehin hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanıldığını əsas gətirərək Xəzər Rayon Məhkəməsinə müraciət etdyini bildirsə də, ilk növbədə qeyd edilməlidir ki, şəxsin istintaq təcridxanasında saxlanılması onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas təşkil etmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlanan 9cu maddəsində qeyd edilən əsas öz əksini tapmamışdır. Bundan başqa MPM-in 35.1-ci maddəsində qanunvericilik iddia ərizəsinin cavabdehin olduğu yer üzrə deyil, rəsmi qeydə alındığı yer üzrə verilməli olduğunu imperativ qaydada təsbit etmişdir. Həmçinin kollegiya qeyd edir ki, MPM-in iddiaçının seçiminə görə ərazi aiddiyyətini tənzimləyən 36-cı maddəsində cavabdehin istintaq təcridxanasında saxlanıldığı halda hər hansı tələblə bağlı iddianın iddiaçının yaşadığı yerə görə verilə bilməsi nəzərdə tutulmamışdır. MPM-in 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sadalanan normalara və qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh rəsmi qeydə alındığı ünvan Naxçıvan MR Şahbuz rayonunda yerləşdiyindən, bununla da həmin işə ərazi aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsində baxılmalı olmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Şikayətin dəlillərinə münasibətdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən onlara düzgün qiymət verilmişdir, həmin dəlillər mübahisələndirilən qərardadın ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1906/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-3217/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3217/2025
14.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver