Məhkəmə qərarları › İş №2(103)-3220/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3220/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3220/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kreditin restrukturizasiya edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kreditin restrukturizasiya edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1061/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış ********* nömrəli 20 fevral 2015-ci il tarixli kredit müqaviləsindən və ona əlavə edilən ödəniş cədvəlindən görünür ki, bank tərəfindən ona şəxsi istehlak məqsədilə 15 ay müddətinə illik 31 (otuz bir) faiz ödəmək şərtilə 3.800 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış “20 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə” xx.xx.2015-ci il tarixli Əlavə Sazişdən görünür ki, müqavilənin aşağıda göstərilən bəndləri bu cür dəyişdirilir: 1.1. Bu müqaviləyə əsasən kreditorun borcalana 3800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində verdiyi kreditin qalıq məbləği 3583.31 (üç min beş yüz səksən üç dollar otuz bir sent) ABŞ dolları təşkil edir. 1.2. Kreditin son ödəmə müddəti xx.xx.2017-ci il tarixinədək təyin olunur.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4628/2016 nömrəli xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış 20 fevral 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinin ləğv edilməsi, 20 fevral 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 3588.31 ABŞ dolları əsas borc, 1217.46 ABŞ dolları faiz borcu, 223.26 ABŞ dolları cərimə (dəbbə pulu) borcu olmaqla, cəmi 5029.03 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı və X2 müştərək qaydada tutularaq Cavabdeh2 ASC-yə ödənilməsi qət edilmişdir. Problemli kreditlərin kompensasiyası adlı sənəddən görünür ki, İddiaçı LPO Cavabdeh2 ASC-yə olan 3159.94 ABŞ dolları məbləğində əsas borcu restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına aid edilmişdir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1527/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər İddiaçı və X2 müştərək qaydada 1858,79 ABŞ dolları əsas borc (ödəniş anında Azərbaycan manatı məzənnəsi ilə) və 80,54 manat ödənilmiş dövlət rüsumunun LPO Cavabdeh2 ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. LPO Cavabdeh2 ASC-nin xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, iddiaçının mübahisələndirdiyi kredit restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına aid edilmiş, lakin İddiaçı restrukturizasiya olunması üçün banka müraciət etməmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1527/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almış və müvafiq qaydada icraya yönəldilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kreditin restrukturizasiya edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 ASC arasında bağlanmış 20 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 1858,79 (bir min səkkiz yüz əlli səkkiz dollar yetmiş doqquz sent) ABŞ dolları borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun restrukturizasiya edilməsi (yeni kredit müqaviləsinin bağlanması) öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış 20 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 26 ay müddətinə illik 31% ödəmək şərtilə 3.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 3 may 2023cü il tarixli, 6-1-16/2- 2383/2023 nömrəli məktubundan görünür ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən iddiaçı ilə LPO Cavabdeh2 ASC arasında 20 fevral 2015ci il tarixində bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının (bundan sonra – Fərman) təsiri çərçivəsinə düşmüşdür. Bundan əlavə, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının adına olan kredit Fərmana əsasən restrukturizasiya məbləğinə aid edilmişdir. Həmin qətnamə ilə iddiaçının banka olan borcu 1858,79 (bir min səkkiz yüz əlli səkkiz dollar yetmiş doqquz sent) ABŞ dolları məbləğində qət edilmişdir. İddiaçının kredit öhdəliyi Fərmana əsasən restrukturizasiya edilməlidir. Cavabdehlər fərman üzrə iddiaçıya restrukturizasiya təklifi göndərmədikləri üçün borclu Fərmanın ona verdiyi restrukturizasiya imkanından məhrum qalmışdır. Cavabdeh2 ASC bu krediti heç vaxt iddiaçıdan tələb etməmişdir. xx.xx.2016-cı il tarixdə kredit üzrə qiyabi qətnamə çıxarılsa da , bank onun icrası üçün illər ərzində heç bir tədbir görməmiş, nə bank, nə də icra məmuru iddiaçıdan pul tələb etməmişdir. Ona görə də iddiaçıda haqlı olaraq Fərman üzrə borcun tam silinməsi təəssüratı yaranmışdır. İddiaçı belə bir borcun mövcudluğundan 2023-cü ilin mart ayında kredit müqaviləsi üzrə ona zamin durmuş şəxsin əmək haqqına icra məmuru tərəfindən tutma yönəldilərkən xəbər tutmuşdur.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1061/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına, Azərbaycan Respublikası Mərkəzi Bankının “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1, 560.2, 560.3, 560.3.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 107, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən İddiaçı vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında Liziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, həmin Fərmanın 5-ci bəndində Mərkəzi Banka tövsiyyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciətiəsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xaricivalyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Həmin Fərmanın 6-cı bəndində Banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. İşin əsas hallarından biri və tərəflərin qarşılıqlı münasibəti bundan ibarətdir ki, cavabdehlər həmin fərman üzrə İddiaçı restrukturizasiya təklifi göndərmədikləri üçün borclu fərmanın ona verdiyi restrukturizasiya imkanından məhrum qalmışdır. Bank bu krediti heç vaxt borcludan tələb etməmişdir. xx.xx.2016-cı il tarixdə bu kredit üzrə qiyabi qətnamə çıxarılsa da, Bank onun icrası üçün illər ərzində heç bir tədbir görməmiş, nə bank, nə də icra məmuru İddiaçı pul tələb etməmişdir. Ona görə də İddiaçı haqlı olaraq Prezidentin 28 fevral 2019-cu il tarixli fərmanı üzrə borcun tam silinməsi təəsüratı yaranmışdır. İddiaçı belə bir borcun mövcudluğundan 2023-cü ilin martında kreditin zamininin əmək haqqına icra məmuru tərəfindən tutma yönəldilərkən xəbər tutmuşdur. Cavabdehlər bu qeyd olunanların əksini iddia etmirlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi Həsənli Hİkmət Fikrət oğlu ərizə göndərərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanında:

16. Fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmış, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağı nəzərə alınaraq, banklar tərəfindən bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini təmin edən tədbirlərin görülməsi banklara tövsiyə edilmişdir. 1. Devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. 8.6. Vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür.

Azərbaycan Respublikası Mərkəzi Bankının “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın:

17. 6.16-cı bəndində göstərilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır;

18. 7.1-7.3-cü bəndlərinə müvafiq olaraq, Palata kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatalığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə elektron portal (bundan sonra – Portal) yaradır. Portalda hər bir fiziki şəxs üzrə ən azı aşağıdakı məlumatlar əks olunur: hər bir kredit təşkilatı və ləğvetmə prosesində olan kredit təşkilatındakı kredit borcları üzrə ödəniləcək kompensasiyanın məbləği; dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiyanın cəmi məbləği; kompensasiyanın bu Qaydanın 4.3.1-ci və 4.3.2-ci yarımbəndlərinə uyğun olaraq, kredit borclarının ödənilməsinə yönəldilən və fiziki şəxsin sərəncamında qalan hissəsinin məbləği; restrukturizasiya olunacaq kreditlər üzrə əsas kredit borcları və həmin kredit borclarının restrukturizasiya olunacağı kredit təşkilatları barədə məlumatlar. Portalda bu Qaydanın 7.2- ci bəndində göstərilən məlumatlar barədə axtarış fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin məlumatları əsasında müvafiq autentifikasiyadan keçməklə aparılır.

19. 2.1.12-ci bəndində qeyd edilmişdir ki, elektron portal – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) tərəfindən yaradılan, müvafiq autentifikasiyadan keçməklə fiziki şəxslər və kredit təşkilatları tərəfindən kompensasiya və restrukturizasiya ilə bağlı məlumatların onlayn rejimdə əldə edilməsini təmin edən elektron məlumat bazasıdır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

20. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

21. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

22. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi;

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası tərəfin izahatını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1061/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur..

32. Kollegiya qeyd edir ki, işin müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış 20 fevral 2015-ci il tarixli kredit müqaviləsinə və xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən, bank tərəfindən iddiaçıya 15 ay (əlavə sazişə görə 26 ay) müddətinə illik 31 % ödəmək şərtilə, 3800 ABŞ dolları (əlavə sazişə görə 3583.31 ABŞ dolları) məbləğində təminatlı kredit verilmiş, öhdəliyin icrasının təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı və zamini tərəfindən borcun ödənilməsi təmin edilmədiyindən, xx.xx.2016-cı il tarixdə barələrində Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qiyabi qətnamə çıxarılmış, lakin sonradan qiyabi qətnamə ləğv edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı və zaminindən müştərək qaydada 1858,79 ABŞ dolları əsas borcun (ödəniş anında Azərbaycan manatı məzənnəsi ilə) LPO Cavabdeh2 ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədə müəyyən edilmiş hallardan və hazırki işin materiallarında olan digər sübutlardan aydın olur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. İddiaçı Cavabdeh2 ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1858,79 ABŞ dolları məbləğində borcun Fərmana uyğun restrukturizasiya edilməsi (yeni kredit müqaviləsinin bağlanması) öhdəliyinin cavabdehlərə həvalə edilməsini; cavabdeh LPO Cavabdeh2 ASC isə kreditin restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına aid edilməsinə baxmayaraq, iddiaçının kreditin restrukturizasiya olunması üçün banka müraciət etməməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir.

33. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ilə hazırda ləğv prosesində olan Cavabdeh2 ASC arasında bağlanmış kredit müqaviləsi üzrə ödənilməyən 1858,79 ABŞ dolları məbləğində əsas kredit borcunun yuxarıda qeyd edilən Fərmanın təsir dairəsinə düşməsi və restrukturizasiya olunması təklif olunan kreditlərin siyahısına daxil edilməsi, lakin İddiaçı həmin müqavilə üzrə qalıq borcun restrukturizasiya olunması məqsədilə yuxarıda istinad olunan Qaydada müəyyənləşdirilmiş müddətdə, yəni xx.xx.2019-cu il tarixədək LPO "xxxx" ASC-yə və ya onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi qaydada müraciət etməməsi işin mübahisəsiz halını təşkil edir. Belə ki, iddiaçı iddia ərizəsində nəzərdə tutulmuş müddət ərzində cavabdehlərə müraciət etmədiyini bildirmiş, cavabdeh tərəfin LPO "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi ərizə ilə də bu fakt öz təsdiqini tapmışdır.

34. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin bankın iddiaçını yeni müqavilə bağlamaq üçün dəvət etməməsi və borcu tələb etməməsi səbəbindən iddiaçının sözügedən Fərmana əsasən borcunun bankın öz təşəbbüsü ilə silinməsini hesab etməsi dəlili hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, istinad olunan Fərman banklar üçün tövsiyə xarakterli olmuşdur. İddiaçı Fərmana müvafiq olaraq restrukturizasiya barədə tələblə müəyyən edilmiş zaman kəsiyində banka və ya Fonda müraciət etmədiyi üçün Fərmanda irəli sürülən tövsiyələrin icrası iddiaçıya münasibətdə həmin Bank üçün məcburi olmamışdır. İddiaçının Qaydanın qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu ilədək həmin məlumatları əldə etməyə və restrukturizasiya ilə əlaqədar banka müraciət etməyə kifayət qədər vaxtının olması, lakin onun hərəkətsizliyi nəticəsində kreditin qalıq məbləğinin restrukturizasiya edilməməsi hazırki iddianı qaldırmaq üçün iddiaçıya haqq vermir. Belə ki, iddiaçının 4 ilə yaxın vaxt keçdikdən və xüsusilə məhz bankın borc tələbi barədə məhkəmə qətnaməsi çıxarılaraq qanuni qüvvəsini aldıqdan sonra müvafiq tələblə məhkəməyə müraciət etməsi hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir.

35. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

38. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

40. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1061/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar