Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3223/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X1 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi ilə, İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3087/2015 nömrəli 30 iyun 2015-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı ilə “Kredit Alan” qismində “X3-K” adlı hüquqi şəxs olmayan Kənd Kredit Qrupunun üzvləri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********13003-2 saylı kredit müqaviləsinə əsasən Kredit verən Kredit alandan biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün 18 ay müddətinə, illik 34 faiz hesablanmaq şərti ilə 8800 manat kredit vermişdir. Kredit müqaviləsinin 6.4cü bəndinə əsasən tərəflər razılaşırlar ki, kredit fərdi deyil, qrup təminatı ilə verilir və hər bir Kredit alan digər qrup üzvlərinin bu Müqavilə üzrə borclarına görə ümumi və birgə məsuliyyət daşıyır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada əsas borc üzrə 5148,28 manat, faiz borcu üzrə 740,72 manat, cərimə üzrə 125,22 manat olmaqla cəmi 6014,22 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borclular hər ay 630 manat olmaqla, cəmi 11422 manat ödəniş etməli olduqları halda, bu günə qədər yalnız 5533 manat məbləğində ödəniş etmişdir. Cavabdehlər yazılı və çox saylı şifahi müraciətlərinə baxmayaraq borcu ödəməkdən imtina etmişdilər.
4. İddiaçının təqdim etdiyi xx.xx.2015-ci il tarixli maliyyə arayışına əsasən “X3-K” adlı hüquqi şəxs olmayan Kənd Kredit Qrupunun üzvlərinin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 3928,5 manat əsas, 427,72 manat faiz və 123 manat cərimə, cəmi 4479,22 manat borcları mövcuddur.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 iyun 2015-ci il tarixli 2(006)-3087/2015 nömrəli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatının xeyrinə **********13003-2 saylı 29 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 3928,50 manat əsas, 427,72 manat faiz borcu, 123 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 4509,22 manat məbləğində pulun tutulması qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarmalı olan pul məbləğini qaytarmayaraq, öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Cavabdehlər kredit müqaviləsi üzrə birgə borcalan qismində çıxış etdiklərindən və qrup şəklində iddiaçı qarşısında götürülmüş kreditə görə birgə öhdəlik daşıdıqlarından, iddiaçı yaranmış borcun cavabdehlərdən müştərək qaydada tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqla haqlı olmuşdur. İddia ərizəsi məhkəmə icraatına daxil olduqdan sonra cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə yaranan borcun bir hissəsi ödənildiyindən və hazırda əsas borc 3928,5 manat, faiz borcu 427,72 manat və cərimə borcu 123 manat təşkil etdiyindən iddia qismən təmin edilməli və cavabdehlərdən müştərək qaydada cəmi 4479,22 manat məbləğində pul tutulmalıdır.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 739.1, 449.1, 442, 445.2.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, krediti hər ay ödəniş cədvəlinə uyğun ödəmişlər, əsas borcun böyük bir hissəsini ödəsələr də iddiaçı tərəfindən nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak etməmiş və iclas barədə məlumatlandırılmamışlar.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.
15. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
17. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
18. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Mülki Prosessual Məcəllə
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Apellyasiya şikayətində ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğu üçün qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.
29. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla əsassızdır.
30. Cavabdeh məhkəmə iclasının vaxtı barədə məlumatı olmadığını qeyd etmişdir, iş materiallarında olan xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, apellyator Cavabdeh1, həmçinin digər cavabdehlərə telefon vasitəsi ilə əlaqə saxlanılaraq məhkəmə iclasının vaxtı barədə məlumat verilmişdir.
31. Məhkəmə cavabdehlər tərəfindən ödənilmiş məbləği nəzərə almaqla iddia tələbini qismən təmin etmiş və qalan 3928,50 manat əsas, 427,72 manat faiz borcu, 123 manat cərimə borcu olmaqla, cəmi 4509,22 manat məbləğində pulun tutulması qənaətinə gəlmişdir.
32. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddianın rədd edilməsi və qanuni və əsaslı olan qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3087/2015 nömrəli iş üzrə 30 iyun 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.