Məhkəmə qərarları › İş №2(103)-3224/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3224/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3224/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-318/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 aprel 2019-cu il tarixli 04/3484/DİK saylı kredit müqaviləsi bağlanmış və Bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 25% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmiş, nəticədə borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı “NBCBank" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7823,75 manat əsas borc, 4008,31 manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün 27 manat faiz borcu olmaqla, cəmi 11859,06 manat borcun, iş üzrə ödənilmiş 125 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan “NBC Bank" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gənclik filialı ilə Cavabdeh1 arasında bağlanmış 30 aprel 2019- cu il tarixli 04/3484/DİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 30 aprel 2019-cu il tarixli tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********758 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bankın lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 11859,06 manat təşkil edir. Bundan 7823,75 manat əsas, 4008,31 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 27 manat borcu təşkil edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-960/2022 saylı, 09 mart 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7823,74 (yeddi min səkkiz yüz iyirmi üç manat yetmiş dörd qəpik) manat əsas borc və 4003,66 (dörd min üç manat altmış altı qəpik) manat faiz borcu olmaqla, cəmi 11827,40 (on bir min səkkiz yüz iyirmi yeddi manat qırx qəpik) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 125 (yüz iyirmi beş) manat pulun tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 739.1, 739.2 və 743-cü maddələri ilə əsaslandıraraq göstərmişdir ki, məhkəmə 30 aprel 2019-cu il tarixli 04/3484/DİK saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçının yaranmış əsas və faiz borcu iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən cavabdehin 30 aprel 2019-cu il tarixli 04/3484/DİK saylı kredit müqaviləsinə əsasən 7823,75 manat məbləğində əsas kredit borcu və 4008,31 faiz borcu yaranmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının 11 yanvar 2023-cü il tarixli, 9/8611 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 30 aprel 2019-cu il tarixli 04/3484/DİK nömrəli kredit müqaviləsi üzrə 30 aprel 2022-ci il tarixə əsas borc üzrə 7823,74 manat və faiz borcu üzrə 4003,66 manat borcu müəyyən edilmişdir. İddiaçı isə əsas borc üzrə 7823,75 manat və faiz borcu üzrə 4008,31 manat borcun tutulmasını tələb edir. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı ilə göstərilən əsas və faiz borcunun məbləği ilə eskpert rəyi ilə müəyyən edilmiş əsas və faiz borcunun məbləği arasında az fərq olmaqla məbləğlər bir-birinə uyğundur. Məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edərək hesab etmişdir ki, Cavabdeh1 30 aprel 2019-cu il tarixli 04/3484/DİK saylı kredit müqaviləsi üzrə əsas və faiz borcu müəyyən edilərkən ekspert rəyi əsas götürülməli və bu rəylə kredit müqaviləsi üzrə yaranmış 7823,74 manat əsas borc və 4003,66 manat faiz borcu olmaqla, cəmi 11827,40 manat pul tutulmalıdır. Məhkəmə qeyd etmişdir ki, İddiaçı gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 27 manat məbləğində faiz məbləğinin cavabdehdən tutulmasını tələb etsə də, hal-hazırda ləğv prosesində olduğu vəziyyətdə, onun kredit vermək (əldən çıxmış faydanı yenidən tədavülə buraxaraq gəlir əldə etmək) imkanı olmadığı halda, əldən çıxmış faydanın nədən ibarət olmasına dair sübutlar təqdim edə bilməmişdir. Bu səbəbdən iddia tələbi gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 27 manat məbləğində faiz məbləği hissəsində əsassızdır və rədd edilməlidir. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab etmişdir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün borclu ilə birgə məsuliyyət daşıyır. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-318/2023 saylı mülki iş üzrə 28 fevral 2023cü il tarixli qətnaməsinin faiz borcuna münasibətdə ləğv edilərək iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddia tələbi ilə qismən - əsas borca münasibətdə razıdır. İddiaçının tələb etdiyi 4008 manat məbləğində faiz borcu isə şişirdilmişdir. Məhkəmə iş üzrə araşdırma apararkən işin faktiki hallarını nəzərə almamışdır. Tərəfindən 1 il ərzində aylıq 400 manat olmaqla kredit borcu ödənilmiş, daha sonra coronavirus pandemiyası ilə əlaqədar ödəniş edə bilməmişdir. Bir müddət sonra isə bankın ləğv edildiyini öyrənmiş, çətinliklə də olsa yerini taparaq ora yaxınlaşmış, borcu necə və hara ödəməli olduğunu öyrənmək istədikdə ona bildirəcəkləri söylənilsə də sonradan yenə də binaları dəyişmiş və məlumat əldə edə bilməmişdir. Bu səbəbdən də hazırki faiz borcu ilə razı deyildir. Qeyd edilən hallar məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə tərəfindən işin faktiki hallarına baxılmamış və prosesual qanunvericiliyin prinsipləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən, iddiaçı öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən apellyatora aid hissədə yoxlanır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 aprel 2019-cu il tarixli 04/3484/DİK saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 25% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 30 aprel 2019-cu il tarixli tarixli zaminlik müqaviləsi bağlanmışdır. . İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh1 30 aprel 2019-cu il tarixli 04/3484/DİK saylı kredit müqaviləsi üzrə 7823,75 manat əsas, 4008,31 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 0 manat məbləğində cərimə borcu, 27 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla cəmi 11859,06 manat məbləğində borcu yaranmışdır. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin mövqeyinə əsasən o, faiz borcunu ödədiyi üçün iddia tələbini faiz borcunun ödənilməsi hissəsində qəbul etmir. Əsas borcu ödəməyə razıdır. Birinci instansiya məhkəməsinin qərardadı üzrə təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 yanvar 2023-cü il tarixli, 9/8611 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 30 aprel 2019-cu il tarixli 04/3484/DİK nömrəli kredit müqaviləsi üzrə 30 aprel 2022-ci il tarixə əsas borc üzrə 7823,74 manat və faiz borcu üzrə 4003,66 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsi qətnaməsində ekspert rəyinə istinad edərək tutulmalı olan faiz məbləğini (cüzi azalma ilə) tutulmasını qət etsə də, cavabdeh apellyasiya şikayətində ondan tutulması tələb olunan faiz borcunu mübahisələndirmişdir. Ekspert rəyində göstərilən məbləğlər iddia tələbinə bərabər olmaqla ondan cuzi fərqləndiyi üçün məhkəmə kollegiyası təkrar məhkəmə-mühasibatlıq eksepertizası təyin edilməsinə lüzüm görməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq sübut növlərindən biri olan ekspert rəyinin faiz hissəsində göstərilənləri sübüt kimi qiymətləndirmişdir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki iş üzrə araşdırma zamanı hazırkı ekspert rəyinin faiz hissəsi üzrə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar cavabdeh tərəfindən təqdim edilməmiş və məhkəmə kollegiyası tərəfindən də müəyyən edilməmişdir. Buna görə də ekspert rəyinin faiz hissəsi üzrə hissəsinin sübut növü kimi qəbul edilməməsinə, ümumiyyətlə isə faiz borcunun şişirdilməsinə dair dəlilləri ehtimal xarakterli olduğundan, həmin rəyin hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli olmasına və cavabdehdən də rəydə göstərilən faiz borcunun tutulmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərinə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, məhkəmə kollegiyasının iclasında birinci instaniya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-318/2023 saylı, 28 fevral 2023cü il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar