Məhkəmə qərarları › İş №2(103)-3224/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3224/2024

22.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3224/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh cavabdov Abdulla Novruz oğluna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3224/2024 (Açar sözlər: zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7071/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 22 may 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə vurulmuş ziyan qismində 2320 manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə, saat 13:40 radələrində iddiaçının mülkiyyətində olan “Opel Astra” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, “Mədinə” mərasim evinin qarşısında yolun sağında dayanarkən Cavabdeh idarə etdiyi “Renault Logan” markalı ** MO *** dövlət nömrə nişanlı avtomobili ilə qarşısındakı avtomobili ötmək üçün sağa çıxmış və nəticədə avtomobilinin qabaq sağ tərəfi ilə onun avtomobilinin arxa sol tərəfini vurmuşdur. Bununla da avtomobilinə xeyli miqdarda maddi ziyan vuraraq inzibati xəta törətmişdir. Cavabdeh barəsində Nizami RPİ-nin DYPŞ-də MYP serialı 704172 saylı inzibati protokol tərtib olunaraq barəsində inzibati xəta haqqında qərar çıxarılmışdır. Avtomobilə dəyən ziyan isə cavabdeh tərəfindən ödənilməmişdir. Avtomobil texniki baxışdan keçirilmiş və avtomobilə dəymiş ziyan ehtiyat hissələrinə dair 930 manat, görüləcək işlərə dair 1390 manat olmaqla, cəmi 2320 manat müəyyən edilmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7071/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə (hakim Raziya Ataşova) iddianın qismən təmin edilməsi, təmir bərpa xərclərinə görə - dəyişdirilmiş hissələrin qiyməti 830 manat, təmir işlərinin xərcinə görə isə 890 manat olmaqla ümumilikdə 1720 manat məbləğində maddi ziyanın iddiaçının xeyrinə cavabdehdən tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, o cümlədən 50 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 448.1, 1096, 1097, 1108.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 119.1, 217.4, maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında baş vermiş yol-nəqliyyat hadisə nəticəsində iddiaçının idarə etdiyi nəqliyyat vasitəsinin arxa işığının bir hissəsinə və həmin hissənin aşağı önlüyünün az bir hissəsinə zərər dəymişdir ki, bunun da ehtiyat və təmir işlərinin xərci ilə birlikdə cəmi 400-500 manat təşkil etmişdir. Vurulmuş ziyan məbləğinin daha az miqdarda, 400-500 manat təşkil etdiyi halda ondan 1720 manat zərər məbləğinin tutulması ədalətsizlikdir. İş üzrə keçirilimiş ekspertiza da iddiaçının təqdim etdiyi, reallığı əks etdirməyən qüsur aktı əsasında aparılmışdır ki, bu da əsaslı hesab oluna bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

14. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir

15. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

25. Belə ki, iş materiallarında olan AB seriyalı 992416 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” markalı ** CM *** dövlət qeydiyyat nişanlı, 2000-ci il buraxılışlı, gümüşü metal rəngli avtomobil İddiaçı məxsusdur.

26. AB seriyalı 647562 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Renault Logan” markalı ** MO *** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, ağ rəngli avtomobil Cavabdeh məxsusdur.

27. “AS Motors” tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli qüsur aktından görünür ki, “Opel Astra” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 2320 manat müəyyən edilmişdir.

28. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2015-ci il tarixli 22691 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “AS Motors” tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 2000-ci il buraxılışlı, “Opel Astra” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-barpa xərci təxminən 1720 manat müəyyən edilir, o cümlədən: Dayişilməli hissələrin qiyməti – 830 manat; Təmir-bərpa işlərinin qiyməti - 890 manat.

29. Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən tərtib olunan MYP serialı 704172 saylı, xx.xx.2015-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavadov X2 Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir.

30. İşin qeyd olunan halları kontekstində nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

32. Məhkəmə qeyd edir ki, şərh olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

33. İş materiallarından da göründüyü kimi xx.xx.2015-ci il tarixdə, saat 13:40 radələrində iddiaçının mülkiyyətində olan “Opel Astra” markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, “Mədinə” mərasim evinin qarşısında yolun sağında dayanarkən Cavabdeh idarə etdiyi “Renault Logan” markalı ** MO *** dövlət nömrə nişanlı avtomobili ilə qarşısındakı avtomobili ötmək üçün sağa çıxmış və nəticədə avtomobilinin qabaq sağ tərəfi ilə onun avtomobilinin arxa sol tərəfini vurmuşdur. Nəticədə cavabdehin yol nəqliyyat qaydalarını pozmaqla müşahidə olunan hərəkəti ilə iddiaçıya məxsus avtomobilə ziyan dəymiş və buna görə də cavabdeh İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir.

34. Apellyasiya şikayətinə diqqət yetirdikdə görünür ki, cavabdeh şikayətində sonda iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, şikayətin dəlillərində özü də yol-nəqliyyat hadisəsinin baş verməsi və bunun nəticəsində iddiaçıya müəyyən miqdarda zərər dəyməsini qeyd etmiş, sadəcə həmin zərərin məbləği ilə razılaşmadığını bildirmişdir.

35. Göründüyü kimi cavabdeh tərəfindən idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törədərək iddiaçıya məxsus avtomobilə maddi ziyan vurması işin mübahisəsiz halıdır. Yalnız iş üzrə vurulmuş maddi ziyanın məbləği cavabdeh tərəfindən mübahisələndirilir.

36. Həmin mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçının məruz qaldığı zərər məbləği ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir:

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

38. Yuxarıda qeyd olunduğu kimi iddiaçıya dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən birinci keçirilmiş ekspertiza nəticəsində avtomobilin təmir-bərpa xərci ümumilikdə 1720 manat müəyyən edilmiş, cavabdeh tərəfindən isə nə birinci instansiya məhkəməsində, nə də hazırki apellyasiya baxışında həmin məbləğin həqiqiliyini istisna edən hər hansı digər sübut məhkəməyə təqdim olunmamışdır.

39. Buna görə də kollegiya hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsində təyin edilmiş ekspertiza rəyinin nəticəsi iş faktiki hallarına uyğundur və iş materialları ilə müqayisəli tədqiq edilərək əsaslı hesab oluna bilər.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

41. Kollegiya diqqətə çatdırır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

42. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

43. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

45. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

46. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

48. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7071/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar