Məhkəmə qərarları › İş №2(103)-3225/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3225/2022

17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3225/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" BOKT ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli e-2(004)-2561/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 02 aprel 2019-cu il tarixli, 2019/00083-01 № li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh əsas kredit borcu üzrə 11572,87 AZN, ona hesablanmış 2473,41 AZN məbləğində faiz borcu, ödənişlərin geçikdirilməsinə görə hesablanmış 6925,87 AZN dəbbə pulu, cəmi 20972,15 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Masazır kəndi Əliağa Vahid küçəsində yerləşən 722A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 58000 manat məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin banka olan kredit borcunun ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli e- 2(004)-2561/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 02 aprel 2019-cu il tarixli 2019/00083- 01 № li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 11538,74 manat əsas, 2454,92 manat faiz, 500 manat cərimə borcu olmaqla 14493,66 manat pul və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçı FİNOKO Bank olmayan Kredit Təşkilatı” ASC-yə ödənilməsi, tələbin Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Masazır kəndi Əliağa Vahid küçəsində yerləşən 722A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin likvid dəyəri 64000 manat məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və Cavabdeh oradan çıxarılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, dəbbə pulunun tutulması hissəsində iddianın rədd edilməsi və ipoteka predmeti olan Abşeron rayonu Masazır kəndi Əliağa Vahid küçəsində yerləşən 722 A saylı fərdi yaşayış evinin ilkin likvid dəyərinin 75000 manat məbləğində müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dəbbə pulunun tutulması düzgün müəyyən edilməmiş və ipoteka predmeti dəyərindən aşağı qiymətləndirilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı bankın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə apellyasiya şikayətinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli e-2(004)-2561/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən 02 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 36 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış 02 aprel 2019-cu il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan Abşeron rayonu Masazır kəndi Əliağa Vahid küçəsində yerləşən 722A saylı fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İddiaçı "xxxx" ASC Cavabdeh müqavilə üzrə razılaşdırılmış məbləğdə və şərtlərlə kredit verərək öhdəliyini yerinə yetirmiş, Cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək borcunu tam ödəməmişdir. İş materiallarında olan məhkəmə mühasibatlıq ekspertizasının 25 avqust 2021-ci il tarixli 9/5289 saylı rəyindən görünür ki, Cavabdeh maliyyə arayışının verildiyi 29.01.2021-ci il tarixə 11538,74 manat əsas, 2454,92 manat faiz borcu olmaqla cəmi 13993,66 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Dəbbə pulunun düzgün müəyyən edilməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.1-ci bəndində hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1 faizi qədər dəbbə pulu tutulması nəzərdə tutulmuşdur. Bank cavabdehdən 6925,87 manat məbləğində dəbbə pulu tələb etmiş, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətindən istifadə edərək həmin məbləği kifayət qədər azaldaraq 500 manat məbləğində müəyyən etmişdir. Ona görə də şikayətin bu dəlili əsassızdır. İpoteka predmeti olan evin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi barədə apellyasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, 02 aprel 2019-cu il tarixli ipoteka müqaviləsində evin ilkin satış qiyməti 58000 manat müəyyən edilmiş, birinci instansiya məhkəməsində işə baxılarkən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi üçün iki dəfə qiymətləndirmə keçirilmişdir. “X1” MMC-nin 27 may 2021-ci il tarixli rəyinə əsasən fərdi yaşayış evinin bazar dəyəri 75000 manat, likvid dəyəri isə 70000 manat, "xxxx" MMC-nin 11 avqust 2021-ci il tarixli rəyinə əsasən isə, ipoteka predmeti olan evin bazar dəyəri 64000 manat, likvid dəyəri isə 58000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan evin ilkin satış qiymətini 64000 manat müəyyən etmişdir. Kollegiya hesab edir ki, cavabdeh V.Hüseynov evin qiymətinin daha yüksək olması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, məhkəmə isə işin hallarını nəzərə alaraq evin dəyərini ağlabatan məbləğdə düzgün müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli e- 2(004)-2561/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar