Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3225/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Orxan Məhərrəmovun iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılmasının xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış 8.563 ABŞ dolları əldən çıxmış fayda cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Orxan Məhərrəmov apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı (kredit verən) ilə cavabdehin (kredit alan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 63.700 ABŞ dolları məbləğində kredit verib. Kredit 36 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 26 faiz müəyyən edilib. Kredit qaytarılmadığına görə iddiaçı məhkəməyə müraciət edib. Başqa mülki iş üzrə Yasamal RM-nin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə qət olunub ki, əsas borc kimi 51.697,97 ABŞ dolları, faiz borcu kimi 25.207,13 ABŞ dolları, cərimə kimi 1.840,91 ABŞ dolları, cəmi 78.746,01 ABŞ dolları cavabdehdən iddiaçının xeyrinə tutulsun. Yasamal RM-nin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə borca aid hissədə dəyişdirilmədən saxlanılıb. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılıb. İddiaçı iddia edir ki, xx.xx.2019-cu ildən (Ali Məhkəmənin qərarının qəbul edildiyi tarixdən) xx.xx.2022-ci ilədək olan dövr üçün qətnamədə göstərilən borcun (78.746,01 ABŞ dollarının) qaytarılmasının gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış əldən çıxmış fayda 8.563 ABŞ dolları təşkil edir. Cavabdeh həmin borcu ödəməlidir, lakin xəbərdarlıq edilməsinə baxmayaraq ödəmir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsinin göstərişinə istinad edir. Həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Lakin bu maddənin göstərişi tətbiq edilərkən işin halları nəzərə alınmalıdır. Hazırkı işin halları həmin maddənin göstərişini tətbiq etməyə imkan vermir. Belə ki, birinci, kredit yüksək faizlə (26 faizlə) verilib, nəticədə isə bank kredit alanın hesabına yüksək gəlir əldə edib. Bundan başqa, kredit xx.xx.2015-ci ildə xarici valyutada (ABŞ dolları ilə) verilib. Bundan sonra manatın 2 dəfə devalvasiyası baş verib. xx.xx.2015-ci ildə baş vermiş birinci devalvasiya nəticəsində manat dollar qarşısında 34 faiz, xx.xx.2015-ci ildə baş vermiş ikinci devalvasiya nəticəsində isə 47 faiz dəyərdən düşüb. Manatın devalvasiyası dollar ilə kredit alanların maliyyə vəziyyətinə mənfi, dollar ilə kredit verənlərin maliyyə vəziyyətinə isə müsbət təsir edib. Belə vəziyyətdə kredit alanın üzərinə əlavə olaraq 8.563 ABŞ dolları pul öhdəliyinin qoyulması Mülki Məcəllənin 5.3-cü maddəsinin göstərişinə uyğun sayılmır. Həmin maddəyə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3225/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3225/2023
19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver