Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3226/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əqdin əhəmiyyətsiz olmasından irəli gələn əsassız varlanma, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X3 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-723/2025 saylı 13 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh "xxxx" MTK-ya pay haqqını tam şəkildə ödəməklə sahiblik və istifadə hüquqları yarandığı 57 və 65 saylı mənzillərin İddiaçı adına sənədləşdirilməsinə icazə vermiş, mənzillərlə bağlı İddiaçı ilə "xxxx" MTK arasında müqavilə bağlanılmaqla hər bir mənzil üzrə dəyəri 21.000 manat Cavabdeh ödənilmişdir. Sonradan İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış müqavilələr etibarsız hesab edilmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-5419/2018 saylı qətnaməsinə əsasən "Yeni Yasamal” MTK ilə İddiaçı arasında mübahisəli mənzillərə dair xx.xx.2010-cu il tarixdə bağlanmış müqavilələr etibarsız hesab edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 42.000 manatın və iddia ərizəsi verilərkən ödənilmiş 216 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2010-cu il tarixdə yaxın tanışının köməkliyi ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının 1-ci girişində, 11-ci mərtəbəsində yerləşən 52.5 kv.metr sahəli 57 nömrəli və 65 nömrəli mənzilləri həmin tarixdə dəyərini tam ödəməklə almış, buna dair MTK ilə aralarında müqavilələr bağlanmış, maliyyə arayışları verilmişdir. Sonradan həmin mənzillərə daxil ola bilməməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən məlum olmuşdur ki, mənzillər ondan əvvəl müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə satılmışdır. Bununla da, "xxxx" MTK müqavilə əsasında başqa şəxslərə məxsus evləri təkrarən ona satmaq adı ilə 42.000 manat pulunu özündə saxlamaqla əsassız olaraq varlanmışdır. Bundan sonra, o, "Yeni Yasamal” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncudan vurulmuş zərərin əvəzi olaraq 70.000 manat məbləğində pulun, qətnamə icra olunan tarixdə həmin pula hesablanmış Azərbaycan Respublikası Milli Bankının uçot faiz dərəcəsi üzrə faiz borcunun, əldən çıxmış fayda olaraq 20.000 manat məbləğində pulun va mənəvi ziyana görə 50.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda "Yeni Yasamal” MTK İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK-da olan yaşayış binasının 1-ci girişində olan 11-ci mərtəbəsində yerləşən 52.5 kv.metr sahəli 57 nömrəli və 65 nömrəli mənzillərə dair xx.xx.2010-cu il tarixdə MTK ilə İddiaçı arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-5419/2018 saylı qətnaməsinə əsasən ilkin iddia tələbi rədd edilməklə, qarşılıqlı iddia tələbi təmin edilmişdir. Qətnamədə qeyd olunan faktlar Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(093)-10/2017 saylı hökmü ilə də bir daha öz təsdiqini tapmışdır. Cavabdeh qanunsuz hərəkətləri ilə bağlı dəfələrlə pulları ona ödəməsi barədə xəbərdarlıq edilsə də bundan yayınmışdır. Sonda pozulmuş hüquqlarının bərpası məqsədi ilə hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
5. Cavabdeh iddiaya etiraz ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "Yeni Yasamal” MTK İddiaçı qarşı qarşılıqı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTKda olan yaşayış binasının 1-ci girişində olan 11-ci mərtəbəsində yerləşən 52.5 kv.metr sahəli 57 nömrəli və 65 nömrəli mənzillərə dair xx.xx.2010-cu il tarixdə MTK ilə İddiaçı arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-5419/2018 saylı qətnaməsinə əsasən ilkin iddia tələbi rədd edilməklə, qarşılıqlı iddia tələbi təmin edilmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki: "xxxx" MTK-nı 2007-ci ildə Nəsib Əliyev, Əliheydər Şahmarov, Soltanağa Şahmarov və Zülfüqar Səfərovla birlikdə alaraq təsisçiləri olmuşlar. Cahangir Alışov isə həmin MTK-nın sədri təyin edilmişdir. Cahangir Alışov 2010-cu ilin may-iyun aylarında səhər saat 10 radələrində MTK-nın icraçı direktoru Nadir Feyziyevlə MTK-nın ofisində görüşmüş, söhbət zamanı sonuncu onu və Nəsibi dünən Milli Təhlükəsizlik Nazirliyinə çağırılmalarını, orada adlarını bilmədiyi digər MTN əməkdaşları bəzi müqavilələri imzalaması üçün ona təzyiq göstərdiyini, adlarına müqavilə tərtib olunmuş həmin şəxslərin heç birini tanımadığını, həmin şəxslərin yalnız şəxsiyyət vəsiqələri təqdim olunmuş və müqavilələr də MTN-nin inzibati binasında, bəziləri isə sonradan MTK-nın ofisində imzalanmışdır. Sonradan həmin mənzillər digər şəxslərin adına yenidən rəsmiləşdirilmişdir. Yəni ilkin olaraq mənzillər MTN əməkdaşlarının təqdim etdiyi şəxsiyyət vəsiqələri əsasında onların adlarına rəsmiləşdirilmiş, daha sonra isə həmin mənzillər qeyd olunan MTN əməkdaşlarının, bundan başqa Elçin, Ceyhun və Raufun gətirdiyi alıcılara satılmış, pullar isə özləri tərəfindən görürülmüşdür. İlkin iddia tələbinin qeyd edilən "Yeni Yasamal” MTK-da olan yaşayış binasının 1-ci girişində olan, 11-ci mərtəbəsində yerləşən hər biri 1 otaqlı, hər birinin sahəsi 52.5 kv.m olan 57 №-li və 65 №- İi mənzillər göstərilən hadisələr nəticəsində xx.xx.2010-cu il tarixdə bağlanmış müqavilələr əsasında Nəsib Əliyev tərəfindən Cavabdeh adına qanunsuz, əsassız və hədə-qorxu nəticəsində rəsmiləşdirilmişdir. Həmin mənzillər digər şəxslərin adına yenidən rəsmiləşdirilmiş, yəni Cavabdeh gətirdiyi alıcılara satılmış, həmin gün də hər iki mənzil Cavabdeh ərizəsi ilə hər birinin dəyəri 21.000 manat olmaqla, İddiaçı adına rəsmiləşdirilmiş, ümumilikdə 42.000 manat pul isə Cavabdeh tərəfindən götürülmüşdür. Halbuki, qeyd olunan 2 mənzil MTK tərəfindən xx.xx.2007-ci il və xx.xx.2007-ci il tarixlərdə digər şəxslərin adlarına rəsmiləşdirilmişdir və hal-hazırda da həmin şəxslərin qanuni sahiblik və istifadəsindədir. Qətnamədə qeyd olunan faktlar Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(093)- 10/2017 saylı hökmü ilə də bir daha öz təsdiqini tapmışdır. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı ona dəfələrlə pulları iddiaçıya ödəməsi barədə xəbərdarlıq edilsə də o bundan yayınmışdır. İddiaçı sonda pozulmuş hüquqlarının bərpası məqsədi ilə hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hazırki iddia üzrə Cavabdeh pulun tələb edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, qeyd edilən münasibətlər "Yeni Yasamal” MTK ilə iddiaçı arasında baş vermişdir. Bunun cavabdeh qismində qoyulmuş Cavabdeh heç bir əlaqəsi yoxdur. Belə ki, maliyyə arayışı və müqavilə məhz yuxarıda qeyd edilən tərəflər arasında bağlanmışdır. Bundan başqa qeyd edilən mübahisə üzrə iddiaçı iddia müddətlərini də ötürmüşdür. Belə ki, müqavilələrdən yaranan münasibətlərə üç illik iddia müddəti tətbiq edildiyi halda tərəf qeyd edilən mübahisələndirmə müddətini də ötürmüşdür
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-723/2025 saylı 13 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda tərəflər arasında olan münasibətlərin rəsmi müqavilə əsası olmasa da, cavabdehin özünə aid mənzillərin iddiaçının adına rəsmiləşdirilməsi barədə xahişi, bunun əsasında da həmin mənzillərin müqabilində 42 000 manatın qəbul etməsi əsassız varlanma hesab etmək olmaz. Belə ki, tərəflər arasında pul müqabilində mənzillər üzərində olan hüququn verilməsi barədə razılıq mövcud olmuşdur.
8. Məhkəmə qeyd etmişdir ki, "Yeni Yasamal” MTK ilə iddiaçı arasında bağlanmış müqavilələr etibarsız hesab edilməsəydi iddiaçı mənzillərə sahiblik edəcəkdi. Lakin, müqavilələrin etibarsız hesab edilməsi ilə, iddiaçı bu hüququndan məhrum olmuşdur və bunun nəticəsində ona ziyan dəymişdir. Bunula yanaşı, cavabdehin mübahisəli məsələyə müqavilələrdən yaranan münasibətlərə üç illik iddia müddətinin şamil olunması və münasibətləri əsassız varlanmaya aid etməklə ilə iddia müddətinin ötürüldüyü əsasları ilə çıxış etsə də, bu dəlillərə münasibətdə qeyd olunmalıdır ki, mübahisələndirilən münasibətlərin kökündə cavabdehlə MTK arasında və buna əsasən də iddiaçı ilə cavabdeh arasında fərdi müəyyən əşya olan daşınmaz əmlakın verilməsi barədə müqavilələrin etibarsızlığı olduğuna görə qeyd olunan müddətlər tətbiq edilə bilməz.
9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına əsasən, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər.
10. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Odur ki, cavabdehin iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə ərizəsi təmin edilməməlidir.
11. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5, 375.1, 375.2, 1091.1 və 1091.2-ci maddələrinə istinad edərək iddia tələbini qanuni və əsaslı olması qənaətinə gəlmişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-723/2025 saylı 13 mart 2025-ci il tarixli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə mübahisələndirilən münasibətlərin kökündə cavabdehlə MTK arasında və buna əsasən də iddiaçı ilə cavabdeh arasında fərdi müəyyən əşya olan daşınmaz əmlakın verilməsi barədə müqavilələrin etibarsızlığı olduğuna görə qeyd olunan müddətlər tətbiq edilə bilməməsi göstərilmişdir. Halbuki məhkəməyə təqdim edilmiş iddia tələbindən də göründüyü kimi iddia ərizəsində konkret olaraq pulun ödənilməsi dayanmışdır. Yəni məhkəmə tərəfindən pul tələbinin daşınmaz əmlaka dair mübahisə kimi qeyd etməsi əsassızdır. Belə ki, iddia tələbində hər hansı daşınmaz əmlak tələbi olmamışdır. İddiaçı istənilən halda müddətləri ötürməsinə baxmayaraq məhkəmə bunu nəzərə almamışdır. İddiaçı tərəfindən 2010-cu il tarixdə bağlanmış müqavilə üzrə gözləyərək on dörd il müddətinin ötürülməsi, Binəqədi Rayon Məhkəməsi tərəfindən mənzillərə dair müqavilələrin etibarsız hesab edilməsindən sonra altı il gözləməsinə dair səbəblərə də iddiaçı tərəfindən aydınlıq gətirilməmişdir. Halbuki şəxs artıq hüququnun pozulduğunu həmin vaxtdan bilirdi. Məkhəmənin iddia müddətini tətbiq etmədən qətnamə çıxarması cavabdehin hüquqlarının pozulmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş sübutlar obyektiv araşdırılmamış və düzgün qənaətə gəlinməmişdir. Məhkəməyə təqdim edilmiş iddia tələbində konkret olaraq pulun ödənilməsi istənilmişdir. Məhkəmə tərəfindən pul tələbinin daşınmaz əmlaka dair mübahisə kimi qeyd etməsi əsassızdır. Belə ki, iddia tələbində hər hansı daşınmaz əmlak tələbi olmamışdır. İddiaçı istənilən halda müddətləri ötürməsinə baxmayaraq məhkəmə bunu nəzərə almamışdır. İddiaçı tərəfindən 2010-cu il tarixdə bağlanmış müqavilə üzrə gözləyərək on dörd il müddətin ötürülməsi, Binəqədi Rayon Məhkəməsi tərəfindən mənzillərə dair müqavilələrin etibarsız hesab edilməsindən sonra altı il gözləməsinə dair səbəblərə də iddiaçı tərəfindən aydınlıq gətirilməmişdir. Halbuki şəxs artıq hüququnun pozulduğunu həmin vaxtdan bilirdi. Məkhəmənin iddia müddətini tətbiq etmədən qətnamə çıxarması cavabdehin hüquqlarının pozulmasına səbəb olmuşdur
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
21. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir.
22. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
23. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
24. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
25. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
26. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. 390.1-ci maddəsinin məzmununa görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
29. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
30. 1091.2-ci maddəsinə görə, əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
31. 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə onaqaytarmalıdır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında izah etmişdir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.
33. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
34. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
37. 82.3-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
38. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
39. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
41. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi "Yeni Yasamal” MTK-nın tikdiyi yaşayış binasının 1-ci girişində olan, 11-ci mərtəbəsində yerləşən hər biri 1 otaqlı, sahəsi 52.5 kv.m olan 57 və 65 nömrəli mənzillər xx.xx.2010-cu il tarixdə bağlanmış müqavilələr əsasında MTK-nın nümayəndəsi Nəsib Əliyev tərəfindən Cavabdeh adına rəsmiləşdirilmişdir. Həmin mənzillər Cavabdeh yazılı razılığı ilə daha sonra İddiaçı adına rəsmiləşdirilmiş, sonuncu tərəfindən hər birinin dəyəri 21.000 manat olmaqla, ümumilikdə 42.000 manat məbləğində pul Cavabdeh ödənilmişdir.
42. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-5419/2018 saylı qətnaməsinə əsasən "Yeni Yasamal” MTK ilə İddiaçı arasında mübahisəli mənzillərə dair xx.xx.2010-cu il tarixdə bağlanmış müqavilələr etibarsız hesab edilmişdir. Məhkəmə Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(093)-10/2017 saylı hökmünə istinadən belə nəticəyə gəlmişdir ki, xx.xx.2010-cu il tarixində bağlanmış müqavilələr əsasında Nəsib Əliyev tərəfindən Cavabdeh Mirzağa oğlunun adına qanunsuz, əsassız və hədəqorxu nəticəsində rəsmiləşdirilmişdir. Həmin mənzillər digər şəxslərin adına yenidən rəsmiləşdirilmiş, yəni Cavabdeh Mirzağa oğlunun gətirdiyi alıcılara satılmış, həmin gündə hər iki mənzil Cavabdeh Mirzağa oğlunun ərizəsi ilə hər birinin dəyəri 21.000 manat olmaqla İddiaçı adına rəsmiləşdirilmiş, ümumilikdə 42.000 manat pul isə Cavabdeh Mirzağa oğlu tərəfindən götürülmüşdür. MTK-da olan yaşayış binasının 1-ci girişində olan 11-ci mərtəbəsində yerləşən 1 otaqlı, sahəsi 52,5 kv.m olan 57 nömrəli mənzil xx.xx.2007ci il tarixndə X2, 65 nömrəli mənzil isə xx.xx.2007-ci il tarixində X1 adına rəsmiləşdirilmiş, mənzilin dəyəri həmin şəxslər tərəfindən ödənilmiş və hal-hazırda da həmin şəxslərin qanuni sahiblik və istifadəsindədir.
43. Hazırda iddiaçı 57 və 65 nömrəli mənzillərin əldə edilməsi məqsədilə "Yeni Yasamal” MTK ilə bağlanmış xx.xx.2010-cu il tarixli müqavilələr əsasında ödədiyi pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir, cavabdeh isə özünün də MTK tərəfindən aldadıldığını, əlindən alınmış mənzillərə görə müvafiq məbləğdə pul vəsaiti itirdiyini qeyd etmiş, həmçinin iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək, mübahisəyə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edilmişdir.
44. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırki halda tərəflər arasında olan münasibətlərin rəsmi müqavilə əsası olmasa da, cavabdehin özünə aid mənzillərin iddiaçının adına rəsmiləşdirilməsi barədə xahişi, bunun əsasında da həmin mənzillərin müqabilində 42 000 manatın qəbul etməsi əsassız varlanma hesab etmək olmaz. Belə ki, tərəflər arasında pul müqabilində mənzillər üzərində olan hüququn verilməsi barədə razılıq mövcud olmuşdur. "Yeni Yasamal” MTK ilə iddiaçı arasında bağlanmış müqavilələr etibarsız hesab edilməsəydi iddiaçı mənzillərə sahiblik edəcəkdi. Lakin, müqavilələrin etibarsız hesab edilməsi ilə, iddiaçı bu hüququndan məhrum olmuşdur və bunun nəticəsində ona ziyan dəymişdir. Məhkəmə iddia müddətinin tətbiqi barədə dəlillərə münasibətdə qeyd etmişdir ki, mübahisələndirilən münasibətlərin kökündə cavabdehlə MTK arasında və buna əsasən də iddiaçı ilə cavabdeh arasında fərdi müəyyən əşya olan daşınmaz əmlakın verilməsi barədə müqavilələrin etibarsızlığı olduğuna görə ərizədə qeyd olunan müddətlər tətbiq edilə bilməz.
45. Birinci instansiya məhkəməsinin sərgilədiyi hüquqi mövqe ilə razılaşmayaraq məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
46. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər. Odur ki, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar (məsələn, əsassız varlanma və s.) yoxlanılmalıdır.
47. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
48. İşin mübahisələndirilməyən hallarından müəyyən edilir ki, cavabdeh xx.xx.2010-cu il tarixli ərizələr ilə müqaviləyə əsasən əldə etdiyi mənzillərin MTK tərəfindən iddiaçının adına rəsmiləşdirilməsinə iradəsinin olmasını ifadə etmişdir. Bunun müqabilində müvafiq məbləğdə pul ona ödənilmişdir.
49. Cavabdehin yazılı razılığına əsasən iddiaçı ilə MTK arasında mübahisəli mənzillərə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, əmlakın hal-hazırda başqa şəxslərin istifadəsində və sahibliyində olması barədə məhkəmə aktı qanuni qüvvəsini almışdır. Həmin qətnaməyə əsasən belə nəticə hasil olur ki, cavabdeh, əmlakın əvəzli surətdə özgəninkiləşdirilməsinə, yəni mübahisəli əmlakın iddiaçının adına rəsmiləşdirilməsinə razılıq verməyə səlahiyyətli olmamış, tərəflər (iddiaçı ilə cavabdeh) arasında etibarlı müqavilə münasibətləri yaranmamışdır.
50. Məhkəmə kollegiyası hesab edir ki, müvafiq razılıq ərizələrində cavabdehin (daha sonra ona məxsus olmaması müəyyən edilmiş) əmlakın özgəninkiləşdirilməsinə dair iradəsi ifadə olunduğundan həmin ərizələrin etibarsızlığı barədə məsələyə əqdlərin etibarsızlığına dair normalar tətbiq edilməlidir. Belə ki, tərəflərin razılığa gəldikləri şərtlərə görə, iddiaçı cavabdehə müvafiq məbləğdə pu ödəməyi, cavabdeh isə öz növbəsində adında olan mənzillərin iddiaçının adına rəsmiləşdirilməsinə icazə verməyi öhdəsinə götürmüşdür. MTK-ların fəaliyyəti sahəsində təşəkkül tapan və geniş tətbiq edilən dövlət reyestrində qeydiyyata alınmamış mənzillərin özgəninkiləşdirilməsi praktikasından görünür ki, qeyd olunan formada müqavilələrin rəsmiləşdirilməsi (əmlak üzərində mövcud hüquqların başqa şəxsə ötürülməsi üçün) istisna olunmur.
51. Yuxarıda qeyd edilənlərə görə də ərizələrin əhəmiyyətsiz əqd olması əsası ilə etibarsız hesab edilməsi üçün faktiki əsaslar mövcuddur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-5419/2018 saylı qətnaməsinə əsasən "Yeni Yasamal” MTK ilə İddiaçı arasında mübahisəli mənzillərə dair xx.xx.2010-cu il tarixdə bağlanmış müqavilələr etibarsız hesab edilməklə, faktiki olaraq Cavabdeh Mirzağa oğlunun səlahiyyətsiz şəxs olaraq verdiyi razılığın etibarsız hesab edilməsi üçün əsaslar yaranmışdır.
52. Bununla belə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə məhkəməyə aşağıdakıları qeyd etməyi zəruri sayır.
53. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.
54. Mülki qanunvericiliyə görə əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.
55. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır.
56. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.
57. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur.
58. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.
59. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Belə olan halda, hazırki iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələri ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır.
60. Beləliklə də iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması və ya mövcud olmuş əsasın aradan qalxması. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda müəyyən olunmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır. Əsassız varlanmaya əsasən “varlanmış” borclunun hüquqi əsas olmadan artmış əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etmək hüququna yalnız həmin əmlakdan məhrum olan şəxs malikdir və bu iddia üzrə cavabdehlik daşıyan şəxs məhrum olan kreditorun hesabına heç bir hüquqi əsas olmadan varlanmış şəxsdir.
61. Yuxarıda sadalanan hallara əsasən müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə MTK arasında bağlanmış müqavilələrə əsasən ona ödənilmiş pul vəsaitini əsassız olaraq saxlayır. O, iddiaçının hesabına sonuncunun ödədiyi 42.000 manat məbləğində əsassız olaraq varlanmışdır. İddiaçı ödədiyi pulun geri qaytarılmasını tələb etməkdə haqlıdır, hüququnun pozulduğu halı da öz təsdiqini tapır. Baxılan işdə də yuxarıda qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğu sadalananlara əsasən müəyyən olunur.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında izah etmişdir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. ... Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.
63. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.
64. Göründüyü kimi bəzi maddi nemətlər (dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əvəzedilən əşyalar: pul, taxıl, düyü və s.) əldə edənin əmlak aktivinə qarışdığı andan onu verən tərəfin mülkiyyət hüququ aradan qalxır. Bu səbəbdən əşyanı əldə edən şəxs mülkiyyəti qazanmaqla varlanmış olur. Lakin bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığına, yəni əşyanın əldə edilməsinə əsas olan əqd etibarsız sayıldığına görə əsassız varlanma əmələ gəlir (Mülki Məcəllə, maddə 1091).
65. Əsassız varlanmaya söykənən iddia isə qanundan irəli gələn tələb hüququ olduğu üçün ona iddia müddəti tətbiq edilir. Odur ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik müddət məhz etibarsız əqd üzrə icra edilmişlərin əsassız varlanma əmələ gətirdiyi təqdirdə ondan məhrum olan tərəfin irəli sürdüyü iddiaya tətbiq olunan iddia müddətidir. Bununla yanaşı izah edilir ki, Mülki Məcəllənin 1095-ci maddəsində əsassız varlanma obyektini qaytarmaq üçün iki illik iddia müddəti nəzərdə tutulsa da, əqdin əhəmiyyətsiz olmasından irəli gələn əsassız varlanma tələblərinə xüsusi norma kimi həmin Məcəllənin 354.1-ci maddəsindəki bir illik iddia müddəti tətbiq edilir. Müddətin əvvəli isə müqavilənin bağlandığı tarixdən deyil, əqdin icrasına başlanıldığı gündən hesablanır.
66. Beləliklə də bu mübahisəyə Mülki Məcəllənin 354.1-ci maddəsindəki bir illik iddia müddətinin tətbiq edilməsi mümkündür. Hazırkı halda da, cavabdehin istinad etdiyi iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi əhəmiyyətlidir.
67. Konstitusiya Məhkəməsinin Plenumu “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər.
68. Belə ki, iddia müddətinin axımı tələb olunan vəsaitin cavabdehə verildiyi, yəni əqdin icrasına başlanıldığı tarixdən (xx.xx.2010-cu il tarixindən) hesablanmalıdır. İddiaçı da əqdin icrasına başlanıldığı bu tarixdən 1 ildən artıq xeyli müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edərkən bu kateqoriyadan olan mübahisələr üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Çünki, Mülki Məcəllənin 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia ilə onun icrasına başlanıldığı gündən bir il ərzində məhkəməyə müraciət edilə bilər.
69. Kollegiya qeyd etməyi zəruri sayır ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir.
70. İddia müddətinin tətbiqi məhkəmə müdafiəsi hüququnun qanuni formada məhdudlaşdırılmasına, yəni hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəblərdən biridir. Belə ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.
71. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında izah etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarları).
72. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
73. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia məhz iddiaçının məhkəməyə müraciət edərkən əqdin əhəmiyyətsiz olmasından irəli gələn əsassız varlanma tələblərinə xüsusi norma kimi tətbiq edilən Mülki Məcəllənin 354.1-ci maddəsindəki bir illik iddia müddətini ötürməsi əsası ilə rədd edilməlidir.
74. Göründüyü kimi də, birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq edilməsinin qeyri-mümkün olduğu, iddiaçının məhkəməyə müraciət edərkən iddia müddətini ötürmədiyi barədə qənaəti səhv olmuş, məhkəmə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
75. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
76. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-723/2025 saylı 13 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Elşən Kazımov