Məhkəmə qərarları › İş №2(103)-3227/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3227/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3227/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “X5 Azərbaycan” QSC-nin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti, kredit borcunun tutulması, iddia müddəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı “X5 Azərbaycan” QSC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə “X5 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (bank) ilə Ömərov Eldar Sədrəddin oğlu arasında xx.xx.2012-ci il tarixdə “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqavilə bağlanmış, müqavilənin 4.26-cı bəndinə əsasən bank kart sahibinə 5 il müddətinə 5000 manat məbləğində kredit kartı limiti (kredit xətti) açmağı, Eldar Ömərov isə müəyyənləşdirilmiş şərtlərlə və müddətdə kredit borcunu geri qaytarmağı öhdələrinə götürmüşlər.

2. Bank tərəfindən Ömərov Eldar Sədrəddin oğluna xx.xx.2017-ci il tarixdə bildiriş (pretenziya) ünvanlanmış, bildirişdə göstərilmişdir ki, bank tərəfindən ona xx.xx.2012-ci il tarixli qarışıq müqaviləyə müvafiq olaraq **********385540 nömrəli kredit kartı verilmiş, həmin müqavilə üzrə bank qarşısında öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə və müqavilənin şərtlərini pozduğuna görə 1758,85 manat əsas kredit borcu, 169,40 manat əsas məbləğə hesablanmış faiz borcu, 19,12 manat cərimə, 2 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc olmaqla cəmi 1949,37 manat məbləğində borcu yaranmışdır.

3. Bankın təqdim etdiyi xx.xx.2017-ci il tarixli 091653 saylı yol qaiməsinə görə, sözügedən xx.xx.2017-ci il tarixli bildiriş xx.xx.2017-ci il tarixdə Ömərov Eldar Sədrəddin oğlunun ünvanına təqdim olunarkən “alan şəxs vəfat edib, məktubu qəbul etmədilər” qeydi ilə banka geri qaytarılmışdır.

4. Ömərov Eldar Sədrəddin oğlu 19 noyabr 2016-cı il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində 22 noyabr 2016-cı il tarixində 548 nömrəsi ilə qeydiyyat aparılmışdır.

5. 3 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisinin notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş Ömərov Eldar Sədrəddin oğlunun vərəsəsinə 3 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisində xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

6. Ömərov Eldar Sədrəddin oğlunun vərəsəsi Cavabdehdur.

7. Bankın təqdim etdiyi xx.xx.2022-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, Ömərov Eldar Sədrəddin oğlunun banka 1758,85 manat əsas kredit borcu, 169,40 manat əsas məbləğə hesablanmış faiz borcu, 4225,70 manat cərimə, 2 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, habelə 5,50 manat cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xidməti xərcləri olmaqla, cəmi 6161,45 manat məbləğində borcu vardır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. Bank Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 1758,85 manat əsas kredit borcunun, 169,40 manat əsas məbləğə hesablanmış faiz borcunun, 4225,70 manat cərimənin, 2 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcun, habelə 5,50 manat cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xidməti xərclərinin, yəni cəmi 6161,45 manat məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixdə bankla Ömərov Eldar Sədrəddin oğlu arasında “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə bank tərəfindən borcalan Ömərov Eldar Sədrəddin oğluna istehlak yönümlü 5000 manat məbləğində kredit kartı limiti ayrılmışdır. Bank müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Ömərov Eldar Sədrəddin oğlu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmiş, nəticədə onun xx.xx.2022-ci il tarixinə 1758,85 manat əsas kredit borcu, 169,40 manat əsas məbləğə hesablanmış faiz borcu, 4225,70 manat cərimə, 2 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, habelə 5,50 manat cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xidməti xərcləri, cəmi 6161,45 manat məbləğində borcu yaranmışdır. Sənədlərə əsasən Ömərov Eldar Sədrəddin oğlunun xx.xx.2016-cı il tarixində vəfat etməsi müəyyən edilmiş, vərəsəliyin müəyyən edilməsi ilə bağlı sorğu verilmiş və 3 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisinin cavabına əsasən Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi məlum olmuşdur.

10. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, borcalan Ömərov Eldar Sədrəddin oğlu onun atasıdır. İddiaçı bankla mərhum atası arasında xx.xx.2012-ci il tarixdə beş illik müddətə kredit müqaviləsi bağlanmış, atası xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Atasının vəfatı ilə bağlı 2016-cı ildə banka məlumat vermiş və həmin vaxt bank əməkdaşının tələbi ilə atasının adından müəyyən ödənişlər etmişdir. Bundan sonra bank ona qarşı heç bir tələb irəli sürməmiş və tərəfindən heç bir ödəniş edilməmişdir. İddiaçı bank atasının vəfatından və 2017-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən məlumatlı olmuşdur. Müqavilənin icra müddəti xx.xx.2017-ci il tarixdə başa çatmış, bank isə iddia müddətini ötürdükdən sonra, müqavilə üzrə icra müddəti başa çatandan altı il sonra ona qarşı əsassız iddia qaldırmışdır. İddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etmişdir və iddia müddəti ötürüldüyünə görə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

11. Məhkəmənin 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin rədd olunması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehin atası Ömərov Eldar Sədrəddin oğlu arasında xx.xx.2012-ci il tarixdə 5 (beş) il müddətinə kredit müqaviləsi bağlanmış, müqavilənin icra müddəti xx.xx.2017-ci il tarixdə başa çatmış, borcalan Ömərov Eldar Sədrəddin oğlu xx.xx.2016-cı il tarixdə vəfat etmiş, Cavabdeh xx.xx.2017-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdehin izahatı ilə yanaşı iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli 091653 saylı yol qaiməsinin surətindən də aydın olur ki, həmin vaxtdan iddiaçı bankın borcalanın vəfatından məlumatı olmuşdur. İddiaçının iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etmişdir. İddiaçı tərəf müqavilə üzrə icra müddətinin bitməsindən 5 (beş) ildən çox (eyni zamanda borcalanın vəfatından və mirasın açılmasından məlumatlı olduğu halda altı ildən çox) vaxt keçdikdən sonra iddia qaldırdığından və iddia müddətini ötürdüyündən, habelə cavabdeh tərəf məhkəməyə ərizə təqdim edərək iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etdiyindən iddia tələbi təmin edilməməlidir.

13. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 5.3-cü, 372.1-ci, 373.2-ci, 375.2-ci, 377.1-ci, 378-ci, 1145-ci, 1146-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına istinad etmişdir.

14. Qətnamədən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı Mülki Məcəllənin müddəalarını düzgün tətbiq etməmiş, iddia müddətinin axımının yol qaiməsindəki qeydin tarixindən deyil, dövlət orqanının rəsmi sənədləri ilə müəyyənləşdirilən tarixdən hesablanmalı olduğunu, borclu şəxsin mirasını qəbul etmiş şəxslə onun kreditoru arasında yaranan münasibətlərin mahiyyət etibarilə mirası qəbul etmiş şəxsin üzərinə qəbul etdiyi miras həddində kreditor qarşısında məsuliyyət (vəzifə) yaradan fakt kimi çıxış etdiyini nəzərə almamışdır.

Apellyasiya şikayətinə etiraz

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar

16. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

18. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

19. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

20. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

21. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

22. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

23. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

24. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

25. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

26. Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: ...379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə.

27. Maddə 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.

28. Maddə 379.4. Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır.

29. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

30. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

31. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

39. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

42. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır.

45. Belə ki, xx.xx.2012-ci il tarixli müqavilə üzrə kredit 5 il müddətinə verilmiş, borclu Eldar Ömərov xx.xx.2016-cı il tarixdə vəfat etmiş, onun vərəsəsi olan Cavabdeh xx.xx.2017-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, iddiaçı isə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.

46. İddiaçı bankın özü tərəfindən təqdim olunan sənədlərdən aydın olur ki, Eldar Ömərovun vəfət etmiş olması 2017-ci ilin iyul ayında banka məlum olmuşdur (§ 3).

47. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır.

48. Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında isə göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.

49. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarlarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır.

50. Peşəkar hüquqşünaslarla təmsil olunan bir kredit təşkilatının ötürdüyü müddətin bərpası üçün elə ciddi səbəblər olmalıdır ki, onların əsaslı hesab olunması hüquqi müəyyənlik prinsipinə xələl gətirməsin. Bu zaman həm də nəzərə alınmalıdır ki, qanunvericilikdə iddia müddətinin bərpa edilməsi üçün üzürlü hesab edilən hallar hüquqi şəxslər üçün deyil, fiziki şəxslər üçün müəyyən edilmişdir.

51. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

52. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-539/2023 saylı iş üzrə 27 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən “X5 Azərbaycan” QSC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar