Məhkəmə qərarları › İş №2(103)-323/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-323/2024

25.07.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-323/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin Cavabdeh iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(001 )- 795/2023 nömrəli qətnaməsindən iddiaçı SOCAR-ın "Neft Kəmərləri" İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. SOCAR Təhlükəsizlik İdarəsinin 35 saylı komandosunun qarovul rəisi X9, qaravul rəisi əvəzi X10 və atıcı X12 iştirakı ilə tərtib edilən 16 iyul 2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə 8 saylı qarovulun 1-ci iş növbəsində 13-14 saylı postların ərazisində (Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1) Şirvan-Böyükşor DŞ 500 mm-lik magistral neft kəmərinin 120-ci km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 5 metr aralı məsafədə, köhnədən inşa edilmiş içərisində yaşayış olan evin həyətyanı sahəsində 4 metr enində, 4 metr uzunluğunda və 3.40 metr hündürlüyündə yeni otaq tikintisi aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan tikinti-quraşdırma işlərinin qanunazidd olduğu vətəndaş Cavabdeh izah olunaraq iş dayandırılmışdır.

2. Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti memarının razılığına əsasən, Bakı şəhər sakini X2 əlavə olunmuş cizgi əsasında 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə satılması haqqında 1270 saylı, xx.xx.2004-cü il tarixli qərarından görünür ki, BRİH-yi memarının razılığını nəzərə alaraq, Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində əlavə olunmuş cizgi əsasında 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün alğı-satqı yolu ilə X2 ayrılması qərara alınmışdır.

3. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 189 saylı qərarından görünür ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 1270 saylı, xx.xx.2004-cü il tarixli qərarı ilə vətəndaş X1 adına fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə ayrılmış 600 kv.m torpaq sahəsindən 375 kv.metri öz adında qalmaqla, 255 kv.m torpaq sahəsinin onun adından notarial qaydada razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X3 adına keçirilməsi məqsədilə Biləcəri Bələdiyyə üzvlərinin ümumi iclasının 11 saylı xx.xx.2014-cü il tarixli protokoluna əsaslanaraq, Bakı şəhəri Biləcəri Bələdiyyəsini 1270 saylı, xx.xx.2004-cü il tarixli qərarı ilə vətədaş X1 adına fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə ayrılmış 600 kv.m toraq sahəsindən 375 kv metri öz adında qalmaqla, 225 kv.m torpaq sahəsi onun adından notarial qaydada razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün Ağstafa rayonu, Eynallı kənd sakini vətəndaş X3 adına keçirilməsi və qərarın bir nüsxəsinin X2 verilməsi və s. qərara alınmışdır.

4. 17 dekabr 2015-ci il tarixli torpaqların alğı-satqısına dair aktın surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixində Bakı şəhəri Biləcəri bələdiyyəsinə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış, Biləcəri bələdiyyəsi ərazisində 225.0 kv.m torpaq satılması barədə 24 noyabr 2014-cü il tarixli 189 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində X8 tərəfindən Binəqədi rayon BUSB Bankının ********** saylı hesabına əvvəlcədən haqq ödənilmişdir.

5. X4 tərəfindən Bakı şəhəri 11 saylı notariat ofisinidə yazılan **********662 saylı ərizədən görünür ki, o, Azərbaycan Respublikası Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən ona ayrlmış 375 kv.m torpaq sahəsinin istifadəsinə ehtiyacının olmadığını və həmin torpaq sahəsindən imtina etdiyini bildirmişdir. Torpaq sahəsinə dair Bələdiyyə ilə bağladığı müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə uyğun tədbir görülməsini xahiş etmişdir. Həmin torpaq sahəsinin X5 adına rəsmiləşdirilməsinə etiraz etmir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı SOCAR-ın "Neft Kəmərləri" İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Böykşor DS-500 mm-lik magistral neft kəmərinin 120-ci km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 5 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və həyətyanı ərazidə olan yeni otaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın "Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyükşor DS-500 mm-lik magistral neft kəmərinin 120- ci km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 5 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və həyətyani ərazidə yeni otaq tikilisi faktları aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlerin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddenin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər tayinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış ve xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları'na asasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara asasən "Neft Kəmərləri İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol ve ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot ve samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq va su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması ve yığılması c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor ve mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması AR Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) "Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilmesi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir". AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004- cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən "tikinti məqsədləri üçün ayrılmayan torpaq sahesinde ve ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər." Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğınpartlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(001 )- 795/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X18)

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan tikilinin həqiqətən Şirvan-Böyükşor DS-500 mm-lik magistral neft kəmərinin 120-ci km-də, kəmərə paralel, 1 -ci sırada, kəmərdən təqribən 5-7 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1 ünvanında yerləşməsi tərtib edilmiş aktlarla və cavabddehin izahatı ilə öz təsdiqini tapır. Məhkəmə mübahisəyə ilk növbədə mülkiyyət və ya gözlənilən mülkiyyət hüququ, daşınmaz əmlaka hüquqların əmələ gəlmə əsasları, mülkiyyət hüququnun məhdudlaşdırılmasının mümkünlüyü, özbaşına tikililərin aqibəti və.s baxımından qiymət verilməsinin zəruriliyi qənaətinə gəlmişdir. Nə qədər ki, torpaq sahəsi qanuni əsaslarla ayrılmışdır və həmin torpaq sahəsində tikili köhnədən inşa edilmiş, Cavabdeh və ailə üzvləri mübahisəli ərazidən sərbəst şəkildə və istədiyi kimi istifadə etmiş, bu müddət ərzində ona heç bir irad və etiraz bildirilməmişdir, torpaq sahəsi ayrılan X3 və ya ər-arvadın ümumi mülkiyyəti kimi cavabdehin tikiliyə gözlənilən mülkiyyət hüququ vardır. Bu səbəbdən də mülkiyyət hüququnun məhdudlaşdırılması müəyyən meyarlara cavab verməlidir. Hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1 ünvanında yerləşən tikili üçün torpaq sahəsi cavabdehin əri X6 alqı-satqı edilmişdir. İddiaçı isə bu faktı məhkəmə prosesi zamanı müəyyən etməsinə baxmayaraq, əməkdaşlarının tərtib etdiyi akta istinad edərək həmin şəxsi əsl cavabdeh olaraq əvəz etməmişdir. Eyni zamanda iddiaçı tərəf Bələdiyyə Qərarı əsasında ayrılmış torpaq sahəsinin sökülməsi tələb edilən tikilinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinə şübhə ilə yanaşmışdır. Hansı ki, analoji işlər üzrə məhkəmə praktikasından məlumdur ki, Bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahələrinin çertyojları hər hansı istinad nöqtələrinə əsaslanmadığından ekspertiza tədqiqatı aparılması mümkün olmur. Bu baxımdan yanaşdıqda o qənaət formalaşır ki, iddiaçının şəxsin(Cavabdeh) əsl cavabdeh olması ilə bağlı mücərrəd əsası, sökülməsi tələb edilən tikilinin Bələdiyyənin qərarında göstərilən torpaq sahəsində yerləşməsi ilə bağlı mücərrəd çertyoju ilə mahiyyət baxımından eynilk təşkil edir. Yəni necə ki, iddiaçı tikilinin Cavabdeh məxsus olmasına istinad edirsə, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin də Bələdiyyə Qərarı ilə ayrılan torpaq sahəsi üst-üstə düşməsi mücərrəd fakt olaraq eyni mahiyyət daşıyır. Çünki işin mübahisəsiz halı nə tikiliyə, nə də torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin yoxluğudur. Buna baxmayaraq iddiaçı nə tikilidə, nə də torpaq sahəsində mövcudluğuna hüquqi əsası müəyyən edilməyən, yalnız iddiaçının əməkdaşlarının həmin torpaq sahəsində olduğunu müşahidə etdiyi şəxsə qarşı iddiasını da məhkəmə prosessual baxımından əsaslı hesab etmir. Çünki iddiaçı məhkəmə prosesi zamanı ən azından torpaq sahəsinin ayrıldığı şəxsi müəyyən etmiş, cavabdeh kimi cəlb etdiyi şəxs də bu faktı təsdiq etmişdir. Əks yanaşma iddiaçının AKT tərtib edilən zaman evdə olan istənilən şəxsə(qohum, qonaq və.s) qarşı tələb irəli sürmək hüququnun mümkünlüyünün təsdiqi hesab edilərdi.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22ci, 55-ci, 66-cı, 111-ci maddələrinə, Mülki Məcəlləsinin 139.1-ci, 180-cı maddələri, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokolunun 1ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 119-ci maddələrinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçı SOCAR-ın "Neft Kəmərləri" İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, mübahisəli torpaq üzərindəki cavabdehin özbaşına tikililər inşa etməsi ilə İdarəyə dövlət tərəfindən verilmiş hüquq və təminatlar pozulmuş və eyni zamanda Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neftqaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqaladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətir və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İnşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Torpaq sahəsinin neft kəmərinin mühafizə zonasında yerləşdiyini bilmişdir. SOCAR Təhlükəsizlik İdarəsinin 35 saylı komandosunun qarovul rəisi X9, qaravul rəisi əvəzi X10 və atıcıX12 iştirakı ilə tərtib edilən 16 iyul 2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə 8 saylı qarovulun 1-ci iş növbəsində 13-14 saylı postların ərazisində (Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1) Şirvan-Böyükşor DŞ 500 mmlik magistral neft kəmərinin 120-ci km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 5 metr aralıməsafədə, köhnədən inşa edilmiş içərisində yaşayış olan evin həyətyanı sahəsində 4 metr enində, 4 metr uzunluğunda və 3.40 metr hündürlüyündə yeni otaq tikintisi aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan tikintiquraşdırma işlərinin qanunazidd olduğu vətəndaş Cavabdeh izah olunaraq iş dayandırılmışdır. Beləliklə cavabdehin fərdi yaşayış evinə iddiaçının dövlət hakimiyyəti orqanı tərəfindən edilən müdaxilə qanuni olmuş, ədalətli balans prinsipi gözlənilmişdir. Cavabdehin yuxarıda göstərilən qaydalara zidd olaraq inşa edilmiş qanunsuz tikililəri fiziki şəxslərin həyatı və sağlamlığı üçün real təhlükədir. Sözügedən məsələ ilə bağlı xx.xx.2023-cü il tarixində tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etsələr də, məhkəmə vəsatətə heç bir münasibət bildirməmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya instansiya məhkəməsində işə baxılması zamanı X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir və həmin məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, iddiaçının əməkdaşları tərəfindən evlərə baxılarkən arvadının evdə olması səbəbindən iddiada ona qarşı tələb qoymuşlar lakin həmin yeri özü əldə etmişdir. Evə dair hər hansı bir sənədləri yoxdur bugundə ailəsi ilə birlikdə orada yaşayır. Yaşadıqları fərdi yaşayış evininin neft kəmərinin müfahizə zolağına düşdüyünü bilir, lakin həmin yerdə hazırda da evlər tikilir. Hesab edir ki, ev söküləcəyi halda ona kompensasiya verilməlidir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-ci maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.

18. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının: 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2-ci maddəsinə əsasən milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

19. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin hallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

25. Qanuna əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

26. Hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan tikili, dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində yeni inşa edilən özbaşına tikilidir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

27. İş materiallarının araşdırılması zamanı cavabdeh tərəfindən tikinti işlərinin aparılması üçün aidiyyəti inzibati orqanlardan lazımi icazələr alması müəyyən edilməmiş, həmçinin bununla bağlı sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

28. Birinci instansiya məhkəməsində iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, ev yoldaşının adınadır. Həmin ev ona məxsus deyildir. İddiaçıya məlumdur ki, o ərazidə evlərin hamısı sənədsizdir. 9 ildir ki, orada yaşayır və evində heç bir tikinti aparılmamışdır. Evdə mətbəx belə tikilməyib. Əvvəllər daha çətin şəraitdə vaqon şəraitində yaşamışlar. Lakin sonradan 2021-ci ildə evində təmir işləri aparmışdır. Həmin evi hazır vəziyyətdə almışlar və alınan zaman ev iki otaqdan ibarət olmuşdur. Ev kəmərdən 7 metr aralı məsafədə yerləşir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, “SOCAR-ın "Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyükşor DS-500 mm-lik magistral neft kəmərinin 120- ci km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 5 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və həyətyani ərazidə yeni otaq tikilisi faktları aşkar edilmişdir. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004- cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir.

30. Göründüyü kimi, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və həyətyani ərazidə yeni otaq tikilisi Cavabdeh tərəfindən hazırki vəziyyətə gətirilməsi sonradan 2021-ci illərdə olmuşdur.

31. Apellyasiya icraatı zamanı əldə edilmiş məhkəmə tikinti texniki ekspertizasının xx.xx.2024–cü il tarixli, 3-16-16/2-10/7640 №-li ekspert rəyinə əsasən Şirvan-Böyükşor Dş- 500 mm-lik yerüstü neft kəməri ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1 ünvanında, təqdim olunmuş hasar və fərdi yaşayış evinə qədər məsafənin 6 metr olduğunu nəzərə alaraq, həmin hasarın və fərdi yaşayış evinin bütövlükdə neft kəmərinin 50 metrlik müfahizə zolağına düşdüyü müəyyən edilmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan cavabdehin xəbərdar olması vizual müşahidə ilə mümkün olmuş, cavabdehin özü hüquq qaydalarına uyğun davranmamış və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməli olmuşdur.

33. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarda Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır.

34. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”.

35. Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının da məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir.

36. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir.

37. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.

38. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(001 )-795/2023 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Böykşor DS-500 mm-lik magistral neft kəmərinin 120-ci km-də, kəmərə paralel, 1-ci sırada, neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1 ünvanında yerləşən hasar, fərdi yaşayış evi və həyətyanı ərazidə olan yeni otaq tikilisi Cavabdeh hesabına sökülməklə cavabdeh ərazidən çıxarılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(001)- 795/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Böykşor DS-500 mm-lik magistral neft kəmərinin 120-ci km-də, kəmərə paralel, 1-ci sırada, neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1 ünvanında yerləşən hasar, fərdi yaşayış evi və həyətyanı ərazidə olan yeni otaq tikilisi Cavabdeh hesabına sökülməklə cavabdeh ərazidən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar