Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3232/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 fevral 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ondan aldığı borcun qaytarılması məqsədi ilə 66.321 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədi ilə 290 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış və Bakı Şəhəri 19 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış “Kredit müqaviləsinə” əsasən iddiaçıdan 68.000 manat məbləğində pulu xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə borc almışdır. Cavabdeh tərəfindən borc vaxtında qaytarılmadığı üçün iddiaçı “İcra qeydinin” verilməsi üçün 19 saylı Notariat Ofisinə müraciət etmiş və Notariat Ofisi 68.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə xx.xx.2022-ci il tarixli, 8İ-2446 nömrəli “İcra qeydi” vermişdir. Cavabdeh “icra qeydinin ləğv edilməsi tələbi barədə” iddia ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2(004)-2332/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə “İcra qeydinin” ləğv edilməsi qət edilmişdir. Həmin qətnamə onunla əsaslandırılmışdır ki, “İcra qeydinə” əsasən, “Kredit müqaviləsi” üzrə ödənilməmiş 68.000 manat pulun tutulması təklif edilsə də, (hazırki iş üzrə cavabdeh) borclu tərəfindən (hazırki iş üzrə iddiaçı) tələbkarın hesabına müəyyən ödənişin (150 manat + 900 ABŞ dolları) edilməsi, həmçinin, tərəflər arasında olan “Whatsapp” yazışmalarında borclunun iddiaçı ilə vaxtaşırı olaraq pulun ödənilməsi üçün görüşmək istəməsi, tələbkarın hər ay ödənilməli olan 900 ABŞ dolları məbləğində faiz borcunu tələb etməsi müəyyən edilmişdir. Halbuki, “Kredit müqaviləsinə” əsasən borc faizsiz verilmişdir. Belə olan vəziyyətdə, icra qeydinin ödənilmiş məbləğin nəzərə alınmadan verilməsi, kredit müqaviləsi üzrə 900 ABŞ dolları məbləğində faiz borcunun tələb edilməsi anlaşılan deyildir. Qeyd edilən hallar borcun mübahisəsiz olmadığını göstərir. Borclu, onun tərəfindən tələbkara ümumilikdə 70.830 manat pulun ödənildiyini qeyd etsə də, həmin müqavilə üzrə qeyd edilən məbləğdə pulun ödənilməsi sübut olunmur. Belə ki, borclunun iddia tələbinin əsasını təsdiq edən sübut kimi təqdim etdiyi “Watsapp” yazışmalarında və “Watsapp” vasitəsilə göndərilmiş səsli mesajlarda, borcun və faizlərin ödənilməsi üçün danışıqlar aparılsa da, borclu tərəfindən bəhs edilən məbləğin ödənilməsi öz təsdiqini tapmır. Beləliklə, qeyd edilən məhkəmə qətnaməsində göstərildiyi kimi hazırki iş üzrə cavabdeh tərəfindən müqavilə üzrə iddiaçının hesabına xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2020-ci il tarixdə 900 ABŞ dolları (=1.529 manat olmaqla), cəmi 1.679 manat pul vəsaiti ödənilmişdir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borc müqaviləsi üzrə öhdəliklərinin icrasından yayınmışdır. Hal-hazırda cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə 66.321 manat ödənilməmiş öhdəliyi mövcuddur. b) tərəflərin mövqeyi barədə məlumat.
3. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 iddia ərizəsini müdafiə edərək Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, alınmış borc məbləğindən cavabdeh tərəfindən indiyədək cəmi 1.679 manat ödəniş edilmişdir. Qeyd olunan vəsaitdən əlavə ödəniş edilməməsi Yasamal Rayon Məhkəməsinin 2(004)-2332/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmişdir. Belə ki, həmin mülki iş üzrə iddiaçı olmuş borclu sübut olaraq eyni ilə hazırkı işdə təqdim etdiyi “Watsapp” yazışmaları və “Watsapp” vasitəsilə göndərilmiş səsli mesajlar tədqiq edilmiş və borc məbləğindən hər hansı digər vəsaitin qaytarılması öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş halları preyudisial əhəmiyyətə malik hal olaraq qiymətləndirilməli və iddia tələbi tam təmin edilməlidir. Həmçinin məhkəməyə hazırki iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş “Watsapp” yazışmaları və “Watsapp” vasitəsilə göndərilmiş səsli mesajlar sübut olaraq qəbul edilməməlidir. Belə ki, qeyd olunan sübutlar borcun qaytarılmasını təsdiq etmir. Bundan əlavə, iş üzrə tərəflər arasında barışıqla bağlı danışıqlar aparılmış, hətta iddiaçı borc məbləğindən 30.000-35.000 manat hissədə imtina etmək niyyətində olmuşdur. Borcun bir hissəsindən imtina etməkdə məqsəd ümidsiz borc kimi devalivasiya və infilyasiyanı nəzərə alınması olmuşdur. Cavabdehə bu barədə təklif olunsa da, cavabdeh tərəf razı olmamışdır. Tərəflər arasında əvvəl də borc münasibəti ilə bağlı müqavilə olmuş, cavabdeh iddiaçıdan əvvəl də müqavilə üzrə borc alsa da həmin borcunu tam şəkildə qaytarmışdır. Həmin borcun hazırki müqaviləyə aidiyyəti yoxdur.
4. Cavabdehin vəkili (nümayəndəsi) Nümayəndə iddia tələbinə etiraz edərək Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsində” borcun məbləği 68.000 manat qeyd edilməsinə baxmayaraq, reallıqda cavabdeh iddiaçıdan 51.000 manat məbləğində pul almışdır. Müqavilədə məbləğin artıq yazılmasında məqsəd ondan ibarət olmuşdur ki, müqavilədə borcun faizsiz götürülməsi göstərilməsinə baxmayaraq ümumi faiz məbləği hesablanmaqla cəmi borc 68.000 manat kimi qeyd edilmişdir. Həmçinin hazırda mübahisə predmeti olan müqavilədən öncə də tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətləri yaranmışdır. Əvvəlki müqavilə üzrə borc bir ay ərzində cavabdeh tərəfindən tam şəkildə bağlandıqdan sonra hazırkı xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsi” bağlanmışdır. Sonuncu müqavilə üzrə də cavabdeh tərəfindən iddiaçıya olan borc tam şəkildə ödənilmişdir. Çünki, cavabdehin apardığı qeydlərə əsasən onun tərəfindən iddiaçıya “Kredit müqaviləsi” üzrə 70.830 manat ödəniş edilmişdir. Bu səbəbdən cavabdeh iddiaçıya olan borcunu tam şəkildə ödəmişdir. Qeyd olunan hallar məhkəməyə sübut olaraq təqdim etdiyi “Watsapp” yazışmaları və “Watsapp” vasitəsilə göndərilmiş səsli mesajlar vasitəsilə öz təsdiqini tapır. Həmin yazışmalardan və səsyazısından görünür ki, cavabdeh iddiaçıya aylıq 900 ABŞ dollar ödəniş etmişdir. Belə ki, tərəflər arasında şifahi razılaşmaya əsasən real olaraq götürülmüş 51.000 manat əsas borca münasibətdə 3 faizdən hesablanmaqla aylıq 900 ABŞ dollar ödənilməli idi. Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-2332/2023 saylı mülki iş üzrə borc məbləği mübahisə predmeti olmamış, ona görə də borcun qaytarılması ilə bağlı hallar ətraflı olaraq işə baxan hakim tərəfindən araşdırılmamışdır. Yalnız “İcra qeydi” üzrə pul tələbinin mübahisəli olması və borc məbləği üzrə ödənişlərin olması əhəmiyyət kəsb etdiyindən bu xüsusatla bağlı hallar araşdırılmışdır. Məhkəməyə sübut olaraq təqdim edilmiş videogörüntüyə əsasən xx.xx.2022-ci il cavabdehin iddiaçıya 5.000 ABŞ dolları pul vəsaitini əsas borc məbləğindən qaytarması öz təsdiqini tapır. İddiaçı tərəf isə həmin məbləği qəbul edir. Bu ödənişin tərəflər arasında olan əvvəlki müqaviləyə aidiyyəti yoxdur, hazırkı müqavilə ilə bağlı olan ödənişdir. Çünki, əvvəlki müqavilə bir ay müddətində tam şəkildə icra edilmiş, bu xüsusat özü iddiaçı tərəfindən mübahisələndirilməmiş və həmin videoçəkilişdən əvvəl həmin müqavilə ilə bağlı olan borc qaytarılmışdır. Bundan başqa iddiaçının kart hesabına borc məbləğindən 2 dəfə pul vəsaiti köçürülmüşdür. Həmin ödənişlərdən biri 1.500, digəri isə 500-dür. Bu barədə tərəflərin “Whatsapp” sosial şəbəkəsində yazışması da olmuşdur. Qeyd olunan köçürmədən başqa digər bütün ödənişlər iddiaçıya onun öz tələbinə əsasən ABŞ dollar məzənnəsi ilə nağd şəkildə ödənilmişdir. Borcun alınması pandemiya dövrünə təsadüf etməsinə baxmayaraq iddiaçı hər ay faizlərini almış, cavabdeh iddiaçıya hər ay 900 ABŞ dolları nağd şəkildə ödənişlər etmişdir. Göstərilənlərlə yanaşı şahid qismində dindirilmiş cavabdehin arvadı Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə birbaşa olaraq təsdiq edilir ki, onun yanında cavabdeh iddiaçıya borc məbləğindən 3 dəfə, yəni 1.200 ABŞ dollar, 900 ABŞ dollar və 1.000 manat olmaqla ödənişlər edilmişdir. Digər Şahid2 məhkəmə iclasında verdiyi ifadədən isə təsdiq edilir ki, borc məbləğindən 2.400 ABŞ dollar iddiaçıya ödənilmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş “Whatsapp” sosial şəbəkəsində olan yazışmalardan görünür ki, xx.xx.2022-ci il tarixdə cavabdeh iddiaçıya 10.000 ABŞ dollar əsas borc məbləğindən qaytarmışdır. Qalan vəsaitin qaytarılması ilə bağlı birbaşa sübut olmasa da, “Whatsapp” sosial şəbəkəsində olan yazışmalardan görünür ki, aylıq faiz ödənişləri və əsas borc məbləğindən ödənişlər edilmişdir. İddiaçı tərəf qeyri-səmimi olmaqla iddia tələbində irəli sürdüyü məbləğ həqiqəti əks etdirmir. İddiaçı tərəf iddia məbləğini düzgün qoymalıdır. Əgər düzgün olarsa cavabdeh də iddia məbləğini qəbul edəcəkdir. Aylıq ödənişlər barədə olan yeganə sübut ancaq “Whatsapp” sosial şəbəkəsində olan yazışmalardır və digər əlavə sübut yoxdur. “Whatsapp” sosial şəbəkəsində olan yazışmada iddiaçı bildirir ki, pul ona ancaq dollar şəklində verilsin. Ona görə də onun tələbi ilə borc məbləğləri dollarla nağd şəkildə həyata keçirilmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, iddiaçını 2019-cu il tarixdən tanıyır. xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsində” borcun məbləği 68.000 manat qeyd edilməsinə baxmayaraq, reallıqda 51.000 manat vəsait verilmişdir. Müqavilədə məbləğin artıq yazılmasında məqsəd ondan ibarət olmuşdur ki, müqavilədə borcun faizsiz götürülməsinin göstərilməsinə baxmayaraq ümumi faiz məbləği hesablanmaqla cəmi borc 68.000 manat kimi qeyd edilmişdir. O, borcu tam şəkildə ödəmişdir. Lakin iddiaçıya pulu qaytararkən səhvliyə yol verərək rəsmiləşdirməmiş və ona inanmışdır. Onun iddiaçı ilə əvvəl də borc münasibəti olub və müqavilə olub. İndi olan müqavilədə ödəniş qaydası əvvəlki olan müqavilədə olduğu kimi həmin qaydada olub. Əvvəlki müqavilə üzrə olan borc məbləği ödənilibdir. Qayda isə belədir ki, hər ay əsas məbləğin 3 faizi məbləğində aylıq ödəniş edilməli idi. Həmin 3 faiz isə 900 ABŞ dolları məbləğ təşkil edirdi. İddiaçının bank kartının hesab nömrəsini bildiyi halda kart hesabına ödəməyərək, əlbəəl ödəməyinin səbəbi borc məbləğinin dollar valyutası ilə olması idi. Kart hesabına dollar ilə ödəniş etmək mümkün olmurdu. Həmçinin iddiaçı özü belə razılaşmışdır ki, məbləğ dollar ilə olduğu üçün pulu nağd şəkildə götürsün. Pulu iddiaçıya verərkən isə qəbz almamaqda səhv etmişdir. Onun iddiaçının bank kartına manat hesabı ilə köçürmə etməyi istisna hal idi, bu hal bir-iki dəfə olub, çünki həmin zaman əlində dollar vəsaiti olmamışdır. İddiaçı ödənişi dollar ilə tələb etmişdir. Hər ay özü şəxsən iddiaçıya 900 ABŞ dolları əlbəəl vermişdir. Bir dəfə 2.400 ABŞ dolları iddiaçının evinə apararaq evində bir nəfər şahidin yanında vermişdir. Həmin şahid iddiaçını görsə tanıya biləcəkdir. Arvadı da görüb ki, iddiaçı dəfələrlə evə gəlib və o, iddiaçıya dollarla ödəniş etmişdir. Müqavilədə 68.000 manat kimi qeyd edilməsinin səbəbi o olmuşdur ki, hələ birinci kredit müqaviləsi bağlanan zaman da iddiaçı bildirmişdir ki, bu sığortalamaq üçündür. İddiaçı ilə müqaviləni notariat kontorunda bağlamış və tam oxumuşdur. Həmin vaxt iddiaçı bank vasitəsi ilə həmin pulu köçürmüşdür. Müqavilə üzrə pulun alınması barədə bankda kassa məxaric orderini imzalamışdır. Hazıradək notariusun depozit hesabı vasitəsi ilə pulu qaytarmamışdır. Borc məbləğini nağd şəkildə götürmüşdür. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 48.490 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 235,47 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini, iddianın qalan hissəsinin təmin edilməməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının bank hesabından olan çıxarışa əsasən müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına 1.680 manat, iş üzrə dindirilmiş şahid ifadələrinə əsasən müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya 8.650 manat, məhkəməyə təqdim olunmuş videogörüntüyə əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya 8.500 manat, məhkəməyə təqdim olunmuş audio yazıya əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya 680 manat, ümumilikdə isə 19.510 manat məbləğində pul qaytarılmışdır. Bu hal nəzərə alındıqda müəyyən edilir ki, cavabdehin iddiaçıya ödənilməmiş (68.000-19.510=) 48.490 manat məbləğində borcu var. Cavabdeh həmin borcun da qaytarıldığını bildirir və bu zaman sübut kimi təqdim etdiyi “Watsapp” yazışmalarında və “Watsapp” vasitəsilə göndərilmiş səsli mesajlara istinad edir. Lakin həmin yazışmalarda və səsli mesajlarda borcun və faizlərin ödənilməsi üçün danışıqlar aparılsa da, borcun tam məbləğdə ödənilməsi faktı öz təsdiqini tapmır. Yəni danışıqlarda ödənişlə bağlı görüşlə bağlı təkliflər olmasına baxmayaraq, konkret olaraq danışıqlardan sonra pul məbləğlərinin təhvil alınması təsdiq edilmir. d) apellyasiya şikayəti barədə məlumat
8. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Əsasları iddiaya qarşı etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qeyri-obyektiv, qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir. e) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və izahatları barədə məlumat
10. Cavabdehin vəkili (nümayəndəsi) Nümayəndə apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə iddiaya etirazın əsaslarına uyğun izahat verdi.
11. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və iddia ərizəsinin, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat vermişdir. f) apellyasiya baxışının hədləri barədə məlumat
12. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.
13. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə qətnaməni qismən, yəni iddianın qismən təmin edilməsi hissəsini mübahisələndirmişdir. O, qətnamənin qalan hissəsini, yəni iddianın bir qisminin rədd edilməsi hissəsini mübahisələndirməmişdir.
14. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
16. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, iş üzrə tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış və 19 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış “Kredit müqaviləsində” qeyd edilir ki, hazırki iş üzrə cavabdeh xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə iddiaçıdan 68.000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc alır.
18. “Kredit müqaviləsinin” 3-cü bəndinə əsasən, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər.
19. Bakı Şəhəri 19 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 8İ- 2446 nömrəli “İcra qeydindən” görünür ki, yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə borcludan (hazırki iş üzrə cavabdehdən) tələbkarın (hazırki iş üzrə iddiaçının) xeyrinə 68.000 manat məbləğində pulun tutulmalıdır.
20. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən (iş № 2(004)-2332/2023) görünür ki, borclu iddiaçı olaraq cavabdeh 19 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi tələbi” barədə iddia ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırki iş üzrə iddiaçı həmin iddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilmişdir. Həmin iddiaya dair işə baxmış Yasamal Rayon Məhkəməsi iddianı əsaslı hesab edərək, təmin etmişdir.
21. Yasamal Rayon Məhkəməsi həmin iddianın təmin edilməsi barədə nəticəni onunla əsaslandırmışdır ki, “İcra qeydinə” əsasən, “Kredit müqaviləsi” üzrə ödənilməmiş 68.000 manat pulun tutulması təklif edilsə də, (hazırki iş üzrə cavabdeh) borclu tərəfindən (hazırki iş üzrə iddiaçı) tələbkarın hesabına müəyyən ödənişin (150 manat + 900 ABŞ dolları) edilməsi, həmçinin, tərəflər arasında olan “Whatsapp” yazışmalarında borclunun iddiaçı ilə vaxtaşırı olaraq pulun ödənilməsi üçün görüşmək istəməsi, tələbkarın hər ay ödənilməli olan 900 ABŞ dolları məbləğində faiz borcunu tələb etməsi müəyyən edilmişdir. Halbuki, “Kredit müqaviləsinə” əsasən borc faizsiz verilmişdir. Belə olan vəziyyətdə, icra qeydinin ödənilmiş məbləğin nəzərə alınmadan verilməsi, kredit müqaviləsi üzrə 900 ABŞ dolları məbləğində faiz borcunun tələb edilməsi anlaşılan deyildir. Qeyd edilən hallar borcun mübahisəsiz olmadığını göstərir. Borclu, onun tərəfindən tələbkara ümumilikdə 70.830 manat pulun ödənildiyini qeyd etsə də, həmin müqavilə üzrə qeyd edilən məbləğdə pulun ödənilməsi sübut olunmur. Belə ki, borclunun iddia tələbinin əsasını təsdiq edən sübut kimi təqdim etdiyi “Watsapp” yazışmalarında və “Watsapp” vasitəsilə göndərilmiş səsli mesajlarda, borcun və faizlərin ödənilməsi üçün danışıqlar aparılsa da, borclu tərəfindən bəhs edilən məbləğin ödənilməsi öz təsdiqini tapmır.
22. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan və Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin məzmunundan görünür ki, hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2020-ci il tarixdə 900 ABŞ dolları vəsait ödənilmişdir.
23. İşə baxmış Rayon Məhkəməsi tərəfindən cavabdehin arvadı Şahid1 şahid qismində dindirilərkən verdiyi ifadədə göstərmişdir ki, işin halları ilə bağlı məlumatlı olsa da, lakin alınan borcun məbləği və borc məbləğinin hansı qaydada qaytarılması barədə detallı olaraq məlumatı yoxdur. Yalnız konkret olaraq 3 dəfə ərinin onun yanında iddiaçıya ödəniş etməsinin şahidi olmuşdur. Dəqiq tarixləri xatırlamasa da, bir dəfə 1.200 ABŞ dollar, ikinci dəfə 900 ABŞ dollar və sonuncu dəfə 1.000 manat pul vəsaitini əri onun yanında sayaraq iddiaçıya vermişdir. Borcun qaytarılması ilə bağlı ödənişlərin qeydiyyatını əri şəxsən özü aparmışdır. Lakin qeydiyyatın hansı qaydada aparılması, ödənişlərin necə həyata keçirilməsi barədə detallı şəkildə məlumatı olmamışdır. Ərinin borc pulu hansı məqsədlə alması barədə də dəqiq məlumatı yoxdur və onlar üç ilə əvvəl nikaha daxil olmuşlar. Hesab edir ki, borc biznes fəaliyyəti üçün götürülmüşdür. Bildiyinə görə ərinin iddiaçıya borcu qalmamışdır. Çünki müzakirələrdən borcun qalmamasını eşidib bilmişdir. Hətta 5.000 manat birdəfəlik ödəniş edilməsini bilmişdir. İddiaçıya onun yanında cəmi 2.100 ABŞ dolları və 1.000 manat verilməsinin bilavasitə şahidi olmasına baxmayaraq, yalnız ərinin sözlərindən eşidib bilir ki, əri iddiaçıya 5.000 ABŞ dolları vermiş, lakin 5.000 dolların verilməsinin şahidi olmamışdır.
24. İşə baxmış Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadədə göstərmişdir ki, müdiri Cəmil Qasımov vasitəsilə cavabdehi tanımışdır. Belə ki, o, fərdi qaydada Cəmil Qasımovun biznes işlərinin aparılmasında köməklik göstərmişdir. Biznes işləri ilə bağlı bildiyinə görə Cəmil cavabdehdən borc almışdır. Lakin borcun dəqiq məbləği barədə məlumatı olmasa da, onlar arasında gedən danışıqlardan 30.000 ABŞ dollar borc alınmasını eşitmişdir. İddiaçı isə yalnız bir dəfə görmüş və onunla şəxsi tanışlığı olmamışdır. Belə ki, təxminən 2022-ci ilin əvvəllərində Cəmil ona zəng edərək cavabdehə 2.400 ABŞ dollar verməsini tapşırmışdır. Bunun üçün o, cavabdehə zəng etmiş, sonuncu isə ona həmin pul vəsaitini iddiaçıya çatdırmasını bildirmişdir. İddiaçı ilk dəfə onda görmüşdür. Həmin vaxt axşam saat 21-22 olar idi, ilin isə əvvəli təxmini yanvar, fevral ayları idi. Bundan sonra o, iddiaçı ilə əlaqə saxlamış, onun verdiyi koordinatlara görə Buzovna qəsəbəsində görüşmüş, həmin vaxt iddiaçı öz avtomobili ilə gəlmiş və orada iddiaçıya 2.400 ABŞ dolları vermişdir. Onda olan məlumata görə iddiaçıdan götürülən borc pulu əslində müdiri Cəmil götürmüş, cavabdeh isə vasitəçi olmuşdur. Cəmil iddiaçını tanımır. Bir neçə dəfə olmuşdur ki, cavabdeh ona zəng edərək Cəmilin onun zənglərinə cavab vermədiyini, iddiaçının isə ondan borc üzrə ödənişləri tələb etməsini bildirmişdir. Lakin borcun qaytarılması və alınması şərtləri, hansı məbləğdə borcun qalması, yaxud borcun bağlanması barədə dəqiq məlumatı yoxdur və danışıqlarda iştirak etməmişdir. Danışıqlardan belə başa düşmək olurdu ki, hər dəfə ödəniş olmurdu, çünki Cəmil telefona cavab vermirdi. Cəmil onun özünə də 83.000 ABŞ dollar pul borcludur və qaytarmır. Hazırda Cəmilin cavabdehə nə qədər borcunun olmasını bilmir. İddiaçıdan ümumilikdə nə qədər pul götürülməyini Cəmil ona deməmişdir. Amma Cəmil ilə cavabdehin arasında olan danışıqdan eşitmişdir ki, Cəmil cavabdehdən 30.000 ABŞ dolları məbləğində pul almışdır.
25. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, cavabdehin iddiaçıdan 68.000 manat məbləğində borcun alınması ilə bağlı iddiaçı ilə cavabdeh arasında xx.xx.2029-cu il tarixdə notarial qaydada təsdiq edilmiş yazılı “Kredit müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin şərtinə görə, borc xx.xx.2020-ci il tarixədək qaytarılmalı idi.
26. Apellyasiya baxışının predmeti cavabdehdən iddiaçının xeyrinə 48.490 manat məbləğində borcun tutulması məsələsidir.
27. İddiaçının mövqeyi ondan ibarətdir ki, 48.490 manat məbləğində borc cavabdeh tərəfindən ona hələ də qaytarılmamışdır.
28. Cavabdeh isə mövqeyi ondan ibarətdir ki, o, iddiaçıdan aldığı borcu artıqlaması ilə qaytarmışdır. Onun iddiaçıya borcu yoxdur. 48.490 manat məbləğində pulun ondan iddiaçının xeyrinə tutulması barədə Rayon Məhkəməsinin nəticəsi səhvdir.
29. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, MPM-in tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddələr 14.2., 77.1. və 88.).
30. Borcun qaytarılmasını sübut etmək vəzifəsi üzərinə düşən cavabdeh bu halı sübuta yetirə bilmir.
31. Məhkəmə qeyd edir ki, cavabdehin təqdim etdiyi “Watsapp” yazışmalarında və “Watsapp” vasitəsilə göndərilmiş səsli mesajlarda, borcun və faizlərin ödənilməsi üçün danışıqlar aparılsa da, iddiaçı tərəfindən bəhs edilən məbləğin tam şəkildə ödənilməsi öz təsdiqini tapmır. Yəni danışıqlarda ödənişlə, görüşlə bağlı təkliflər olmasına baxmayaraq, konkret olaraq danışıqlardan sonra pul məbləğlərinin təhvil alınması təsdiq edilmir.
32. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (maddə 740.2.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.).
33. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bildirmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir.
32. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdehdən iddiaçının xeyrinə borcun tutulmalı olması və tutulmalı olan borcun miqdarı ilə bağlı iş üzrə düzgün nəticəyə gəlmişdir.
33. Məhkəmə həmçinin hesab edir ki, iddianı borcun tutulması hissəsində qismən təmin etmiş Rayon Məhkəməsi ödənilmiş dövlət rüsumunun bir hissəsinin ödənilməsi məqsədi ilə, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, 235,47 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı da iş üzrə düzgün nəticəyə gəlmişdir. h) apellyasiya baxışının nəticəsi
34. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
35. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehin özünə aid edilməlidir.
37. Məhkəmə həmçinin bildirir ki, iddiaçı tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
38. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
39. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 fevral 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.