Məhkəmə qərarları › İş №2(103)-3234/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3234/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3234/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Səfərovanın katibliyi ilə, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(006)-2709/2019 saylı qətnaməsindən cavabdeh Mehtı̇ yev Mehtı̇ Xasay oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh 100000 (yüz min) manat məbləğində əsas borc, 15 555,52 (on beş min beş yüz əlli beş manat, əlli iki qəpik) manat məbləğində faiz borcu, 488,90 (dörd yüz səksən səkkiz manat, doxsan qəpik) cərimə borcu ümumilikdə 116044,42 (yüz on altı min qırx dörd manat, qırx iki qəpik) manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün n ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub, iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, ləğv prosesində olan “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 09.12.2014-cü il tarixli 326/14 saylı “Kredit müqaviləsi”nə əsasən, cavabdehə istehlak məqsədi ilə 12 (on iki) ay müddətində, illik 16%(on altı) dərəcəsi olmaqla 100000 (yüz min) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə Bank borcalana 12 (on iki) ay müddətinə qaytarmaq şərti ilə, 100000 (yüz min) manat məbləğində kredit verməyi, Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka qaytarmağı öz öhdəsinə götürür. Kredit müqaviləsinin 2.3. bəndinə əsasən, kredit nağd və ya köçürmə yolu ilə verilir və müştərinin bank hesabına daxil edildiyi gündən verilmiş sayılır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, bankla imzalanmış müqavilənin şərtlərini pozaraq, ödənişlərini vaxtlı-vaxtında etməmişdir. Bunun nəticəsində cavabdehin banka 100000 (yüz min) manat məbləğində əsas borc, 15555,52 (on beş min beş yüz əlli beş manat, əlli iki qəpik) manat məbləğində faiz borcu, 488,90 (dörd yüz səksən səkkiz manat, doxsan qəpik) cərimə borcu, ümumilikdə 116044,42 (yüz on altı min qırx dörd manat, qırx iki qəpik) manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı xəbərdarlıqlar edilmiş və qeyd olunan “Kredit müqaviləsi” üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(006)-2709/2019 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, əsas borc üzrə 100000 manat, faiz borcu üzrə 15111,11 manat, cərimə borcu üzrə 400 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 29 manatı, cəmi 115540,11 (yüz on beş min beş yüz qırx manat on bir qəpik) manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı LPO “xxxx” ASC-yə ödənilməsi, iddianın qalna hissədə rəd olunması qət olunmuşdur. Cavabdeh Mehtı̇ yev Mehtı̇ Xasay oğlu qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, mübahisləndirilən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığından ləğv olunmalı, iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmaqla iddia tələbinin rədd olunması ilə bağlı yeni qətnamə qəbul olunmalıdır. Belə ki, iddiaçı məhkəməyə kassa-məxaric qəbzini və hesabdan çıxarışları təqdim etməmişdir. Halbuki, bu sənədlər birbaşa olaraq iddiaçının istinad etdiyi halı sübut edən sənədlərdir. Digər tərəfdən cavabdeh ekspert rəyi ilə tanış edilməmiş və ekspertiza onun iştirakı olmadan keçirilmişdir. Ona görə də həmin ekspert rəyi sübut sayıla bilməz. Məhkəmə isə onu sübut saymaqla AR MPM-nin 88-ci maddəsini düzgün tətbiq etməmişdir. Mübahisəli qətnaməni çıxaran məhkəmə tərəfindən hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməməsi son nəticədə hüquqlarının və qanuni mənafelərimin pozulması ilə nəticələnmişdir. Hansı ki, hüquqi müəyyənlik prinsipinin əsas hədəfi hüquqları və qanuni mənafeləri pozulmuş şəxslərin hüquqlarının bərpası və qanuni mənafelərinin müdafiəsini təmin etməkdir. İş üzrə iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(006)-2709/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan LPO "xxxx" ASC iləCavabdeh arasında bağlanmış 09 dekabr 2014cü iltarixli, 326/14 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh illik 16% (on altı) faiz hesablanmaqla 12 (on iki) ay müddətinə 100 000 (bir yüz min) manat məbləğində kredit xətti açmağı, borc alan isə borcu qəbul edib, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 09.12.2014-cü il tarixli 271/14 saylı kassa məxaric orderindən görünür ki, LPO “xxxx” ASC tərəfindən Cavabdeh 100 000 (bir yüz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan LPO "xxxx" ASC-nin 6 aprel 2018-ci il tarixli arayışından görünürki, LPO “xxxx” ASC iləCavabdeh arasında bağlanmış 09 dekabr 2014-cü iltarixli, 326/14 saylı müqavilə üzrə cavabdehin banka əsas borc üzrə 100 000 (bir yüz min) manat, müqavilənin müddəti üçün hesablanmış və tələb olunan faizlər üzrə 15 111.01 (on beş min beş yüz əlli beş manat, əlli iki qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 115 111,01 (yüz on beş min yüz on bir manat, bir qəpik) manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan LPO “xxxx” ASC-nin Cavabdeh ünvanladığı 09.02.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcu barədə xabərdar edilmişdir. İş materiallarında olan məhkəmə Ekspertiza Mərkəzi tərəfindən göndərilən 7 noyabr 2019-cu il tarixli,14828 saylı ekspertiza rəyindən görünür ki, Cavabdeh 9 dekabr 2015-ci il tarixinə (bitdiyi gün tarixə) LPO “xxxx” ASC olan borcu 115,111,11 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 100.000,00 manat, faiz borcu üzrə 15.111.11 manatdır. 09.12.2014-cü il tarixli 326/14 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmadı. Aparılmış tədqiqatın dəyəri 200,0 manat təşkil edir. İş materiallarında olan ödəniş qəbzindən (№4********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh Mehtı̇ yev Mehtı̇ Xasay oğlu ilə “xxxx” ASC arasında bağlanmış 09 dekabr 2014-cü il tarixli 326/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 16 faizlə 12 ay müddətinə 100000 manat kredit verilmişdir. İddiaçı tərəf müqavilədən irəli gələn öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və onun borcu yaranmışdır. Kollegiya hesab edir ki, əsas borc üzrə 100000 manat, faiz borcu üzrə 15111,11 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı LPO “xxxx” ASC-yə ödənilməsi ilə bağlı hissədə məhkəmə düzgün nəticəyə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsi tənasübsüz surətdə yüksək məbləğdə olan cəriməni azaldıb, cavabdehdən 400 manat həcmində cərimə məbləğinin tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Kollegiya işdə olan sübutlar əsasında birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə xərcləri Prosessual Qanunvericiliyin tələbinə uyğun düzgün olaraq həll edilmişdir. Kollegiya apellyatorun dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında kassa məxaric orderi mövcuddur. Həmçinin ekspert rəyini şübhə altına ala biləcək hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Mehtı̇ yev Mehtı̇ Xasay oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(006)- 2709/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim imza: Xəyal Sarıyev Hakimlər imzalar: Vüqar Həsənov Şərafət Məmmədova Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar