Məhkəmə qərarları › İş №2(103)-3235/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3235/2021

30.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3235/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3955/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, “Mercedes- Benz C-200” minik markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərindən aşağı satılması nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 6.500 (altı min beş yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 1978-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, ailə münasibətləri pozulduğuna görə Bakı şəhəri Suraxan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah ləğv edilmişdir. Onlar arasında olan nikahın pozulması məsələsinə baxılan zaman onun qarşılıqlı iddia tələbinə əsasən onların birgə nikah dövründə əldə etdiyi əmlaklar bölünsə də, “Mercedes-Benz C-200” minik markalı 99-DT339 dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirildiyinə və avtomobil başqa şəxsin mülkiyyətində olduğuna görə həmin avtomobilə dair payların müəyyən edilməsi hissəsində iddiası təmin edilməmişdir. Bundan sonra o, cavabdehə qarşı əmlakda payın müəyyən edilməsi və payın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli avtomobilin satışından əldə edilmiş 15.000 manat pul vəsaitinə mülkiyyət hüququnun ¼ hissədə ona və ¼ hissədə Cavabdeh məxsus olmasının müəyyən edilməsi və həmin pul vəsaitinin ona məxsus ¼ hissəsi, yəni 7.500 manat Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə araşdırması dəyəri 15.000 manat olan avtomobilin Cavabdeh tərəfindən 2.000 manata satılması müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3174/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “Mercedes-Benz C-200” minik markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 2.000 manat pul vəsaiti birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilmiş və həmin əmlak üzrə onun və Cavabdeh ¼ payı müəyyən edilmiş, həmin pul vəsaitinin 1.000 manat hissəsindən ibarət olan ¼ hissəsi, Cavabdeh alınaraq ona ödənilməsi qət edilmişdir. Göründiyü kimi avtomobilin satılan dövrdə 15.000 manat dəyəri olmuş, həmin avtomobilin cavabdeh tərəfindən 2.000 manata satılması ilə ona 6.500 manat məbləğində zərər dəymişdir. Belə ki, həmin avtomobilin 15.000 manat dəyərinin yarısı, yəni 7.500 manat hissəsi ona məxsus olmuş, həmin avtomobil cavabdeh tərəfindən 2.000 manata satılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3174/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə avtomobilin satışından əldə edilmiş 2.000 manat pul vəsaitinin 1.000 manat hissəsindən ibarət olan ½ hissəsi, Cavabdeh alınaraq ona ödənilməsi qət edilmiş, bu baxımdan cavabdehin törətdiyi mülki hüquq pozuntusu nəticəsində ona 6.500 manat məbləğində maddi zərər dəymişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3955/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiasının rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3955/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi əsassızdir. Bildirmək istəyir ki, o, avtomobilin alqı-satqı müqaviləsinin şərtlərini mübahisələndirməmiş, cavabdehin ona məxsus payı öz iradəsi ilə dəyərindən aşağı satmaqla ona zərər vurmasını göstərmişdir. Belə ki, cavabdehin həmin müqavilə ilə birgə nikahda olan əmlaklarını satması işin mübahisə edilməyən halıdır. O, həmin müqavilə ilə ona məxsus payın cavabdehin öz iradəsi ilə dəyərindən dəfələrlə aşağı salmasını mübahisələndirmişdir. Ərizəsində avtomobilin dəyərinin 15.000 manat olmasını göstərmişdir. O, iddia tələbinin əsası kimi cavabdehin ona məxsus payı dəyərindən aşağı satmaqda haqlı olmamasını göstərmiş, yəni onun razılığı olmadan cavabdehin ona məxsus payı dəyərindən aşağı satmaq hüququnun olmamasına istinad etmişdir. Mən müqaviləni mübahisələndirməmiş, bu müqaviləni bağlamaqla cavabdehin mənə zərər vurmasını əsas gətirmişəm. Məhkəmə cavabdehin ona məxsus payı 1.000 manata satmaqda haqlı olub-olmamasına qiymət verməmişdi. Məhkəmə, avtomobilin satılan zaman dəyərinin müəyyən edilməsi üçün əmtəəşünaslıq ekspertizası təyin etməsi barədə onun verdiyi vəsatəti təmin etməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3955/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3955/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı birgə nikah dövründə əldə olunmuş avtonəqliyyat vasitəsinin satılması ilə ona maddi zərər vurulmasını qeyd olunan avtomobilin 2.000 manat deyil, 15.000 manat olması ilə əsaslandırsa da, buna dair sübutları məhkəmyə təqdim etməmiş, hazırki mübahisə üzrə cavabdehin mülki hüquqi məsuliyyətləri yaranmamışdır və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Cavabdeh izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 5740/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddianın təmin edilməsi, iddiaçı Cavabdeh ilə İddiaçı arasında xx.xx.1978-ci ildə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın bağlanması haqqında akt qeydləri kitabında 283 nömrə ilə qeyd edlmiş nikah pozulması, qarşılıqlı iddianın qismən təmin edilməklə **-HX-*** dövlət qeydiyyat nişanlı VAZ 21011 minik markalı avtomobilin üzərində İddiaçı ilə Cavabdeh hər birinin payının ½ hissədə müəyyən olunmaqla mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. İş materiallarında olan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3174/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı əmlakda payın müəyyən edilməsi və payın əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi, Mercedes-Benz C-200 minik markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 2.000 (iki min) manat məbləğində olan pul vəsaitinin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilib həmin əmlak üzrə İddiaçı və Cavabdeh ½ payların müəyyən edilməsi, həmin pul vəsaitinin, o cümlədən 2.000 (iki min) manat məbləğində olan pul vəsaitinin 1.000 (bir min) manat məbləğindən ibarət olan ½ hissəsinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Göründüyü kimi, tərəflər arasında bundan əvvəl məhkəmə mübahisələri olmuş, 2(010)-3174/2019 saylı mülki işin məhkəmə mübahisəsi zamanı İddiaçı iddiasının qanuni əsasını, birgə nikah dövründə əldə olunmuş “Mercedes Benz C-200” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi təşkil etmişdir. Odur ki, həmin işə baxan məhkəmə həmin avtomobilin alqı-satqı müqaviləsinin qanuni olmasına əsaslanaraq satışdan əldə olunan 2.000 manat məbləğində olan pul vəsaitinin 1.000 manat məbləğinin alınaraq İddiaçı ödənilməsi barədə qərar qəbul etmiş, qeyd olunan qətnamə İddiaçı tərəfindən mübahisələndirilməmiş və hazırda qüvvədədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunan maddi hüquq normalarına əsasən, məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı, iddia ərizəsinin əsaslarına dair sübutları iddiacının məhkəməyə təqdim edə bilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsini bildirsədə bunu əsaslandıran sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3955/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar