Məhkəmə qərarları › İş №2(103)-3235/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3235/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3235/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, e-2(004)-259/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CC/97923/87/35 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 48 ay müddətinə, illik 23,5% dərəcəsi ilə 12500 (on iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022 ci il tarixdən xx.xx.2026-cı il tarixədək sonuncu ay 412,30 manat olmaqla hər ay 404,12 manat ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Banka 11796,5 (on bir min yeddi yüz doxsan altı manat əlli qəpik) manat əsas, 1994,3 (min doqquz yüz doxsan dörd manat otuz qəpik) manat faiz, 268,98 (iki yüz altmış səkkiz manat doxsan səkkiz qəpik) manat cərimə borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023cü il tarixli məktubun surətindən görünür ki, bank qarşısında üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi təqdirdə bank tərəfindən problemli kreditlərlə işləri tənzimləyən prosedurlara uyğun tədbirlər görüləcəkdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan dərhal ödəməyəcəyi təqdirdə bank tərəfindən müvafiq borc tələbilə bağlı məhkəməyə müraciət olunacağı, həmçinin kredit müqaviləsinin ləğv ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Hazırda iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə borc məbləğini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11796,5 (on bir min yeddi yüz doxsan altı manat beş qəpik) manat məbləğində əsas borcun, 1994,3 (min doqquz yüz doxsan dörd manat otuz qəpik) manat faiz, 268,98 (iki yüz altmış səkkiz manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 14059,78 (on dörd min əlli doqquz manat yetmiş səkkiz qəpik) manat borc və 133 (yüz otuz üç) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə, illik 23,5% olmaqla 12500 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “ödəniş cədvəlinə” əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə onların tələblərinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyət vəsiqəsini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestrdən çıxarış əlavə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, e-2(004) 259/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 11796,5 (on bir min yeddi yüz doxsan altı manat əlli qəpik) manat əsas, 1994,3 (min doqquz yüz doxsan dörd manat otuz qəpik) manat faiz, 268,98 (iki yüz altmış səkkiz manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 14059,78 (on dörd min əlli doqquz manat yetmiş səkkiz qəpik) manat borc və 133 (yüz otuz üç) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Odur ki, iddiaçı cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini və müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faiz və cərimə borclarının ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bankdan götürdüyü kreditin 5 aylıq ödənişini etmişdir. Məhkəmə əsassız olaraq faiz və cərimə hesablamışdır. Bununla razı deyil. Əsassız hesablanmış cərimə və faiz borcu onun adından silinməlidir. Hal-hazırda heç bir yerdə işləmir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 526/Ü nömrəli əmri ilə yaradılmış ləğvetmə komissiyasının xx.xx.2022-ci il tarixli 498/k saylı əmri ilə Milli Geoloji Kəşfiyyat Xidməti ilə aralarında bağlanmış əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. Qalan kredit borcunu hissə-hissə ödəyə bilər, kredit borcunu bir dəfəyə ödəyə bilmir, işləmədiyi üçün kredit borcunu ödəməyə onun imkanı yoxdur. Lakin məhkəmə bunları nəzərə almamışdır. Bundan başqa hesab edir ki, kredit borcu, faiz borcu, cərimə iddiaçı tərəfindən şişirdilmiş, yüksək rəqəm göstərilmişdir, bununla razı deyil, kredit borcu yenidən mütəxəssis, ekspert tərəfindən hesablanmalıdır, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3235/2024 saylı 22 may 2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2024-cü il tarixli 3-16-16/2-9/4381/2024 saylı məktubu ilə ekspert rəyi daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (köhnə redaksiyada) 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borj verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (köhnə redaksiyada) 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. (köhnə redaksiyada)

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu hissəsində dəyişdirilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən ödənilməli olan borcun məbləğini müəyyən edərkən, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixə olan maliyyə arayışına istinad etmişdir. Hazırda isə cavabdeh tərəf apellyasiya şikayətində borcun məbləğini mübahisələndirməklə, hesablanmış borcun reallığı əks etdirmədiyini, tərəfindən ödənişlər edildiyini bildirmişdir. Belə olan halda apellyasiya baxışı zamanı iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışında göstərilən borc məbləğinə dair şübhələr mövcud olduğundan, eləcə də borc məbləği hesablanarkən cavabdehin istinad etdiyi ödənişlərin də nəzərə alınıb-alınmadığını, ümumlikdə isə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2024-cü il tarixli 9/4381 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, CC/97923/87/35 saylı bank xidmətlərində dair ümumi ofertanın şərtləri nəzərə alaraq Cavabdeh "xxxx" ASC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 23 fevral 2023-cü il tarixə (xəbərdarlıq məktubu) göndərilən tarixədək): əsas borc üzrə 11.803.94 manat, faiz borcu üzrə 339.04 manat; 28 avqust 2023-cü il tarixə (bildiriş (xəbərdarlıq) göndərilən tarixədək): əsas borc üzrə 11.803.94 manat, faiz borcu üzrə 1.764.52 manat; 28 sentyabr 2023-cü il tarixə (maliyyə arayışı tərtib edilən tarixədək): əsas borc üzrə 11.803.94 manat, faiz borcu üzrə 1.995.69 manat; 27 fevral 2024-cü il tarixə (qətnamə çıxarılan günədək): əsas borc üzrə 11.803.94 manat, faiz borcu üzrə 3.143.78 manat. Həmçinin qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, CC/97923/87/35 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddia tələbinə əsasən xx.xx.2023cü il tarixli maliyyə arayışına istinad etməklə cavabdehdən 11796,5 (on bir min yeddi yüz doxsan altı manat beş qəpik) manat məbləğində əsas borcun, 1994,3 (min doqquz yüz doxsan dörd manat otuz qəpik) manat faiz, 268,98 (iki yüz altmış səkkiz manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 14059,78 (on dörd min əlli doqquz manat yetmiş səkkiz qəpik) manat borcun tutulması xahiş edilmişdir. Bundan əvvəl isə iddiaçı tərəfindən cavabdehə yaranmış borcun ödənilməsi, əks halda bank qarşısında üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi təqdirdə bank tərəfindən problemli kreditlərlə işləri tənzimləyən prosedurlara uyğun tədbirlər görüləcəyi barədə xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kredit müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən yalnız həmin müqavilənin ləğvindən əvvəl yaranmış əsas borc və faiz borcu üzrə məbləğləri tələb edə bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehə xx.xx.2023-cü il tarixdə göndərilən məktubda məhz müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq olmasa da, borc tələbinin ödənilməsini tələb etməklə yanaşı, borcu ödəmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirdərin görülməsini qeyd etməklə faktiki olaraq müqavilənin ləğv edilməsi ilə bağlı niyyətini ifadə etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləği məhz xx.xx.2023-cü il tarixinədək hesablanmalıdır. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq isə Cavabdeh 23 fevral 2023-cü il tarixə (bildiriş (xəbərdarlıq) göndərilən tarixədək) əsas borc üzrə 11.803.94 manat və faiz borcu üzrə 339.04 manat olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan halın, yəni əsas və faiz borcunun müəyyən edilməsinin xüsusi bilik tələb etdiyini və məhkəmənin bu sahədə xüsusi biliyə malik olmamasını, eləcə də qeyd olunan rəyi şübhə altına alan hər hansı halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı olan borcun məbləğinin müəyyən edilməsi zamanı məhz Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/885 nömrəli, 24 iyun 2024-cü il tarixli rəyinə istinad edilməlidir. Həmin rəydə cavabdehin əsas borcu 11.803.94 manat müəyyən edilsə də məhkəmə kollegiyası MPM-in 218.3-cü maddəsinə əsasən (Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) hesab edir ki, iddiaçı tələbində əsas borcun 11796,5 manat tutulmasını tələb etdiyindən əsas borca münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsi düzgün olmuşdur. Lakin iddiaçı 23 fevral 2023-cü il tarixə, yəni kredit müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxta qədər faiz borcunu tələb edə bilərdi ki, həmin tarixə faiz borcu 339.04 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcu 339.04 manat müəyyən edilməlidir. Bu baxımdan cavabdehin apellyasiya şikayəti qismən əsaslı olmuşdur. Çünki cavabdeh apellyasiya şikayətində borcun məbləğinin şişirdilməsini bildirsə də, bu barədə mötəbər sübutlar təqdim etməmiş, eyni zamanda həmin dəlillər ekspert rəyi ilə təkzib edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işləmədiyi üçün kredit borcunu bir dəfəyə ödəyə bilməməsi, qalan kredit borcunu hissə-hissə ödəyə bilməsinin nəzərə almaması kimi dəlilləri ilə bağlı qeyd edir ki, borcun hissə-hissə ödənilməsi qətnamənin icra qaydasında həll edilməli olduğundan (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi) hazırki mərhələdə həmin məsələyə qiymət verilməsi mümkün deyil. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin maddi vəziyyətinin pisləşməsi onun iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsindən azad etmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri - faiz borcu hissəsində qismən əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi faiz borcu hissəsində dəyişdirilməli, Cavabdeh tutulmalı olan faiz borcu 339.04 manat müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, e- 2(004)-259/2024 nömrəli qətnaməsi – faiz borcu hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan faiz borcu 339.04 (üç yüz otuz doqquz manat, dörd qəpik) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən cavabdeh qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Abdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar