Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3237/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Cavabdehin nümayəndəsi İsmayılov Səda-Sil Alik oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e-2(005)-389/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 99D (yeni qaydalarla: 65A) ünvanda yerləşən qeyri-yaşayış sahəsi (“Şəfəq” Dental klinika) X3 məxsusdur. Qeyri-yaşayış sahəsi iddiaçı "xxxx" ASC tərəfindən daşınmaz əmlakın icbari sığortası növündə sığortalanmışdır. Hazırda iddiaçı "xxxx" ASC baş vermiş su sızma hadisəsi nəticəsində zərərçəkmiş X3 ödənilmiş 1103.60 (min yüz üç manat altmış qəpik) manat məbləğində sığorta ödənişinin Cavabdeh tərəfindən ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Cəlal oğlundan 1103.60 manat pul vəsaitinin və 31.3 (otuz bir manat, üç qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, RAZ********** saylı xx.xx.2017-ci il tarixli sığorta şəhadətnaməsi ilə sığorta təminatı almış və Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 99D ünvanında yerləşən, X2 mülkiyyətində olan daşınmaz əmlak xx.xx.2018-ci il tarixində üst qonşunun binanın damını qanunsuz olaraq zəbt etməsi nəticəsində təmirə ehtiyacı olan dam örtüyünün təmir edilə bilməməsi səbəbi ilə dam örtüyündən su axıntısına məruz qalmış və daşınmaz əmlaka maddi zərər dəymişdir. Baş vermiş hadisə nəticəsində 2058/CFİ-055-2018 saylı sığorta aktına əsasən 300 (üç yüz) AZN azadolma məbləği çıxılmaqla 1103.60 (yüz üç manat altmış qəpik) AZN məbləğində sığorta ödənişi X3 ödənilmişdir. Hesab edir ki, ödənilmiş 1103.60 (min yüz üç manat altmış qəpik) AZN məbləği, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e-2(005)- 389/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci tarixli qətnaməsi ilə X2 cavabdehlər X11 və Cavabdeh qarşı "qanunsuz tikintinin sökülməsi və zərərin ödənilməsi” tələbi qismən təmin olunaraq X14 və Cavabdeh müştərək qaydada dəymiş maddi zərərə görə 400 (dörd yüz) manat məbləğində pulun iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə aktları ilə müəyyən olunur ki, X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 99D (yeni ünvan 55A) ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dəymiş zərərin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Məhkəmə mühəndis-texniki ekspertizasının 10 aprel 2018-ci il tarixli, 2085 nömrəli ekspert rəyi ilə su sızmasının X8 və Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsində yağış sularının kənarlaşdırması (axıb getməsi) üçün nəzərdə tutulan dəliklərin (şırımların) düzgün quraşdırılmaması səbəbindən baş verdiyi müəyyən olunmuş, həmin qeyri-yaşayış sahəsinə dəymiş ziyanın ümumi dəyəri 400 (dörd yüz) manat məbləğində müəyyən olunmuşdur. Qətnamə maddi zərərin ödənilməsi hissədə yuxarı instansiya məhkəməsi - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-759/2019 nömrəli iş üzrə 28 fevral 2019-cu il tarixli qətnaməsi ilə də qüvvədə saxlanmışdır. Apellyasiya baxışı zamanı işdə olan mötəbər sübutlara, o cümlədən keçirilmiş yerli baxış zamanı, ekspert rəylərinə əsasən iddiaçı X3 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 99D (yeni ünvan 55A) ünvanında yerləşən X3 məxsus qeyri-yaşayış binasının ("X13”) və həmin qeyri-yaşayış sahəsinə birləşdirilməklə birgə nikah dövründə əldə olunmuş əmlak kimi onun da istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 99/1 ünvanında yerləşən, 25 saylı mənzilin üzərində-damında X14 və Cavabdeh tərəfindən qanunsuz özbaşına tikililər, o cümlədən eyvan tikilisinin inşa edildiyi və həmin tikililərdən yağış sularının axması və sızması nəticəsində qeyriyaşayış sahəsinin əsas tikilisindəki divarına ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəlmiş, Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi haqqında qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-759/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə xitam verilmişdir. Qərarda göstərilmişdir ki, tələbkar X5 xx.xx.2019-cu il tarixli ərizə ilə şöbəyə müraciət edərək, icra sənədində qeyd olunan tələbin tam şəkildə təmin olunduğunu və ona dəymiş maddi zərərə görə 400 manatın ödənildiyini qeyd edərək, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi hazırkı mülki iş üzrə zərərçəkmiş X3 məxsus qeyri-yaşayış sahəsinə su sızma hadisəsi nəticəsində dəymiş zərər üzrə qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur. Belə ki, məhkəmə tərəfindən ekspertiza təyin edilməklə, zərərçəkmişə dəymiş ziyan müəyyən edilmişdir. Həmin qətnamələr üzrə icra tədbirləri yekunlaşmış və məhkəmə tərəfindən müəyyən olunmuş X3 dəymiş zərərin məbləği ödənilmişdir. Mülki işin materiallarından göründüyü kimi hazırkı mülki iş üzrə cavabdeh hadisə nəticəsində zərərçəkmiş X3 dəymiş zərərin əvəzi olaraq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləği ödəmişdir. X5 xx.xx.2019-cu il tarixdə ərizə ilə icra şöbəsinə müraciət edərək dəymiş maddi zərərə görə 400 manatın ödənildiyini bildirmişdir. Hazırda iddiaçı "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixdə X3 dəymiş zərər üçün ödənilmiş olan sığorta pulunun subroqasiya qaydasında Cavabdeh tutulması (Cavabdeh su sızma hadisəsinə görə dəymiş zərəri təkrarən ödəməsi) sonuncunun hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097, 1115; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 107, 119.1, 124.2, 218.3, 220.5 və 233.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mülki iş üzrə işin faktiki hallarından göründüyü kimi sığorta hadisəsi xx.xx.2018-ci il tarixində baş vermişdir. Cavabdehin iddia ərizəsinə etiraz ərizəsində qeyd etdiyi və mülki iş materiallarına əlavə olunan zərərçəkən X2 X14 və Cavabdeh Cəlal oğluna qarşı xx.xx.2017-ci il tarixində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlandığı iddia ərizəsi hazırki mülki iş üzrə sığorta hadisəsinin baş verməsindən (xx.xx.2018) öncəki tarixə təsadüf edir. Göründüyü kimi hazırki iş üzrə məhkəmənin iddia tələbindən rədd etməsinə səbəb işin faktiki hallarının başqa məhkəmə qətnaməsi tərəfindən müəyyən edildiyini hesab etməsi olmuşdur. Lakin məhkəmənin gəldiyi qənaət əsassızdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci tarixli qətnaməsi ilə müəyyən olunan və yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılan cavabdehlər X14 və Cavabdeh Cəlal oğlundan X2 xeyrinə dəymiş zərərin ödənilməsi üçün 400 manat tutulması hazırda subroqasiya tələbi qaldırılmış sığorta hadisəsindən fərqli hadisədir və indiki mülki iş üzrə heç bir aidiyyət təşkil etmir. Apellyasiya baxışı zamanı X4 mübahsiə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdi. Məhkəmə kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2.-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari Sığortalar haqqında” Qanun: 20.4. Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; 36.1.9. üçüncü şəxslərin hərəkətləri. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları, eləcə də, Nərimanov rayon məhkəməsinin 2-(005)-494/2018 saylı mülki işin materiallarını tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 99D (yeni qaydalarla: 65A) ünvanda yerləşən qeyri-yaşayış sahəsi (“Şəfəq” Dental klinika) X3 məxsusdur. Qeyri-yaşayış sahəsi iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın icbari sığortası növündə sığortalanmışdır. Hazırda iddiaçı "xxxx" ASC baş vermiş su sızma hadisəsi nəticəsində zərərçəkmiş X3 ödənilmiş 1103 (min yüz üç manat) manat məbləğində sığorta ödənişinin Cavabdeh tərəfindən ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və tələbinin əsası kimi X2 mülkiyyətində olan daşınmaz əmlak xx.xx.2018-ci il tarixində üst qonşunun binanın damını qanunsuz olaraq zəbt etməsi nəticəsində təmirə ehtiyacı olan dam örtüyünün təmir edilə bilməməsi səbəbi ilə dam örtüyündən su axıntısına məruz qalmış və daşınmaz əmlaka maddi zərər dəymişdir. Baş vermiş hadisə nəticəsində 2058/CFİ-055- 2018 saylı sığorta aktına əsasən 300 (üç yüz) AZN azadolma məbləği çıxılmaqla 1103 (min yüz üç manat) AZN məbləğində sığorta ödənişi X3 ödənilmişdir. Birinci instansiya məhkəməsi göstərilən nəticəyə gələrkən hazırkı mülki iş üzrə zərərçəkmiş X3 məxsus qeyri-yaşayış sahəsinə su sızma hadisəsi nəticəsində dəymiş zərər üzrə qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcud olmasına istinad etmişdir. İş materiallarından görünür ki, həqiqətən də X3 məxsus qeyri-yaşayış sahəsinə su sızma hadisəsi nəticəsində dəymiş zərər üzrə qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur. Belə ki, məhkəmə tərəfindən ekspertiza təyin edilməklə, zərərçəkmişə dəymiş ziyan müəyyən edilmişdir. Həmin qətnamələr üzrə icra tədbirləri yekunlaşmış və məhkəmə tərəfindən müəyyən olunmuş X3 dəymiş zərərin məbləği ödənilmişdir. İddiaçı isə apellyasiya şikayətində - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci tarixli qətnaməsi ilə müəyyən olunan və yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılan cavabdehlər X14 və Cavabdeh Cəlal oğlundan X2 xeyrinə dəymiş zərərin ödənilməsi üçün 400 manat tutulması hazırda subroqasiya tələbi qaldırılmış sığorta hadisəsindən fərqli hadisə olmasını və indiki mülki iş üzrə heç bir aidiyyət təşkil etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi iddiaçı X2 cavabdehlər X11 və Cavabdeh qarşı "qanunsuz tikintinin sökülməsi və zərərin ödənilməsi” tələbinə dair iddiası ilə əlaqədar X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 99D (yeni ünvan 55A) ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dəymiş zərərin müəyyən edilməsi məqsədilə təyin edilərək keçirilmiş mühəndis-texniki ekspertizasının 10 aprel 2018-ci il tarixli, 2085 nömrəli ekspert rəyi ilə su sızmasının X8 və Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsində yağış sularının kənarlaşdırması (axıb getməsi) üçün nəzərdə tutulan dəliklərin (şırımların) düzgün quraşdırılmaması səbəbindən baş verdiyi müəyyən olunmuş, həmin qeyri-yaşayış sahəsinə dəymiş ziyanın ümumi dəyəri 400 (dörd yüz) manat məbləğində müəyyən olunmuşdur. Hazırda isə iddiaçı xx.xx.2018-ci il tarixində üst qonşunun binanın damını qanunsuz olaraq zəbt etməsi nəticəsində təmirə ehtiyacı olan dam örtüyünün təmir edilə bilməməsi səbəbi ilə dam örtüyündən su axıntısına məruz qalmış və daşınmaz əmlaka maddi zərər dəyməsinə istinad edir ki, adıçəkilən mülki iş üzrə verilmiş rəy 10 aprel 2018-ci il tarixdə olsa da X5 həmin iddia tələbi ilə 10 noyabr 2017-ci il tarixdə məhkəməyə müraciət etmişdir və həmin dövrdə cavabdehlər tərəfindən dəymiş zərərin ödənilməsini tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş X2 Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına yazdığı xx.xx.2018-ci il tarixli şikayət ərizəsindən görünür ki, ona 1274 manat ödənilməsinə baxmayaraq o növbəti dəfə yenidən 2018-ci ildə Sığorta Departamentinə klinikanı su basma ilə əlaqədar müraciət etmiş və ona verilməsi nəzərdə tutulan 675 manat məbləğdən narazı qalaraq klinikaya dəymiş ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Bazarların Nəzarət Palatasının Reyestrinə daxil olmuş sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert İlqar Zeynalov tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr. 99/D ünvanında yerləşən X10 qeyri-yaşayış sahəsinə xx.xx.2018 il tarixində klinikanın X1 iştrakı ilə birlikdə vizual baxış keçirilmiş, foto şəkillər çəkilmiş və müvafık soraqlaşma işi aparılmışdır. Baxış zamanı əmlaka zərərin dəyməsi müşahidə olunmuşdur. Zərərin səbəbi yoxlanılarkən aşkar olundu ki, klinikanın üst mərtəbəsində yaşayan X16 oqlu və X14 obyektin tavan hissəsində qanunsuz bağça yaratmış, müəyyən bitkilər əkmişdir. Klinika divarının üst hissəsini deşərək dəmir barmaqlıqlar montaj etmişdir. Yuxarıdakıları əsas tutaraq belə hesab etmək olar ki, subasma hadisəsinin əsas səbəbi üst qonşunun qanunsuz hərəkətləri, yəni tikinti sanitariya-gigiyena norma və qaydalarına uyğun olmayan şəkildə daşınmaz əmlakın istismarı olmuşdur. Göründüy kimi hazırda iddiaçı xx.xx.2018-ci il tarixdə baş vermiş hadisə ilə bağlı tələb irəli sürmüş, birinci instansiya məhkəməsinin istinad etdiyi mülki iş üzrə isə icraat 10 noyabr 2017-ci il tarixdə başlanılmaqla sözügedən işdə məhz həmin dövr üçün dəymiş ziyan tələb edilmişdir. X5 xx.xx.2019-cu il tarixdə ərizə ilə icra şöbəsinə müraciət edərək dəymiş maddi zərərə görə 400 manatın ödənildiyini bildirməsi hazırki tələblə bağlı deyil, 2017-ci ildə baş vermiş hadisə ilə əlaqədar olmuşdur. Belə olan halda müəyyən edilir ki, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Çünki hadisə zamanı cavabdehin təqsiri sübuta yetirilmiş və iddiaçı tərəfindən hadisə nəticəsində dəymiş zərərin əvəzi iddiaçı tərəfindən ödənilmişdir. Lakin birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını araşdırmamış, 2018-ci ildə baş vermiş su sızma hadisəsinin təkrar olmaqla, bu hadisə zamanı cavabdehin təqsirinin olub-olmamasını aydınlaşdırmamış, iş materiallarında sübutları sadalamaqla kifayətlənərək həmin sübutlara qiymət verməmiş, Azərbaycan Respublikasının MPM-nin 82.3, və 233.3-cü maddələrini hazırki mübahisəyə düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" ASCnin xx.xx.2018-ci il tarixdə X3 dəymiş zərər üçün ödənilmiş olan sığorta pulunun subroqasiya qaydasında Cavabdeh su sızma hadisəsinə görə dəymiş zərəri təkrarən ödəməsi olmadığı üçün hazırki iddia tələbi mahiyyəti üzrə əsaslı olmuşdur. İddiaçı tərəfindən tələb edilən subroqasiya məbləğin qismində vəsaitə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr. 65 Şəfəq dental klinika üzrə dəymiş ziyan cəmi məbləğ 1403,6 (min dörd yüz üç manat altı qəpik) manatdır. Həmçinin 2058/CFİ-055-2018 saylı sığorta aktından görünür ki, sığortalı X2 Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ünvanında yerləşən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın icbari sığortası növündə sığortalanmışdır. xx.xx.2018-ci il tarixdə sığorta hadisəsi (subasma) baş vermiş, daşınmaz əmlaka dəymiş zərər 1403,60 manatdır. Müəyyən edilmiş zərər məbləğindən 300 (üç yüz) manat azadolma məbləği çıxarılaraq 14 sentyabr 2018-ci il tarixli ödəniş tapşırığına əsasən cəmi 1103,60 (min yüz üç manat altmış qəpik) manat ödənilmişdir. Bundan başqa iş materiallarında dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün qeyd olunan xx.xx.2018-ci il tarixli hesabatı şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Belə olan məhkəmə kollegiyası həmin hesabatla razılaşaraq hesab edir ki, hesabatda göstərilənlərin işin faktiki hallarına uyğun gəlir. Dəymiş zərərin məbləği 1403,6 manat müəyyən edilməlidir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, vurulan zərərin sığorta ödənişi miqdarı - 300 (üç yüz) manat azadolma məbləği çıxarılaraq 1103,6 manat təşkil edir. Lakin məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı zərərin məbləğində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci tarixli qətnaməsi ilə müəyyən olunan 400 manat məbləğ çıxılmalıdır. Belə ki, Nərimanov rayon məhkəməsinin 2-(005)-494/2018 saylı mülki işin materiallarından görünür ki, 09 mart 2018-ci il tarixli mübahisəli qeyri-yaşayış sahəsi üzrə ekspert tərəfindən aparılmış tədqiqat əsasında qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq cavabdeh qətnamə ilə müəyyən edilmiş məbləği, yəni, 400 manatı iddiaçıya ödəmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, 30 mart 2018-ci ildə təkrar su sızma hadisəsi baş verdikdən sonra iddiaçının mütəxəssisləri tərəfindən sözügedən sahə tədqiq edilib rəy verilərkən əvvəlki baş vermiş susızma hadisəsinin əlamətləri orada qalmışdır. Buna görə də, 2017-ci il tarixli hadisə ilə bağlı məhkəmənin müəyyən etdiyi məbləğ hazırda iddiaçının nümayəndəsinin təyin etdiyi rəydə əksini tapmış məbləğdən çıxarılaraq cavabdehdən 703,6 manat tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə subroqasiya qaydasında Cavabdeh vurulan zərərin sığorta ödənişi miqdarı əvəzi 703,6 manat tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu olan 31.03 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e-2(005)- 389/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 703,60 (yeddi yüz üç manat altmış qəpik) manat məbləğində sığorta ödənişin əvəzi cavabdehdən alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu olan 31.03 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Azad İmanov