Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3238/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X11 və X4 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, nümayəndəsi Vəkil, Cavabdeh1 nümayəndəsi X9, Cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh3, onun vəkili X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 7 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və alqı-satqı müqaviləsinin onunla bağlanmış hesab olunması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 7 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən 937 B saylı bağ evinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağ evinin Cavabdeh1 mülkiyyətinə verilməsinə dair sənədin ləğv olunması və xx xxxxxxx 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin onunla bağlanmış hesab olunması barədə qətnаmə çıхаrılmаsını хаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2009-cu ildə Bakı şəhəri Mərdəkan qəsəbəsi 937 B saylı bağ evini almaq üçün evin mülkiyyətçisi Cavabdeh2 və onun oğlu Cavabdeh3 ilə danışıqlar aparmış və nəticədə onlar həmin bağ evinin alqı-satqısına dair razılığa gəlmişlər. Onlar bağ evinin 105000 ABŞ dollarına alqı-satqısına razılaşmışlar. Həmin puldan 5000 ABŞ dollarını nəqd ödəmiş, qalan 100000 ABŞ dollarını isə X1 Zeynəb Əhmədağa qızının oğlu Cavabdeh3 bank vasitəsilə göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, qardaşı Cavabdeh1 qeyri-qanuni olaraq həmin bağ evini Cavabdeh2 alqı-satqı müqaviləsi ilə öz adına almış və öz mülkiyyətinə keçirmişdir. Həmin müqavilə etibarsızdır, çünki əsl alıcı o idi və pulları bağ sahibinə o ödəmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(003)-712/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış ləğv edilmiş, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 937 B saylı bağ evinin alınması məqsədi ilə ödənilmiş 105000 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, eyni məzmunlu iddia ilə iddiaçı bundan əvvəl də məhkəməyə müraciət etmiş, iddia baxılmamış saxlanılmışdır. İddia baxılmamış saxlanıldıqdan sonra iddiaçı xx xxxxxx 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə verərək bağ evinin onun razılığı ilə Cavabdeh3 tərəfindən Cavabdeh1 satıldığını, ona qarşı heç bir iddia tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Bununla belə, 2019-cu ilin yanvar ayında İddiaçı yenidən ona qarşı iddia qaldırmış, xx xxxxxx 2019-cu il tarixdə isə yazılı şəkildə ərizə verərək iddiadan imtina etdiyinə görə həmin tarixli qərardadla iş üzrə icraata xitam verilmişdir. Bunun əvəzində qarşılıqlı razılıq əsasında Cavabdeh1 özünə məxsus ünvan 1 ünvanında yerləşən əmlakı xx xxxxxx 2019-cu il tarixli bağışlama müqaviləsi əsasında iddiaçının oğlu X5 bağışlamışdır. Sonradan isə İddiaçı iddiadan imtina etməsi barədə ərizəsindən imtina etmiş, məhkəmə müəmmalı şəkildə öz qanuni qərardadını ləğv edərək iş üzrə icraatı təzələyib İddiaçı iddiasını təmin etmişdir. Halbuki, mübahisələndirilən alqı-satqı müqaviləsi qanuna uyğun şəkildə bağlandığına görə iddianın təmin olunması üçün heç bir əsas yox idi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi X12 apelyasiya şikayətini müdafiə edərək əlavə etdi ki, əslində hazırkı iddia tələbinin irəli sürülməsinin səbəbi İddiaçı və qardaşı Cavabdeh1 arasında olan 40000 manat məbləğində pul məsələsinin öz həllini tapmaması ilə bağlı olmuşdur. İddiaçı özü könüllü şəkildə notarial qaydada təsdiq olunmuş ərizə verərək bağ evinə olan tələbindən imtina etmişdir. Cavabdeh1 öz mülkiyyətində olan fərdi yaşayış evini İddiaçı oğlu Fərhada bağışlamışdır. Cavabdeh2 ilə Cavabdeh1 arasında xx xxxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin bütün tələblərinə əməl edilməklə bağlanmışdır. Müqavilənin bağlanmasına hər iki tərəfin iradə ifadəsi olmuş, müqavilə notarial qaydada təsdiq olunmuşdur. Həmin müqavilənin yalan əqd kimi qiymətləndirilib etibarsız hesab edilməsinə heç bir əsas yoxdur. Buna görə də apelyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etirazını təqdim edərək qeyd etdi ki, iddia tələbində bildirdiyi kimi bağ evini əslində o, 105000 ABŞ dolları məbləğində pul ödəməklə almışdır. Qardaşı Cavabdeh1 qanunsuz olaraq alqı-satqını öz adına aparmış və bağ evini öz adına rəsmiləşdirmişdir. Halbuki, Cavabdeh2 da bağ evini iddiaçıya satmağı razılaşmış, ondan pulu almış, bu şəkildə öz öhdəliyini kobud şəkildə pozduğunu dərk etmişdir. Bundan başqa cavabdehin onun oğluna bağışladığını bildirdiyi evin də pulunu o vermişdir. Qeyd edilənlərə görə apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etdi. İddiaçının nümayəndəsi Vəkil təmsil etdiyi şəxsin izahatını təsdiq edərək apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 ərizə təqdim edərək izahatında bildirdi ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 937 B saylı bağ evi anası Cavabdeh2 məxsus olmuşdur. Həmin evi İddiaçı satmağa razılaşmış, 105000 ABŞ dolları məbləğində pul almışdır. Lakin sonradan iddiaçının qardaşı Cavabdeh1 evin sənədlərini istəmiş, onlar da müqaviləni onunla bağlamışlar. Cavabdeh1 onları aldatmışdır. Əslində ev İddiaçı satılmışdır. Buna görə də apelyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Cavabdeh3 vəkili X10 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh2 məhkəməyə Cavabdeh3 izahatına uyğun məzmunda ərizə ünvanlamışdır. Cavabdeh2 məhkəmə iclasında nümayəndəsi Cavabdeh3 vasitəsilə təmsil olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Bakı şəhəri 7 saylı Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə qeyd edilən şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(003)- 712/2019 saylı qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Cavabdeh2 xx xxxxxxx 2017-ci il tarixdə mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 937 B saylı bağ evini Cavabdeh1 Ağabağır oğluna 50000 manata satmışdır. Cavabdeh1 Ağabağır oğlu xx.xx.2017-ci il tarixdən həmin bağ evinə mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmışdır. İş materiallarında olan pul köçürmə sənədlərindən görünür ki, “Zolotaya korona” pulköçürmə sistemi vasitəsilə Rusiyadan xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixə kimi müxtəlif vaxtlarda İddiaçı, X2, X6, X8 və X3 adından Cavabdeh3 adına bir dəfə 4900 ABŞ dolları, 19 dəfə isə 5000 ABŞ dolları olmaqla cəmi 99900 ABŞ dolları məbləğində pul köçürülmüşdür. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli notarial qaydada ərizə təqdim edərək Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 937B saylı bağ evinin onun razılığı ilə Cavabdeh3 tərəfindən Cavabdeh1 satıldığını, buna qarşı heç bir iddiasının olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Hazırkı iş üzrə məhkəmə baxışının gedişində iddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirmiş, həmin ərizə əsasında iş üzrə icraata xitam verilmiş, daha sonra həmin qərardad iddiaçının müraciəti əsasında ləğv edilmişdir. xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş bağışlama müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 tərəfindən X5 bağışlanmışdır. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırkı mübahisə edilən alqı-satqı müqaviləsinin bağlanması zamanı qeyd edilən qanunvericiliyin tələbləri gözlənilmişdir. İddiaçının evin dəyəri kimi pulu ödəməsi əqdin etibarlılığını şübhə altına almır. Bundan başqa iddiaçı notarial qaydada ərizə verərək həmin evin onun razılığı ilə Cavabdeh1 satıldığını bildirmiş, hətta vurğulamışdır ki, bu barədə bir daha iddiası olmayacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan qərar qəbul etmişdir. Buna görə də qətnamə ləğv edilməli, iddia əsassız olduğundan, rədd edilməlidir. Apelyator apelyasiya şikayətində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsində iş üzrə icraata xitam verilməsinin əsasları sadalanmışdır. Hazırkı iddia üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyindən apelyasiya şikayəti bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. İddia rədd edildiyindən və apelyasiya şikayəti təmin edildiyindən, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, apelyasiya şikayəti verilərkən ödənilmiş 5 manat dövlət rüsumu iddiaçıdan tutulub cavabdehə ödənilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6, 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(003)-712/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 7 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və alqı-satqı müqaviləsinin onunla bağlanmış hesab olunması tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin, apelyasiya şikayəti verilərkən ödənilmiş 5 manat dövlət rüsumu iddiaçıdan tutulub cavabdehə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3238/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3238/2020
17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver