Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3239/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(011)-297/2023 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 16 avqust 2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, İnqlab İsmayılov küçəsi, ev 3, 4 nömrəli mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir.
2. 96 saylı MKİS tərəfindən 12 avqust 2022-ci il tarixdə verilmiş məktubdan görünür ki, 96 saylı MKİS-i tərəfindən Bakı şəhəri, Xətai rayonu, İnqlab İsmayılov küçəsi, ev 3, 2 nömrəli mənzilə baxış keçrilən zaman məlum olmuşdur lki, təsadüfən 4-cü mənzlildən 2-ci mənzilə 1 dəfə su sızıntısı olmuşdur, mənzil tam təmirli olmuş və axıntı vanna otağındakı slivin sürüşüb yerə düşməsi nəticəsində baş vermişdir.
3. 30 oktyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzil İddiaçı mülkiyyətindədir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyətə düşmüş əmlak üçün ümumi dəyəri 4413 manat təşkil edən təmir xərcləri və 600 manat təşkil edən əşyalara dəymiş ziyana görə, cəmi 5013 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi və gələcəkdə qonşuluqda olan mənzilin sahibinə və ya istifadəçilərinə bu cür hərəkətlərdən yayınmaq öhdəliyinin qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Xaliq qızı ünvan 2 ünvanında yerləşən mənzilin sahibidir və faktiki həmin ünvanda yaşayır. Mənzil ÖM seriyalı, 132932 nömrəli, 30 oktyabr 2002-ci il tarixli Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi əsasında iddiaçıya məxsusdur. İddiaçının mənzilinə yuxarı mərtəbədə yerləşən mənzildən çirkab sularının axması nəticəsində xeyli ziyan dəymişdir. Belə ki, yuxarıda yerləşən mənzildən son illər ərzində mütəmadi olaraq iddiaçının mənzilinə su axıdılır. Bunun nəticəsində də, iddiaçının mənzilinə və mənzildə yerləşən ona məxsus əşyalarına xeyli miqdarda, sonuncu dəfə isə 17 iyul 2022-ci il tarixdə maddi ziyan dəymişdir. Adıkeçən mənzilə axıdılan su, yuxarı mərtəbədə yerləşən 4 №-li mənzildən gəlir və həmin mənzil Cavabdeh2 xüsusi milkiyyətindədir. Hal-hazırda isə orada Cavabdeh1 uzun müddətdir ki, kirayədə yaşayır. Yuxarıda yerləşən mənzildə su sistemi qurğuları, su turbaları və bağlamalarının sıradan çıxması nəticəsində 2020-ci ildən bu günə kimi iddiaçının mənzilinə dəfələrlə su axmışdır. Baş verən bu hadisə ilə əlaqədar həmin mənzildə uzun illərdir kirayədə yaşayan Cavabdeh1 iddiaçı tərəfindən iradlarıı bildirilsə də, nəticəsi olmamışdır. Həmin mənzilin sahibinin isə kim olmasını iddiaçıdan gizlətmişlər. Cavabdeh1 hər dəfə iddiaçıya yalan vədlər verərək problemin aradan qaldırılmasına söz versə də bu günə kimi məsələ öz həllini tapmamışdır. Cavbdehlərin təqsiri üzündən iddiaçıya məxsus əmlaka xeyli miqdarda ziyan dəymişdir. Belə ki, bununla bağlı Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 96 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən 22 sentyabr 2022-ci il tarixdə iddiaçıya yoxlama aktı da verilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qeyd edilən mənzil yararsız vəziyyətə düşmüşdür. Mənzili əvvəlki vəziyyətinə qaytarmaq üçün isə xeyli miqdarda təmir xərcinə ehtiyac vardır. Lakin, mənzilin yaşanılacaq hala gətirilməsi üçün minimum 4413 manat dəyərində təmir işləri aparılmalıdır. Belə ki, fərdi qaydada usta fəaliyyəti göstərən Babək Mehdizadə iddiaçının mənzilinə baxış keçirmiş və təmir işləri üçün 4413 manat məbləğində smeta xərci çıxarmışdır. Bu xərclər əlavə olaraq qoşmada bir-bir qeyd edilmişdir. Bundan əlavə mənzildə olan, İddiaçı şəxsi istifadəsindəki ev əşyalarına da ziyan dəymişdir. Xeyli sayda yorğan, döşək, yastıq və geyim əşyalarına, elektronika avadanlıqlarına ziyan dəymişdir ki, onların da yenidən bərpası üçün o, artıq 600 manat dəyərində xərc çəkmişdir. Beləliklə də yararsız vəziyyətə düşmüş əmlak üçün ümumi dəyəri 4413 manat təşkil edən təmir xərcləri və 600 manat təşkil edən əşyalara dəymiş ziyana görə, cəmi 5013 manat məbləğ iddiaçıya ödənilməlidir. Həmçinin, gələcəkdə qonşuluqda olan mənzilin sahibinə və ya istifadəçilərinə bu cür hərəkətlərdən yayınmaq öhdəliyi də qoyulmalıdır.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(011)- 6507/2022 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 iyul 2023-cü il tarixli, 10/2530 nömrəli ekspertiza rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 3 ünvanında yerləşən iddiaçıya məxsus 2 saylı mənzildə mərtəbə arası susızmanın əlamətlərinin mövcud olduğu müəyyən olunmuş, lakin cavabdehə məxsus mənzilə baxış zamanı mənzilin sanitar qovşağının şaxtasında həmçinin sanitar qovşaq avadanlıqlarında qüsur aşkar edilmədiyindən su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 3 ünanında yerləşən iddiaçıya məxsus 2 saylı mənzilə su axıdılması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-bərpa içlərinin dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 2215 manat məbləğində müəyyən olunur.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 sentyabr 2023-cü il tarixli, 9/2697 nömrəli ekspertiza rəyindən görünür ki, ekspert baxışına təqdim edilən istifadədə olmuş əşyaların hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 310 manat müəyyən edilir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(011)- 297/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2215 manat məbləğində təmir xərclərinin əvəzi və 310 manat məbləğində əşyalara dəymiş ziyanın əvəzi, cəmi 2525 manat məbləğində pul vəsaiti və ödənilmiş 45,25 dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. 100 manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh2 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
9. Qətnamənin əsaslarına görə, 26 iyul 2023-cü il tarixli, 10/2530 nömrəli və 14 sentyabr 2023-cü il tarixli, 9/2697 nömrəli ekspert rəyləri ilə də müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 3 ünanında yerləşən iddiaçıya məxsus 2 saylı mənzilə su axıdılması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-bərpa içlərinin dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 2215 manat məbləğində və ekspert baxışına təqdim edilən istifadədə olmuş əşyaların hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 310 manat müəyyən olunmuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, binadan nəyinsə axıdılması zamanı zərər vuran şəxsin məsuliyyət daşıması üçün bu şərtlər olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), şəxsiyyət və ya əmalka dəymiş zərər, həmin zərərin binanın (mənzilin, yaxud otağın) lazımi qaydada saxlanılmamasından irəli gəlməsi, yəni əməllə zərər arasında uyğun səbəbli əlaqə, məsuliyyətə səbəb olan binanın (mənzilin, yaxud otağın) cavabdehin mülkiyyətində və ya hər hansı formada sahibliyində olması. Məhkəmə xüsusi olaraq vurğulayır ki, binadan suyun axıdılması nəticəsində müvafiq otağı tutan şəxsin delikt normaları çərçivəsində yaranan məsuliyyəti təqsirsiz məsuliyyət halıdır, yəni bu halda zərər vuranın mülki-hüquq məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin müəyyən edilməsinə ehtiyac yoxdur. Məhkəmə maddi ziyanın Cavabdeh1 tutulmasına aid hissəsini araşdıraraq qeyd edir ki, onun ünvan 3 ünvanında kirayə yaşaması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki qanunvericilikdə qeyd edilmişdir ki, daşınmaz əmlaka istifadə hüququ əqdin notarial qaydada təsdiq edildiyi andan əmələ gəlir. Məhkəmə Cavabdeh1 həmin mənzildə hüquqi əsas olmadan kirayə yaşamasını əsas götürsəydi belə onun tərəfindən ziyanın əmlakdan təyinatı üzrə istifadə etməməsi nəticəsində yarandığını, yəni təqsirli olaraq suyu açıq buraxması, boruları zədələməsi və s. hərəkətləri əsasında yarandığı öz təsdiqini tapmamış olacaqdır. Əgər ziyan əmlakdan təyinatı üzrə istifadə nəticəsində yaranmışsa, bu halda məsuliyyəti kirayəçi daşımır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 152.1, 152.5, 700.1, 700.5, 1096, 1097, 1111.2, 1115-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin olunan hissədə rədd edilməsini xahiş etmişdir.
12. Şikayətin dəlillərinə görə, məhkəmə qeyd etdiyi hüquq normasının tələblərin kobud surətdə pozmuşdur. Çünki o uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. Həmin evdə yaşamadığndan onun tərəfindən qonşuya hər hansı bir su axıdılması qeyrimümkündür. Məhkəmə Ekspertiza Mərkəzinin 26 iyul 2023-cü il tarixli, 10/2530 nömrəli və 14 sentyabr 2023-cü il tarixli, 9/2697 nömrəli rəyinə əsaslanır. Dəyər də həmçinin bu əsasla müəyyən edilmişdir. Onun ölkə ərazisində olmaması ölkədə olmaması ekspertizanın keçirilməsindən də xəbərsiz olmuşdur. İşdə iştirak edə bilməməsi öz tələbini və etirazını vaxtında irəli sürə bilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iş materiallarında olan ekspert rəylərinə əsaslanmışdır. Ekspert rəyi əsassızdır ona görə ki, həmin mənzilə bu qədər ziyan dəyə bilməz. Bu qədər məbləğ o anlamı verir ki, mənzil bütöv təmir edilib.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Cavabdeh2 nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 682. Kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti ilə qətnamənin yalnız təmin olunan hissədə ləğv edilməsi xahiş edildiyindən, məhkəmə aktı yalnız həmin hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
21. Apellyasiya şikayətinin dəlillərindən birini onun uzun müddətdir ki, Rusiya Federasiyasında yaşaması, həmin evdə yaşamadığndan onun tərəfindən qonşuya hər hansı bir su axıdılmasının qeyri-mümkün olması təşkil edir.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə onu qeyd edir ki, AR MM-nin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
23. Göründüyü kimi, mülkiyyətçinin hadisə baş verən zaman həmin evdə olmaması onu baş vermiş hadisənin nəticələrinin aradan qaldırması məsuliyyətindən azad etmir.
24. Həmçinin məhkəmə kirayəçinin həmin mənzildə hüquqi əsas olmadan kirayə yaşamasını əsas götürsəydi belə onun tərəfindən ziyanın əmlakdan təyinatı üzrə istifadə etməməsi nəticəsində yarandığını, yəni təqsirli olaraq suyu açıq buraxması, boruları zədələməsi və s. hərəkətləri əsasında yarandığı öz təsdiqini tapmamış olacaqdır. Əgər ziyan əmlakdan təyinatı üzrə istifadə nəticəsində yaranmışsa, bu halda məsuliyyəti kirayəçi daşımır.
25. Apellyasiya şikayətinin bir digər dəlilini məhkəmənin iş materiallarında olan ekspert rəylərinə əsaslanması təşkil edir.
26. Bununla əlaqədar məhkəmə kollegiyası onu qeyd edir ki, mənzilə dəymiş ziyanın həcminin və məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, məhkəmə tərəfindən dəymiş ziyanın məbləğinin digər formada müəyyən edilməsi mümkün deyildir. Həmçinin məhkəmə yekun qərar qəbul edərkən iş materiallarında olan hər iki ekspert rəyini nəzərə alınmaqla dəymiş zərərin məbləği müəyyən edilmişdir.
27. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı və qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(011)- 297/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(011)- 297/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz