Məhkəmə qərarları › İş №2(103)-3239/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3239/2025

23.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3239/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3229/2025 (Açar sözlər: ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X18 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X30 nümayəndələri X9 və Nümayəndə , "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "Azərbaycan Dəmır Yolları” X13rşı “ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(006)- 2048/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 23 iyul 2025 il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı X5 cavabdehlər “Azərbaycan Yerüstü Nəqliyyat Agentlıyı” X33 və "xxxx" Qapalı Səhmdar Cəmiyyətınə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısının itirilməsi nəticəsində vurulmuş 141.000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.

2. İddia ərizəsində qeyd etdilmişdir ki, mərhum əri X14 xx.xx.2012-ci il tarixində səhər saatlarında Lökbatan qəsəbəsində 124 saylı marşrut avtobusu ilə sərnişin qatarının toqquşması nəticəsində həyatını itirmişdir. Hadisə ilə əlaqədar cinayət işi başlanmış və araşdırmalar nəticəsində X2 və X20 yol hərəkəti qaydalarını pozduqları müəyyən edilmişdir. X6, “Dəmir yolu keçidlərinin istismarına dair Təlimat”ın 4.5, 4.6 və 4.7-ci bəndlərini pozaraq, qorunan keçiddə qatarın yaxınlaşması barədə xəbərdarlıq etməsinə baxmayaraq, şlaqbaumları vaxtında bağlamamış və nəqliyyat vasitələrinin keçidə girməsinə mane olmamışdır. Ağayev Fərid isə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin 3-cü hissəsinin 2-ci və 5-ci bəndlərini pozaraq, şlaqbaumun vəziyyətinə və qatarın yaxınlaşmasına baxmayaraq, keçidi keçib və qatarla toqquşmuşdur. Bu qanun pozuntuları nəticəsində, mərhum Tahir Nəcəfquliyev ciddi xəsarətlər alaraq həyatını itirmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestindən verilmiş məlumatlara əsasən, mərhumun 2012-ci ildə aldığı əmək haqqı 1099,5 manat olmuşdur. Həmçinin, həmin ilin əmək haqqı ilə bağlı əlavə hesablamalar əsasında mərhumun həyat yoldaşına vurulmuş zərər 140.998,74 manat müəyyən edilmişdir. Qanunla, həyat yoldaşının vəfat etmiş şəxsin sağlığında aldığı son əmək haqqı nəzərə alındığından, bu məbləğ kompensasiya olaraq tələb edilir. Lakin, əgər indiki əmək haqqı hesablanmış olsaydı, zərər daha yüksək olardı. Buna baxmayaraq, qanunla təyin edilmiş əmək haqqı ilə hesablanmış məbləğdən zərər vurulmuş sayılaraq, həyat yoldaşı tərəfindən 140.998,74 manat zərərin ödənilməsi tələb olunur. 9. Cavabdeh1 nümayəndəsi məhkəməyə iddia ərizəsinə etiraz yanaşı, iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, İddiaçı əri xx.xx.2012-ci il tarixdə vəfat etmiş və iddiaçının da bundan xəbəri olmuşdur. Beləliklə, iddiaçı ümumi iddia müddətini buraxmışdır.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(006)- 2048/2024 nömrəli qətnaməsi ilə (hakim R. Xəlilov) iddia təmin edilməmişdir

4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 33.6, 1096, 1097, 1121.3-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciəti iddiaçının ərinin ölməsindən sonra əlil olması əsası ilə deyil. Cavabdehin dəlilləri ilə bağlı fikir bildirərkən iddiaçının hadisədən sonra əlil olmasını qeyd etmişdir. İddia ərizəsində də bu hala toxunulmamışdır. Əksinə ərizədə və məhkəmə iclasında verilmiş izahatda Mülki Məcəllənin 1121.1.1-ci maddəsində nəzərdə tutulan ölənin himayəsində olmuş şəxs olaraq iddia irəli sürüldüyü bildirmişdir. Məhkəmə isə iddianı əsassız olaraq təmin etməmişdir. Digər tərəfdən iddiaçı mərhumun həyat yoldaşı olduğundan ailə başçısı olan ərinin himayəsində sayılır. İrəli sürülmüş iddia tələbinin qanuni əsası Mülki Məcəllənin 1121.1.1. maddəsinin 1-ci hissəsində nəzərdə tutulub və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşır. İrəli sürülmüş iddia tələbinin qanuni əsasının mövcud olmasına və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşdığı halda məhkəmə qətnamədə bunun əksini qeyd edərək, iddianı əsassız olaraq təmin etməmiş, işi pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələndirmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X33 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək onun təmin olunmamasını xahiş etmişdir.

c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 5513/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçının ərinin ölümünə görə zərərin ödənilməsini tələb etməsi, ailə başçısının ölümündən sonra zərər çəkən şəxslərə zərərin əvəzinin ödənməsi ilə əlaqədar Mülki Məcəllənin 1121-ci maddəsinin şərtlərinə uyğun gəlmir. Məhkəmə, birinci instansiya məhkəməsinin bu nəticəyə gəlməsini doğru sayaraq qeyd etmişdir ki, iddiaçının ərinin vəfat etdiyi dövrə qədər onun himayəsində olduğunu bəyan etməsi, qanunvericiliyə görə yalnız əmək qabiliyyəti olmayan şəxslərə aid olan tələbləri əhatə edir. Lakin iddiaçı məhkəməyə əmək qabiliyyəti olmayan şəxs olduğuna dair sübut təqdim etməmişdir.

10. Məhkəməyə təqdim edilən 2017-ci il tarixli əlillik məlumatında göstərilmişdir ki, iddiaçı yalnız həmin tarixdə ikinci dərəcəli əlil hesab olunmuş və yüngül işlərdə işləyə bilməsi qeyd edilmişdir. Bu da onu göstərir ki, iddiaçı əmək qabiliyyətini itirmiş şəxs sayılmır. Əlavə olaraq, ərinin vəfatından beş il sonra əlil hesab edilməsi, onun əvvəlki dövrə aid olan əmək qabiliyyəti ilə bağlı sübutların olmamasına səbəb olur. Bu səbəbdən, iddiaçının irəli sürdüyü tələbin hüquqi əsasları və faktiki halları bir-birini tutmur və apellyasiya şikayəti əsassız hesab edilmişdir.

ç) Kassasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025 il tarixli, 2(102)-510/2025 saylı qərarı ilə (hakimlər Vüsalə Baxışova (sədrlik edən və məruzəçi), Zəki Babayev və Zaur Əliyev) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 5513/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

13. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...işdən görünür ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının tələbinin əsaslı olubolmadığı yalnız MM-nin 1121.1.1 və 1121.1.4-cü maddələrinin dispozisiya şərtləri əsasında yoxlanılmış və həmin şərtlərin mövcudluğu təsdiq edilmədiyi üçün iddia rədd edilmişdir. Məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, əri vəfat etdiyi günədək (xx.xx.2012-ci il) iddiaçı əmək qabiliyyətli şəxs olduğundan tələbin təmin edilməsi üçün MM-nin 1121.1.1-ci maddəsində nəzərdə tutulmuş əsas mövcud olmamışdır. İddia tələbinin MM-nin 1121.1.4-cü maddəsi əsasında təmin edilməsi üçün isə iddiaçı tərəfindən iki şərtin mövcudluğu təsdiq edilməli idi-iddiaçının ailə başçısı öldüyü günədək onun himayəsində olması və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirməsi. Hazırkı halda iddiaçıya xx.xx.2017-ci il tarixdə (ailə başçısının ölümündən 5 il keçmədən) ikinci dərəcə əlillik təyin edildiyi halda apellyasiya instansiyası məhkəməsi qətnamədə əlilliyin iddiaçının ərinin vəfatından 5 il sonra əldə edildiyini qeyd etməklə qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı olmasına dair MPM-nin 217.3-cü maddəsində nəzərdə tutulmuş tələbi pozmuşdur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan bütün şəxslər əmək qabiliyyəti olmayan şəxslər hesab olunduğundan məhkəmənin ikinci dərəcə əlil olsa da yüngül işlərdə işləməsinin mümkün olduğuna dair sənədə istinad etməklə iddiaçının əmək qabiliyyətini itirmiş şəxs sayılmadığına dair iş üzrə gəldiyi nəticə qanunun tələbinə uyğun olmamışdır. Məhkəmə iddianın əsaslı olub-olmadığını MM-nin 1121.1.3-cü maddənin tələbləri baxımından yoxlamamış, həmin normadakı əsasların mövcud olub-olmadığı araşdırılmamışdır. məhkəmə tərəfindən iddianın 1121.1.3.-cü maddə əsasında təmin edilməsinin mümkünlüyünün yoxlanılması üçün ailə başçısı vəfat edərkən uşaqlarının hansı yaşda olması (14 yaşına çatıb-çatmadıqları) ilə bağlı müvafiq araşdırma aparılmalı idi. Nəzərə alınmalıdır ki, ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürülərkən iddia ərizəsində 1121-ci maddənin konkret bəndinə istinad edilib-edilməməsindən asılı olmayaraq məhkəmə tərəfindən “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olub-olmadığı tərəflərlə müzakirə edilməlidir.”

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında və bundan əvvəlki apelyasiya baxışlarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisə 2012-ci ildə baş vermişdir, mərhumun arvadının 5 illik müddət tamam olmamış əlilliyi müəyyən edilmişdir. Dəymiş zərər kimi 141.000 manat müəyyən etmişlər. Şəxsin əlilliyi 2022-ci ildə ləğv olunmuşdur, lakin səbəbini bilmir. İddiaçının əmək kitabçasını təqdim edir, həmçinin EMİSə iddiaçının sonuncu iş yeri ilə əlaqədar arayış yerləşdirmişdir. Aylıq gəlirin hesablanmasıyla əlaqədar Mülki Məcəllənin 1122-ci maddəsi 1119-cu maddəyə göndəriş verir, mərhumun sonuncu aylıq gəliri nəzərə alınmalıdır. Hesab edirəm ki, şəxsin bütövlükdə gəliri nəzərə alınmalıdır, o ailə başçısı olmuşdur, digər ailə üzvləri də vardır.

15. Məhkəmə iclasında və bundan əvvəlki apelyasiya baxışlarında iştirak edən cavabdeh "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi”nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Qeyd etmişdir ki, Əmək Məcəlləsində çoxsaylı maddələrdə əlillərin hansı işlərdə işləyə biləcəyi, hansı güzəştlərin tətbiq edildiyi də - qısaldılmış iş günü və s. qeyd olunub. Əgər əlillərin əmək qabiliyyəti yoxdursa, qanunvericilik onlara münasibətdə necə müxtəlif normalar müəyyən edib. Şəxsin əlil olması əmək qabiliyyətinin olmaması demək deyildir. Belə ki, şəxsin əlilliyi ilə yanaşı əmək qabiliyyətinin olmaması da qeyd edilməlidir. Bundan əlavə iddiaçı əlil olduğu müddət ərzində işləmişdir. Ali Məhkəmənin hüquqi mövqeyi ilə razı deyil. İddiaçı MM-in 1121.1.1 maddəsi əsasında iddia qaldırdığından, o çərçivədə tələbə qiymət verilməlidir. Əlilliyin müdafiəsi və Məşğulluq haqqında qanunlar vardır, orada əlillərin iş fəaliyyəti tənzimlənir. Əmək pensiyaları haqqında qanunun 37-ci maddəsində də birbaşa göstərilmişdir. Şəxsin verdiyi əlillik rəyində işləyə bilməsi qeyd olunmuşdur.

16. Məhkəmə iclasında və bundan əvvəlki apelyasiya baxışlarında iştirak edən "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi”nin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə iclasında və bundan əvvəlki apelyasiya baxışlarında iştirak edən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, digər cavabdehin nümayəndəsinin vermiş olduğu izahatı təsdiq edir. İddia müddətinin tətbiqi ilə əlaqədar tərəflərindən ərizə verilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Maddə 384.0.3. Fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir

20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

24. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

25. Maddə 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər.

26. Maddə 1121.2. İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır.

27. Maddə 1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir: 1121.3.1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; 1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; 1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük; 1121.3.4. əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; 1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə qulluq etdikləri on dörd yaşına çatanadək.

28. Maddə 1122.1. Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir.

29. Maddə 1125.1. Zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

34. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütövlükdə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

39. Birinci instansiya məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir ki, bu da qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır.

40. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

41. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının iddia tələbi üzrə əsaslandığı Mülki Məcəllənin 1121.1-ci maddəsinə münasibətdə iddianın həllinə dair aşağıdakıları qeyd edir.

42. Belə ki, Mülki Məcəllənin 1121.1-ci maddəsinə əsasən ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirlər.

43. Qanunvericiliyin yuxarıda göstərilən normasının tələblərinə əsasən ya ölənin himayəsində olduğunu, ya da onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxs olduğunu sübut etməlidir. Hazırki iş üzrə isə iddiaçı iki halın hər hansı birinə dair - ərinin vəfat etdiyi tarixədək onun himayəsində olmasını və əmək qabiliyyətinin olmamasını təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Üstəlik iddiaçı tərəfindən təqdim edilmiş əlilliyi qiymətləndirilən şəxs barədə xx.xx.2017-ci il tarixli məlumatdan isə göründüyü kimi iddiaçı ilkin müayinə zamanı xx.xx.2017-ci il tarixdə, yəni ərinin ölümündən sonra ümumi xəstəlik səbəbilə 5 il müddətinə ikinci dərəcəli əlil hesab edilmişdir.

44. Bu isə o deməkdir ki, əri vəfat etdiyi günədək (xx.xx.2012-ci il) iddiaçı əmək qabiliyyətli şəxs olduğundan tələbin təmin edilməsi üçün Mülki Məcəllənin 1121.1.1-ci maddəsində nəzərdə tutulmuş əsas mövcud olmamışdır.

45. İddia tələbinin Mülki Məcəllənin 1121.1.4-cü maddəsi əsasında təmin edilməsi üçün isə iddiaçı tərəfindən iki şərtin eyni anda mövcudluğu təsdiq edilməli idi: iddiaçının ailə başçısı öldüyü günədək onun himayəsində olması və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirməsi.

46. Yuxarıda da qeyd edildiyi kimi ikinci apelyasiya baxışı zamanı da iddiaçıya ərinin öldüyü günədək onun himayəsində (maddi cəhətdən tam və ya qismən asılılığında) olduğunu təsdiq edən sübutların təqdim edilməsi təklif olunsa da, hər hansı dəlil təqdim edilməmiş, bu barədə mülahizələrini sadəcə şifahi olaraq ifadə etmişdir. Kassasiya instansiyasının da bu barədə mövqeyi nəzərə alınaraq kollegiya qeyd edir ki, əgər bu sübutları əldə etmək mümkün deyilsə, maraqlı şəxs şəxsin öhdədə olma faktının müəyyən edilməsinə dair məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edə bilər. Lakin indiki halda MM-nin 1121.1.4-cü maddəsi ilə nəzərdə tutulan 2 şərtin biri artıq təmin edilmədiyindən, digər şərtin mövcudluğundan asılı olmayaraq iddia tələbinin həmin maddə əsasında da təmin edilməsi mümkün deyil.

47. Lakin kollegiya hesab edir ki, iddia tələbi Mülki Məcəllənin sadəcə 1121.1 və 1121.4-cü maddələri baxımından deyil, digər maddələrin də, daha dəqiq desək, işin hallarına daha uyğun ola biləcək 1121.1.3-cü maddənin tələbləri baxımından yoxlanmalıdır. Çünki ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürülərkən iddia ərizəsində 1121-ci maddənin konkret bəndinə istinad edilib-edilməməsindən asılı olmayaraq məhkəmə tərəfindən “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olub-olmadığı tərəflərlə müzakirə edilməlidir.

48. Həmin prinsipin mahiyyət 3 əsas ünsürdə özünü göstəri: 1) Məhkəmənin hüququ tətbiq etməsi: Məhkəmə işin həllində yalnız tərəflərin təqdim etdiyi faktları araşdırmır, həm də həmin faktlara aid hüquqi normaları müəyyən edir və tətbiq edir. Yəni, məhkəmə yalnız faktları deyil, həm də hüquqi əsasları özü seçir və qiymətləndirir; 2)Tərəflərin öhdəlikləri: Tərəflərin işi ilə bağlı əsas vəzifəsi — faktları və dəlilləri təqdim etməkdir. Hüququ necə tətbiq etmək barədə arqumentlər vermək isə məhkəmənin işidir; 3) Məhkəmənin müstəqilliyi: Bu prinsip məhkəmənin hüququ düzgün tətbiq etməkdə müstəqil olduğunu göstərir. Məhkəmə tərəflərin hüquqi arqumentlərinə məhəl qoymadan qanunu özü dərk edib tətbiq edə bilər.

49. Beləliklə, Mülki Məcəllənin qeyd edilən 1121.1.3-cü maddəsinə əsasən ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına qulluq etməklə məşğul olan və işləməyən arvad (ər) əmək qabiliyyətindən asılı olmayaraq bu normaya əsasən ailə başçısının ölümünə görə zərər tələb edə bilər. 1121.3.5-ci maddəyə əsasən bu halda zərər qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək hesablanmalı və tutulmalıdır. Mülki Məcəllənin 1121.2- ci maddəsi isə bu normaya əsasən zərərin əvəzinin ödənilməsini həmin şəxslərə qulluq qurtardıqdan sonra da tələb etmək hüququ verir.

50. Hazırki iş materialları ilə müəyyən olunmuşdur ki, mərhum X14 və iddiaçının birgə nikahlarından xx.xx.1990-cı il təvəllüdlü X10, xx.xx.1995-ci il təvəllüdlü X11 və xx.xx.2000-ci il təvəllüdlü X15 dünyaya gəlmişlər. Göründüyü kimi mərhum X14 xx.xx.2012-ci il tarixdə vəfat edərkən onun himayəsində on dörd yaşına çatmamış uşağı xx.xx.2000-ci il təvəllüdlü X15 olmuşdur. Bu isə onu deməyə əsas verir ki, ailə başçısının ölümünə görə zərərin əvəzi uşağın 14 yaşı çatanadək hesablanmaqla həmin uşağa qulluq edən qismində iddiaçıya ödənilməlidir.

51. Zərərin hesablanması mexanizminə gəldikdə isə MM-in 1122.1-ci maddəsinə görə ilə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir.

52. Mülki işin materiallarında olan Azərbaycan Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin xx.xx.2023-cü il tarixli, 14-2-14/2-2043/2023 saylı əmək haqqı və digər gəlirlər haqqında arayışından görünür ki, “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinin sabiq işçisi X7 avqust 2012-ci il tarixinə 1099,50 məbləğində əmək haqqı hesablanmışdır.

53. Göründüyü kimi mərhum T.Nəcəfquliyevin sağlığında olan əməkhaqqısı ən son 1099,50 manat təşkil etmişdir. Kollegiya hesab edir ki, sözügedən əməkhaqqı məbləğinin bütövlükdə 14 yaşına çatmamış uşağa xərclənməsi mümkünsüz olduğundan və ailə tərkibi ümumilikdə 5 nəfər təşkil etdiyindən, xx.xx.2000-ci il təvəllüdlü X8 dəymiş zərərlə bağlı da həmin məbləğin 1/5 hissəsi əsas götürülməli və hesablama 219,90 manat üzərindən aparılmalıdır.

54. Daha sonra uşağın 14 yaşı tamam olanədək ona ödənilməli olan məbləğin ümumi həcminə gəldikdə isə müəyyən olunur ki, ailə başçısının xx.xx.2012-ci il tarixdə ölməsi ilə xx.xx.2014-cü il arasında 22 ay mövcuddur və 22 ay üzrə 219,90 manat hesablandıqda 4837.80 manat təşkil edir. xx.xx.2014 və xx.xx.2014-cü il (uşağın 14 yaşına çatması) arası isə həmin ilin istehsalat təqviminə əsasən 13 iş günü olmuş, həmin ay üzrə ümumilikdə iş günlərinin sayı 21 təşkil etmişdir. Bu halda da adları çəkilən tarixlər arasında hesablanmalı məbləğ 136,13 manat (13 iş günü x 219.90 manat / 21 iş günü = 136,13) götürülməlidir.

55. Beləliklə, kollegiya hesab edir ki, ailə başçısının ölümünə görə zərərin əvəzi uşağın 14 yaşı çatanadək hesablanmaqla həmin uşağa qulluq edən qismində iddiaçıya ödənilməli məbləğ ümumilikdə 4973,93 manat təşkil etməlidir.

56. Kollegiya pulun tutulmalı olduğu cavabdehlərin dairəsinə münasibətdə isə aşağıdakıları qeyd edir.

57. Belə ki, iş materiallarındakı Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013cü il tarixli, 1(101)-248/2013 saylı hökmünə əsasən müəyyən olunur ki, X6, 2012-ci il avqust ayının 31-də "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Qaradağ rayonu ərazisində Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə keçid növbətçisi vəzifəsində növbədə olarkən dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını təmin etmək üçün keçiddə Ağstafa-Bakı sərnişin qatarının yaxınlaşması barədə səs və rabitə siqnalının verildiyinə baxmayaraq “Dəmir yolu keçidlərinin istismarına dair təlimat”ın 4.5, 4.6 və 4.7-ci bəndlərinin tələblərini pozub, hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, şlaqbaumları vaxtında bağlamamış və avtomobil yolu ilə nəqliyyat vasitələrinin keçiddən keçməsinə qadağa qoymamış, eləcə də "xxxx" MMC-də sürücü işləyən “Lökbatan qəsəbəsi - 28 May küçəsi” 124-cü marşurut xətti ilə hərəkət edən X28 idarə etdiyi «Daewoo» markalı, Az-**-TF-*** dövlət nömrə nişanlı avtobusla hərəkət edərkən Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 44- cü maddəsinin 3-cü hissəsinin, 2-ci və 5-ci bəndlərinin tələblərini pozaraq şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmayaraq keçidə qatar (lokomotiv, drezina) yaxınlaşmasına əmin olmadan keçməməli olduğu halda, qanunun həmin tələblərini pozaraq sağ tərəfdən Bakı istiqamətində hərəkətdə olan qatarın yaxınlaşmasına, salondakı sərnişinlərin qatarın artıq çatmasını deyərək qışqırmalarına, keçidin yaxınlığında olan şəxslərin təhlükə barədə qışqırıb ona xəbər vermələrinə, habelə qatarın həyəcan siqnalına əhəmiyyət verməyib avtobusu dayandırmayaraq qatarın qarşısına sürmüş, nəticədə saat 07:28 dəqiqədə sərnişin avtobusu açıq şlaqbaumdan keçərək 97 saylı Ağstafa-Bakı sərnişin qatarı ilə toqquşmuş, hadisədə avtobusda olan sərnişinlərdən X14 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşdür. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, X28 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2014-cü il tarixli qərarı ilə hər iki şəxsə təyin edilmiş cəza 9 ilə qaldırılmışdır. Ali Məhkəmənin 28 oktyabr 2015-ci il tarixli qərarı ilə Eyyub İsmayılovun vəkili və məhkum Fərid Ağayev özü tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmədən qərar dəyişdirilmədən saxlanılmışdır.

58. Mülki prosessual məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə həm "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin, həm də "xxxx" MMC-nin əməkdaşlarının hadisənin baş verməsindəki təqsiri sübut olunmuş və onlar barəsində ittihamedici hökm oxunmuşdur. Bundan əlavə iş materiallarında olan Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X33 "xxxx" MMC-nin hüquqi varisidir.

59. Mülki Məcəllənin 1099.1 və 1099.2-ci maddələrinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

60. Göründüyü kimi, hər iki cavabdehin işçisi öz əmək funksiyalarının icrası zamanı pozuntuya yol vermiş və nəticədə iddiaçının ərinin ölümünə səbəb olmuşlar və bu hal öz təsdiqini məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə tapmışdır. Buna görə də kollegiya hesab edir ki, ailə başçısının ölümünə görə zərərin əvəzi uşağın 14 yaşı çatanadək hesablanmaqla həmin uşağa qulluq edən qismində iddiaçıya ödənilməsi qət edilən məbləğ hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır.

61. Kollegiya cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə aşağıdakıları qeyd edir.

62. Belə ki, Mülki Məcəllənin 384.0.3-cü maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

63. Hazırki iş üzrə də iddiaçının tələbi cavabdehlərin işçilərinin (dolayısı ilə cavabdehlərin) təqsiri ucbatından ailə başçısının ölümü ilə əlaqədar dəymiş zərərin ödənilməsi ilə bağlıdır. Təsadüfi deyil ki, Mülki Məcəllənin sözügedən münasibətləri tənzimləyən 1121,1122 və digər maddələri də həmin Məcəllənin “Fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi” adlı 60-cı fəslinin başlığı altında yerəşdirilmişdir. Bu isə o deməkdir ki, hazırki iş üzrə iddia tələbi ilə bağlı iddia müddətinin tətbiqi yolverilməzdir.

64. Lakin sözügedən 384.0.3-cü maddənin davamında qeyd edilir ki, bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir. Bu zaman eyni hüquqi aktın iki norması arasında: Mülki Məcəllənin 384.0.3-cü və 1121.3.5-ci maddələri arasında ziddiyət yaranmış olur. Çünki 1121.3.5-ci maddənin tətbiqi də özündə qulluq edilən şəxsin 14 yaşına çatanadək zərərin ödənilməsini ehtiva edir.

65. Bu ziddiyyətlə bağlı kollegiya qeyd edir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.4-cü maddəsinə əsasən eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir.

66. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki mübahisənin mahiyyətinə münasibətdə Mülki Məcəllənin 1121.3.5-ci maddəsi xüsusi norma hesab edildiyindən, hesablamanın da həmin normanın tələblərinə əsasən aparılması və qulluq edilənin 14 yaşına çatanadək zərərin hesablanması məqsədəuyğundur.

67. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və ona münasibətdə tətbiq edilməli olan hüquq normalarına düzgün qiymət vermədiyindən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməli, 4973,93 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

68. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

69. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(006)- 2048/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. 4973,93 AZN (dörd min doqquz yüz yetmiş üç manat doxsan üç qəpik) məbləğində pul cavabdehlər “Azərbaycan Yerüstü Nəqliyyat Agentlıyı” X33 və "xxxx" Qapalı Səhmdar Cəmiyyətındən müştərək qaydada tutularaq iddiaçı X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar