Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-324/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-324/2024 (Açar sözlər: kredit borcunun tutulması, tələbin ipoteka əmlakına yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-432/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 12 iyun 2024-cü il tarixində Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 191 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 274 300 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.
2. Kreditin təminatı kimi Bakı şəhəri, Şərifzadə küçəsi 100 saylı binanın 16-cı mərtəbəsində yerləşən 72 və 73 saylı mənzillərin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli 191/1 saylı ipoteka müqaviləsi bağlanmışdır.
3. İpoteka müqaviləsi sadə yazılı formada bağlanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı LPO ”Zaminbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 503145,11 manat, bundan 266041,39 manat əsas, 237103,72 manat faiz borcun və iş üzrə ödənilmiş 794 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh sərəncamında olan Bakı şəhəri, Şərifzadə küçəsi 100 saylı binanın 16-cı mərtəbəsində yerləşən 72 və 73 saylı mənzillərə yönəldilməsi, mənzillərin ilkin satış qiymətinin müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 191 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 274 300 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 80 saylı müqavilə əsasında Cavabdeh sərəncamında olan Bakı şəhəri, Şərifzadə küçəsi 100 saylı binanış 16-cı mərtəbəsində yerləşən 72 və 73 saylı mənzillər ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Şərifzadə küçəsi 100 saylı binanış 16-cı mərtəbəsində yerləşən 72 və 73 saylı mənzillərin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli 191/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********573 saylı xx.xx.2022-ci il tarixli və **********606 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2022-ci il tarixə cəmi borcu 503145,11 manat təşkil edir. Bundan 266041,39 manat əsas, 237103,72 manat faiz borcu təşkil edir.
6. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə4 iddianı qismən qəbul edərək, izahatında bildirmişdir ki, iddia tələbini borcun tutulması hissəsində əsas borcun ekspert rəyində, faiz borcunun isə iddia ərizəsində göstərilən məbləğdə təmin edilməsinə razıdır. Həmçinin, iddia tələbini borcun ipoteka predimetinə tutmanın yönəldilməsi hissəsində qəbul etmir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-432/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın qismən təmin edilməsi,Cavabdeh 185887 manat əsas borc və 237103,72 manat faiz borcu olmaqla, cəmi 422991,03 manat borcun və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 667,51 manat pulun tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC – nin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin yəni, 126,49 manatının iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 200 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.6, 307.7, 329.1, 337.1-337.4, 385.1, 442, 445.1, 445.2.1, 462, 739.1, 739.2, 743-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 101.3, 103.1, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apelyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianının tam təmin edilməsnə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdeh tərəfindən öhdəliyin icrasının pozulmasına düzgün qiymət verməmiş və yekunda cavabdehin banka olan borc öhdəliyi üzrə məbləğinin hesablanmasında səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qərar qəbul edərkən, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsaslanmışdır. Belə ki, xx.xx.2014-cü il tarixli, 191 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli, 9/9166 saylı ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixinə kredit borcu 185887.31 manat əsas, 237833.85 manat faiz borcunun olduğu göstərilmişdir. xx.xx.2023-cü il tarixli, 9/9166 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin əsaslandırılma hissəsində qrafikin xx.xx.2022-ci il tarix qrafası üzrə qalıq əsas borc 272541.39 manat əsas, 237833.85 manat faiz borcu göstərildiyi halda rəyin nəticə hissəsində ekspert tərəfindən 185887.31 manat əsas, 237833.85 manat faiz borcunun olduğu göstərilmişdir. Ekspert qarşısında xx.xx.2014-cü il tarixli, 191 saylı kredit müqaviləsinə dair əsas və faiz borc üzrə ödənilməmiş məbləğin nə qədər təşkil etdiyi qoyulsa da, ekspert tərəfindən rəyin nəticə hissəsində banka gecikdirilmiş ödənilməli məbləğlər qeyd edilmişdir. Məhkəmə isə ekspert rəyini araşdırmadan nəticə hissəsində qeyd edilən məbləğləri cavabdehdən tutmaq qərarına gəlmişdir və nəticədə borc düzgün hesablanmamışdır. İddia tələbimiz üzrə 266041.39 manat əsas, 237103.72 manat faiz məbləğlər deyil, ekspert rəyinin nəticə hissəsinə istinad edilərək iddia qismən təmin edilmişdir. Məhkəmə ekpert rəyinə düzgün qiymət verməmiş və ekspertin yanlış olan rəyini əsas sübut kimi qəbul edərək yanlış qərara gəlmişdir. Əlavə olaraq göstərmişlər ki, "xxxx" MTK ilə Cavabdeh arasında Bakı şəhəri, Şərifzadə küçəsi 100 saylı binanış 16-cı mərtəbəsində yerləşən 72 və 73 saylı mənzillərin Cavabdeh tərəfindən alınması məqsədilə 80 nömrəli xx.xx.2014-cü il tarixli müqavilə imzalanmışdır Həmin mənzilin alınması məqsədilə Cavabdeh Hemid oğlu "xxxx" ASC-yə yazılı ərizə ilə müraciət ederek ona 180 ay müddətinə 274300 manat məbləğində ipoteka krediti verilməsini xahiş etmişdir. Nəticə olaraq "xxxx" MTK ilə Cavabdeh arasında 80 nömrəli müqavilə ilə eyni tarixdə Cavabdeh ilə İddiaçı ASC arasında 191 saylı kredit müqaviləsi və 191/1 saylı ipoteka müqaviləsi imzalanmışdır. Cavabdeh Hamid oğlu Bakı şəhəri, Şərifzadə küçəsi 100 saylı binanış 16-cı mərtəbəsində yerləşən 72 və 73 saylı mənzillərin ipoteka qoyulmasına etiraz etməməsi barədə ərizə vermişdir. Mənzilin ipotekaya yüklü edilməsi niyyəti ilə ərizə yazılmış və Cavabdeh ilə İddiaçı ASC arasında 191/1 saylı ipoteka müqaviləsi imzalanmışdır. Cavabdehin kredit vəsaiti əldə etmək və həmin vəsait hesabına mənzil üçün ödənişin həyata keçirilməsi niyyəti ilə müqavilələri imzaladığı aydındr. Cavabdeh tərəfindən 191 saylı kredit və 191/1 saylı ipoteka müqavilələri, həmin müqavilə vasitəsilə əldə edilən vəsait hesabına mənzilin alınması məqsədi ilə bağlanmışdır. Belə ki, tərəfimizdən ipoteka müqaviləsinin predmeti olan əmlakın İddiaçı ASC-nin xeyrinə yüklü edilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
14. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır.
16. Maddə 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
17. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
18. Maddə 337.1. Bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
19. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
20. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
21. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
22. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 427.3. Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir.
25. Maddə 429.1.3. Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.
27. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.
28. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
30. Maddə 462.1.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
31. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
32. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 35 Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
37. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər
38. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
41. Hazırda qətnamə iddianın təmin olunmayan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apelyasiya şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcu hissəsində dəyişdirilməlidir.
43. İlk növbədə qeyd edilməlidir ki, kollegiya apellyasiya şikayətinin dəlillərini və iddiaçının vəsatətini nəzərə alaraq, mülki iş birinci instansiya məhkəməsinin icraatında olarkən verilmiş ekspert rəyindəki mübahisəli məqamlara aydınlıq gətirilməsi üçün təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul etmişdir.
44. Qərardadın icrası nəticəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli .....9/7355/2023 saylı rəydə Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 14 fevral 2014-cü il tarixli, 191 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2022-ci il tarixədək banka ödənilməli olan əsas borcunun 272.541,39 manat, faiz borcunun isə 237.833,85 manat, ümumilikdə 510.375,24 manat borcunun olduğu göstərilmişdir.
45. Kollegiya qeyd olunan ekspert rəyini, həmçinin işdə olan digər sübutları da araşdıraraq hesab edir ki, iddia tələbi Cavabdeh ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 191 saylı kredit müqaviləsi üzrə 266041,39 manat əsas, 237103,72 manat faiz borcun, cəmi 503145,11 manat borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.
46. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 fevral 20014-cü il tarixli 191 nömrəli kredit müqaviləsindən və 14 fevral 2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, kredit müqaviləsi əsasında bank Cavabdeh ünvan 1 ünvanında yerləşən binanın 72 və 73 saylı mənzillərin alınması üçün illik 15% ödəmək şərti ilə 180 ay müddətinə 274300 manat kredit vermişdir.
47. İş materiallarında olan icraçı qismində Lalə MTK ilə alıcı qismində Cavabdeh arasında bağlanmış 14 fevral 20014-cü il tarixli 80 nömrəli müqavilədən görünür ki, həmin müqavilə əsasında tərəflər tikintisini razılaşdıqları ünvan 1 ünvanında yerləşən binanın 72 və 73 saylı mənzillərin dəyəri 274300 manata satışı barədə razılığa gəlmişlər.
48. İş materiallarında olan ipoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan-borcalan Cavabdeh arasında bağlanmış 14 fevral 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh 14 fevral 2014-cü il tarixli 191 nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanında yerləşən binanın 72 və 73 saylı mənzilləri ipoteka saxlayan "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilməmişdir.
49. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun ödənilməsi və ipoteka predimetinə tutma yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir.
50. İş materiallarından görünür ki, LPO ”Zaminbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsindən “Kredit borcunun ödənilməsinə və İpoteka Predmetinə tutma yönəldilməsinə dair" bildirişin qeydiyyata alınması xahiş edilmişdir.
51. İş materiallarında olan LPO ”Zaminbank” ASC-nin 14 oktyabr 2022-ci il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh 14 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə 30 sentyabr 2022-ci il tarixə 266041,39 manat əsas, 237103,72 manat faiz borcu olmaqla, cəmi 503145,11 manat borcu yaranmışdır.
52. İş materiallarında olan "xxxx" MMC-nin 11 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 72-73 saylı mənzilin ilkin satış dəyəri 320000 manat müəyyən edilmişdir.
53. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Belə ki, iddiaçı Cavabdeh 274300 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə üzrə müəyyənləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Kollegiya hesab edir ki, borcalan Məmmədov Şahid Həmid oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, borclu Məmmədov Şahid Həmid oğlu öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
54. Kollegiya 14 fevral 2014-cü il tarixli 191 nömrəli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğləri ilə bağlı qeyd edir ki, təkrar ekspert tədqiqatı zamanı Cavabdeh xx.xx.2022-ci il tarixədək banka ödənilməli olan əsas borcunun 272.541,39 manat, faiz borcunun 237.833,85 manat, ümumilikdə 510.375,24 manat borcunun olduğu müəyyən edilmişdir.
55. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır.
56. Lakin kollegiya iddia ərizəsini nəzərə alaraq qeyd edir ki, ekspert rəyində əsas borc 272.541,39 manat, faiz borcu isə 237.833,85 manat müəyyən edilsə də, iddiaçı 266.041,39 manat əsas borcun, 237103,72 manat isə faiz borcunun tutulmasını tələb etmişdir. Bu səbəbdən əsas və faiz borcları iddiaçının tələb etdiyi həcmdə, yəni müvafiq olaraq 266.041,39 manat və 237103,72 manat məbləğlərində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
57. Beləliklə, məhkəmə ekspert rəyini işdə olan digər sübutlarla birgə qiymətləndirərək hesab edir ki, Cavabdeh 14 fevral 2014-cü il tarixli 191 saylı kredit müqaviləsi üzrə 266.041,39 manat əsas, 237103,72 manat faiz borcu olmaqla, cəmi 503145,11 manat borc məbləği tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
58. Kollegiya kredit müqaviləsi üzrə borcun ipoteka predmeti olan əmlaklara yönəldilməsi və bundan irəli gələn digər tələblərlə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, ipoteka müqaviləsi notarial qaydada bağlanmalı olan müqavilədir və müqavilənin qanunvericiliklə müəyyən edilmiş forma şərtlərinə əməl olunmaması onun etibarsızlığına səbəb olur.
59. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
60. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
61. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
62. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-432/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi əsas borcun məbləğinə aid hissədə dəyişdirilsin. Cavabdeh Məmmədov Şahid Həmid oğlundan əsas borc olaraq 266.041,39 AZN (iki yüz altmış altı min qırx bir manat otuz doqquz qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdeh Məmmədov Şahid Həmid oğlundan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova