Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3241/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: kommersiya aidiyyəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi X4 və X1 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 və onun vəkili Vəkil2 iştirakları ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-133/2025 saylı qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. "xxxx" MMC xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** dövlət qeydiyyat nömrəsi ilə (VÖEN) dövlət qeydiyyatına alınmışdır, qeydiyyat alınan zaman qanuni təmsilçisi X6 olmuşdur.
2. "xxxx" MMC İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli İN/L- 422/2021 №-li xüsusi lisenziya əsasında dərman vasitələrinin pərakəndə satışı fəaliyyəti ilə məşğul olur.
3. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə satıcı vəzifəsinə işə qəbul olunmuşlar (əmək müqavilələri).
4. Hər iki əmək müqaviləsi işəgötürən - müəssisənin direktoru X8 ilə işçilər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış və onlar tərəfindən imzalanmışdır.
5. "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh2 MMCnin direktoru vəzifəsinə təyin edilmişdir.
6. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, MMC-nin adıçəkilən xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək MMC-nin direktoru olmuşdur. 7.Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi, xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh2dır.
İş üzrə qəbul olunmuş məhkəmə aktları
8. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia verərək 87258,44 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış və icarəyə götürdüyü ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 62,6 kv.m.olan qeyri-yaşayış sahəsində xüsusi lisenziya əsasında aptek təsərrüfat subyekti kimi fəaliyyət göstərir. "xxxx" MMC xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aptekə satıçı vəzifəsinə işə qəbul etmiş, xx.xx.2022-ci il tarixdən isə Cavabdeh2 əmək müqaviləsinə dəyişikliklər edilmiş və o, xx.xx.2023-cü il tarixədək əmək fəaliyyətini direktor kimi davam etdirmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh2 və mühasib İ.N.Şipilovanın iştirakı ilə akt tərtib və təsdiq edilmişdir. Həmin akta əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə aptekdə olan tibbi preparatların faktiki mövcudluğu yoxlanılmışdır. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, bu müddət ərzində aptekə 76437,21 manat məbləğində mal daxil olmuş, 12845,38 manat geri qaytarılma olmuşdur. Həmin dövrdə aptekdə 63591,73 manat məbləğində mal qalığının olduğu müəyyən olunmuş və malların saxlanılması direktor Cavabdeh2 həvalə edilmişdir. 2023-cü ilin sentyabr ayında aparılmış daxili araşdırma nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) olmuş Cavabdeh2 və xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də satıçı vəzifəsində işləmiş Cavabdeh1 qabaqçadan əlbir olaraq, onlara olan etibardan və vəzifə səlahiyyətlərindən suiistifadə edərək aptekdən 87258,44 manat məbləğində pul vəsaitini mənimsəməklə və bir qismini adlarına olan müxtəlif bank kartlarına (Leobank, Rabitəbank, Kapital Bank) köçürməklə ələ keçirmişlər. Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X2 tərəfindən aptekdə malların dövriyyəsi və satışın nəticələrinə dair xx.xx.2023-cü il tarixli auditor rəyi tərtib edilmiş və həmin rəyə əsasən ümumilikdə 87258,44 manat kənarlaşma müəyyən edilmişdir. Kənarlaşmanın və nöqsanların müəyyən olunduğu dövr üzrə məsuliyyət maddi-məsul şəxs direktor Cavabdeh2 üzərində olmuşdur. Aparılan araşdırmaya mane olmaq və birgə törətdikləri cinayət əməllərini ört-basdır etmək məqsədi Cavabdeh2 xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə məxsus olan asan imzadan sui-istifadə edərək aparılan auditin nəticəsini gözləmədən və təsisçinin qərarı olmadan özünü və baçısı Cavabdeh1 101 və 102 nömrəli əmrlər əsasında əmək müqavilələrinə AR ƏM-nin 68.2 “a” bəndinə əsasən xitam vermişdir.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-133/2025 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ekspertizanın dəyəri olan 224 manatın 112 manatı iddiaçıdan, 112 manatı isə cavabdehlərdən tutulub ekspertiza mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
11. Qətnamədən iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini, habelə işə birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakim Tahirə Əsədova barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, e-2(008)-133/2025 saylı qətnaməsi qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Həmin qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və bu da öz növbəsində işin hallarına uyğun gəlməyən nəticəyə səbəb olmuşdur. Bu səbəbdən də hesab olunur ki, qanuni əsası olmayan həmin qətnamənin ləğv edilməsi vəiddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Açıq-aşkardır ki, iddiaçının hüquqlarının müdafiəsinə təminat verilməmiş və qərəzli yanaşılmışdır. İşçinin və işəgötürənin maddi məsuliyyətinin qarşılıqlı xarakteri əmək hüquq münasibətlərinin təbiətindən irəli gəlir. Bu münasibətlər müqavilə xarakterli olduğundan, tərəflərdən birinin əmək münasibətlərindən irəli gələn vəzifələrindən hər hansının yerinə yetirilmədiyi halda, digər subyektə vurduğu ziyanı ödəmək vəzifəsini nəzərdətutur. Belə ki, əmək münasibətlərinin əsas prinsiplərindən biri əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılmasıdır. Bu prinsipə müvafiq olaraq, qanunverici, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrini sadalayaraq, onun əmək müqaviləsiilə müəyyən edilmişəmək funksiyasını vicdanla yerinə yetirmək (Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndi) və işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq (Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndi) vəzifələrini müəyyən etmişdir. Göründüyü kimi, vurduğu ziyana görə işçinin işəgötürən qarşısında maddi məsuliyyət daşıması üçün işçinin təqsirli şəkildə, yəni qəsdən və ya ehtiyatsızlıqla hər hansı əməl törətməsi, işəgötürənə ziyanın həqiqətən vurulması, işçinin əməlinin, yəni hərəkət və ya hərəkətsizliyinin qanuna zidd olması və bu əməllə onun nəticəsi arasında səbəbli əlaqənin müəyyən olunması zəruridir. Bununla belə, o da nəzərə alınmalıdır ki, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və tam maddi məsuliyyət (bu halda vurulan zərər tam həcmdə ödənilir). Məhdud məsuliyyət yalnız işçilərə münasibətdə nəzərdə tutulub və onların orta aylıq əmək haqqı miqdarında ödənilir. Eyni zamanda, qanunverici, işçinin işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıması əsaslarını da müəyyən etmiş və bu əsaslardan biri kimi əmək münasibəti tərəflərinin işçinin tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilənin bağlanması halını nəzərdə tutmuşdur. Belə ki, Əmək Məcəlləsinin 199-cumaddəsinin 1-ci hissəsinin “a” bəndinə görə, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Göstərilənlərə əsasən, hazırıkı mülki iş üzrə araşdırma predmetini cavabdehlərin qeyd edilən normalar daxilində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olmasının müəyyən edilməsinə baxmayaraq məhkəmə tərəfindən işə baxılarkən qeyd olunan normaların tələbləri pozulmuşdur. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aptekə satıçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdən isə Cavabdeh2 əmək müqaviləsinə dəyişikliklər edilmiş və o, xx.xx.2023- cü il tarixədək əmək fəaliyyətini İddiaçı MMC-nin direktoru kimi davam etdirmişdir. İş materiallarında olan sənədlərdən, o cümlədən Dövlət Vergi Xidməti Milli Gəlirlə Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, MMC-nin adıçəkilən xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək MMC-nin direktoru olmuşdur və bu barədə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilmişdir. İş materiallarında olan və elektron informasiya sistemində qeydə alınan əmək müqaviləsi bildirişlərindən də göründüyü kimi, həmin müqavilənin 5-ci bəndində göstərilənlərlə bağlı cavabdehlər iddiaçı qarşısında maddi məsuliyyət barədə öhdəlik götürmüşlər. Cavabdehlərin işlədiyi dövr üzrə Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X2 tərəfindən yoxlama aparılmış və xx.xx.2023-cü il tarixli «Aptekdə malların dövriyyəsi və satışın nəticələrinə dair auditor rəyi» tərtib edilmişdir. Həmin rəyə əsasən müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin ümumi elektron qaimə ilə rəsmi firmalardan alınan mallar və satış üzrə kassa çeklərinin təhlili nəticəsində mal çatışmamazlığı 17122,20 manat, naqd pul çatışmamazlığı 10087,83 manat, təsisçi tərəfindən satılmış mala görə qarşı tərəfin ödənilməmiş kreditor borcu üzrə 24936 manat borcun ödənilməsi, qeyd olunan mallar arasında yararlıq müddəti başa çatmış 6177,57 manat, müddətin başa çatmasına az vaxt qalan geri qaytarılması mümkün olmayan 9027,77 manat mal qalığı, istifadəyə yararlı 20065,09 manat mal qalığı, 11674,71 manat kompyuter sistemi ilə faktiki təqdim olunan PDF siyahı üzrə çatışmayan mal qalığı və 8232,36 manat çatışmayan mallar nəzərə alınmaqla 87258,44 manat kənarlaşma müəyyən olunmuş, kənarlaşmanın və nöqsanlann müəyyən olunduğu dövr üzrə məsuliyyət maddi-məsul şəxs direktoru vəzifəsində çalışan Cavabdeh2 üzərində olmuş, vaxtı keçmiş malların vitrində satışda olması faktı və digər qeyri-qanuni nağd şəkildə malların alqı-satqı faktı müəyyən olunmuşdur. Həmin audit yoxlamasında cavabdehlər iştirak edərək yoxlamanın nəticəsini mübahisələndirməmişlər. Digər tərəfdən, yoxlama zamanı malların mənimsəmə faktının mövcudluğu cavabdehlər tərəfindən, Əmək Məcəlləsinin 10-cu maddəsinin “a”, “ç” və “f” bəndlərinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq və əmək qanunvericiliyinin tələblərinə əməl etmək kimi işçinin əsas vəzifələrini icra etmədiyinə dəlalətedir, bu halisə qanunaziddir. Buna görə də "xxxx"MMC-nin təsisçilərinin xx.xx.2023cü il tarixli qərarı ilə Cavabdeh2 Naxış Farm MMC-nin direktoru vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad edilmişdir. Məhkəmə açıq-aşkar qanunvericiliyə zidd şəkildə, o cümlədən Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarını heçə sayaraq qətnamədə qeyd edir ki, iddiaçı MMC tərəfindən bu ziyanın yaranmasında təqsirkarların cavabdehlər olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunur ki, işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyət daşıması üçün ziyanın (zərərin) həqiqi olması da müəyyən edilir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə zərər dedikdə, şəxsin əmlakında hər hansı formada baş verən azalma başa düşülür. Hazırkı mülki işdə dəcavabdehlər aşkar olunmuş çatışmazlıqda təqsirinin olmadığını təsdiqləyən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(008)-133/2025 saylı qətnaməsində məhkəmə hesab edir ki “nə qədər ki, işə baxan məhkəmələr tərəfindən Cavabdeh2 direktor vəzifəsində işləməyi işin faktiki halı kimi göstərilmiş, həmin halın hüquqi əsasları Əmək Məcəlləsinin 12, 49-cu maddələrinin prizmasından qiymətləndirilməmiş, Konstitusiya Məhkəməsinin mövqeyinə görə o hal preyudisial qüvvəyə malik deyil.” Hesab edir ki, məhkəmənin bu hissədə də gəldiyi nəticə ümumiyyətlə əsassızdır. Belə ki, cavabdeh həm hazırki işdə, həm də digər işdə ümumiyyətlə "xxxx" MMC-nin direktoru vəzifəsində işləməsin inkar etmişdir. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-3753/2024 saylı qətnaməsi ilə də müəyyən olunmuşdur ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aptekdə satıcı vəzifəsinə işə qəbul etmiş, xx.xx.2022-ci il tarixdən isə Cavabdeh2 əmək müqaviləsinə dəyişikliklər edilərək onun "xxxx" MMC-də əmək fəaliyyətinin direktor olması qeyd edilmişdir. Əmək müqaviləsinə dəyişikliklər edilməsi Əmək və Məşğulluq altsistemində (ƏMAS) da yerləşdirilməsə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilmişdir... İşin mübahisəsiz hallarından biri də, Cavabdeh2 əmək müqaviləsinə xitam verilməsi zamanı onun, "xxxx"MMC-nin direktoru vəzifəsində işləsə də özünün əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ümumi yığıncağın qərarı olmadan özü tərəfindən imzalanmasıdır. Buna görə də məhkəmə kollegiyası, cavabdeh V.X3 qərarı olmadan sözügedən əmri vermək səlahiyyəti olmadığından və direktor olduğu halda əmrdə özünü satıcı kimi işdən azad etməsinə dair xx.xx.2023-cü il tarixli 102 nömrəli əmrin etibarsız hesab edilməli olmasına dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır. Cavabdeh2 apellyasiya şikayətinin məhkəmə tərəfindən mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli 102 saylıəmrin aid olduğu xxxxxxx000100 nömrəli əmək müqaviləsi üzrə Cavabdeh2 satıcı kimi qeydə alınmasını, direktor olmadığını araşdırmamasına dair dəlili ilə bağı qeyd edir ki, iddiaçı "xxxx" MMC xx.xx.2022-ci il tarixdəəmək müqaviləsi bağlanmaqla satıçı vəzifəsinə işə qəbul edildikdən sonra xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə dəyişikliklər edilməsi nəticəsində xx.xx.2023- cü il tarixədək əmək fəaliyyətini "xxxx" MMC-nin direktoru kimi davam etdirdiyi üçün o, MMC-də artıq satıcı vəzifəsində işləmədiyinə görə həmin vəzifədən də işdən çıxarıla bilməzdi. Cavabdeh2 özünün satıcı kimi əmək müqaviləsinə xitam verilməsinə dair “102” saylı əmri verərək əmri "xxxx" MMC-nin direktoru kimi imzalaması, onun əmr verilən tarixdə hansı vəzifədə işləməsini təsdiq edir. Göründüyü kimi, Cavabdeh2 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək fəaliyyətini "xxxx" MMC-nin direktoru kimi davam etdirməsi işin müba hisəsiz halıdır və həmin fakt tərəflər üçün preyudisial əhəmiyyət kəsb edir. Lakin, hakim Tahirə Əsədova öz qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağa c əhd etmişdir. Bir daha məhkəmənin diqqətinə çatdırır ki, məhz Cavabdeh2 elektron informasiya sistemində qeydiyyata alınmış «Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi Bildirişi» direktor kimi Cavabdeh2 tərə findən imzalanaraq elektron informasiya sistemində yerləşdirilmişdir. Həmçinin, cəmiyyətin asan imzası, möhürü Cavabdeh2 olmuş və o özünun və bacısı olan digər Cavabdeh1 işdən çıxarılması barədə əmrləri qanunsuz imzalamaqla yanaşı, qanunsuz olaraq iddiaçıya məxsus olan asan imza, möhürü və digər sənədləri də cəmiyyətə təhvil vermədən aparmışdır. (bu halı cavabdehin özüdə etirafedir) Bundan başqa, hakim Tahirə Əsədova icraatında olan e-2(008)-133/2025 saylı mülki işə baxarkən və ədalət mühakiməsini həyata keçirərkən onun obyektivliyini, qərəzsizliyini və müstəqilliyini şübhə altına almağa əsas verən hərəkətlərə yol vermişdir. Belə ki, etiraz etməklərinə baxmayaraq hakim Tahirə Əsədova tərəfindən iş üzrə ilk dəfə xx.xx.2024-cü il tarixdə işin mahiyyətinə heç bir təsiri olmayan xx.xx.2022-ci il tarixli akta görə məhkəmə xətşünaslıq ekspertizası təyin olunmuş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: Cavabdeh2 və mühasib İ.N.Şipilovanın adlarından tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktda Cavabdeh2 adının önündə iki yerdə icra edilmiş imza Cavabdeh2 tərəfindən icra edilmişdirmi? xx.xx.2024-cü il tarixdə ekspert tərəfindən vəsatət verilərək xx.xx.2022-ci il tarixli aktın əslinin təqdim olunması xahiş edilmiş və xx.xx.2024-cü il tarixdə həmin aktın əsli məhkəməyə təqdim olunmuşdur. Lakin, cavabdehdən imza nümunələri götürülmədiyi üçün xx.xx.2024-cü il tarixdə məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Ən maraqlı hadisələr isə məhz bundan sonra baş vermişdir Belə ki, xx.xx.2024-cü il tarixdə hakim Tahirə Əsədova tərəfindən məhkəmə xətşünaslıq ekspertizasının təyin olunması barədə xx.xx.2024-cü iltarixli qərardad yenidən icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə ekspert vəsatəti ilə yenidən xx.xx.2022-ci il tarixli aktın əslinin təqdim olunması (halbuki aktın əsli xx.xx.2024-cü il tarixdə təqdim olunmuşdur) məhkəmədən xahiş olunmuşdur. Lakin, xx.xx.2024-cü il tarixli ekspert vəsatəti təmin olunmadığı üçün xx.xx.2024-cü il tarixdə yenidən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Göründüyü kimi, xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli aktın əsli məsuliyyətsizlik nəticəsində müammalı şəkildə yoxa çıxdığından Azərbaycan Respublikasının adından çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-985/2024 saylı qərardadı icrasız qalmışdır. Buna baxmayaraq hakim Tahirə Əsədova tərəfindən təkrarən iddiaçının iştirakı olmadan xx.xx.2024-cü il tarixdə iclas keçirilmiş (halbuki ərizə göndərilərək xx.xx.2024-cü il tarixə olan məhkəmə iclasının başqa tarixə təxirə salınması xahiş olunmuşdur. və həmin iclasda iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 ilə birlikdə artıq “tapılmış” həmin akta baxış keçirərək birlikdə müəyyən etmişdilər ki, akta işıqda baxılarkən A4 formatlı kağızda həmin kağızdan daha az ölçüdə (yazının əks olunduğu hissəsində) dördkünc formada kölgə var, eyni zamanda həriflər kölgəli və axınıtılıdır, bu hal da yazının skan vasitəsilə yerləşdərilməsinə dəlalət edir. Halbuki, xx.xx.2022-ci il tarixli akt məhkəmə xx.xx.2024-cü il tarixdə təqdim edilərkən aktda heç bir kölgə və axıntı mövcud olmamışdır. Onda sual yaranır ki, necə oldu ki, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək “itkin”statusunda olan bir akt, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ekstremal şəraitdə tapıldıqdan sonra kölgəli və axıntılı həriflər əks olunmuşdur. Bundan sonra, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-985/2024 saylı qərardadı ilə ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Cavabdeh2 və mühasibİ.N.Şipilovanın adlarından tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktda Cavabdeh2 adının önündəiki yerdə icra edilmiş imza Cavabdeh2 tərəfindən icra edilmişdirmi? 2. Aktın icra edildiyi A4 formatlı kağızda həmin kağızdan daha az ölçüdə (yazının əks olunduğu hissəsində) dördkünc formada kölgənin, eyni zamanda həriflər kölgəli və axınıtılı olmasının açıqlanması verilsin. 3. Qoyulmuş suallardan əlavə, məhkəmə ekspertizasının predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da öz rəyində göstərmək. Qeyd olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi tərəfindən təyin olunmuş ekspertiza üzrə sonuncu rəy düz bir ildən sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və rəy daxil olan günü məhkəmə iclas katibi əlaqə saxlayaraq işin 3 gün sonraya baxış iclası təyin edilməsini bildirmişdir. Həmçinin, bildirir ki, rəyin nəticələri ilə belə razı olsalar da, hakim Tahirə Əsədova tərəfindən ilk iclasdan başlayaraq süründürməciliyə yol verilməklə yanaşı açıqaşkar işin nəticəsi ilə bağlı fikirlərlər səsləndirilmişdir və bu hal məhkəmə zamanı aparılan fasiləsiz audio-video yazıda da öz əksini tapmışdır.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, işin mahiyyətinə əsasən ümumi məhkəmələrdə baxılmalı olduğunu düşünürlər. Analoji işlərlə bağlı qərarları təqdim etmişdirlər. Cavabdeh direktor olduğu müddətdə iddiaçıya zərər dəyib, lakin kooperativ tələb hesab etmirlər. Cavabdehin direktor olması işin mübahisəsiz halıdır. Ali Məhkəmənin həmin işlə bağlı qüvvəyə minmiş qərarı var. Cavabdeh heç kimə məlumat vermədən ASAN imzanı, möhürü götürüb, əmrlər verib. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə cavabdehi işdən azad etmişlər. Həmin zaman da direktor işləyib. Hesab edir ki, tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə yoxdur. Kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Cavabdeh işdən azad edilmə əmrində direktor kimi öz adını yazıb. Xanım direktor kimi işləyib. Bu da qanuni qüvvəsini almış qərarlar da öz əksini tapıb. Cavabdeh Vergi Xidmətində də qanuni təmsilçi kimi qeydə alınıb.
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil2 izahatında bildirdi ki, iddia ərizəsinin əsasında mənimsəmə faktı dayanır. İddia tələbi işçinin vurduğu ziyandan yaranıb. Bu tip işlərə ümumi məhkəmələrdə baxılmalıdır. Vəfa xanımın MMC ilə əmək münasibətləri satıcı kimi rəsmiləşdirilib. Əmək müqaviləsi bildirişindən də görünür ki, Vəfa xanım yalnız satıcı kimi əmək müqaviləsinin bağlanması haqqında bildiriş mövcuddur. Direktor kimi vəzifəsi rəsmiləşdirilməyib. İddiaçı de-fakto satıcılıq fəaliyyətindən əmələ gələn ziyanı tələb edir. Vəfa xanım məsul şəxs statusunda olmayıb. Vəfa xanım özünü satıcı vəzifəsindən azad edib. Direktorluqdan azad edilməkdən söhbət getmir. Vəfa xanımın Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad edilməsi olmayıb. ASAN imzadan istifadə edib. İddiaçı və cavabdeh arasında maddi məsuliyyət haqqında müqavilə mövcud olmamışdır. Vəfa xanım maddi məsuliyyət öhdəliyini daşımasına dair hər hansı sübut təqdim edilməyib.
15. İş üzrə digər Cavabdeh1 işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə Cavabdeh1 iştirakı olmadan baxılması mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
16. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
17. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, iddia ərizəsinin məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə icraata qəbul edildiyi nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
20. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddianın predmetini cavabdehin direktor olduğu dövrdə hüquqi şəxsə vurduğu zərərin ödənilməsi təşkil edir və həmin dövrdə iddiaçının təşkilati – hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olmuşdur.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -49.4-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi, hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması, özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi, səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması hallarından məsuliyyət daşıyır; -49-1.1 və 49-1.1.8-ci maddəsinə əsasən hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. Həmin Məcəllənin 49-1.1.4 və 49-1.1.6-ci maddlərində göstərilən hüquqi şəxslərin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanlarının rəhbərləri hüquqi şəxsə aidiyyəti olan şəxslərdir.
22. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 №-li qərarında qeyd olunmuşdur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır... Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir... Kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər dedikdə təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alğısatqısından ibarət tələblər nəzərdə tutulur.
23. İşin hallarından görünür ki, tələb iddiaçı "xxxx" MMC-nin direktoru olduğu dövrdə Cavabdeh2 vəzifə səlahiyyətlərindən sui-istifadə edərək digər cavabdeh olan Cavabdeh1 ilə birlikdə aptekdən 87258,44 manat məbləğində pul vəsaitini mənimsəməklə və bir qismini adlarına olan müxtəlif bank kartlarına (Leobank, Rabitəbank, Kapital Bank) köçürməklə ələ keçirmələri nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlıdır.
24. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-133/2025 saylı qətnaməsi ləğv edilməklə, iş aidiyyətı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-133/2025 saylı qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iş məhkəmə aidiyyətı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fərrux Qasımov