Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3243/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(010)- 1437/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədəiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25000 manat məbləğində pulun, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat pulun və 30 manat dövlət rüsumunun cəmi 25330 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və əri Eldar Əhmədov 2018ci ildə dekabr ayında ev almaq istəmiş və ünvan 1 ünvanında olan yaşayış evinin satılması barədə internetdıki olan elan onun diqqətini cəlb etmişdir.İddiaçı evə baxıb onu bəyəndikdən sonra evin sahibi Cavabdeh2 ilə evin qiymətini 25.000 manata razılaşmış və Gülərlə görüşərək ona əvvəlcə 500 manat beh, daha sonra isə 24.500 manat evin qalan pulunu vermişdir. Bu barədə Gülər öz əlyazması ilə iddiaçıya qəbz də vermişdir. Bundan sonra Cavabdeh2 özünə yeni ev alanadək həmin evdə yaşamasına möhlət istəmiş, iddiaçı isə ona bir ay vermişdir. Bu müddət keçəndən sonra iddiaçı cavabdehdən bir neçə gün də vaxt istəmiş, lakin müddət çatanda Cavabdeh2 əri Həmidin həbsdən azad olunduqdan sonra onunla əlavə danışıq aparmaq lazım olduğunu bildirmişdir. Bir neçə gün sonra özünü Gülərin əri kimi təqdim edən Həmid adlışəxs iddiaçı və sonuncunun əri Eldarı evinə dəvət etmiş və görüş zamanı aldıqları evin qiymətinin 45.000 manat olduğunu bildirərək əlavə olaraq 20.000 manat pul tələb etmişdir. Əks halda o, Cavabdeh2 tərəfindən 25.000 manat pulun qaytarılmasını bildirmişdir. İddiaçı əlavə pul verə bilməyəcəyini bildirərək ödədiyi pulun qaytarılmasını xahiş etmişdir. Həmid 1 aya pulu qaytaracağına söxz versə də, hələ də pulu qaytarmamışdır. Lakin, həmin vaxtdan bəri bir neçə ay da keçməsinə baxmayaraq öz əli ilə verdiyi pulu Gülərdən və Həmiddən geri ala bilmir. Qeyd edir ki, əvvəlcə Gülər ona evin bütün sənədlərin mövcüd olduğunu və alqı-satqını notarial qaydada sənədləşdirəcəyini bildirmiş, sonradan isə evin heç bir hüquqi sənədi olmadığı məlum olmuşdur. Hər iki cavabdehin əməli barədə polisə müraciət etsə də bunun müsbət nəticəsi olmamışdır. Ona görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(010)- 1437/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 İddiaçı xeyrinə 25000 (iyirmi beş min) manat məbləğində pul, vəkilə hüquqi yardım üçün ödədiyi 300 (üç yüz) manat pul və ödənilmiş dövlət rüsumu 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1437/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin qismən ləğv olunması, iddia tələbinin digər cavabdehə münasibətdə də təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə iddianı qismən təmin edərkən və iddianı Cavabdeh1 münasibətdə rədd edərkən ona istinad etmişdir ki, guya Cavabdeh1 həmin işdə məsuliyyətini təsdiq edən sübut yoxdur. Hesab edir ki, məhkəmənin həmin qətnaməsi qismən əsassız olduğundan qismən ləğv olunmalıdır. Belə ki, iddia tələbində qeyd etdiyi kimi, İddiaçı və əri Eldar Əhmədov 2018-ci ildə dekabr ayında ev almaq istəmişlər. Bunun üçün onlar internetdə axtarış aparmış və Suraxanı rayonunda yerləşən Yuxarı Sabir küçəsi ev 29A ünvanında olan yaşayış evinin satılmasını görmüşlər. Onlar evə baxıb onu bəyəndikdən sonra evin sahibi Cavabdeh2 ilə evin qiymətini 25.000 manata razılaşmışlar və Gülərlə görüşərək ona əvvəlcə 500 manat beh daha sonra isə 24.500 manat evin qalan pulunu vermişlər. Bu barədə Gülər öz əlyazması ilə ona qəbz də verdi. Sonra Gulər ona dedi ki, özünə yeni ev alanadək ona möhlət verilməsini sonra evdən çıxacağını bildirmişdir. İddiaçı ona bir ay vaxt vermiş, bir neçə gün keçdikdən sonra ondan evdən çıxmasını tələb etdikdə o demiş ki, bir neçə gün də vaxt versinlər. İddiaçı bir neçə gün də vaxt verdiyini bildirmişdir. Ondan sonra cavabdeh ona bildirmiş ki, həyat yoldaşı Həmid türmədən çıxıb onunla danışmaq lazımdır. Bir gün özünü Gülərin əri Həmid kimi təqdim edən şəxs onu və əri Eldarı evə dəvət etdi. Həmid görüş zamanı onlara demiş ki, bu evin qiyməti 45.000 manatdır, ya əlavə 20.000 manat pulu versinlər ya da ki 25.000 manatlarını qaytaracaqlar. İddiaçı yalnız pulun verilməsinə razılıq vermiş, Həmid söz vermiş ki, 1 aya pulu verəcək. Lakin, həmin vaxtdan bəri bir neçə ay da keçməsinə baxmayaraq öz əli ilə verdiyi pulu Gülərdən və Həmiddən geri ala bilməmişdir. Qeyd edir ki, əvvəlcə Gülər ona demiş ki, evin bütün hüquqi sənədləri var və onu notarial qaydada sənədləşdirəcəklər. Lakin sonradan məlum olmuş ki, evin heç bir hüquqi sənədi yoxdur. Bir neçə gün əvvəl ona məlum olmuşdur ki, Gülər və onun əri Həmid onlara guya satdığı evi onlardan başqa digər şəxsə də satıb. Qeyd edir ki, bu barədə polisə müraciət etsə də heç bir müsbət nəticəsi olmadı. Lakin, Binəqədi rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli cinayət işi başlanmasının rədd olunması barədə qərarından da göründüyü kimi, evin ona satılması, satışdan əldə olunan 25000 manat pulun bölünməsinə dair bütün hərəkətlər Cavabdeh1 göstərişi əsasında həyata keçirilmişdir. Cavabdeh1 həbsdən qayıtdıqdan sonra isə onların bütün danışıqları əsasın onunla olmuş və o iddiaçıya pulu qaytaracağını bildirmişdir. Bunu digər Cavabdeh2 da öz izahatında bildirmişdir. İşin hallarından göründüyü kimi, hər iki cavabdeh evin iddiaçıya satılmasında birgə sövdələşiblər və pulunu bir yerdə xərcləyiblər. Lakin, məhkəmə həmin halları nəzərə almadığını bildirmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, İddiaçı apellyasiya şikayətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1437/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsini qismən, iddia tələbinin digər cavabdehə münasibətdə də təmin olunmayan hissədə mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarına əlavə edilmiş Cavabdeh2 yazdığı xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh2 adına olan Bakı şəhəri,Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, ev 29 “A” 3 otaqlı evini İddiaçı satdığına görə ondan 25.000 (iyirmi beş min) manat nağd pul almışdır və gələcəkdə Zərifə xanıma heç bir iddiaları olmayacaqdır. Beləliklə də işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh X2 İddiaçı ümumilikdə 25000 (iyirmi beş min) manat məbləğində ünvan 2 ünvanında yerləşən evin alınması ilə bağlı pul ödəsə də, tərəflər arasında həmin əqd bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Qeyd edilən Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yuxarıda qeyd olunanlardan müəyyən olunduğu kimi Cavabdeh2 Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, ev 29 “A” 3 otaqlı evini İddiaçı satması ilə bağlı iddiaçıdan 25.000 (iyirmi beş min) manat nağd pulalaraq öhdəliyi icra etməmiş, bununla da Cavabdeh2 iddiaçının hesabına həmin məbləğ həddində əsassız yerə varlanmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 25000 manat alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul olunmalıdır. Bununla belə, məhkəmə kollegiyası bu gənaətə gəlir ki, iddiaçı tərəfindən Cavabdeh1 qarşı tələb irəli sürülmüş olsa da, iddiaçı həmin şəxsə pul verilməsi, eləcə də sonuncunun iddiaçı qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşımasını təsdiq edən sübut təqdim olunmadığından, belə olduğu halda 1-ci instansiya məhkəməsi haqlı olaraq həmin cavabdehə qarşı idia tələbini əsassız hesab etdiyindən, apellyasiya şikayətinin dəlilləri də əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(010)- 1437/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3243/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3243/2021
08.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver