Məhkəmə qərarları › İş №2(103)-3245/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3245/2024

22.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3245/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: zərərin ödənilməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-619/24 saylı iş üzrə 04 mart 2024cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 22 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Laçın rayonundan məcburi köçkündür və Ağcabədi rayonunda müvəqqəti məskunlaşmışdır. Laçın rayon Qarakeçdi kənd sakinləri X7, X3 və X5 tərəfindən tərtib edilmiş 22 avqust 2023-cü il tarixli aktdan görünür ki, Laçın rayon Qarakeçdi kənd sakini X4 3 baş iribuynuzlu mal qarasını Ağcabədi rayon Taxta körpü Qarakeçdi obasında həmin obaya gedən elektirik naqili qırılaraq iribuynuzlu heyvanları vuraraq öldürmüşdür. Ağcabədi rayon mal-qara alqı-satqı bazarının müdiri tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli rəyə əsasən iri buynuzlu boğaz və balalı inəklərin bazar qiyməti orta hesabla aşağıdakı kimidir: 2 baş balalı inəyin hər biri 1700 manat olmaqla 2x1700=3400 manat; 1 baş boğaz inəyin biri 1300 manat. Cəmi 4700 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə ona dəymiş zərərə görə 4.700 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Laçın rayonundan məcburi köçkün kimi qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə Ağcabədi rayon Taxta körpü ərazisində Laçın rayon Qarakeçdi obası adlanan ərazidə yaşayış olmayan əraziyə gedən elektrik xətti qırılmış və nəticədə ona məxsus 3 (üç) baş iri buynuzlu dəyəri 4700 (dörd min yeddi yüz) manat olan mal-qarasını elektirik cərəyanı vurub öldürmüşdür. Həmin gün hadisə ilə əlaqədar Ağcabədi rayon Elektrik şəbəkəsinə məlumat vermişdir. Ağcabədi rayon Elektirik şəbəkəsinin işçisi hadisə ilə bağlı gəlib həmin əraziyə gedən elektrik naqillərini kəsmişdir. Bununla bağlı Ağcabədi rayon Elektirik şəbəkəsinin müdirinə müraciət etmişdir. Hadisə barədə xəbərlərinin olmamasını bildirərək ona heç bir köməklik edə bilməyəcəklərini bildirmişdir. O, bundan sonra Laçın rayon Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Laçın rayon Prokurorluğu ərizəsini araşdırılması üçün Laçın RPŞ göndərmiş, şöbədə ərizə ilə bağlı araşdırma aparılaraq xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Ağcabədi Elektirik şəbəkəsinin işçisi X6 izahatı alınmış, o, həmin hadisənin baş verdiyini və heyvanların cəsədlərini gördüyünü etiraf etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-619/24 saylı iş üzrə 04 mart 2024cü il tarixli qətnaməsi ilə (hakim Ə.Heydərova) iddia təmin edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096, 1097.1, 1108.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a. Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində iddiaçiya dəymiş ziyan arasında hər hansı səbəb nəticə əlaqəsinin olmasını və cavabdeh “Azərişıq" ASC-nin təqsirinin konkret olaraq nədə ifadə olunmasını müəyyən etməmişdir. Ağcabədi rayonun Taxta Körpü qəsəbəsi, Laçın rayonu, Qarakeçdi obası ərazisində elektrik təchizatı Dövlət Qaçqın və Məcburi Köçkünlər Komitəsi tərəfindən həyata keçirilərək, EVX (elektrik verilişi xətləri) çəkilmiş və 10/0,4 kV-luq transformator məntəqələr quraşdırılmışdır. Taxta Körpü ərazisində yerləşən bütün obaları qidalandıran, o cümlədən Qarakeçdi obasını da qidalandıran 0,4 kV-luq hava xəttləri “Azərişıq" ASCnin balansında deyildir. xx.xx.2023-cü il tarixdə tərtib olunmuş akt hadisənin birbaşa şahidi olan şəxslər tərəfindən deyil, hadisə baş verdikdən sonra onun nəticəsinin şahidi olmuş şəxslər tərəfindən tərtib olunmuşdur. Lakin məhkəmə tərəfindən müvafiq aktın həqiqiliyini müəyyən etmək məqsədilə həmin şəxslərin şahid qismində işə cəlb edilməsini təmin etməmiş və onların hadisə barəsində izahatları alınmamışdır. Həmçinin malqaranın dəqiq ölmə səbəbini özündə əks etdirən Rayon Baytarlıq İdarəsinin müvafiq yarılma protokolu və ya baytar tərəfindən tələf olunmuş heyvanların daxili və xarici müayinəsinin aparılıb aparılmaması, heyvanların yarılması və laboratariyada araşdırılması üçün daxili orqanlarından nümunələrin götürülməsi, heyvanların dərisinin tamlığının pozulması, tələf olmuş mal-qaranın dezinfeksiya edilərək basdırılması və s. bu kimi halları təsdiqləyən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

10. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Apellyasiya baxışının hədləri

12.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 13.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 15.Mövcud mülki mübahisənin həlli ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 16.Mülki Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinin mənasına görə isə, delikt nəticəsində şəxsə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 17.Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 19.Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən müzakirə olunan mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, cavabdehin ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində iddiaçıya münasibətdə mülki hüquq pozuntusu törədilmişdir 20.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə Qaydalarına görə mühafizə zonası - elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəklində minimal məsafələrdir. 21.Həmin Qaydaların 2-ci bəndinə görə bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuların layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburidir. 22.Həmin Qaydaların 3-cü bəndinin b) yarımbəndinə əsasən mühafizə zonası gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri ilə ən yaxın binalar və qurğular,habelə ağaclar və başqa çoxillik bitkilər arasında Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş “Elektrik qurğularını qurma Qaydaları” ilə müəyyən edilmiş minimum yol verilən məsafələrdir. 23.Göründüyü kimi elektrik şəbəkələrinin qorunmasını, onların mühafizə zonasını müəyyən etmək bilavasitə elektrik ötürücü xətlərinin istismarçısının, yəni, hazırki cavabdehin vəzifəsidir. 24.İşdən isə görünür ki, iddiaçıya məxsus 3 (üç) baş iri buynuzlu heyvan elektrik naqillərinin qırılıb yerə düşməsi nəticəsində elektrik cərəyanının vurması nəticəsində tələf olmuşdur. 25.Belə olan halda lazımı qaydada elektrik şəbəkəsinin mühafizəsini təmin etməyən ASC, törətdiyi deliktə görə iddiaçıya vurulmuş zərərin əvəzini ödəməlidir. Birinci instansiya məhkəməsi bu kimi nəticəyə gəlməkdə haqlı olmuşdur. 26.Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, xx.xx.2023-cü il tarixli akt Laçın rayon HSBX idarəsinin ETŞ-nin müdiri Pəhlivan Məmmədov, Laçın rayon HŞBX idarəsinin ÖBİŞ-nin aparıcı mütəxəssisi Heydər Əhmədzadə, özəl baytar həkimi Temir Məmmədov, iddiaçının özü, Səbuhi Şirinov tərəfindən tərtib olunmuş, Laçın Rayon İcra Hakimiyyəti Başçısının Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq olunmuşdur. Həmçinin işə materiallarına Laçın rayon Heyvan sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin müvafiq yarılma protokolları əlavə edilmişdir. Göstərilən sənədlər heyvanların elektrik cərəyanı vurması nəticəsində tələf olmasını təsdiq edir. Cavabdeh elektrik xəttinin onun balansında olmamasını, müvafiq ərazidə enerji təchizatının Dövlət Qaçqın və Məcburi Köçkünlər Komitəsi tərəfindən həyata keçirildiyini bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. 27.Belə ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28.Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. 29.MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 30.Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. 31.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 04 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar