Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-325/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) cavabdehlər “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – MMC), Cavabdeh2, Cavabdeh1 və X1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2017-ci il tarixli qətnamədən cavabdehlər MMC və Dilarə Qədirovanın ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehlərə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən birgə qaydada onun xeyrinə 25.01.2013-cü il tarixli 1343 saylı "xxxx" eyni tarixdə edilmiş 001 saylı "xxxx" əsasən əsas borcun əvəzi olaraq 200.000 manat, əsas borca hesablanmış faiz borcunun əvəzi olaraq 139.300,39 manat, cəmi 339.300,39 manat; "xxxx" 19.06.2014-cü il tarixdə edilmiş 002 saylı "xxxx" əsasən əsas borcun əvəzi olaraq 175.000 manat, əsas borca hesablanmış faiz borcunun əvəzi olaraq 65.218,09 manat, cəmi 240.218,09 manat borcun, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, bildirişin qeydiyyatı üçün ödənilmiş dövlət rüsumu, bank xərci və xidmət haqqının əvəzi olaraq 32 manat məbləğində pulun tutulması; tələbin cavabdeh D.Qədirovanın mülkiyyətində olan və Bakı şəhəri, Yasamal rayonu, 1055-ci məhəllə, K.Kazımzadə küçəsində yerləşən 97 “G” saylı qeyri-yaşayış binasına və Cavabdeh1 məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, 586-cı məhəllə, Z.Xəlilov küçəsində yerləşən 68 saylı evin 14 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların hərracda satılması, satışından əldə olunmuş pul vəsaiti hesabına Banka olan borcun ödənilməsi, əmlaklar satıldıqdan sonra həmin mənzillərdə qeydiyyatda olan və ya yaşayan şəxslərin mənzillərdən ən geci 1 ay ərzində çıxarılmaları (mənzillərdən köçürülmələri və rəsmi pasport qeydiyyatlarının ləğv edilmələri) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Bank Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbində göstərilən faiz məbləğləri içərisində müqavilə müddətinin bitdiyi tarixindən 22.11.2017-ci il tarixədək olan müddətdə pul öhdəliyinin gecikdirilməsinə görə qanunla müəyyən edilmiş illik 5% miqdarının nəzərə alınaraq tutulmasını xahiş etmişdir. İddia əsasında icraatı başlanmış mülki işə baxmış Rayon Məhkəməsi 14.12.2017-ci il tarixli qətnamə (İş № 2(009)-297/2017) ilə iddianın qismən təmin edilməsini, cavabdehlər MMC, Cavabdeh2 və Cavabdeh1 iddiaçı Bankın xeyrinə 25.01.2013-cü il tarixli 001 saylı “Razılaşma” üzrə 200.000 manat əsas, 58.963,85 manat faiz (30.713,86 manat kapital və 28.249,99 manat gecikdirmə faizi) olmaqla, cəmi 258.963,85 manat məbləğində borcun; 19.06.2014-cü il tarixli 002 saylı “Razılaşma” üzrə 175.000 manat əsas, 50.820 manat faiz (29.601,25 manat kapital və 21.218,75 manat gecikdirmə faizi) olmaqla, cəmi 225.820 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 60 manat dövlət rüsumunun müştərək qaydada tutulmasını; tutmanın ipoteka predmetləri, yəni D.Qədirovaya məxsus qeyriyaşayış binasına və Cavabdeh1 məxsus olan mənzilə yönəldilməsini, həmin daşınmaz əmlakların açıq hərracdan satılmasını və satışdan əldə edilə biləcək pul vəsait hesabına Bankın təmin edilmiş tələblərinin ödənilməsini; adları çəkilən daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay müddətində D.Qədirovanın qeyri-yaşayış binasından, Cavabdeh1 isə mənzilindən çıxarılmalarını; Bankın xeyrinə tutulmalı olan borc ödənildikdən sonra artıq qala biləcək pul vəsaitinin qalan hissəsinin müvafiq olaraq D.Qədirova və Cavabdeh1 qaytarılmasını; iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pulun MMC, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməsini, iddianın qalan hissələrdə təmin edilməməsini qət etmişdir. Cavabdeh D.Qədirova həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli qətnaməsi (İş № 2(103)-681/2019) ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Rayon Məhkəməsinin qətnaməsinin tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməklə hərraca çıxarılması hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan və D.Qədirovaya məxsus qeyri-yaşayış binasının açıq hərracdan satılması üçün ilkin satış qiymətinin 409.000 manat və Cavabdeh1 mülkiyyətində olan mənzilinin hərracdan ilkin satış qiymətinin isə 260.000 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə D.Qədirovaya münasibətdə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 500 manatın D.Qədirovadan tutularaq "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər MMC və D.Qədirovanın ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş 30.10.2019-cu il tarixli qərarla (İş № 2(102)-6699/2019) kassasiya şikayətlərinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi 16.01.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən yenidən baxılarkən cavabdeh MMC Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, əsas, faiz və cərimə borcunun məbləğinin ekspertiza keçirilməklə düzgün müəyyən edilməsi və əsassız hesablanmış borcun ləğv edilməsi, habelə ipoteka predmetlərinin ədalətli qiymətləndirilməsi, onların ilkin satış qiymətlərinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmənin qərardadı ilə MMC-nin apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında yenidən baxan Məhkəmə bildirir ki, Bankın iddia tələbi onunla əsaslandırılmışdır ki, MMC ilə Bank arasında bağlanmış 25.01.2013-cü il tarixli 1343 saylı "xxxx" eyni tarixdə edilmiş 001 saylı "xxxx" əsasən dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün MMC-yə 24 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 200.000 manat məbləğində, həmin "xxxx" 19.06.2014-cü il tarixdə edilmiş 002 saylı "xxxx" əsasən həmin məqsəd üçün MMC-yə 12 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 175.000 manat məbləğində kredit verilmişdir. “Kredit xətti müqaviləsindən” irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Bank ilə D.Qədirova və MMC arasında bağlanmış 25.01.2013-cü il tarixli 1343 saylı “İpoteka müqaviləsinə” əsasən, D.Qədirovanın mülkiyyətində olan qeyriyaşayış binasını Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bank ilə Cavabdeh1 və MMC arasında bağlanmış 19.06.2014-cü il tarixli 1343/01 saylı “İpoteka müqaviləsinə” əsasən isə Cavabdeh1 mülkiyyətində olan mənzili Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, “Kredit xətti müqaviləsindən” irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh1 ilə Bank arasında bağlanmış 19.06.2014-cü il tarixli 1343 saylı "xxxx" əsasən onlar borcalan MMC-nin öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərilərinə götürmüşlər və həmin kredit müqaviləsi üzrə olan öhdəliyə borclu ilə birgə məsuliyyət daşıyırlar. Lakin cavabdeh MMC müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Hazırda borclu olan MMC-nin və zaminləri Banka 25.01.2013-cü il tarixli 1343 saylı "xxxx" eyni tarixdə edilmiş 001 saylı "xxxx" əsasən 200.000 manat əsas, 139.300,39 manat faiz olmaqla, cəmi 339.300,39 manat, "xxxx" 19.06.2014-cü il tarixdə edilmiş 002 saylı "xxxx" əsasən 175.000 manat əsas, 65.218,09 manat faiz olmaqla, cəmi 240.218,09 manat məbləğində ödənilməmiş borcu qalmaqdadır. İş üzrə cavabdeh MMC-nin iddiaya etirazı və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Bank tərəfindən borcun miqdarı şişirdilmişdir. Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, əsas, faiz və cərimə borcuna düzgün hüquqi qiymət verilməmişdir. Rayon Məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə MMC-yə lazımi qaydada məlumat verməmiş, birtərəfli araşdırma aparmışdır. Bundan başqa, ipoteka predmetlərinin qiymətləndirilməsi aparılmamış, ilkin satış qiyməti müəyyən edilməmişdir. İş üzrə cavabdeh D.Qədirovanın iddiaya etirazı və apellyasiya şikayəti isə belə əsaslandırılmışdır ki, Rayon Məhkəməsi cavabdehin iştirakını təmin etməmiş, məhkəmə çəkişməsi aparmamış, cavabdehlər tərəfindən borcun hansı həcmdə qaytarılmasını araşdırmamışdır. Bundan başqa, Rayon Məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən etməmiş və ipoteka haqqında qanunun qeyd edilən tələblərini pozmuşdur. Apellyasiya baxışının əvvəlki iclaslarında iştirak etmiş cavabdeh MMC-nin vəkili (nümayəndəsi) X3 MMC-nin şikayətinin dəlillərini müdafiə edərək, MMC-nin şikayətinin məzmununa uyğun izahat vermişdir. İşə apellyasiya qaydasında baxılmanın sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə cavabdeh MMC, habelə bütün iclasların yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə digər cavabdehlər apellyasiya baxışına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı Bankın nümayəndəsi X4 apellyasiya baxışında iştirak edərək, şikayətlərin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsi və əmlakların açıq hərracdan satılması hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçı Bank ilə cavabdeh MMC arasında bağlanmış 25.01.2013-cü il tarixli 1343 nömrəli “Kredit xətti müqaviləsindən” görünür ki, Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün borcalan MMC-yə 800.000 manat və ya ona ekvivalent olan digər valyuta məbləğində bərpa olunan kredit xətti açmağı öhdəsinə götürmüşdür. İddiaçı Bank ilə cavabdeh MMC arasında bağlanmış 25.01.2013-cü il tarixli 001 saylı "xxxx" və işdə olan digər sənədlərdən görünür ki, bu razılaşmaya əsasən MMC 200.000 manat məbləğində pulu illik 17% dərəcəsi ilə 24 ay müddətinə aybaay, hissəhissə qaytarmaq şərti ilə Bankdan borc götürmüşdür. İddiaçı Bank ilə cavabdeh MMC arasında bağlanmış 19.06.2014-cü il tarixli 002 saylı "xxxx" və işdə olan digər sənədlərdən görünür ki, bu razılaşmaya əsasən MMC 175.000 manat məbləğində pulu illik 17% dərəcəsi ilə 24 ay müddətinə aybaay, hissəhissə qaytarmaq şərti ilə Bankdan borc götürmüşdür. Bank ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və MMC arasında bağlanmış 19.06.2014-cü il tarixli 1343 nömrəli "xxxx" görünür ki, Bankla borcalan MMC arasında bağlanmış 25.01.2013-cü il tarixli 1343 nömrəli "xxxx" əsasən 800.000 manat və ya ona ekvivalent olan digər valyuta məbləğində bərpa olunan kredit xəttini, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi Cavabdeh1 və Cavabdeh2 borcalan MMC-nin Bank qarşısında üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirilməsinə görə Bank qarşısında MMC ilə birgə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Bank ilə cavabdehlər D.Qədirova və MMC arasında bağlanmış 25.01.2013-cü il tarixli 1343 nömrəli “İpoteka müqaviləsindən” görünür ki, D.Qədirova özünə məxsus olan və ünvan 1 ünvanında yerləşən 277.1 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasını 1343 saylı 25.01.2013-cü il tarixli “Kredit xətti müqaviləsinin” təminatı olaraq Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bank ilə cavabdehlər Cavabdeh1 və MMC arasında bağlanmış 19.06.2014-cü il tarixli 1343/01 nömrəli “İpoteka müqaviləsindən” görünür ki, Cavabdeh1 özünə məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, 586-cı məhəllə, Z.Xəlilov küçəsi, ev 68-də yerləşən 14 saylı mənzili 25.01.2013-cü il tarixli “Kredit xətti müqaviləsinin” təminatı olaraq Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışlardan” görünür ki, yuxarıda qeyd edilən daşınmaz əmlakların ipoteka ilə yüklülüyü dövlət reyestrində qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən müəyyən edilir və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, iddiaçı Bank ilə cavabdeh MMC arasında bağlanmış 25.01.2013-cü il tarixli, 1343 saylı "xxxx" əsasən, Bank tərəfindən MMC-yə 60 ay müddətinə 800.000 manat məbləğində bərpa edilən kredit xətti açılmışdır. Həmin müqavilə çərçivəsində 25.01.2013cü il tarixdə bağlanmış 001 saylı "xxxx" əsasən dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün MMC-yə 24 ay müddətinə illik 17 faiz ödəmək şərtilə 200.000 manat məbləğində, 19.06.2014-cü il tarixdə bağlanmış 002 saylı "xxxx" əsasən isə eyni məqsədlə MMC-yə 12 ay müddətinə illik 17 faiz ödəmək şərtilə 175.000 manat məbləğində kredit verilmişdir. "xxxx" irəli gələn MMC-nin öhdəliklərin icrasının təmini üsulu kimi Bank ilə D.Qədirova və MMC arasında bağlanmış 25.01.2013-cü il tarixli 1343 saylı “İpoteka müqaviləsinə” əsasən, D.Qədirovanın mülkiyyətində olan qeyri-yaşayış binası və Bank ilə Cavabdeh1 və MMC arasında bağlanmış 19.06.2014-cü il tarixli 1343/01 saylı “İpoteka müqaviləsinə” əsasən Cavabdeh1 mülkiyyətində olan mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, “Kredit xətti müqaviləsindən” irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Bank ilə Cavabdeh2, Cavabdeh1 və MMC arasında bağlanmış 19.06.2014-cü il tarixli 1343 saylı "xxxx" əsasən onlar borcalan MMC-nin öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərilərinə götürmüşlər və həmin kredit müqaviləsi üzrə olan öhdəliyə borclu ilə birgə məsuliyyət daşıyırlar. Lakin borclu olan MMC və zaminlər müqavilələrin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişlər. İddiaçı Bank borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehlərə xəbərdarlıq etmiş və ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İşin hallarını nəzərə almış Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 472, 739.1 və 741-ci maddələrini tətbiq etməklə borclu MMCdən və zaminlərdən müştərək qaydada mövcud borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir. İşin qeyd edilən halları apellyasiya icraatı zamanı da təsdiq edildiyindən Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 maddələrinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cı maddəsinə görə, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsinin gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən qənaəti əsaslıdır. İş üzrə tərəflər arasında mübahisə doğuran hal borcun miqdarının düzgün müəyyən edilib-edilməməsi ilə bağlıdır. İddiaçı Bank bildirir ki, hazırda borclunun və zaminlərin Banka 25.01.2013-cü il tarixli 001 saylı “Razılaşma” üzrə 200.000 manat əsas, 139.300,39 manat faiz olmaqla, cəmi 339.300,39 manat, 19.06.2014-cü il tarixli 002 saylı “Razılaşma” üzrə isə 175.000 manat əsas, 65.218,09 manat faiz olmaqla, cəmi 240.218,09 manat məbləğində ödənilməmiş borcları mövcuddur. Apellyatorlar isə borcun miqdarının şişirdildiyini və düzgüm müəyyən edilmədiyini bildirirlər. İş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi Bankın borcludan və zaminlərdən tutulmasını tələb etdiyi məbləğlərin şişirdilmiş olub-olmamasını araşdırmaq üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22.11.2017-ci il tarixli 18103 saylı rəyini almışdır. Həmin rəydən görünür ki, 25.01.2013-cü il tarixli 001 saylı “Razılaşma” üzrə 200.136,12 manat əsas borc, 25.01.2015-ci il tarixə isə 30.713,86 manat faiz borcu; 19.06.2014-cü il tarixli 002 saylı “Razılaşma” üzrə 175.000 manat əsas borc və 19.06.2015-ci il tarixə isə 29.601,25 manat faiz borcu yaranmışdır. Göstərilənləri və işin hallarını nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi ekspert rəyini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 399.3-cü, 399.4-cü, 445-ci və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli qərarında əks olunmuş mövqeyini əsas götürərək, MPM-nin 218.3-cü maddəsinin tələblərinə əsasən, iddiaçının əsas borc tələbini iddia ərizəsində göstərilən məbləğdə, kapital faizinin (puldan istifadə haqqı) tutulmasını isə ekspertiza rəyində göstərilən miqdarda təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda, kreditorun borc müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etməkdə haqlı olmasını nəzərə almış Rayon Məhkəməsi bu hissədə də iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. Çünki belə gecikdirmə nəticəsində kreditora zərər vurulur. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, kreditor gecikdirilmiş vaxt üçün illik beç faiz ödənilməsini tələb etmək hüququna malikdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, banklar əsasən bağladıqlar kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərir və kreditin, ona hesablanmış faizlərin vaxtında qaytarılmaması bankları bu məbləği dəyərləndirmək imkanından məhrum edir. Belə olan halda, Bankın 25.01.2013-cü il tarixli 001 saylı “Kredit razılaşmasının” icra müddətinin bitdiyi 25.01.2015-ci il tarixdən 22.11.2017-ci il tarixədək olan gecikdirilmiş müddət (1017 gün) üçün 200.000 manat əsas borcun illik beş faizi məbləğində, yəni (200.000 x 5% : 360 x 1017 =) 28.249,99 manat məbləğində; eləcə də 19.06.2014-cü il tarixli 002 saylı “Kredit razılaşmasının” icra müddətinin bitdiyi 19.06.2015-ci il tarixdən məhkəmə-mühasibatlıq ekspertizası rəyinin verildiyi 22.11.2017-ci il tarixədək olan gecikdirilmiş müddət (873 gün) üçün 175.000 manat əsas borcun illik beş faizi məbləğində, yəni (175.000 x 5% : 360 x 873 =) 21.218,75 manat məbləğində gecikmə faizinin tələb etməsi haqlı sayılmalıdır. Rayon Məhkəməsi borcun məbləğini düzgün müəyyən etmişdir. Apellyasiya şikayətlərinin borcun məbləği ilə bağlı dəlilləri formal mülahizə xarakteri daşıyır, cavabdehlər Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş borcun məbləğini şübhə altına ala biləcək hər hansı sübutu məhkəmələrə təqdim etməmişlər. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətlərinin müzakirə edilən dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsi və hərracdan satılması barədə Bankın tələbi ilə bağlı bildirir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə görə, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 295-ci maddəsinə görə, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Məcəllənin 279-cu maddəsinə görə, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Qeyd edilən maddi hüquq normalarına əsasən, Məhkəmə hesab edir ki, tutma ipoteka predmeti olan əmlaklara yönəldilməli, həmin əmlaklar satılması üçün açıq hərraca çıxarılmalıdır. İşin hallarını və qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçı Bankın iddiasının “tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə” hissəsini əsaslı hesab edərək təmin etməkdə haqlı olmuşdur. Lakin bununla yanaşı Məhkəmə bildirir ki, “İpoteka haqqında” Qanunun 39-cu maddəsinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qəbul etdiyi qərarda ipoteka predmetinin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşə baxmış Rayon Məhkəməsi Qanunun bu tələbini pozmuş və ipoteka predmetlərinin ilkin satış qiymətlərini müəyyən etməmişdir. Odur ki, Rayon Məhkəməsinin qətnaməsi müzakirə edilən hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. İş materiallarından görünür ki, Bank ilə ipoteka qoyanlar ipoteka predmeti olan və D.Qədirovaya məxsus qeyri-yaşayış binasının 180.000 manat, Cavabdeh1 məxsus mənzili isə 260.000 manat məbləğində qiymətləndirilməsi barədə razılığa gəlsələr də, hazırda həmin qiymətlər apellyasiya şikayətləri ilə mübahisələndirilir. Əvvəlki apellyasiya baxışı zamanı "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 12.12.2018-ci il tarixli, MB 11/1170 nömrəli “Qiymətləndirmə hesabatından” görünür ki, D.Qədirovaya məxsus qeyri-yaşayış sahəsinin hazırki bazar qiyməti 409.000 manat, Cavabdeh1 məxsus mənzilin hazırki bazar qiyməti isə 240.000 manat təşkil edir. Məhkəmə hər iki əmlakın qiymətləndirilməsindən 2 ilə yaxın vaxt keçməsini, bu müddətdə daşınmaz əmlak bazarında əmlakların qiymətlərində dəyişikliyin baş verməsi ehtimalının böyük olmasını nəzərə alaraq 31.05.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını "xxxx" Qiymətləndirmə Şirkətinə həvalə etmişdir. Lakin əmlak sahibləri olan ipoteka qoyan cavabdehlər tərəfindən əmlaklara baxış keçirilməsinə şərait yaradılmadığı üçün qiymətləndirmənin aparılması mümkün olmamışdır. Bununla da müəyyən edilir ki, onlar qiymətləndirmə ekspertizasının keçirilməsinə mane olmuşlar. Bunu nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin 97.5-ci maddəsinə görə, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göstərilən səbəbdən Məhkəmə "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 12.12.2018-ci il tarixli MB 11/1170 nömrəli qiymətləndirmə aktını əsas götürərək hesab edir ki, D.Qədirovaya məxsus qeyri-yaşayış sahəsinin hərracdan ilkin satış qiyməti 409.000 manat müəyyən edilməlidir. Məhkəmə, Cavabdeh1 məxsus mənzilin hərracdan ilkin satış qiyməti ilə bağlı bildirir ki, ipoteka müqaviləsində həmin mənzilin qiyməti 260.000 manat müəyyən edilmişdir. Lakin ekspert rəyində 240.000 manat müəyyən edilmişdir. İşin bu halına münasibətdə Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış “İpoteka müqaviləsində” mənzilin ilkin satış qiyməti 260.000 manat müəyyən edildiyindən və bu hal iddiaçı Bank tərəfindən mübahisələndirilmədiyindən mənzilin hərracdan ilkin satış qiyməti 260.000 manat müəyyən edilməlidir. İpoteka qoyan cavabdehlər qiymətləndirmə ekspertizasının keçirilməsinə mane olduqlarından hesab edilməlidir ki, əmlakların ilkin satış qiyməti ilə bağlı apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Məhkəmə iddianın qalan hissəsi ilə bağlı qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qeyd edilən maddi hüquq normasının hazırki mübahisənin həllinə tətbiqi nəticəsində Məhkəmə hesab edir ki, iddia tələbi “ipoteka predmeti satıldıqdan 1 ay sonra cavabdehlərin həmin sahələrdən çıxarılması” hissəsində əsaslıdır. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəmə müzakirə edilən bu tələbi təmin etməkdə haqlı olmuşdur. Məhkəmə, apellyasiya şikayətlərinin cavabdehlərin məhkəmə iclası barədə məlumatlandırılmaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, mülki iş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəmə məhkəmə baxışı iclasları barədə məhkəmə bildirişlərini cavabdehlər göndərmiş, məhkəmə baxışı iclasının vaxtı və yeri barədə xəbərdarlıqlar etmişdir. Buna baxmayaraq cavabdehlər məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Məhkəmə bildirir ki, MPM-nin 138-ci maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir (maddə 138.1.). İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar (maddə 138.2.). İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (maddə 138.3.). Zərurət olduqda və qanunla nəzərdə tutulmuş hallarda işdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları məhkəmə bildirişinin məzmununun ötürülməsini təmin edən rabitə vasitələrindən istifadə edilməklə, eləcə də məhkəmənin tapşırığı ilə məhkəmə işçisi tərəfindən xəbərdar edilə, yaxud çağırıla bilərlər (maddə 138.4.). MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehlərin çəkişmə prinsipinin pozulması ilə bağlı dəlilləri əsassızdır. Məhkəmə qətnaməsi çəkişmə şəraitində qəbul edilmiş sayılır. Beləliklə Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qismən, yəni tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməklə hərraca çıxarılması hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, tutma ipoteka predmetləri olan D.Qədirovaya məxsus Bakı şəhəri, Yasamal rayonu, 1055-ci məhəllə, K.Kazımzadə küçəsində yerləşən 97G saylı qeyri-yaşayış binasına və Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 586-cı məhəllə, Z.Xəlilov küçəsində yerləşən 68 saylı evin 14 saylı mənzilinə yönəldilməli, həmin daşınmaz əşyalar açıq hərracdan satılmalı, ipoteka predmeti olan D.Qədirovaya məxsus Bakı şəhəri, Yasamal rayonu, 1055-ci məhəllə, K.Kazımzadə küçəsində yerləşən 97G saylı qeyri-yaşayış binasının ilkin satış qiyməti 409.000 manat və Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 586-cı məhəllə, Z.Xəlilov küçəsində yerləşən 68 saylı evin 14 saylı mənzilinin ilkin satış qiyməti 260.000 manat məbləğində müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 500 manat məbləğində pul cavabdehlər MMC və cavabdeh D.Qədirovadan müştərək qaydada tutularaq "xxxx" MMCnin hesabına köçürülməli, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Hər iki apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2017-ci il tarixli qətnamə qismən, yəni “tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməklə hərraca çıxarılması” hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Tutma cavabdeh X1 məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, 1055-ci məhəllə, K.Kazımzadə küçəsində yerləşən 97 “G” saylı qeyri-yaşayış binasına, Cavabdeh1 məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, 586-cı məhəllə, Z.Xəlilov küçəsində yerləşən 68 saylı evin 14 saylı mənzilinə yönəldilsin və həmin daşınmaz əmlaklar açıq hərracdan satılsın. X1 məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, 1055-ci məhəllə, K.Kazımzadə küçəsində yerləşən 97 “G” saylı qeyri-yaşayış binasının açıq hərracdan satılması üçün ilkin satış qiyməti 409.000 (dörd yüz doqquz min) manat, Cavabdeh1 məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, 586-cı məhəllə, Z.Xəlilov küçəsində yerləşən 68 saylı evin 14 saylı mənzilinin açıq hərracdan satılması üçün ilkin satış qiyməti 260.000 (iki yüz altmış min) manat məbləğində müəyyən edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2017-ci il tarixli qətnamə qalan hissədə, yəni iddianın qismən təmin edilməsi, cavabdehlər MMC, Cavabdeh2 və Cavabdeh1 iddiaçı Bankın xeyrinə 25.01.2013-cü il tarixli 001 saylı “Razılaşma” üzrə 200.000 manat əsas, 58.963 manat faiz olmaqla, cəmi 258.963,85 (iki yüz əlli səkkiz min doqquz yüz altmış üç) manat 85 (səksən beş) qəpik məbləğində borcun; 19.06.2014-cü il tarixli 002 saylı “Razılaşma” üzrə 175.000 manat əsas, 50.820 manat faiz olmaqla, cəmi 225.820 (iki yüz iyirmi beş min səkkiz yüz iyirmi min) manat məbləğində borcun, iddia ərizəsinin verilməsi və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun müştərək qaydada tutulması; ipoteka predmetləri olan daşınmaz əmlakların açıq hərracdan satılması nəticəsində əldə oluna biləcək pul vəsait hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi; ipoteka predmetləri olan daşınmaz əmlaklar açıq hərracdan satıldığı halda onların 1 ay müddətində D.Qədirovanın qeyri-yaşayış binasından, Cavabdeh1 isə mənzilindən çıxarılmaları; Bankın xeyrinə tutulmalı olan borc ödənildikdən sonra artıq qala biləcək pul vəsaitinin qalan hissəsinin müvafiq olaraq D.Qədirova və Cavabdeh1 qaytarılmasını; iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pulun MMC, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməsini, iddianın qalan hissələrdə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmə ekspertizasının xərcini təşkil edən 500 (beş yüz) manat məbləğində pul cavabdehlər “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti və X1 aid edilsin və həmin məbləğ onlardan müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (Bank hesabı: H/h № AZ34AZEG********************; VÖEN: **********; "xxxx" ASC, Kod: 505817, VÖEN **********; müxbir hesab: AZ75NABZ********************; S.W.İ.F.T. BİK: AZEGAZ22) köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-325/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-325/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver