Məhkəmə qərarları › İş №2(103)-3251/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3251/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3251/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2(004)-648/2013 saylı qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü tarixli, 2(004)-648/2013 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Cavabdeh3 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü tarixli, 2(004)-648/2013 saylı qətnaməsindən şikayət verilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5388/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-648/2013 nömrəli qərardadı ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü tarixli, 2(004)- 648/2013 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən ərizə və məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilərək, qeyd olunan qətnamədən şikayət verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, sözügedən məhkəmə prosesinin gedişatı barədə Cavabdeh3 məlumatı olmamış və məhkəmə qətnaməsi onun ünvanına göndərilməmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin verilməsi müddəti üzrlü səbəbdən ötürülmüşdür. Göstərilənlər nəzərə alınmaqla prosessual müddət bərpa edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2(004)-648/2013 saylı qərardadı Cavabdeh3 ərizəsi təmin olunmamış, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər Cavabdeh3 geri qaytarılmışdır. Hazırda həmin qərardaddan Cavabdeh3 tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsi və üzürlü səbəblərə görə buraxılmış apellyasiya şikayəti üzrə müddət bərpa edilərək icraat mümkün hesab edilməklə işin apellyasiya icraatına götürülməsinin təmin edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materialarında qətnamənin cavabdehə çatdırılmasını təsdiq edən poçt bildirişi və ya hər hansı digər dəlil və sübut mövcud olmadığı halda hakim hesab etmişdir ki, apelyasiya şikayəti üzrə üzürlü səbəblərə görə ötürülmüş müddət bərpa edilə bilməz. Bununla da hakimin qərarı prosessual və maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və pozulması ilə çıxarılmışdır. Bundan öncədə apelyasiya şikayətində və buraxılmış müddətin bərpasına dair ərizədə qeyd edildiyi kimi ədalətli məhkəmə baxışının əsas prinsiplərindən olan çəkişmə prinsipi pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2(004)-648/2013 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Hazırda Cavabdeh3 ərizədə eləcə də şikayətində qeyd edir ki, mübahisələndirdiyi qətnamənin ona çatdırılması barədə iş materiallarında hər hansı sübut mövcud deyil. Məhkəmə kollegiyası göstərilən halların mövcudluğu baxımından şikayətin Azərbaycan Respublikası MPM-nin müvafiq tələbinə görə qətnamə cavabdehə rəsmi qaydada çatdırılmalıydı və bunu təsdiq edən poçt bildirişi mövcud olması, çəkişmə prinsipinin pozulması, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməyərək pozulduğu ilə bağlı dəlillərinin əsassız olması qənaətinə gəlir və birinci instansiya məhkəməsinin 11 illik müddətdən sonra buraxılmış müddətin bərpası hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipinə uyğun hesab edilməməsinə dair nəticəsi ilə razılaşır. Belə ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5388/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-648/2013 nömrəli qərardadı ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Sözügedən qərardad xx.xx.2023-cü il tarixdə saat 09:36-da Cavabdeh3 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. İş materiallarından görünür ki, hazırki buraxılmış prosessual müddətin bərpasına dair ərizə apellyasiya şikayəti ilə birlikdə 5 (beş) ay sonra, xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanlanmışdır. xx.xx.2017 “Məhəmmədov və digərləri Rusiyaya qarşı” iş üzrə 28 mart 2017-ci il tarixli qərarında isə həmin məhkəmə vurğulamışdır ki, “...Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir. ...Ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir”. Göründüyü kimi qətnamənin artıq icraya yönəldilməsi, apellyasiya şikayətinin qətnamənin çıxarılmasından uzun müddət sonra verilməsi belə qənaətə gəlməyə əsas verir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti Cavabdeh3 tərəfindən ötürülmüşdür. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün isə ötürülmüş prosessual müddətin üzrlü səbəbləri barədə hər hansı sübut təqdim etməmişdir. Nəticə etibarilə cavabdeh qanunvericiliklə müəyyən edilmiş müddət ərzində apelyasiya şikayətini vermək iqtidarında olmamasını sübut edəcək hər hansı dəlil, sübut da təqdim etməmişdir. Məhkəmə kollegiyası şikayətin qətnamə çıxarılmasından 11 il müddət keçdiyi üçün buraxılmış müddət bərpa edilə bilməməsi ilə bağlı qanunvericilikdə bu cür əsaslandırmanın ümumiyyətlə olmamasına dair dəlillərinə münasibətdə isə qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.aid edilə bilər. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Cavabdehin isə qətnamənin qəbul edilməsindən, həmçinin qətnamənin icraya yönəlməsindən keçən uzun müddət ərzində qəbul edilmiş qətnamədən məlumatlı olmaması ağlabatan hesab edilmir, həmçinin keçən bu müddət ərzində qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmiş, müddətin bərpasından imtina ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 tərəfindən verilmiş şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2(004)-648/2013 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar