Məhkəmə qərarları › İş №2(103)-3253/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3253/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3253/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1382/2025 saylı, 03 aprel 2025-ci il tarixli qərardadından Cavabdeh şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xeyrinə 5187,8 manat əsas, 673,94 manat faiz, cəmi 5861,74 manat borcun və 79 manat dövlət rüsumuna görə xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək mülki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş edib göstərib ki, cavabdeh İddiaçı ASC-yə qarşı kredit müqavilələrinin etibarsız hesab edilməsi iddia tələbi üzrə məhkəmə mübahisəsi davam etməkdədir və Nərimanov Rayon Məhkəməsinin icraatındadır (işin nömrəsi: 2(005)-1924/2025). Hazırki mülki iş üzrə tam obyektiv və düzgün qətnamə çıxarılması üçün iş üzrə icraat dayandırmalı və ilkin olaraq Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1924/2025 saylı mülki iş üzrə məhkəmə mübahisəsi üzrə yekun məhkəmə aktı çıxarılmalıdır. Müqavilə üzrə öhdəliyin icra edilməsi üçün, ilkin olaraq həmin müqavilənin etibarlı olub-olmaması barədə mübahisə həll edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1382/2025 saylı, 03 aprel 2025-ci il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilməmişdir. Cavabdeh şikayət verərək qərardadın ləğv edilib mülki iş üzrə icraatın dayandırılması barədə vəsatətinin təmin edilməsini xahiş edib. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1382/2025 saylı, 18 aprel 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyib və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələbinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə... göndərilir. Həmin Məcəllənin 395.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Həmin Məcəllənin 395.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Həmin Məcəllənin 396-cı maddəsinə əsasən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Əvvəla ona görə ki, MPM-in 395.1-ci maddəsində birinci instansiya məhkəməsinin hansı qərardadlarından şikayət verilə bilməsi dəqiq müəyyən edilmişdir. Başqa sözlə, hansı qərardadlardan ki, şikayət verilə bilər, onlar MPM-də konkret göstərilmişdir. Eyni zamanda elə qərardadlar da ola bilər ki, onlardan şikayət verilməsi Məcəllədə birbaşa göstərilməsə də, işin sonrakı hərəkətlərinə mane olur. Bu hallarda, yəni işin sonrakı hərəkətlərinə maneə olduğu halda həmin qərardadlardan şikayət verilə bilər. Buna görə də, MPM-in 395.2-ci maddəsinin imperativ tələbinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Göründüyü kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1382/2025 saylı, 03 aprel 2025-ci il tarixli qərardadı MPM-in 395.1-ci maddəsində nəzərdə tutulan qərardadlara aid olmadığı, əksinə 395.2-ci maddəsində nəzərdə tutulan qərardadlardan olduğu işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi isə bu cür qərardadı ayrıca akt formasında qəbul edib(baxmayaraq ki, buna lüzum yox idi), üstəlik nəticə hissəsində qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilməsinin mümkünlüyünü də izah edib. Bu azmış kimi birinci instansiya məhkəməsi cavabdehin həmin qərardaddan verdiyi şikayəti geri qaytarmaq əvəzinə MPM-in 269-cu maddəsinə əsasən mahiyyəti üzrə baxaraq onu təmin etməyib baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 269, 395, 396.1, 397.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1382/2025 saylı, 03 aprel 2025-ci il tarixli qərardadından Cavabdeh şikayəti şikayəti geri qaytarılması üçün həmin Məhkəməyə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar