Məhkəmə qərarları › İş №2(103)-3256/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3256/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3256/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi-vəkili X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4806/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 4765.72 manat əsas, 437.37 manat faiz borcunun, cəmi 5203.09 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2018-ci il tarixli 118MOR********** saylı kredit müqaviləsinə əsasən bank borcluya 33 ay müddətinə, illik 26.84 % olmaqla 6200 manat məbləğində kredit vermişdir. Həmçinin Bank ilə Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmış, sonuncu kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borclu bank qarşısında öhdəliklərini icra etməmiş, nəticədə Banka tələb olunan məbləğdə borcu yaranmışdır. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4806/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qeyd olunan qətnamədən iş üzrə Cavabdeh1 şikayət verərək onun ləğv edilməsini, iddianın qismən (ekspert rəyinə uyğun) təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında cavabdehlərin iştirakı təmin edilməyib. Ona görə də bankın tələblərini əsaslandırdığı dəlillər barədə məlumat ala və buna qarşı müdafiəni təşkil edə bilməyib. Məhkəmə iş üzrə ekspertiza təyin etmədən iddianı təmin edib. Məhkəmənin istinad etdiyi maliyyə arayışında bütün ödənişlər nəzərə alınmayıb. Ona görə də ekspertiza təyin olunmaqla həmin məbləğ azaldılmalıdır. Apellyasiya baxışı zamanı Cavabdeh1 nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək həmçinin bildirdi ki, Bankın təqdim etdiyi çıxarışdan görünür ki, cavabdeh 7000 manat ödəniş edib. Cavabdeh ödənişləri qətnamə çıxarılana kimi icra edib. Ödənişlər terminalla aparıldığı üçün qəbzlər cavabdehdə qalmayıb. Nümayəndə-vəkil şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi şikayətə etiraz edərək və yeni maliyyə arayışı təqdim edərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh1 aid hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, iddiaçı və digər cavabdeh qətnaməni mübahisələndirməmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə əsas borcun məbləği hissəsində dəyişdirilməlidir. İşdə olan sənədlərlə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 118MOR********** saylı kedit müqaviləsinə əsasən bank borcalana 33 ay müddətinə, illik 26.84 % olmaqla 6200 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Bank ilə Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmış, sonuncu birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Bankın təqdim etdiyi xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, borcalanın banka 4765.72 manat əsas, 437.37 manat faiz, cəmi 5203.09 manat borcu vardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməklə və həmin müqavilədən irəli gələn borcun tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Lakin, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi borcun məbləğini müəyyən edərkən haqlı olmamışdır. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlillərindən birini banka etdiyi ödənişlərin bir qisminin maliyyə arayışında göstərilməməsi təşkil edir. Bank tərəfindən apellyasiya baxışı zamanı yeni maliyyə arayışı təqdim olunmuş, həmin arayışdan borcalanın xx.xx.2020-ci il tarixə 2503,09 manat əsas borcunun olduğu müəyyən olunmuşdur. Qeyd olunanlara əsaslanaraq Kolegiyanın gəldiyi qənaətə görə öhdəliyin vaxtında icra edilməməsinə görə sözügedən kredit müqaviləsi üzrə cavabdehlərdən tutulmalı olan borcun məbləği 2503,09 manat müəyyən edilməlidir. Apellyasiya şikayətinin məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, bank yeni maliyyə arayışı təqdim etdiyindən, həmçinin yeni arayışda tələb olunan borc əhəmiyyətlə dərəcədə azaldığından, ekspertiza keçirilməsinə zərurət aradan qalxmışdır. Digər tərəfdən cavabdeh iddiaçı Bankın təqdim etdiyi maliyyə sənədinin həqiqiliyi və düzgünlüyünü şübhə altına alan, habelə etdiyi ödənişlər nəticəsində daha az borcunun yarandığı barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməməsi barədə dəlil də iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, işdən görünür ki, apelyatora iş materiallarında olan ünvan üzrə göndərilmiş məhkəmə bildirişləri «bu ünvanda yaşamır» qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4806/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilsin. xx.xx.2018-ci il tarixli 118MOR********** saylı kredit müqaviləsi üzrə 2503,09 manat əsas borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar