Məhkəmə qərarları › İş №2(103)-3257/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3257/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3257/2024 24.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə haqqı borcunun ödənilməsi və inflyasiyaya görə pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-623/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlanıb (iş v. 18). Müqaviləyə görə, iddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli binanın 186,9 kv.m qeyri-yaşayış sahəsini (mağazanı) cavabdehin icarəsinə verməyi öhdəsinə götürür, icarə müddəti xx.xx.2017-ci ildən etibarən 5 ildir, bir aylıq icarə haqqının məbləği 13.953,49 manatdır. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, 177.152 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, bu məbləğin 132.230 manatı icarə haqqı borcu kimi, 44.922 manatı isə 2019-2023-cü illər üzrə inflyasiya görə pul kimi tələb olunur. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 177.134 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 467,15 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamənin məzmunundan görünür ki, 177.134 manatın 132.230 manatı icarə haqqı borcu, 44.904 manatı isə inflayasiya görə pul kimi tutulmalıdır. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 bildirdi ki, cavabdeh qətnamənin yalnız inflyasiyaya görə pul tutulması hissəsindən narazıdır, çünki icarə müqaviləsində inflyasiyaya görə pul ödənilməsi nəzərdə tutulmayıb, ona görə də qətnamənin inflyasiyaya görə pul tutulmasına aid hissəsi ləğv edilməli və həmin tələb rədd olunmalıdır. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Qətnamə ilə 2 tələb – icarə haqqı tələbi və inflyasiyaya görə pul tələbi həll edildiyindən məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. İcarə haqqı barədə: İcarə haqqı kimi 132.230 manat tutulmasına aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, icarə haqqı borcunun məbləği 132.230 manat təşkil edir. Cavabdehin vəkili və nümayəndəsi apellyasiya icraatı zamanı izahatında həmin məbləğdə icarə haqqı borcunun olduğunu etiraf edib. O cümlədən tərəflər həmin məbləğdə icarə haqqı borcunun olduğunu məhkəməyəqədər təsdiq ediblər. Belə ki, xx.xx.2021-ci il tarixinə icarə haqqı borcunun 135.830 manat olması barədə akt tərtib olunub və hər iki tərəf aktı imzalayıb (iş v. 7). Daha sonra – xx.xx.2023-cü il tarixdə icarə haqqı borcunun qalığının 132.230 manat olması barədə akt tərtib olunub və hər iki tərəf aktı imzalayıb (iş v. 8). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə, icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi icarə haqqı borcu kimi 132.230 manat tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. İnflyasiyaya görə pul tələbi barədə: 2019-2023-cü illər üzrə inflyasiyaya görə pul tələbi təmin edilə bilməz. Belə ki, inflyasiya – mal və xidmətlərin qiymətinin artması ilə müşayiət olunan pulun dəyərsizləşməsi prosesidir. İnflyasiyanı ölçmək üçün “istehlak qiymətləri indeksi”ndən istifadə olunur və bu göstərici Dövlət Statistika Komitəsi tərəfindən “istehlak səbəti” əsasında hesablanır və ictimaiyyətə təqdim olunur. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, borclunun cavabdeh olduğu hallar müəyyən edilərkən “risk dairəsi” ifadəsindən istifadə olunub. İnflyasiya (pulun dəyərsizləşməsi) borclunun risk dairəsinə daxil olan hal deyil, çünki borclu pulun dəyərinin qorunub saxlanmasına görə məsuliyyət daşımır. Pulun (icarə haqqının) müəyyənləşdirilmiş vaxtda ödənilməməsinə görə borcluya qarşı Mülki Məcəllədə müəyyən edilmiş əsaslarla (məs., maddə 445.7, 449.1 və s.) pul tələbi irəli sürülə bilər. Ona görə də qətnamə inflyasiyaya görə pul tələbinə aid hissədə ləğv olunmalı və həmin tələb təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-623/2024 nömrəli qətnaməsi inflyasiyaya görə 44.904 manat tutulması hissəsində ləğv olunsun və həmin hissədə tələb təmin edilməsin. Qətnamə tutulmalı olan ümumi pul məbləğinə aid hissədə dəyişdirilərək həmin məbləğ 132.230 (yüz otuz iki min iki yüz otuz) manat müəyyən olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar