Məhkəmə qərarları › İş №2(103)-3259/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3259/2021

10.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3259/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh1 ASC-nin nümayəndəsi Süleymanov Maftunun iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3305/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və X10 və Emalı Zavoduna qarşı “dəymiş ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və X10 və Emalı Zavodunun məsul vəzifəli şəxslərinin təqsiri üzündən ailənin yeganə qazanc gətirən xx.xx.2018-ci il tarixdə ölmüş oğlu X5 ölümü nəticəsində vurulmuş zərərin əvəzinin 76688,80 manat miqdarında pulun hər ay 655,74 manat olmaqla xx xxxxxx 2018-ci ildən xx xxxxxx 2028-ci ilədək pul vəsaitinin cavabdehlərdən tutularaq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar hər ikisi xəstə olmaqla əmək qabiliyyətlərini itirmişlər. X1 ailənin yeganə qazanc gətirən üzvü olmuşdur. Mərhum oğlu X2 Pambıq İstehsalı və Emalı zavodunda 2018-ci ilin may ayında işlə təmin olunmuşdur. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə oğlu arasında bağlanmış mülki-hüquq müqaviləsinə əsasən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə məxsus X10 və Emalı zavodunun sınaqdan keçirilməsi ilə əlaqədar oğlu muzafəhlə vəzifəsi (peşəsi) üçün nəzərdə tutulmuş funksiyalarının icrası tapşırılmışdır. Oğlu ilə cavabdeh arasında bağlanmış müqavilə oğlu işlə təmin olunduqdan 3 ay sonara, yəni xx xxxxxx 2018-ci ildə bağlanmışdır. Müqavilənin 2.1.3-cü bəndinə əsasən icraçının sağlamlığının, əməyinin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaradır. Müqavilənin 2.1.4-cü bəndinə əsasən oğlunun aylıq əmək haqqısı 655.74 manat olmuşdur. xx xxxxxxxx 2018-ci il tarixdə oğlu xidməti vəzifəsini yerinə yetirən zaman, yəni həmin zavodda rəhbər vəzifədə çalışan vəzifəli şəxs mərhumu dəzgahların quraşdırılması ilə əlaqədar çatışmayan ehtiyat hissəsini almaq üçün mağazaya göndərmişdir. Oğlu Bakı-Qazax avtomobil yolunun Ucar şəhəri ərazisindən keçən hissəsində yolu keçən zaman baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən yerindəcə vəfat etmişdir. Hadisəsi ilə bağlı cinayət işi başlanmışdır. Mərhum oğlu həmin müqavilə üzrə xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etdiyindən Azərbaycan Respublikası MM-in 1097 və 1122-ci maddələrinə əsasən hesab edir ki, cavabdeh orqanlar ailəyə yeganə qazanc gətirən mərhum oğlunun ölümü nəticəsində onlara vurulmuş ziyanın əvəzini hər ay 655.74 manat miqdarında ödəməyə borcludur. Cavabdehlərə, eləcə də digər səlahiyyətli orqanlara ailəyə yeganə qazanc gətirən oğullarının ölümü nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi mövzusunda müraciət etmişlər. Müraciət etdiyi orqanlardan cavab alsalarda, cavabdehlər müraciətlərini bu günə qədər cavabsız qoymuşdurlar.. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3305/2020 saylı 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və X10 və Emalı Zavoduna qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsiylə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi Süleymanov Maftun şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçılar məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3305/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, Ucar Rayon Məhkəməsinin 1(063)-8/2019 saylı, xx.xx.2019- cu il tarixli hökmünün surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş və X4 AR Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il, 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 921471 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə tramvatik beyindaxili qanaxma nəticəsində ölmüşdür. İş materiallarında olan vətəndaşlıq vəziyyəti aktlarının AQİS-dən Çıxarışın surətindən görünür ki, X8 xx.xx.1993-cü il tarixdə Ucar rayonunda anadan olmuş, atası İddiaçı1 anası İddiaçı2dır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 31/MH/18 saylı müqavilədən görünür ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə X8 arasında bağlanmış müqaviləyə əsasən X8 Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə məxsus X10 və Emalı zavodunun sınaqdan keçirilməsi ilə əlaqədar fəhlə vəzifəsi üçün nəzərdə tutulmuş funksiyaların icrası içraçıya tapşırılmışdır. Həmin müqavilənin 2.1.4-cü bəndinə əsasən icraçıya göstərdiyi xidmət müqavilində işlədiyi hər ay üçün 655,74 manat məbləğində maaş alır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2018-ci il tarixli, 07/33- 08-2862 saylı məktubundan görünür ki, iddiaçıların oğlunun ölümü ilə əlaqədar kompensasiya verilməməsi barədə Kənd Təsərrüfatı Nazirliyinə ünvanladıqları müraciətlərinə baxılmış və qeyd olunan məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətlərinə aid deyil. Aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət bilinmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidməti 15 saylı region üzrə X3 xx.xx.2018-ci il tarixli, **********4 saylı məktubundan görünür ki, aparılmış araşdırma zamanı təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, ”Cavabdeh1” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanılmış xx xxxxxx 2018-ci il tarixli 31 nömrəli müqavilə əsasında X10 və Emalı zavodunun sınaqdan keçirilməsi ilə əlaqədar fəhlə peşəsi üçün nəzərdə tutulmuş funksiyaların icrası C.Nağıyevə tapşırılmışdır. Bununla yanaşı X10 və Emalı zavodunun mühəndisi Çingiz İsmayılov izahatında C.Nağıyevin zavodun işçisi olmadığını, onun mülki - hüquqi müqavilə əsasında işə cəlb edildiyini göstərmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən C.Nağıyev ilə hər işəgötürən arasında əmək müqaviləsinin bağlanmasına dair qeydiyyatın mövcud olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6cı maddəsinin “d” bəndinə əsasən tapşırıq, komisyon, müəlliflik və başqa mülki - hüquqi müqavilələr üzrə işləri yerinə şəxslərə Bu Məcəllə şamil edilmədiyindən müraciətdə qeyd olunan məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli vəzifə təlimatından görünür ki, fəhlənin əmək funksiyası nümayəndəliyə daxil olan texnikaların, avadanlıqların və mineral gübrələrin yüklənib, boşaldılmasında və daşınmasında iştirak etmək və rəhbərlik tərəfindən tapşırılmış digər işləri yerinə yetirməkdən ibarətdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə X8 arasında bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə məxsus X10 və Emalı zavodunun sınaqdan keçirilməsi ilə əlaqədar muzafəhlə vəzifəsi (peşəsi) üçün nəzərdə tutulmuş funksiyalarının icrası tapşırılmışdır .İddiaçıların oğlu Cavabdeh1 ASC-də işləyən işdə olan saatda mağazaya getdikdə avtonəqliyyat qəzası nəticəsində vəfat etmiş, hadisə ilə əlaqədar cinayət işi açılmış və məhkəmə hökmü ilə Rəhimov Surxay adlı şəxs X5 ölümündə təqsirli bilinmişdir. İddiaçılar hesab edirlər ki, hadisə onların mərhum oğlu İddiaçı1 işdə olduğu zaman baş verdiyinə görə cavabdeh onlara dəyən zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239.1-ci maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin 1122.1-ci maddəsinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarına əsaslanaraq qeyd edir ki, hazırki iş üzrə araşdırılmalı olan mübahisəli məsələ mərhum Nağıyev Cəlalın həqiqətən də istehsalatda baş vermiş qəza nəticəsində ölməsinin müəyyən edilməsidir. Bununla əlaqədar olaraq araşdırma zamanı müəyyən olunmuşdur ki, mərhum Cəlal işdə olduğu vaxt dostunun velosipedi ilə mağazaya getmiş və ölümünün səbəbi nəqliyyat hadisəsi olmuşdur. İddiaçılar onların oğlu Cəlalın mağazaya onun rəhbər işçiləri tərəfindən göndərildiyini əsas gətirsə də, bunu məhkəmədə faktlar əsasında təsdiq edə bilməmişlər. İddiaçıların qeyd olunan tələbinə dair məhkəmə haqlı olaraq hesab etmişdir ki, “mağazadan hər hansı əşyalar almaq” Nağıyev Cəlalın birbaşa vəzifə səlahiyyətinə aid olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçıların oğlunun işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində həlak olması öz təsdiqini tapmır və buna görə də cavabdehin işçinin həlak olması ilə bağlı onun ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməsi öhdəliyi yaranmayıb və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə kollegiya qeyd edir, apelyasiya şikayətində qeyd olunanlar formal mülahizələrdən ibarət olmaqla iş materialları ilə təkzib olunduğundan əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3305/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3305/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar