Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-326/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Unibank KB ASC-nin xeyrinə 4472,93 manat əsas, 719,48 manat faiz borcu olmaqla, cəmi 5192,41 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva, iş № 2(006)-4703/21) iddia təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. işin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 21.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 28% ödəmək şərtilə 4500 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin kredit müqaviləsi üzrə 29.08.2020-ci il tarixinə Banka 4472,93 manat əsas, 719,48 manat faiz borcu olmaqla, cəmi 5192,41 borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, müqavilə bağlandığı tarixdən hər ay 100 manat ödəniş etsə də, borc hesablanarkən həmin ödənişlər nəzərə alınmamış, hətta məbləğ daha da şişirdilmişdir. Əsas və faiz borcu düzgün hesablanmamışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış 21.11.2014cü il tarixli, 3667tkSTB/14 saylı kredit müqaviləsinə əsasən bank borcalana 60 ay müddətinə illik 28% olmaq şərtilə 4500 manat məbləğində kredit limiti ayırmışdır. 29.08.2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin Banka 4472,93 manat əsas, 719,48 manat faiz, cəmi 5192,41 manat borcu vardır. İddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyinə istinad edərək hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi maliyyə arayışında göstərilən borc məbləğinin – 29.08.2020-ci il tarixinə hesablanmış 4472,93 manat əsas, 719,48 manat faiz borcu olmaqla, cəmi 5192,41 manat borcun cavabdehdən tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1, 449.1, 739-cu maddələri və s. normalarla əsaslandırmışdır. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və şikayətində borcun şişirdildiyini, yüksək göstərildiyini qeyd etmişdir. Məhkəmə kollegiyası tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 fevral 2022-ci il tarixli, 9/9087 saylı ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh müqavilə müddətinin bitdiyi 21.11.2019-cu il tarixə əsas borc üzrə 4516,24 manat, faiz borcu üzrə 116,01 manat, məhkəmə qətnaməsinin çıxarıldığı 19.11.2020-ci il tarixə isə əsas borc üzrə 4516,24 manat, faiz borcu üzrə 1065,53 manat borcu vardır. Məhkəmə kollegiyası əsas borcla bağlı hesab edir ki, müvafiq rəylə əsas borcun məbləği 4516,24 manat müəyyən edilsə də, iddiaçı cavabdehdən 4472,93 manat əsas borc tələb etmişdir. Belə olan halda, məhkəmə MPM-nin 218.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddia tələbindən kənara çıxa bilmədiyi üçün tutulacaq əsas borcun məbləği dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası faiz borcu ilə bağlı belə qənaətə gəlir edir ki, ekspert rəyi əsasında faiz borcu ilə bağlı fərq və ziddiyyət olduğu müəyyən edildi. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən faiz borcu 719,48 manat müəyyən edilsə də, ekspert rəyində həmin rəqəmin müqavilə müddətinin bitdiyi 21.11.2019-cu il tarixə 116,01 manat olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası faiz borcu ilə bağlı ekspert rəyində göstərilənləri mötəbər sübut kimi qəbul edərək bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 719,48 manat məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilməli və faiz borcunun məbləği müqavilə müddətinin bitdiyi tarixə uyğun gələn 116,01 manat müəyyən edilməlidir. Nəticədə cavabdehdən əsas borca görə 4472,93 manat və faiz borcuna görə 116,01 manat olmaqla, cəmi 4588,94 manat pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Cavabdehdən tutulacaq məbləğ 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4703/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh 719,48 manat məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh tutulacaq faiz borcunun məbləği 116,01 (yüz on altı min bir qəpik) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-326/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-326/2022
06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver