Məhkəmə qərarları › İş №2(103)-3261/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3261/2023

23.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3261/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə (açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, e-2(011)-1553/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı və cavabdehin birgə nikah münasibətlərindən 24 dekabr 2010-cu il təvəllüdlü X5 və 30 iyul 2012-ci il təvəllüdlü X6 doğulmuşdur.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(011)- 4836/19 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdehin arasındakı nikah pozulmuş, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 24 dekabr 2010-cu il təvəllüdlü X2 və 30 iyul 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat, cəmi 440 manat alimentin və iddiaçı tərəfindən mediatora ödənilmiş 50 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 07 mart 2010-cu il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuş, bu nikahdan 24 dekabr 2010-cu il təvəllüdlü X5 və 30 iyul 2012-ci il təvəllüdlü X6 doğulmuşdur. Boşanmadan sonra uşaqlar analarının himayəsinə verilmişdir. Xətai Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 2(011)- 4836/2019 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. Uşaqların saxlanması üçün 160 manat alimentin cavabdehdən tutulması qət edilmişdir. Artıq uşaqlar böyümüş, onların maddi tələbatları artmışdır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, e-2(011)- 1553/2023 qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4836/2019 nömrəli 19 sentyabr 2019-cu il tarixli qətnaməsi əsasında 24 dekabr 2010-cu il təvəllüdlü X2 və 30 iyul 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 24 dekabr 2010-cu il təvəllüdlü X2 və 30 iyul 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

6. Qətnamənin əsaslarına görə, işdən görünür ki, aliment tələb edilən tərəfcavabdeh cəzaçəkmə müəssisəsində olmuş, azadlığa 2022-ci ilin may ayında çıxmışdır, onun azadlıqdan məhrum edildiyi dövrə aid yığılmış 10000 manatdan artıq aliment borcu mövcuddur. Cavabdeh azadlığa çıxdıqdan sonra məhkəmə qətnaməsi ilə ondan tutulan alimenti vaxlı-vaxtında ödəyir və hər hansı gecikməsi yoxdur. Hazırda o, işsizdir, işaxtaran kimi məşğulluq orqanlarında qeydiyyatdan keçmişdir. İddiaçı cavabdehdən hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat məbləğində alimentin tutulmasını xahiş etsə də, cavabdehin həmin məbləği ödəmək iqtidarında olmasını sübut edə biləcək hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdehdən məhkəmə qətnaməsi ilə iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşaqların yaş həddini, sağlamlıq vəziyyətini, diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın qismən təmin edilməsini və cavabdehdən hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi, Azərbaycan Respublikası “Uşaq hüquqları haqqında” Qanununun 5, 13, Ailə Məcəlləsinin 75, 78, 112-ci maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, 24 dekabr 2010-cu il tarixində doğulmuş X5 və 30 iyul 2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi hər ay 220 manat aliment olmaqla, cəmi 440 manat alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı uşaqlar məktəbə rahat gedə bilsinlər deyə kirayə ev tutmuş, onların hər ikisini əlavə hazırlığa qoymuş, idmana və musiqi məktəbinə gedirlər. Bundan əlavə kommunal xərclər, geyim xərcləri, yeyib-içmək xərcləri də onun üzərindədir. Qarşı tərəfin ailəsinin dəstəyi olmadan 5 il o və onun ailəsi uşaqları təkbaşına böyütmüşlər. Aliment 2022-ci ilin may ayından 320 manat ödənilir və bu heçdə indiki yaşayış şərtləri üçün yetərli deyil. 5 yaşında uşağın qidalanması 12 yaşında uşağın qidalanması üçün fərqli vəsait tələb olunur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək təmin olunmamasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

14. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ... uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, cavabdeh tələbin qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə iddia rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi aliment məbləği hissədə dəyişdirilməlidir.

21. Belə ki, qanunvericiliyinin birbaşa göstərişinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı sonradan yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişdirilə bilər.

22. Bununla belə, nəzərə alınmalıdır ki, ölkədə uşaqlar üçün yaşayış minimumu hər il artırılır və uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir.

23. Cavabdehdən uşaqların saxlanılması üçün 2019-cu ildə hər uşağa görə 160 manat məbləğdə aliment tutulması qət edilmiş, həmin vaxtdan artıq 4 ildən çox müddət keçmiş, uşaqlar üçün yaşayış minimumu da ilbəil artaraq, 2023-cü il üçün 220 manat məbləğdə müəyyən edilmişdir. Bununla yanaşı uşaqlar böyüdükcə onların tələbatlarının artması da mübahisəsizdir. Bu mənada, birinci instansiya məhkəməsi tərəfindən alimentin məbləğinin cəmi 15 manat artırılmaqla, 175 manat müəyyən edilməsi, ölkə üzrə uşaqlar üçün yaşayış minimumun məbləğinə və uşaqların mənafeyinə uyğun olmadığından, ədalətli və qanuna uyğun hesab edilə bilməz.

24. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır.

25. Belə ki, cavabdehin real maddi vəziyyətinin aşağı olması, hazırda rəsmi iş yerinin olmaması məhkəmə kollegiyasında belə qənaət formalaşdırır ki, alimentin məbləğinin hər uşaq üçün 200 manat, ümumilikdə 400 manat məbləğdə müəyyən edilməsini ədalətli və işin hallarına uyğundur.

26. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə cavabdehdən tutulan alimentin məbləği hissədə düzgün olmamışdır, iddiaçının apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin yoxlanılan hissədə dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, iddiaçının şikayəti qismən təmin edilməli, qətnamə yoxlanılan hissədə müzakirə olunan qaydada dəyişdirilməlidir.

27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(011)-1553/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(011)-1553/2023 nömrəli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 24 dekabr 2010-cu il təvəllüdlü X2 və 30 iyul 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar