Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3268/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh1 vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4202/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun və ya avtomobilin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30.000 ABŞ (otuz min) dollar məbləğində pulun, vaxtında həmin pulu qaytarmadıqları üçün gecikdirməyə görə əlavə 2000 ABŞ (iki min) dolları faiz məbləğində pulun və ya “Land Rover Range Rover" minik markalı, 99SR123 dövlət qeydiyyat nişanlı avtomobilin, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 ər-arvad olmuşlar və nikah dövründə əldə etdikləri 2014-cü il buraxılışlı, “LAND ROVER RANGE ROVER” minik markalı, 99SR123 dövlət qeydiyyat nişanlı avtomobilini satmaq qərarına gəlmişlər. Aralarında olan razılaşmaya əsasən 30.000 ABŞ dollarına həmin avtomobilin mülkiyyətçisi Cavabdeh2 əri Cavabdeh1 satın almış və 10 yanvar 2020-ci il tarixində həmin avtomobilə görə sürmək üçün 10 ay 26 günlük etibarnamə verilmiş, etibarnamənin müddəti 06 noyabr 2020-ci il müəyyən edilmişdir. Təxminən 2020-ci ilin dekabr ayında “LAND ROVER RANGE ROVER” minik markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilə verilən etibarnamənin müddətini artırmaq üçün müraciət edəndə Cavabdeh1 ilə Cavabdeh2 aralarında olan nikahın pozulduğunu və bunun üçün etibarnamə verə bilməyəcəklərini bildirmişdir. İddiaçı sonda 2014-cü il buraxılışlı, “LAND ROVER RANGE ROVER” minik markalı, 99SR123 dövlət qeydiyyat nişanlı avtomobili və ya avtomiobil üçün ödədiyi 30.000 ABŞ dollarının qaytarılmasını tələb etsə də Cavabdeh1 digər Cavabdeh2 ilə münasibətlərinin kəskinləşdiyini və buna görə də məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Bu faktı Cavabdeh1 istənilən vaxt məhkəmə iclasında iştirak etməklə təsdiq edə bilər. Qeyd edilənlərə əsasən hesab edir ki, göstərilən hüquq normalarına uyğun olaraq məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək caydada 30.000 ABŞ (otuz min) dollar pulun, vaxtında həmin pulu qaytarmadıqları üçün gecikdirməyə görə əlavə 2000 ABŞ (iki min) dollar faiz və ya "LAND ROVER RANGE ROVER” minik markalı, 99SR123 dövlət qeydiyyat nişanlı avtomobilin, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4202/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30.000 (otuz min) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən irəli sürülən tələb əsassızdır. Belə ki, Cavabdeh2 mülkiyyətində olan, 2014-cü il buraxılışlı, “Land Rover Range Rover” minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə sürmək üçün 10 ay 26 günlük etibarnamə verilmiş və etibarnamənin son tarixi 06 noyabr 2020-ci il tarix müəyyən edilmişdir. Lakin sonradan Cavabdeh2 ilə aralarında olan nikah pozulduğuna görə etibarnamə vermək mümkün olmamışdır. Qeyd olunan avtomobilin mükiyyətçisi Quliyeva Maral Elnur qızıdır, hal-hazırda da avtomobil onun sahibliyi və istifadəsindədir və buna görə də etibarnamə vermək səlahiyyəti də həmin şəxsə məxsusdur. Buna görə də cavabdeh qismində ondan 15 000 manat məbləğində pul vəsaitinin tutulması əsassızdır. Eyni zamanda iddiaçı qeyd edir ki, 2014-cü il buraxılışlı, “Land Rover Range Rover” minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobili avtomobilin mülkiyyətçisi Cavabdeh2 əri Cavabdeh1 satın almışdır. Lakin iş üzrə materiallarla tanış olduqda belə bir alqı-satqı müqaviləsinə də rast gəlinməmişdir. Məhkəmə tərəfindən də qeyd olunan məsələyə hüquqi qiymət verilməmiş, alqı-satqının olduğunu təsdiqləyən hər hansı bir müqavilənin və ya sənədin iş materiallarında olmamasına baxmayaraq, qeyd olunan hal nəzərə alınmayaraq, əsassız olaraq qiymətləndirmə aparılmışdır. Hesab edir ki, məhkəmə tərəfindən işin faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmamış, işə üzrə sübutlara hüquqi qiymət verilməmiş, eyni zamanda məhkəmə yalnız tərəflərin məhkəmədə verdiyi izahatlara əsaslanaraq, qətnamə qəbul etmişdir. Tərəflərin verdiyi izahatlara əsaslanan heç bir sübut təqdim olunmamış, məhkəmə tərəfindən də bu hal nəzərə alınmamışdır. Belə olan halda, iddiaçı tərəfindən heç bir sübut təqdim olunmadan, yalnız şahid ifadələrinə əsaslanaraq qətnamənin qəbul edilməsi əsassızdır. Qətnamədən həmçinin digər Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə iclasın vaxtı və yeri barədə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verildiyini, cavabdeh şəxsin heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlmədiyini qeyd etsə də, məhkəmədən bu barədə Cavabdeh2 məhkəmə proseslərinin vaxtı barədə heç bir halda məlumat verilməmiş və qəbul olunmuş qətnamənin surəti göndərilməmişdir. Məhkəmə heç bir araşdırma aparmamış, işin faktiki hallarını aydınlaşdırmadan qətnamə qəbul etmişdir ki, hesab edir ki, qətnamə qanunsuz və əsassız olduğundan Cavabdeh2 aid hissədə ləğv edilməli və iddia tələbi ona hissədə rədd edilməlidir. İş materiallarında iddiaçının Cavabdeh2 hər hansı bir məbləğdə pul verməsi bir mənalı olaraq öz təsdiqini tapmamışdır. Həmçinin iş materiallarında iddiaçının hansı şəraitdə kiməsə pul verməsi, pulun həcmi ilə bağlı sübutlarda mövcud olmamışdır. Digər tərəfdən məhkəmə etibarnamənin alqı-satqı niyyəti ilə verilməsi qənaətinə necə gəlməsi də, başa düşülən deyildir. Eyni zamanda, iddiaçının həmin avtomobili alqı-satqı etmək niyyəti olmuş olsaydı, niyə bir-başa alqı-satqı etmirdi? Bu kimi məqamların heç birisi məhkəmə tərəfindən araşdırlmamış, nəticədə məhkəmə tətbiq etmiş olduğu maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bundan başqa hakim Mülki Məcəllənin 1092 və 1093-cü maddələrinə istinad edərkən də, yanlışlığa yol vermiş, varlanmış şəxsin kim olmasını müəyyən etmədən, hansı şəraitdə ödənilməsi, ödənildiyi halda kimə ödənilməsi bilinməyən, hətta pulun ödənilməsi belə şübhəli olduğu halda məhkəmə şübhəli şəkildə Cavabdeh2 iddiaçının xeyrinə pul tutmuşdur. Cavabdeh2 heç bir halda İddiaçı etibarnamə verməmiş, ümumiyyətlə həmin şəxsi tanımamış, ondan heç bir halda pul almamış və bundan onun xəbəri olmamışdır. Məhkəmənin digər yol verdiyi qanun pozuntusundan daha biri ondan ibarət olmuşdur ki, hakim işə baxarkən digər cavabdehin atası Quliyev Nizami Səfər oğlunun ifadəsinə istinad etmişdir ki, burada da qanun pozuntusuna yol vermişdir. Belə ki, hal-hazırda hər iki ailə arsında münasibətlər tam olaraq korlanmışdır. Digər cavabdehin atası bu səbəbdən və oğlunu məsuliyyətdən yayındırmaq məqsədilə etirafedici ifadə vermiş, halbuki həmin avtomobil əgər satılmışdırsa Cavabdeh1 tərəfindən satılıb, pulu isə mənimsənilmişdir. Məhkəmə isə obyektiv araşdırma aparmadan, heç bir sübuta əsaslanmadan, iş üçün əhəmiyyət kəsb edən məqamları nəzərə almadan, qanunsuz və əsassız qətnamə qəbul etmişdir ki, bununla MPM-nin 88, 106, 77, 217-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 tərəflərində verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 tərəflərində verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4202/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən yalnız iş üzrə dindirilmiş şahid Quliyev Nizami Səfər oğlunun ifadəsini əsas götürmüşdür. Halbuki, MPMnin 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Bu tələblərə birinci instansiya məhkəməsi tərəfindən riayət olunmamışdur. Belə ki, Quliyev Nizami Səfər oğlu şahid kimi dindirilərkən bildirmişdir ki, Cavabdeh1 atasıdır. ** SR *** dövlət qeydiyyat nişanlı Land Rover Range Rover minik markalı avtomobili Cavabdeh1 ilə Cavabdeh2 birgə nikah dövründə əldə etmiş, avtomobil Cavabdeh2 adına qeydiyyatdan keçirilmişdir. Daha sonra qeyd edilən avtomobil 30.000 ABŞ dollarına İddiaçı satılmış, lakin alqı-satqı müqaviləsi bağlanmamış, avtomobil İddiaçı etibarnamə əsasında verilmişdir. Daha sonra oğlu ilə gəlin arasında münasibət korlanmış, nikah pozumuş, avtomobil iddiaçıdan geri alınmışdır. Kollegiya hesab edir ki, Quliyev Nizami Səfər oğlunun ifadəsi iş materiallarında olan hər hansı sübutla təsdiq olunamdığından onun ifadəsinin hazırki tələb üzrə iddia tələbinin təmin edilməsinə yönələn sübut kimi qiymətləndirilməsinə əsas ola bilməz. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri) İş materiallarından isə göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4202/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4202/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3268/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3268/2022
25.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver