Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3272/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X2 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-282/2024 nömrəli 02 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərə 1 saylı əlavə olan razılaşmaya görə Cavabdeh razılaşmanı imzalamaqla İddiaçı ASC-nin İdarə Heyətinin qərarı ilə təsdiqlənmiş və X1 (https://www/yelo.az/) yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtləri oxumuş, sənədin bütün müddəaları və tələbləri ilə razı olduğunu bildirmiş və razılaşmanın imzalanması nəticəsində həmin Standart Şərtlərin gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etməmişdir.
2. xx.xx.2022-ci il tarixli Bank hesabının açılmasına dair 2 saylı əlavə olan razılaşmaya əsasən iddiaçı Bank tərəfindən cavabdehə 36 ay müddətinə, 2% komisyon haqqı, illik 16% dərəcəsi və istehlak məqsədi ilə 10000 (on min) manat kredit vermişdir.
3. Cavabdeh xx.xx.2023-cü il tarixli bildirişə əsasən borcun məbləği barədə xəbərdar edilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 7859.85 manat əsas borc, 675.91 manat faiz borcu, 265.73 manat cərimə olmaqla, cəmi 8801.49 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 108.01 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər (nağd kredit verilməsinə dair) müqaviləsinə əsasən ASC-dən illik 16 faizlə, 36 ay müddətinə 10000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır, 22 sentyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən borclunun xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 7859.85 manat əsas borc, 675.91 manat faiz borcu, 531.45 manat cərimə olmaqla, ümumilikdə cəmi 9067.21 manat borcu vardır, müqavilə üzrə banka ümumi cərimə borcu 531.45 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 265.73 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
6. 22.09.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 7859.85 manat əsas borc, 675.91 manat faiz, 531.45 manat cərimə olmaqla, cəmi 9067.21 manat borcu vardır.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 fevral 2024-cü il tarixli 2(010)-282/2024 nömrəli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 7859.85 manat əsas borc, 675.91 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 8585.76 manat məbləğində borc və 105.86 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas və faiz borcuna münasibətdə qanuni və əsaslı olsa da, cəriməyə münasibətdə qismən təmin edilməlidir. Belə ki, iddia tələbindən görünür ki, iddiаçı cаvаbdehdən 265.73 manat məbləğində cərimə tutulmasını tələb edir. Həmin məbləğ hazırkı vəziyyətdə işin hаllаrınа tam uyğun deyil və tənаsübsüz surətdə yüksək məbləğdir. Cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyil. Bu səbəbdən cərimənin miqdаrının аzаldılаrаq 50 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğundur.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 425.2, 442, 448.1, 448.2, 462.1, 465.1, 467, 739.1, 739.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək, işin hallarına, qanunvericiliyin tələblərinə adekvat şəkildə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, bankın əsassız hesablama apardığı, ödənişlərin düzgün müəyyənləşdirilmədiyinə əsaslı şübhələr var. İddiaçının tələb etdiyi pul onun bankdan götürdüyü və ödədiyi pullara mütənasib deyil. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik vəsatəti təmin etməyək, ekspertiza keçirməyərək işi bankın xeyrinə yekunlaşdırmış, cərimə hissədə isə çox cüzi azaltma etmişdir. Məhkəmənin gəldiyi nəticə maddi və prosessual normalarına adekvat deyil, beləki, banka müəyyən məbləğdə borcunun olduğunu qəbul edir, lakin bankın hesablamada yanlışlığa yol verəcəyini düşünmədiyindən bütün ödəniş qəbzlərini özündə saxlamamışdır və bunun nəticəsidir ki, bank öz marağına uyğun məbləğdə iddia tələbi irəli sürmüş və heçbir qanuni araşdırma aparılmadan bunun da təmin edilməsə nail olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. İddiaçı tərəf ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.
19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. Maddə 462. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
21. Maddə 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir.
22. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
23. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
24. Maddə 739.2 Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
34. İddiaçı cavabdehlə bağlanmış kredit müqaviləsinə əsaslanaraq yaranmış kredit borcunun tutulmasını tələb edir.
35. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.
36. Cavabdehin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır.
37. Cavabdehin dəlili odur ki, bank tərəfindən düzgün hesablama aparılmamış, məhkəmə tərəfindən isə ekspertiza keçirilməmişdir.
38. Borcun düzgün hesablanmaması və buna görə ekspertiza keçirilməsi ilə bağlı cavabdeh birinci instansiya məhkəməsində vəsatətlə müraciət etmiş, məhkəmə vəsatətin rədd edilməsi barədə qərardadda cavabdehin dəlilinə münasibətdə göstərmişdir ki, cavabdehin iddiasına görə onun xx.xx.2022-ci il tarixdəki 355 manat ödənişi 351.57 manat kimi, xx.xx.2023-cü il tarixdəki 50 manat ödənişi isə 1.83 manat kimi qeydə alınmışdır. Halbuki bu belə deyil. Belə ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, müvafiq kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə edilmiş 355 manat ödəniş üzrə xx.xx.2022-ci il tarixdə müvafiq silinmələr aparılmış, bu ödənişin 218.24 manatı əsas borca, 133.33 manatı isə faiz borcuna hesablanmış, kredit müqaviləsi üzrə annuitet ödəniş 351.57 manat olduğundan artıq ödənilmiş 3.43 manat qalıq kimi növbəti ödənişə keçirilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə ödənilmiş 352 manatın üzərinə həmin 3.43 manat qalıq gəlinərək cəmi 355.43 manat ödəniş kimi nəzərə alınmışdır. xx.xx.2023-cü il tarixdə edilmiş ödənişə gəldikdə isə yenə cavabdehin iddia etdiyindən fərqli olaraq onun ödədiyi 50 manat məbləğində ödəniş hesaba alınmış, lakin cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etmədiyinə görə ona dəbbə pulu hesablandığından ödənilmiş 50 manatın 48.17 manatı dəbbə puluna, 1.83 manatı isə gecikmiş faizə hesablanmışdır.
39. Hazırda da cavabdeh eyni dəlilləri göstərməklə ekspertiza keçirilməli olmasını göstərir.
40. Ekspertizanın təyin edilməsi ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrinin ümumi sözlərlə əsaslandırmağa çalışmış, hər hansı bir konkret dəlil göstərməmişdir. Göstərdiyi dəlillərə münasibətdə məhkəmənin mövqeyi haqlı olmuşdur. Digər tərəfdən borcun düzgün hesablandığı hesabdan çıxarışla da müəyyən olunur.
41. Cərimə məbləği ilə bağlı isə görünür ki, iddiaçı cərimə borcunun 531.45 manat olmasına baxmayaraq, 50%-i miqdarında, yəni 265.73 manat məbləğində tələb etmiş, məhkəmə isə həmin məbləği azaltmaqla 50 manat müəyyən etmişdir.
42. Birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir, apellyasiya şikayətində göstərilən hallar qanuni və əsaslı olan qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-282/2024 nömrəli iş üzrə 02 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.