Məhkəmə qərarları › İş №2(103)-3273/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3273/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3273/2024 31.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-4395/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1 İddiaçı ASC (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CC/10027/85 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə illik 20% dərəcəsi ilə faiz hesablamaq və 60 ay müddətinə qaytarmaq şərti ilə 15.000 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul etməyi və kredit üzrə əsas borcu ödəməyi, habelə hesablanmış faiz borcunu və ödənişlər gecikdirildiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşlər. Kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh ilk ödənişini xx.xx.2022-ci il tarixdə, sonuncu ödənişini isə xx.xx.2027-ci il tarixdə həyata keçirməklə hər ay 397,41 manat (sonuncu ay 407,20) manat məbləğində ödəniş etməli idi. xx.xx.2022-ci il tarixli kassa məxaric orderinə əsasən 15.000 manat məbləğində kredit iddiaçı tərəfindən cavabehə verilmişdir. Lakin cavabdeh müəyyən edilmiş məbləğlərdə və müddətlərdə ödənişlər etməmişdir. Bununla bağlı, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair bildiriş göndərilərək, cavabdehə həmin müqavilə üzrə qeyd edilən tarixə 13.673,19 manat əsas, 2.211,60 manat faiz, 224,24 manat cərimə borcunun yarandığı, bu səbəbdən kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi barədə məlumat verilmiş və yaranmış borcun dərhal ödənilməsi ondan tələb edilmiş, əks təqdirdə borcun məhkəmə qaydasında tutulması barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu bir nəticə verməmiş, öhdəlik bundan sonra da icra edilməmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2022-ci iİ tarixli kredit müqaviləsi üzrə həmin tarixə cavabdehin 13.673,19 manat əsas, 2.409,20 manat faiz, 224,24 manat cərimə borcu vardır. Kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə 400 manat məbləğində edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən bankın xeyrinə 13.673,19 manat məbləğində əsas, 2.409,2 manat məbləğində faiz, 224,24 manat məbləğində cərimə, cəmi 16.306,63 manat məbləğində borcun və 139 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə illik 20% olmaqla 15.000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 4395/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 13.673,19 manat əsas, 2.409,20 manat faiz, 50 manat cərimə, cəmi 16.132,39 manat məbləğində pul vəsaitinin və ödənilmiş 139 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X3)

5. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin öhdəliyini lazımınca icra etməmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin müqavilə öhdəliklərini icra etməməsi nəticəsində borc verənə əsas borca görə 13.673,19 manat və 2.409,2 manat faiz borcunun yaranması öz təsdiqini tapdığından iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin borclunun borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd etmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 50 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir.

6. Məhkəmə xərclərinin bölüşdürlməsinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən, 139 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci, 427.3-cü, 442-ci, 445.2.1-ci, 448-ci, 458.1-ci, 462.1-ci, 465.2-ci, 467-ci, 739-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisənin məhkəmədənkənar həll edilməsinə cəhd göstərildiyini bildirir. Halbuki, iddiaçı tərəfindən kredit müqaviləsinin ləğvinə dair hər hansı pretenziya məktubu onun tərəfindən əldə olunmamış və iş üzrə xəbərdar edilmədiyindən məsələyə hər hansı münasibət bildirmə imkanı da olmamışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişindən görünür ki, kredit vəsaitindən istifadə müddəti 60 aydır və bu müddət xx.xx.2027-ci il tarixdə bitir. Onun tərəfindən banka ödənişlər lazımı qaydada aparılmışdır. Daha sonra baş vermiş maddi sıxıntılar ilə əlaqadər olaraq vəziyyət bir qədər çətinləşmişdir. Yəni o, heç bir zaman banka borcunu ödəməkdən imtina etməmişdir. Lakin ona hesablanan faiz borcu mütanasibsiz və ədalətsiz şəkildə hesablanmış borcdur. Müqavilənin müddətinin bitməsinə 3 ildən çox vaxt qalmasına baxmayaraq, bank əsassız olaraq 2027-ci ilə qədər ödənilməli olan borcu tələb edir. Halbuki müəyyən güzəştlər daxilində o, gecikmiş borc məbləğini ödəyib qrafikə düşə və hər ay aylıq pul məbləğini yenidən ödəyən bilərdi. Belə ki, maliyyə vəziyyəti pisləşənə qədər onun tərəfindən ödənişlər vaxtlı-vaxtında yerinə yetirilmişdir. Buna görə də iddia məbləğində qeyd olunan əsas borc məbləği şişirdilmiş məbləği əks etdirir. Nəzərdə tutulmuş əsas borc məbləğinin düzgün hesablanıbhesablanmadığını müəyyən etmək məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə iclasında iştirakı təmin edilmədiyi üçün göstərilən halı vaxtında mübahisələndirə bilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçı ASC apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazı işin faktiki hallarına istinad edərək iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, bildiriş xx.xx.2023-cü il tarixdə cavabdehin ünvanına göndərilmiş, hətta çatdırılma qəbzini cavabdeh özü imzalamışdır. İş üzrə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi barədə tələb isə əlavə vaxt qazanmaq məqsədini daşıyır. Ekspertizanın təyin edilməsi üçün hər hansı yeni hal mövcud deyil.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İştirak etdiyi məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinə qarşı etirazın və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.4-cü maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur; 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 739-cu maddəsinə əsasən (əvvəlki redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 743-cü maddəsinə əsasən (əvvəlki redaksiyada) əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında əks etdirilən hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Qərarda həmçinin göstərmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırki apellyasiya şikayətində hüquqi nəticə etibarı ilə qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilərək, iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə mübahisələndirilən, yəni iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin və etirazın dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə kredit müqaviləsi üzrə yaranmış borcun tutulmalı olması, habelə tutulmalı olan əsas və cərimə borcunun məbləği ilə bağlı düzgün nəticəyə gəlmişdir. Lakin cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixə hesablanmış faiz borcunu tutmaqda haqlı olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği hissəsində dəyişdirilməlidir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində iddiaçı tərəfindən cavabdehə illik 20 faiz dərəcəsi ilə faiz hesablamaq və 60 ay müddətinə qaytarmaq şərti ilə 15.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə əsas kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz məbləğini, gecikməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya (xəbərdarlıq məktubu) göndərilərək, həmin müqavilə üzrə yaranmış borc məbləği və müqavilənin birtərəfli ləğv edilməsi barədə məlumat verilməklə, borcun dərhal ödənilməsi tələb edilmiş, əks halda borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu bir nəticə verməmiş, öhdəlik bundan sonra da lazımi qaydada icra edilməmişdir. Bununla da müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.

21. Hazırda iddiaçı həmin müqavilə üzrə xx.xx.2023-cü il tarixə cavabdehin 13.673,19 manat məbləğində əsas, 2.409,20 manat məbləğində faiz, 224,24 manat məbləğində cərimə borcunun yarandığına istinad edərək, həmin məbləğin, o cümlədən ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddia tələbi, o cümlədən bütün borc məbləğinin tələb edilməsi, habelə hesablanmış əsas və faiz borcunun məbləği ilə razılaşmır və iddianın rədd edilməsini tələb edir.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsas götürüb, iddia üzrə tələb edilən əsas borc məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hesabdan çıxarış məlumatlarına əsasən həmin müqavilə üzrə ümumilikdə ödənilmiş məbləğin 1.326,81 manat hissəsi mövcud olan əsas borcdan silinmişdir. Verilmiş kreditdən də əsas borc üzrə aparılmış ödənişlər çıxıldıqda (15.000 – 1.326,81 = 13.673,19) məhz iddia üzrə tələb edilən, yəni 13.673,19 manat məbləğində əsas borc qalmış olur. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin bu hissədə dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, əsas borc iddiaçı tərəfindən düzgün hesablanmışdır. Birinci instansiya məhkəməsi də haqlı olaraq bu məbləği cavabdehdən iddiaçının xeyrinə tutmuşdur.

23. Məhkəmə kollegiyası iddia üzrə tələb edilən faiz borcu məbləği ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişlə cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması ilə əlaqədar, müqaviləni birtərəfli qaydada ləğv etməklə, müvafiq iradə ifadəsini cavabdehə yazılı qaydada bildirmiş, dərhal bütün borcun ödənilməsini tələb etmişdir. Həmin bildirişdə 2.211,60 manat məbləğində faiz borcunun yarandığı göstərilmişdir. Lakin, iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilənin xx.xx.2023-cü il tarixdən birtərəfli qaydada ləğv olunması mövqeyindən çıxış etməsinə baxmayaraq (iddia ərizəsi və maliyyə arayışı) müqavilədə nəzərdə tutulmuş faizləri həmin tarixdən sonra da hesablamaqda davam etmiş və xx.xx.2023-cü il tarixə yaranmış, yəni 2.409,20 manat məbləğində faiz borcunu tələb etmişdir.

24. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən faiz borcunun məbləği iddiaçının cavabdehə ünvanlanlıdığı, faktiki olaraq müqavilənin birtərəfli qaydada ləğvinə yönəlmiş xx.xx.2023-cü il tarixli iradə ifadəsinə əsasən həmin tarixə müvafiq olaraq hesablanmalıdır. Belə olan halda isə, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə cavabdehdən tutulmalı olan faiz borcunun məbləği hissəsində dəyişdirilməli, iddiaçının xeyrinə tutulmalı olan faizlərin məbləği 2.211,60 manat həddində müəyyən olunmalıdır.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, müqavilənin şərtlərinə, habelə təqdim edilmiş maliyyə sənədlərinə istinadən tələb edilən faiz borcunun məbləği ilə bağlı onu da qeyd edir ki, 2.211,60 manat xx.xx.2023-cü il tarixə hesablanmış faiz borcu məbləğidir və şişirdilmiş məbləğ kimi qəbul edilə bilməz. Belə ki, hər ay ödənilməli olan faiz məbləği ödəniş cədvəlində dəqiq şəkildə əks olunmuş və bu faiz məbləğləri yalnız şərtləşdirilmiş müddətlərdə və məbləğlərdə ödənişlər aparıldığı, yəni öhdəlik lazımi qaydada icra edildiyi halda yaranmış olur. Ödəniş müddətlərinin pozulması, o cümlədən daha az məbləğdə ödənişlərin edilməsi isə daha yüksək məbləğdə faiz borcunun yaranmasına səbəb olur.

26. Nəzərə alınmalıdır ki, həmin müqavilə üzrə ümumilikdə aparılmış ödənişin 1.882,10 manat hissəsi faiz borcunun silinməsinə yönəlmişdir. Bununla belə, ödəniş cədvəlinə və hesabdan çıxarış məlumatlarına əsasən son ödəniş, yəni xx.xx.2022-ci il tarixinə ümumilikdə təxminən 1.937,53 manat faiz borcu ödənilməli olduğu halda, cəmi 1.882,10 manat məbləğində faiz borcu (1.937,53 – 1.882,10 = 55,43 manat az ödənilmişdir) ödənilmişdir. Bu tarixdən sonra hər hansı ödəniş aparılmadığından ödənilməli olan faiz borcunun məbləği azalmır. Bu baxımdan əsas borc məbləğinin 13.673,19 manat, illik faiz dərəcəsinin isə 20 faiz olması nəzərə alındığı halda xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 9 ay 21 gün üçün (13.673,19 x 20% / 100% = 2.734,64 manat – 1 il üçün, 2.734,64 /12 ay = 227.87 – 1 ay üçün, 227,87 / 30 gün = 7,60 – 1 gün üçün) ümumilikdə ((227,87 x 9 = 2.050,83) + (7,60 x 21 = 159,60) =2.210,43) 2.210,43 manat məbləğində faiz borcu yaranmış olur. Bu məbləğin üstünə yuxarıda göstərilən 55,43 manatı da gəldikdə, xx.xx.2023-cü il tarixə (2.210,43 + 55,43 = 2.265,86) təxminən 2.265,86 manat məbləğində faiz borcu yaranmış olur. İddiaçı isə həmin tarixə bu məbləğdən daha az məbləğdə faiz borcu tələb edir. Qeyd edilənlər öz növbəsində iş üzrə məhkəmə-mühasibat ekspertizasının keçirilməsini istisna edir və apellyasiya şikayətinin bu barədə dəlillərinin əsassız olduğunu təsdiq edir.

27. Apellyasiya şikayətinin digər dəlilinin əsassızlığı ilə bağlı qeyd edilməlidir ki, həmin müqavilə üzrə uzun müddət ərzində ödənişlərin edilməməsi cavabdehin əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi qənaətinə gəlmək üçün əsas yaradır. Bu da öz növbəsində iddiaçının bütün borcun dərhal qaytarılmasını tələb etmək hüququnu əmələ gətirir. 2023-cü ilin sentyabr ayında iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərildikdən sonra da hər hansı ödənişin aparılmaması bu halı təsdiq edir.

28. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında cərimə məbləğinin hesablanması haqqında yazılı formada razılaşma da olmuş, yəni cavabdeh ödənişlərin gecikdirilməsi nəticəsində cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsinin tərkib hissəsi sayılan və ona əlavə olunan İddiaçı ASC-nin xx.xx.2014-cü il tarixli “Müştərilərinə kreditləşmə və xidmət şərtləri”ndə öz əksini tapmışdır (şərtlərin xüsusi şərtlər hissəsi, bənd 2.18 və sair, cavabdeh tərəfindən imzalanmışdır). Belə ki, tərəflər kredit müqaviləsi üzrə razılaşmışdılar ki, tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflər arasında müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər məhz həmin şərtlərlə müəyyən olunur. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış cərimə borcunun ödənilməsini tələb edir.

29. Məhkəmə kollegiyası cavabdeh tərəfindən götürülən kreditin, habelə aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cərimə məbləğinin azaldılması üçün hər hansı əsas yoxdur.

30. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ümumilikdə (13.673,19 + 2.211,60 + 50 = 15.934,79) 15.934,79 manat məbləğində borcun tutulması qənaətinə gəlindiyindən cavabdehdən iddiaçının xeyrinə bu məbləğ üçün nəzərdə tutulmuş məbləğdə, yəni 137,80 manat məbləğində dövlət rüsumu tutulmalı, dövlət rüsumunun qalan, yəni (139-137,80 = 1,20) 1,20 manat hissəsi iddiaçıya aid edilməlidir.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilmədiyini, habelə hazırki icraatda dəyişdirilmiş faiz borcunun və dövlət rüsumunun ümumi məbləğini nəzərə alıb, belə qənaətə gəlir ki, qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz.

32. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun və dövlət rüsumunun məbləği hissəsində dəyişdirilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2.211,60 manat məbləğində faiz borcu və ödənilmiş dövlət rüsumunun 137,80 manat hissəsinin əvəzi tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavadebehə aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 4395/2023 nömrəli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun və dövlət rüsumunun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2.211,60 (iki min iki yüz on bir manat, altmış qəpik) manat məbləğində faiz borcu və ödənilmiş dövlət rüsumunun 137,80 (bir yüz otuz yeddi manat, səksən qəpik) manat hissəsinin əvəzi tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar