Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3277/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 fevral 2022-ci il tarixli qətnamədən iddiaçı MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdehin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC nümayəndəsi MMC-nin adından verdiyi iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin MMC-yə vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 717 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MMC-nin işçiləri 07.06.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən yaşayış binasında istilik xətlərinin sökən zaman Cavabdeh onlar ilə mübahisə etmiş, əlində olan balta ilə dəyəri 240 manat olan elektrik kabellərini kəsmiş, dəyəri 387 manat olan laqunda aparatını yerə çırparaq onu və dəyəri 40 manat olan uzadıcı başlığı zədələmiş, dəyəri 50 manat olan taxta ayaqaltını isə sındırmışdır. Bununla da cavabdeh iddiaçı MMC-yə 717 manat məbləğində maddi zərər vurmuşdur. Bu fakt Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin 17.06.2021-ci il tarixli "xxxx" qərarı və MMC-nin işlərinin tərtib etdikləri akt ilə təsdiq olunur. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 10.02.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı MMC-yə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 70 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsinin ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, mübahisələndirilən hissədə Rayon Məhkəməsinin qətnaməsi səhvdir; həmin hissədə Rayon Məhkəməsi iş üzrə sübutları düzgün qiymətləndirməmiş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır; maddi və prosessual hüquq normaların tələblərini pozmuşdur. Belə ki, Rayon Məhkəməsinə təqdim olunmuş CD diskdən, şahidlərin ifadələrindən göründüyü kimi, cavabdeh iddiaçı MMC-yə məxsus olan laqunda aparatını bir neçə dəfə yerə vurmuş, nəticədə laqunda aparatının daşı sınmışdır. Laqunda aparatının daşı isə onun əsas hissəsidir və onun sınması nəticəsində laqunda aparatından istifadə edilməsi mümkün olmamışdır. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına və məzmununa uyğun izahat verdi. O bildirdi ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasında yaşayır və binanın Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədridir. 07.06.2021-ci il tarixdə görmüşdür ki, iddiaçı MMC-nin işçiləri yaşayış binasında istilik xətlərini sökmək istəyirlər. O buna imkan verməmək üçün həmin şəxslərə yaxınlaşıb iradını bildirmişdir. Lakin həmin şəxslər onun sözlərinə əhəmiyyət verməyərək boruları kəsmək istəmişlər. Həmin şəxslərin hərəkətlərindən əsəbləşərək laqunda aparatını yerə atmış və həmin şəxslərə məxsus balta ilə elektrik naqilini kəsmişdir. Laqunda aparatı sınmamışdır. Çünki ara sakitləşəndən sonra həmin şəxslər laqunda aparatını işə saldılar və aparat işlədi. Laqunda aparatının “daşı”, yəni aparata taxılan “kəsici disk” sınmışdır. Həmin disk hər yerdə 3 manata satılır. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, iddia tələbinin bir qismi təmin edilsə də, cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir. İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan isə görünür ki, MMC iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirir. Odur ki, Məhkəmə MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnaməni cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən hissədə yoxlamışdır. Hazırki iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X1 Rayon Məhkəməsinə verdiyi ifadəsində göstərmişdir ki, o, iddiaçı MMC-də işləyir. MMC iddia ərizəsində qeyd edilən ünvanda yerləşən yaşayış binasında yerləşən, lakin istifadə edilməyən istilik xətlərinin sökülməsi ilə bağlı işləri həyata keçirir. MMC-nin işçiləri 07.06.2021-ci il tarixdə də həmin işlərin görülməsi ilə məşğul olmuşlar. Saat təxminən 09:30 radələrində işçilər zəng edərək bildirdilər ki, binanın Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri olan iş üzrə cavabdeh işlərin görülməsinə mane olmaq məqsədi ilə onlarla mübahisə etmiş, əlində olan balta ilə MMC-yə məxsus elektrik kabellərini kəsmiş, “Bosch” markalı laqunda aparatını yerə çırparaq onu və uzadıcı başlığı zədələmiş, taxta ayaqaltını sındırmışdır. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X3 göstərmişdir ki, 07.06.2021-ci il tarixdə səhər səs-küy eşidərək həyətə çıxmış və görmüşdür ki, Mənzil Mülkiyyətçiləri Cəmiyyətinin sədri olan iş üzrə cavabdeh binanın istilik xətlərini kəsmək istəyə şəxslərə bu işi görməyə mane olurdu. O deyirdi ki, istilik sistemi binaya aiddir və nə vaxtsa bərpa olunacaq. Lakin həmin şəxslər cavabdehə məhəl qoymayaq boruları kəsmək istəyirdilər. Buna görə də, cavabdeh baltanı götürərək həyətdəki qarajın girəcəyində yığılmış şəkildə olan uzadıcı naqili kəsmiş, taxta ayaqaltını aşırtmış, laqunda aparatını isə 2-3 dəfə yerə atmışdır. Laqunda aparatı sınmamış, lakin aparatın kəsmək üçün istifadə olunan daşı sınmışdır. Ara sakitləşəndən sonra görmüşdür ki, ustalar laqunda aparatını işə salaraq yoxladılar və aparat işlədi. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X2 göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən yaşayış binasında mühafizəçisi işləyir. 07.06.2021-ci il tarixdə, səhər saat 9 radələrində o, binanın avtomobil dayanacağının qapısını açanda içəri 4-5 nəfər daxil olmuş və əllərindəki avadanlıqları içəri daşımışlar. Onlar avadanlıqlarını yerbəyer edən zaman onlara binanın Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri olan iş üzrə cavabdeh yaxınlaşmış, onların gəlişlərinin səbəbini soruşmuş və həmin şəxslər istilik borularının kəsmək üçün gəldiklərini bildirdikdə onlar ilə cavabdeh arasında mübahisə yaranmışdır. Mübahisə zamanı cavabdeh həmin şəxslərin gətirdiyi və boruların kəsilməsi zamanı istifadə etmək istədikləri laqunda aparatını yerə vurmuş, uzadıcı naqili kəsmiş və taxta ayaqaltını aşırtmışdır. Bundan sonra mübahisə bitmişdir. Həmin şəxslərdən biri laqunda aparatının işləyib-işləməməsini yoxlamış və bəlli olmuşdur ki, laqunda işlək vəziyyətdədir, amma kəsmək üçün istifadə olunan daşı sınmışdır. Göstərilənlərə əsasən apellyasiya baxışı zamanı müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasında yaşayan və binanın Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri olan iş üzrə cavabdeh ilə iddiaçı MMC-nin işçiləri arasında 07.06.2021-ci il tarixdə, saat 09:15 radələrində mübahisə baş vermişdir ki, həmin mübahisə zamanı, cavabdeh, MMC-nin işçilərinin gətirdikləri bəzi əşyaları zədələmişdir. İşin halını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilən maddi hüquq normalarının tələbindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, cavabdeh iddiaçı MMC-yə vurduğu zərərin əvəzini ödəməlidir. Ona vurulmuş zərərin əvəzinin cavabdeh tərəfindən ödənilməsini tələb edən iddiaçı MMC zərərin məbləği ilə bağlı bildirir ki, cavabdeh ona 717 manat məbləğində maddi zərər vurmuşdur. Belə ki, cavabdeh, dəyəri 240 manat olan elektrik kabellərini kəsmiş, dəyəri 387 manat olan laqunda aparatını yerə çırparaq onu və dəyəri 40 manat olan uzadıcı başlığı zədələmiş, dəyəri 50 manat olan taxta ayaqaltını isə sındırmışdır. İddiaçı MMC həmçinin bildirir ki, onun iddiası Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin 17.06.2021-ci il tarixli "xxxx" qərarı və MMC-nin işlərinin tərtib etdikləri akt ilə sübuta yetir. MMC-nin işçilərinin tərtib etdikləri 10.06.2021-ci il tarixli akta qeyd edilir ki, cavabdeh tərəfindən zədələnməsi iddia edilən elektrik kabelinin dəyəri 240 manat, laqunda aparatının dəyəri 387 manat, uzadıcı başlığın dəyəri 40 manat, taxta ayaqaltının dəyəri isə 50 manatdır. Məhkəmə qeyd edir ki, zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin 17.06.2021-ci il tarixli "xxxx" qərarından da görünür ki, MMC, ona dəymiş zərərin həcminin müəyyən edilməsi ilə bağlı polis orqanına yuxarıda qeyd edilən 10.06.2021-ci il tarixli aktı təqdim etməklə kifayətlənmişdir. Zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı MMC tərəfindən polis orqanına başqa sübut təqdim edilməmişdir. MMC-nin şikayəti əsasında təhqiqat aparmış Yasamal RPİ-nin 28-ci PB, MMC-yə vurulmuş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı bu sahədə xüsusi biliyə malik olan ekspertin və ya zəruri biliyə malik olan mütəxəssisin rəyini almamışdır. Qeyd edilən rəylər mövcud olmuş olsa belə, onlar iddiaçı MMC tərəfindən işə baxmış Rayon Məhkəməsinə təqdim edilməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda müəyyən edilir ki, MMC-nin, ona vurulmuş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı işə baxmış Rayon Məhkəməsinə təqdim etdiyi yeganə sübut yuxarıda qeyd dilən 10.06.2021-ci il tarixli aktdır. Lakin Məhkəmə bu aktı etibarlı sübut kimi qiymətləndirmir. Belə ki, aktda qeyd edilən qiymətləri təsdiq edə biləcək sübutlar (məsələn: həmin əşyaların qiymətini müəyyən edən sənədlər və ya vurulmuş zərərin məbləğini müəyyən edən mütəxəssis rəyi) işə baxmış Rayon Məhkəməsinə təqdim edilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən vurulmuş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı iddiaçı MMC-nin etibarlı sübutu yoxdur. Amma nəzərə alınmalıdır ki, işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman cavabdeh ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək iddia tələbini qismən etiraf etmiş və iddiaçı MMC-yə vurduğu zərərin ödənilməsi məqsədi ilə MMC-yə 70 manat ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə, yaranmış vəziyyəti nəzərə alaraq qeyd edir ki, MPM-nin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-nin 191.3-ci maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qeyd edilən prosessual hüquq normalarının tələbindən işin müəyyən edilmiş hallarına yanaşaraq iddianı qismən, yəni cavabdeh tərəfindən etiraf edilən həcmdən kənarda qalmış hissədə təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Həmin hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 fevral 2022-ci il tarixli qətnamə hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3277/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3277/2022
06.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver