Məhkəmə qərarları › İş №2(103)-3278/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3278/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3278/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3278/2024 (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X14 və X7 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndələri X8 və X9, cavabdehlərin nümayəndə-vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-966/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 12 iyun 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X15 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13600 manat məbləğində kredit götürmüşdür.

2. xx.xx.2022-ci il tarixdə X15 vəfat etmiş və ondan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində ona məxsus olan 6757 manat vəsait miras qalmışdır.

3. xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 adına xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 24 saylı notariat ofisində V-110/2022 nömrə ilə vərəsəlik işi açılmış və miras qoyanın həmin əmlakının 1/5 hissəsində dair hər birinə ayrılıqda onun vərəsələri- anası Cavabdeh2, oğlu azyaşlı X10, arvadı Cavabdeh1, qızı azyaşlı X4 və qızı azyaşlı Cavabdeh2 Ramin qızına xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 13600 manat məbləğində kredit bоrcu, 2761.14 manat məbləğində faiz bоrcu və 1147.84 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 17508 manat 98 qəpik məbləğində bоrcun və ödənilmiş 142.50 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, X15 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13600 manat məbləğində kredit götürmüşdür. Cavabdeh Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. X15 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 24 saylı Notariat Ofisi tərəfindən verilmiş məlumata əsasən, onun adına xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmışdır. Onun vərəsələri anası Cavabdeh2, oğlu azyaşlı X16, arvadı Cavabdeh1, qızı azyaşlı X12 və qızı azyaşlı Cavabdeh2 Ramin qızıdır. Cavabdehlər, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən Dövlət rüsumunun ödənilməsi haqqında məlumat ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdehlər, götürdüyü kredit bоrcundan ödəniş etməmiş və оnun iddiaçıya 13600 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023- cü il tarixə 422 gün üçün hesablanmış faiz borcu 2761.14 manat təşkil edir.

6. Birinci instansiya məhkəməsində keçirilmiş iclasda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, iddiaçı tərəfin iddianın faktiki və hüquqi əsasları ilə bağlı kifayət qədər sübut təqdim etmədiyini, kredit müqaviləsi iş materiallarında olmadığını, yalnız Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərini təqdim etdiklərini bildirmişdir. Ölüm haqqında şəhadətnamənin surətini təqdim ediblər. Hazırda cavabdeh qismində ölən şəxsin yoldaşı və anasıdır. Lakin, qanun üzrə vərəsəliyin olması barədə də sübut təqdim edilməyib, vərəsəlik hüququ haqqında şəhadətnamə olmalı idi. Şəhadətnamə alındıqdan sonra məhkəməyə müraciət etməli idilər. Əgər aktiv vərəsəlik yoxdursa, passiv vərəsəlikdən söz gedə bilməz. Bankın bütün bu sənədləri təqdim etmək üçün kifayət qədər vaxtları olub. Məhkəməyə gec müraciət etdiklərinə görə də fazi və cərimə məbləğləri artmışdır.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-966/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Firuzə Mirzəyeva) iddia təmin edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442, 443.1, 443.7, 448.1, 448.2, 1133.1, 1133.2, 1151.1, 1151.2, 1243.1-1243.3, 1257.1, 1257.2, 1306.1, 1309, 1321.1-1321.3-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 124.1-ci maddələrinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə NazirliyiBakı şəhəri 24 saylı Notariat ofisinin Bakı şəhəri 31 saylı vəkil Bürosuna göndərilmiş xx.xx.2023-cü il tarixli, 103 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş - X15 adına xx.xx.2022-ci il tarixində vərəsəlik işi açılmışdır. Onun vərəsələri anası MirzəliyevaŞəhla Əhməd qızı, oğlu X16, arvadı X13, qızı - X12, qızı X6. Onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İstinadolunan məktubdan görünür ki, vərəsələr tərəfindən formal üsulla miras əmlakı qəbul edilmişdir. Odur ki, “mirasın qəbul edilməsi barəsində iddiaçı tərəfdən sübut təqdim edilməməsi” barədə məhkəmənin mövqeyi reallığı əks etdirməmiş və mirasın formal üsullaqəbul edilməsi faktı nəzərə alınmamışdır. Məhkəmə A R MM-nin 1151.1-ci maddəsini düzgün tətbiq etməmiş və miras əmlakına mərhumun öhdəliklərinin də daxil olmadığına düzgün hüquqi qiymət verməmişdir. Qanunverici mirasın qəbulunun iki formasını müəyyən edərək, onlardan biri kimi formal üsulla mirasın qəbul edilməsini nəzərdə tutmuşdur. vərəsənin notariat ofisinə ərizə ilə müraciət etməsi AR MMnin 1243.2- ci maddəsinə əsasən formal üsulla mirasın qəbul edilməsi kimi müəyyən edilir. Yəni vərəsə notariat ofisinə ərizə ilə müraciət etdiyi anda o, mirası qəbul etmiş hesab edilir. İş materiallarına əlavə edilmiş notariat ofisinin məktubundan görünür ki, vərəsələr ərizə verməklə mirası qəbul etmişlər və vərəsələrin tam dairəsi notariat ofisi tərəfindən tam müəyyən edilmişdir. Vərəsəlik şəhadətnaməsinin verilməməsinə səbəb isə qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddətin bitməməsi olmuşdur. Lakin, hazırkı mülki iş Məhkəmənin icraatında olan dövrdə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı qəbul edilmiş və həmin Qərarın 3-cü hissəsinə əsasən istinad olunan Qərar mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqe ondan ibarət olmuşdur ki, “..Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə, borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur.” Bununla yanaşı, formalaşmış hüquqi mövqeyə əsasən vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildəşərh edilməsinə dair” Plenumun 26 iyul 2021-ci il tarixli Qərarı) Yuxarıda istinad olunan Qərarlardan göründüyü kimi, kreditor üçün mühüm olan vərəsələrin dəqiq dairəsinin müəyyən edilməsi və vaxt itkisi olmadan tələbin həmin vərəsələrə yönəldilməsindən ibarət olmuşdur. Vərəsələrinin paylarına münasibətdə isə istinad olunan Qərarlara əsasən payların müəyyən edilməsi səlahiyyəti məhkəmələrə aid edilmişdir. Məhkəmə həmin hissədə araşdırma aparmamış və nəticə etibarı ilə hazırkı iş üzrə kreditorun tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq məhkəmə qətnaməni əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.” İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmənin sübutların təqdim edilməsi ilə bağlı mövgeyi düzgün olmamış, iddiaçı mirası qəbul etmiş vərəsələrin tam dairəsini müəyyən edərək həmin şəxslərə qarşı tələbini irəli sürmüşdür. Notariat ofisi tərəfindən şəhadətnamənin verilməməsi iddiaçının iradəsindən asılı olmamışdır və bu hal onun əleyhinə istifadə edilməməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdilər.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsivəkili apellyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 25.3. Vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür.

15. Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 16.Maddə 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.

17. Maddə 28.3. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır.

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

20. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 558. Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur

23. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

24. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

25. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

26. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

27. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

28. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

29. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.[

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı

30. “......Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar....... Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.”

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 33.Maddə 49.3. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər.

34. Maddə 49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar.

35. 23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

37. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

38. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi iddianın təmin edilməsi xahiş edildiyindən qətnamə bütünlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia qismən təmin edilməlidir.

43. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədən və işin həllində əhəmiyyət kəsb edən bütün hallar araşdırılmadan qəbul edilmişdir.

44. Belə ki, iş materillarında olan İddiaçı QSC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, mərhum X3 xx.xx.2022-ci il tarixli, 001A********** nömrəli kredit müqaviləsi üzrə 13600 manat məbləğində kredit borcu, 2761,14 manat məbləğində faiz borcu və 1147, 84 manat məbləğində cərimə borcu mövcuddur.

45. İddiaçı QSC-nin xx.xx.2022-ci il tarixli bağlanan ərizədən görünür ki, mərhum X15 bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və onları qəbul etmiş, bankdan faiz dərəcəsi 19% olmaqla 36 ay müddətinə, 13600 manat məbləğində kredit sifariş etmişdir.

46. X1 ödəniş planından görünür ki, mərhum X15 xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın 6-dək 501 manat, xx.xx.2025-ci il tarixdə 484,14 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür.

47. İddiaçı QSC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixində X3 hesabına 13600 manat köçürülmüş və məxaric edilmişdir.

48. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 24 saylı Notariat ofisinin Bakı şəhəri 31 saylı vəkil Bürosuna göndərilmiş xx.xx.2023-cü il tarixli, 103 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş - X15 adına xx.xx.2022-ci il tarixində vərəsəlik işi açılmışdır. Onun vərəsələri anası Cavabdeh2, oğlu X16, arvadı X13, qızı - X12, qızı X11r. Onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

49. “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavillənin ümümi şərtlərinin” 7.20ci bəndinə uyğun оlaraq, bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir.

50. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh2 mərhum X3 vərəsəsi olduğu üçün xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcu barədə məlumat verilmiş, borcun vaxtında ödəməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı bildirilmişdir.

51. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, X5 mərhum X3 vərəsəsi olduğu üçün xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcu barədə məlumat verilmiş, borcun vaxtında ödəməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı bildirilmişdir.

52. 5 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 285303 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2022-ci il tarixdə ürəyin kəskin işemik xəstəliyinin digər formaları səbəbindən Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 550 nömrə ilə qeyd edilmişdir.

53. Apellyasiya baxışı zamanı ünvan 2 xx.xx.2022-ci il tarixində vəfat etmiş X3 hüquq varisinin olub-olmaması, ölmüş şəxsin (miras qoyanın) əmlakının başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçib-keçməməsi, miras əmlakın hansı həcmdə qəbul edilməsi barədə sorğu verilmişdir.

54. ünvan 1 ünvanladığı 24.05. 2024-cü il tarixli və ona əlavə edilmiş sənədlərdən (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və Azərbaycan Respublikasının Mənzil X18 "xxxx" MMC-nin məktubu) məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixində vəfat etmiş X3 adına xx.xx.2022-ci il tarixində vərəsəlik işi açılmışdır. Onun vərəsələri-anası Cavabdeh2, arvadı Cavabdeh1, oğlu azyaşlı X16, qızı azyaşlı X12 və qızı azyaşlı Cavabdeh2 Ramin qızıdır. Onların hər birinə ayrılıqda xx.xx.2023-cü il tarixində "xxxx" MMC-də miras qoyana məxsus 6757 manat vəsaitin 1/5 hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

55. Azərbaycan Respublikasının Mənzil X18 "xxxx" MMC-nin ünvan 2 ünvanladığı xx.xx.2022-ci il tarixli xx-xx/1241 saylı məktubunda göstərilmişdir ki, X2 olaraq Mənzil X18nin tabeliyində "xxxx" MMC-nin Maliyyə və təminat şöbəsinin nəqliyyat sektorunda mexanik vəzifəsində çalışmışdır və Cəmiyyətdə ona məxsus 6757 manat məbləğində vəsait vardır.

56. Beləliklə, işdən müəyyən olunur ki, həqiqətən də iddiaçı ilə borcalan X15 arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış və borcalan bu müqavilənin bağlanmasından qısa müddət sonra vəfat etmişdir. Borclunun mirasını qəbul etmiş vərəsələri isə, yəni hazırki iş üzrə cavabdehlər bank qarşısında öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmış və nəticədə mərhum X3 xx.xx.2022-ci il tarixli, 001A********** nömrəli kredit müqaviləsi üzrə 13600 manat məbləğində kredit borcu, 2761,14 manat məbləğində faiz borcu və 1147, 84 manat məbləğində cərimə borcu yaranmışdır.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

58. Belə olan halda kollegiya, hesab edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiklərindən iddiaçının cavabdehlərə (tam fəaliyyət qabiliyyətli vərəsələrə) qarşı iddia qaldırmaq hüququ yaranmışdır.

59. Lakin qeyd olunmalıdır ki, iddiaçı hazırki tələbinə cavabdehlik daşıyan şəxsləri düzgün müəyyənləşdirsə də, cavabdehlərdən tələbdə göstərilən miqdarda borcun tutulması qanunvericiliyin sadalanan normaları ilə uzlaşmır, burada vərəsələrin daşıdığı məsuliyyətin həddi nəzərə alınmalı vacib şərtdir.

60. Belə ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq Qərarın da isə göstərilmişdir ki, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

61. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, mərhum X3 vərəslərinin hər birinə- anası Cavabdeh2, arvadı Cavabdeh1, azyaşlı övladları-X10, azyaşlı X4 və azyaşlı Cavabdeh2 Ramin qızına ondan miras qalmış 6757 manat pul vəsaitinin 1/5 hissəsi miqdarında (1351,40 manat) miras payı çatmışdır. Bu səbəbdən kollegiya hesab edir ki, hər bir vərəsə banka ödənilməli olan borca görə yalnız 1351, 40 manat həddində məsuliyyət daşıyır.

62. Beləliklə, qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, borcalan X3 hər bir vərəsəsi borclunun bank qarşısında yaranmış öhdəliklərinə görə məsuliyyət daşıyaraq, kredit borcunu hər biri ayrılıqda onlara çatan miras payı həcmində, yəni 1351,40 manat miqdarında iddiaçıya ödəməlidirlər. Borclunun bank qarşısında məsuliyyət daşıyan azyaşlı vərəsələri - övladları ilə bağlı kollegiya bildirir ki, mülki qanunvericiliyin normalarına əsasən onlar tam fəaliyyət qabiliyyətli şəxslər hesab edilmədiyindən sonuncuların miras payı həcmində daşıdığı öhdəliklər də (1351,40+1351,40+1351,40=4054,20 manat) anası Cavabdeh1 tərəfindən icra edilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh2 1351,40 manat, digər Cavabdeh1 isə 1351,40+4054,20=5405,60 manat pul tutularaq bankın xeyrinə ödənilməlidir.

63. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir və bu səbəbdən qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin olunmalıdır.

64. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

65. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

66. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

67. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

68. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan qəbzlərdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 142,50 manat, apellyasiya şikayətinin verilməsi üçün isə 71,30 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddianın təmin olunmuş hissəsinə və cavabdehlərdən ayrı-ayrılıqda tutulmalı olan məbləğlərə mütənasib olaraq kollegiya hesab edir ki, həmin rüsumların 16,50 manatı Cavabdeh2, 65,90 manatı isə Cavabdeh1 alınaraq iddiaçıya ödənilməli, qalan rüsum məbləği isə iddiaçının özünə aid edilməlidir.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-966/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin olunsun. Cavabdeh2 1351,40 (min üç yüz əlli bir manat qırx qəpik) manat, digər Cavabdeh1 isə 5405,60 (beş min dörd yüz beş manat altmış qəpik) manat pul tutularaq İddiaçı QSCyə ödənilsin. İddia tələbi qalan hissələrdə təmin olunmasın. İddia ərizəsi və apellyasiya şikayəti ilə bağlı ödənilmiş cəmi 213,80 (iki yüz on üç manat səksən qəpik) manat dövlət rüsumunun 16,50 (on altı manat əlli qəpik) manatı Cavabdeh2, 65,90 (altmış beş manat doxsan qəpik) manatı isə digər Cavabdeh1 alınaraq İddiaçı QSC-yə ödənilsin, qalan məbləğ iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar