Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-328/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-608/2021 saylı, 23.04.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12204.38 manat məbləğində əsas borc, 2226.18 manat məbləğində faiz borcu, 834.15 manat məbləğində cərimə borcu, 1824.10 manat gecikmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi, ümumilikdə 17088.81 manat məbləğində borcun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında 01 oktyabr 2014-cü il tarixdə kredit verilməsi haqqında №07/SKMF saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 6 faiz ödənilməsi şərtilə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Cavabdeh3 ilə bağlanmış 01 oktyabr 2014-cü il tarixli №07/SKMF saylı zaminlik müqaviləsi əsssında Kredit müqaviləsinin icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşlər. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 12204.38 manat məbləğində əsas borc, 2226.18 manat məbləğində faiz borcu, 834.15 manat məbləğində cərimə borcu, 1824.10 manat gecikmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi, ümumilikdə 17088.81 manat məbləğində borcu qalmışdır.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-608/2021 saylı, 23.04.2021-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (sədrlik edən: İlahə Abbasova).
4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “AmrahBank" ASC-nin Gənclik filialı ilə Cavabdeh1 arasında bağlanmış 01 oktyabr 2014-cü il tarixli 07/SKMF nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 15 000 (on beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit və ona hesablanacaq faizlərin ödənilməsi barədə öhdəlik götürsə də o, bu öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “Fond” adlanacaq) “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 12204,38 manat əsas, 2226,18 manat faiz, 834,15 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1824,10 manat faiz, cəmi 17088,81 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsi 2(011)-608/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbini təmin edilməmişdir. Birinci instansiya məhkəməsini tərəfindən iddiaçının iddia tələbinin təmin edilməməsinin əsası kimi Cavabdeh1 tərəfindən məhkəmə baxışı zamanı “borcun olmamasına dair" saxta arayış təqdim etməsi olmuşdur. Bildiririk ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, hər hansı mötəbər sübutlara əsaslanmayan və səthi araşdırma nəticəsində qəbul edilmiş qətnamədir. Bu səbəblərdən də həmin qətnamə tamamilə ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi rəsmi maliyyə arayışına əsaslanaraq cavabdehlərdən cəmi 17088.81 (on yeddi min səksən səkkiz manat səksən bir qəpik) manat məbləğində pulun tutulmasına dair qətnamənin qəbul edilməsini yox, cavabdehin borcun olmamasına dair saxta arayışını əsas gətirərək və bildirməklə ki, “Məhkəmə iş materiallarında olan sənədlərə əsasən qərar qəbul edir” yalnış nəticəyə gəlmiş və bu əsasla da iddianın təmin edilməməsinə dair qətnamə qəbul edərək iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu pozmuş, cavabdehlərin borcu ola-ola, onların Bank qarşısında olan icra edilməmiş öhdəliklərindən yayınmaları üçün əlverişli şəraitin yaradılmasını təmin etmişdir. Qətnamənin “müəyyən etdi” hissəsinin 5-ci abzasında birinci instansiya məhkəməsi qətnamədə iddiaçının nümayəndəsinin həmin saxta arayışla bağlı hər hansı açıqlama verə bilməməsini qeyd edilmişdir. Cavabdeh həmin arayışı məhkəməyə təqdim etdikdən sonra birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsinə həmin arayışla bağlı mövqe bildirməsini xahiş etmişdir. Təbii ki, nümayəndə cavabdehlərin Banka borcları ola-ola “borcun olmamasına dair” həmin arayış barədə hər hansı açıqlama verilməsi üçün araşdırma aparılması zərurətinin olduğunu bildirmişdir. Daha sonra iddiaçının nümayəndəsi həmin arayışın saxta olması ilə bağlı mövqe bildirərək qeyd etmişdir ki, ABHD- 596 saylı, 14.04.2020-ci il tarixli arayış saxtadır, bu sayla başqa bir rəsmi sənəd qeydiyyatdan keçmişdir və belə bir əsasla cavabdehə sənəd verilməmişdir. Bütün bunlara baxmayaraq, araşdırma aparılması təmin edilməyərək, məhkəmə cavabdeh tərəfindən təqdim edilən sübutun mötəbərliyinə şübhə ilə yanaşmamış, həmin sübutu cavabdehlərin ləğv prosesində ola bank qarşısında heç bir öhdəliyinin olmaması kimi qiymətləndirərək səhv qətnamə çıxarmışdır. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə Bank arasında 01.10.2014-cü il tarixli. 07/SKMF nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Əzizli apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
8. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən ekspert Famil Əliyev bildirmişdir ki, rəyin təsviri hissəsində hər hansı səhv yoxdur. Nəticə hissəsində texniki səhvə yol verilib, “imza olunmuşdur” əvəzinə “icra olunmamışdır” qeyd edilib.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Leyla Məmmədbəyli imzanın ona aid olmamasını, ekspert rəyi ilə razılaşmamasını bildirdi.
12. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
13. Belə ki, iş materiallarında olan Cavabdeh1 və İddiaçı ASC-si arasında bağlanmış 01 oktyabr 2014-cü il tarixli, 07/SKMF nömrəli kredit müqaviləsinin bank tərəfindən təsdiq edilmiş surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 6% olmaqla 15000 manat məbləğində kredit verilmişdir. Müqavilənin əsli məhkəməyə tədim edilməmişdir.
14. İş materiallarında olan İddiaçı ASC-si ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 01 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 və Cavabdeh2, yəni zaminlər borcalanın bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etmələri üçün məsuliyyəti öz üzərinə götürmüşlər.
15. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş maliyyə arayışına əsasən məlum olur ki, Cavabdeh1 23 sentyabr 2020-ci il tarixinə kredit müqaviləsi üzrə 12204.38 manat əsas borc, 2226.18 manat faiz, 834.15 manat cərimə, 1824.10 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 17088.81 manat borcu vardır.
16. İş materiallarında olan ABHD-596/20 saylı 14.04.2020-ci il tarixli arayışdan görünür ki, həmin arayış Cavabdeh1 verilir ondan ötrü ki, Cavabdeh1 ilə İddiaçı ASC-si arasında bağlanmış 01 oktyabr 2014-cü il tarixli, 07/SKMF nömrəli kredit müqaviləsi üzrə heç bir borcu yoxdur. Arayış İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X3 vəzifəsini icra edən İ.H.Məmmədbəyli tərəfindən imza edilmiş və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin möhürü ilə təsdiq edilmişdir. Hüquqi dəyərləndirmə:
17. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır:
18. Azərbaycan Respublikası Mülki Məcəllənin 389.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
22. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
23. Həmin Məcəllənin 442-ci maddəsinə görə, Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.
24. Kollegiya qeyd edir ki, İddiaçı ASC Cavabdeh1 ilə aralarında bağlanmış 01.10.2014-cü il tarixli 07/SKMF nömrəli kredit müqaviləsinə istinad edərək, borclu (cavabdeh) tərəfindən müqavilə üzrə borcun ödənilməsindən ibarət öhdəliyinin icra edilmədiyini iddia etmişdir.
25. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən məhkəməyə həmin müqavilə üzrə borcun ödənilməsini təsdiq edən arayış təqdim edilmişdir. İş materiallarından görünür ki, həmin ABHD-596/20 saylı 14.04.2020-ci il tarixli arayış bankın X3 vəzifəsini icra edən İ.H.Məmmədbəyli tərəfindən imza edilmiş, bankın möhürü ilə təsdiq edilmişdir və arayışda qeyd edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı ASC-si arasında bağlanmış 01 oktyabr 2014-cü il tarixli, 07/SKMF nömrəli kredit müqaviləsi üzrə heç bir borcu yoxdur.
26. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi həmin arayışın mövcudluğu barədə məlumatının olmadığını bildirməklə yanaşı, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində həmin arayışın saxta olması və birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı hər hansı araşdırmanın aparılmaması halına istinad etmişdir.
27. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman sözügedən arayışın saxta olub-olmamasının araşdırılması məqsədilə kompleks sənədlərin texniki və xəttşünaslıq ekspertizaları təyin edilmiş, arayışda olan möhürün həqiqətən də İddiaçı ASC-nin möhürü olub-olmaması, imzanın isə arayışı imzalayan L.Məmmədbəyliyə aid-olub-olmamasına dair suallar qoyulmuşdur.
28. Məhkəmə ekspertiza Mərkəzinin rəyinə əsasən arayışda olan möhürün Banka məxsus olması öz təsdiqini tapmışdır. Rəyin əsaslandırma hissəsində imzanın L.Məmmədbəyliyə məxsus olmasının hər hansı şübhə doğurmaması qeyd edilsə də, nəticə hissəsində imzanın L.Məmmədbəyliyə məxsus olmaması qeyd edilmişdir.
29. Qeyd edilən ziddiyyətin aydınlaşdırılması məqsədilə ekspert Famil Əliyev kollegiya iclasına dəvət edilmiş və bildirmişdir ki, rəyin nəticə hissəsində imzanın L.Məmmədbəyliyə məxsus olmamasının qeyd edilməsi texniki səhv nəticəsində baş vermişdir. X5 həmçinin izahat yazaraq qeyd edilən halın texniki səhv nəticəsində baş verməsini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı tərəf təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatət versə də, ekspert rəyində olan anlaşılmazlıq kollegiya iclasında tərəflərin iştirakı ilə ekspertin izahatı əsasında aradan qaldırıldığından, buna görə də təkrar ekspertizanın keçirilməsinə hər hansı zərurət olmadığından, vəsatət təmin edilməmişdir.
30. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsinyazılı qaydada verilən əsaslandırılmışvəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
31. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
32. Kollegiya ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərkən qeyd edir ki, cavabdeh tərəf kollegiya iclasında arayışın nömrəsinin doğru olmaması, əslində həmin nömrə ilə (ABHD-596/20) Bank tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi idarəsinə 29.03.2020-ci il tarixdə başqa məzmunlu sənəd göndərilməsi halına istinad etmişdir.
33. Kollegiya həmin halın araşdırılması məqsədilə, 21.12.2021-ci il tarixində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinə sorğu göndərmiş, həmin sorğuda Bank tərəfindən məhkəməyə surəti təqdim edilən ABHD-596/20 nömrəli məktubun əslinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir.
34. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə 10.01.2022-ci il tarixli, **********44 nömrəli məktub daxil olmuş, məktubda ABHD-596/20 nömrəli məktubun Lənkəran Ərazi İdarəsinə daxil olması barədə hər hansı məlumatın aşkar edilməməsi bildirilmişdir.
35. Kollegiya sadalanan hallara münasibət bildirərək qeyd edir ki, hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Qeyd olunan hal öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxsin üzərinə sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirmək vəzifəsi qoyur. Bu baxımdan hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş sənədlərdəki imzanın həmin hüquqi şəxsin qanuni və ya müvafiq səlahiyyət verilmiş təmsilçisi tərəfindən icra edilməməsi belə sənədlərin etibarlılığını birmənalı şübhə altına almır.
36. Beləliklə, hüquqi şəxsin adından tərtib olunmuş sənədlərin və ya bağlanmış müqavilələrin mötəbərlik baxımından qiymətləndirilməsi zamanı sənədi imzalamış şəxsin səlahiyyətli şəxs olmadığının müəyyən edilməsi həmin sənədin birmənalı qeyri-mötəbər kimi sübut qiymətləndirilməsinə əsas ola bilməz.
37. Kollegiya iclasında izahatı alınan L.Məmmədbəyli imzanın ona məxsus olmamasını bildirsə də, imzanı başqa şəxsə məxsus olmasını əsaslandıra bilməmiş, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu halın əksinə olaraq, imzanın L.Məmmədbəyliyə məxsus olması ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Ekspert rəyinin mötəbərliyi kollegiyada hər hansı şübhə yaratmadığından, kollegiya hesab edir ki, həmin ekspert rəyi sübut kimi qəbul edilməlidir.
38. Cavabdehin banka 12204.38 manat məbləğində əsas borc, 2226.18 manat məbləğində faiz borcu, 834.15 manat məbləğində cərimə borcu, 1824.10 manat gecikmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi, ümumilikdə 17088.81 manat məbləğində borcunun olması iş materiallarında olan arayışla öz təsdiqini tapdığından, iddia tələbinin əsassız olmasına dair birinci instansiya məhkəməsi doğru nəticəyə gəlmişdir. Eyni zamanda, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi sözügedən arayışın saxta olması ilə bağlı dəlilləri apellyasiya instansiyası məhkəməsində icraat zamanı öz təsdiqini tapmamışdır.
39. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinəmütənasibolaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Belə olan halda, iddia tələbi təmin edilmədiyindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir.
41. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, cavabdehin banka borcunnu olması iş materialları ilə öz təsdiqini tapmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
44. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-608/2021 saylı, 23.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev