Məhkəmə qərarları › İş №2(103)-3280/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3280/2024

05.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3280/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin məbləğinin artırılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Abdinov Musa Saleh oğlunun, Cavabdehin nümayəndəsi Əliyev Gülbaba Pirbaba oğlunun iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-547/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Abdinov Musa Saleh oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZ-İ seriyalı 458705 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Əliyeva Aynurə Çingiz qızı arasındakı nikah ləğv edilmiş, nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 321 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “İsayeva” soyadı verilmişdir.

2. AZ-İİ seriyalı 519016 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əlizadə Vüsal Mətləb oğlu xx.xx.2010-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası Əliyeva Aynurə Çingiz qızıdır.

3. AZ-İİ seriyalı 979778 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əlizadə Aylin Mətləb qızı xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası Əliyeva Aynurə Çingiz qızıdır.

4. AZ-İİİ seriyalı 899992 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyeva Ayan Mətləb qızı xx.xx.2016-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası Əliyeva Aynurə Çingiz qızıdır.

5. Bakı 8 nömrəli Mediasiya təşkilatı tərəfindən təsdiq olunan xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, birinci tərəf Əliyeva Aynurə Çingiz qızı bu Saziş imzalandıqdan sonra həyat yoldaşı olan ikinci tərəf Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə 1206 nömrə ilə Bakı şəhəri Səadət Sarayında qeydə alınaraq bağlanan nikahın ləğv olunmasına razıdır. Bu Saziş imzalandıqdan sonra uşaqların mənafeyini nəzərə alaraq, onların təhsildən və öyrəşdikləri yaşayış mühitindən ayrı salmamaqdan ötrü yetkinlik yaşına çatmayan övladları xx.xx.2010-cu il təvəllüdlü Əlizadə Vüsal Mətləb oğlunun, xx.xx.2012-ci il təvəllüdlü Əlizadə Aylin Mətləb qızının və xx.xx.2016-cı il təvəllüdlü Əliyeva Ayan Mətləb qızının onun ananın himayəsində (yanında) qalmalarına razıdır. Birinci tərəf Əliyeva Aynur Çingiz qızı İkinci tərəf uşaqların atası Cavabdeh istədiyi zaman yetkinlik yaşına çatmayan övladları xx.xx.2010-cu il təvəllüdlü Əlizadə Vüsal Mətləb oğlu, xx.xx.2012-ci il təvəllüdü Əlizadə Aylin Mətləb qızı və xx.xx.2016-cı il təvəllüdlü Əliyeva Ayan Mətləb qızı ilə (ananın iştirak olmadan) ünsiyyətdə olmalarına razıdır və buna şərait yaradacağına dair öhdəlik götürür. İkinci tərəf Cavabdeh 2022-ci ilin dekabr ayından başlayaraq, hər uşağa görə 200 manat olmaqla ona birinci tərəf Əliyeva Aynurə Çingiz qızına ümumilikdə hər ay 600 manat aliment pulunun **********357967 hesabına köçürəcəyinə razıdır.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 1534/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi; Əliyeva Aynurə Çingiz qızı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1206 nömrə ilə qeyd edilmiş nikahın pozulması; iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

7. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin əmək müqaviləsi məlumatı haqqında çıxarışdan görünür ki, Cavabdeh “Saıpem Contractıng Netherlands B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialında takelajçı vəzifəsinə işləyir. Onunla bağlanmış əmək müqaviləsinə əsasən aylıq əmək haqqının məbləği 1715 manatdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mediasiya Şurasının xx.xx.2022-ci il tarixli Müqaviləsi (barışıq sazişi) ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, xx.xx.2010-cu il təvəllüdlü Əlizadə Vüsal Mətləb oğlu, xx.xx.2012-ci il təvəllüdlü Əlizadə Aylin Mətləb qızı və xx.xx.2016-cı il təvəllüdlü Əliyeva Ayan Mətləb qızının yetkinlik çatana kimi saxlanılmaları üçün Cavabdeh qazancının və digər gəlirlərinin ½ hissəsi məbləğində alimentin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il tarixdə Əlizadə Vüsal Mətləb oğlu, xx.xx.2012-ci il tarixdə Əlizadə Aylin Mətləb qızı və xx.xx.2016cı il tarixdə Əliyeva Ayan Mətləb qızı anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)1534/2023 nömrəli qətnaməsinə əsasən nikah pozulmuş və uşaqlar onun himayəsində saxlanılmışdır. Mediasiya Şurasının xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən Cavabdeh ilə onun arasında barışıq sazişi bağlanmış və həmin sazişə əsasən cavabdehdən 2022-ci ilin dekabr ayından başlayaraq xx.xx.2010-cu il təvəllüdlü Əlizadə Vüsal Mətləb oğlu, xx.xx.2012-ci il təvəllüdlü Əlizadə Aylin Mətləb qızı və xx.xx.2016-cı il təvəllüdlü Əliyeva Ayan Mətləb qızının saxlanılmaları üçün hər uşağa görə 200 manat olmaqla, cəmi 600 manat məbləğində aliment tutulması barədə razılıq əldə olunmuşdur. Cavabdehin verdiyi 600 manat alinment 3 uşağın saxlanılması üçün kifayət etmir. Cavabdeh işləyir və maaşı yüksəkdir, ona görə də cavabdehin maaşının (digər gəlirlərinin) ½ hissəsi məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-547/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ünsüyyət Mirzəyeva) iddia tələbi təmin edilmiş, Bakı 8 nömrəli Mediasiya təşkilatı tərəfindən təsdiq olunan xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi və xx.xx.2010-cu il təvəllüdlü Əlizadə Vüsal Mətləb oğlunun, xx.xx.2012-ci il təvəllüdlü Əlizadə Aylin Mətləb qızının və xx.xx.2016-cı il təvəllüdlü Əliyeva Ayan Mətləb qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh dövlət rüsumuna görə 50 (əlli) manat dövlət nəfinə tutulması qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56, 75.1, 75.4, 76.1, 78, 112.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2, 9.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Abdinov Musa Saleh oğlu apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və alimentin artırılması barədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Suraxanı rayon Məhkəməsi qətnamə qəbul edən zaman cavabdehin ailə və maddi vəziyyətini, eləcə də diqqətəlayiq başqa halları nəzərə almamışdır. Hanski Konstitutisya Məhkəməsinin müvafiq qərarında bu məsələyə xüsusilə toxunur. Belə ki, “Ailə Məcəlləsinin 76,78, və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitutsiya Məhkəməsinin hüquqi mövqeyi bundan ibarətdir ki, alimentin ödənilməsi barədə tərəflər arasında saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrində, bu qərarda formalaşmış hüquqi mövqeyi uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları nəzərə almadlıdır. Digər hal qanunvericiliyin tələbinə görə uşaqları saxlamaq hər iki valideynin borcudur. İddiaçı da uşaqları qarşısında eyni vəzifələrə malikdir. Yəni uşaqları saxlamaq cavabdehin vəzifəsi olduğu kimi iddiaçının da vəzifəsidir. Məhkəmənin nəzərinə çatdırırıq ki, Suraxanı rayon Məhkəməsi iddianı təmin edən zaman cavabdehin maddi və ailə vəziyyətini nəzərə almamışdır. Cavabdehin iddiaçı ilə nikah münasəbitləri pozulduqda sonra 30 dekabr 2023-cü il tarixdə rəsmi nikaha daxil olaraq yenidən ailə qurmuşdur. Hazırda cavabdehin himayəsində yetkinlik yaşına çatmayan övladı vardır. Bundan əlavə cavabdehin üçücü şəxslərə münasibətdə icra edilməli olan öhdəliyi vardır. Belə ki, Cavabdeh Pibaba oğlu "xxxx" ASC qarşısında kredit müqaviləsi üzrə 11 mart 2024-cü il tarixə qədər ödənilməsi nəzərədə tutulmuş 8150 manat icra edilməmiş öhdəliyi vardır. Qeyd edilən faktlar hamısı cavabdehin icra etməli olduğu öhdəliklərdir. Nəzərə alınmalıdır ki, ailənin yeganə qazancı cavabdehin əldə etdiyi vəsaitdir. Həmçinin cavabdeh hazırda ailəsi ilə birlikdə kirayədə qalır. Belə olan halda onun əmək haqqının və digər gəlirlərinin ½ hissədə tutulması maddi və ailə vəziyyətinə çox ciddi təsir göstərir. Qeyd etdiyim kimi Cavabdeh iddiaçının yanında qalan övladlarının saxlanması üçün sabit aliment məbləğindən kənar digər xərclərində də iştirak etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Abdinov Musa Saleh oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Əliyev Gülbaba Pirbaba oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

18. 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

19. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

20. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

21. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

22. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

23. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-547/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, hər ay qazancının yarısının iddiaçıya ödənilməsi halında cavabdehin maddi və ailə vəziyyəti nəzərə alınmamışdır. Həmçinin, cavabdeh yenidən ailə qurmuşdur, himayəsində azyaşlı övladı vardır. Məhkəmə tərəfindən alimentin artırılması əsassız olmuşdur.

33. Kollegiya qeyd edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi).

35. Nəzərə alınmalıdır ki, 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin əmək müqaviləsi məlumatı haqqında çıxarışdan görünür ki, Cavabdeh “Saıpem Contractıng Netherlands B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialında takelajçı vəzifəsinə işləyir. Onunla bağlanmış əmək müqaviləsinə əsasən aylıq əmək haqqının məbləği 1715 manatdır.

37. Kollegiya apellyasiya şikayətinin alimentə dair dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, cavabdehin ikinci dəfə ailə qurması, ikinci nikahından övladının dünyaya gəlməsi, maddi vəziyyətinin aşağı olması halları alimentin miqdarının artırılmaması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən iddiaçı azyaşlı uşaqları ilə cavabdehdən ayrı yaşayır, ondan ayrı yaşamasına baxmayaraq, cavabdehin həmin uşaqlar qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, cavabdeh uşaqların maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir

38. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

39. Belə ki, təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.

40. Bu baxımdan, “uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını, cavabdehin maddi vəziyyətini də əsas götürərək xx.xx.2010-cu il təvəllüdlü Əlizadə Vüsal Mətləb oğlunun, xx.xx.2012-ci il təvəllüdlü Əlizadə Aylin Mətləb qızının və xx.xx.2016-cı il təvəllüdlü Əliyeva Ayan Mətləb qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutulması qanuni və əsaslı olmuşdur.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Abdinov Musa Saleh oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-547/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar