Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3284/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X3, Cavabdeh X4 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin cavabdeh X5 qarşı “kredit müqaviləsinə xitam verilməsi və borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO “xxxx” ASC, cavabdeh Şahin Qədirova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış kredit müqaviləsinə xitam verilməsi, ondan müqavilə üzrə yaranmış kredit borcunun (əsas, faiz və cərimə borcu daxil olmaqla) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli qətnaməsi ilə “xxxx” ASC ilə Şahin Qədirov arasında bağlanmış xx.xx.2009-cu il tarixli, İS-4011 saylı kredit müqaviləsinə xitam verilməsi, Ş.Qədirovdan 5327 ABŞ dolları əsas, 7027 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12454 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh Şahin Qədirov, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ondan tutulan məbləğin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və məhkəməyə buraxılmış müddətin bərpa edilməsi barədə ərizə daxil olmadığından geri qaytarılmışdır. Cavabdeh, həmin qərardaddan şikayət verərək, onun ləğv olunmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, MPM-in 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Hazırkı halda isə, qətnamə nəinki rəsmi qaydada cavabdehə verilməmiş, lazımi qaydada ünvanına göndərilməmiş, eyni zamanda cavabdehin ona qarşı iddia qaldırılması, məhkəmə iclaslarının yeri və vaxtı barədə də məlumatı olmamışdır. Tərəfindən ərizə ilə müraciət edilərək, qətnamə xx.xx.2021-ci il tarixdə rəsmi qaydada alınmış və qanunla müəyyən edilmiş 1 aylıq müddət daxilində apelyasiya şikayəti verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, şikayətin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi isə, şikayətə etiraz edərək, rədd olunmasını və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İş materiallarından görünür ki, Qaradağ Rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi həmin tarixli məktubla tərəflərə, o cümlədən cavabdeh Şahin Qədirova onun qeydiyyatda olduğu ünvan üzrə (ünvan 1 rəsmi qaydada göndərilmişdir. Qətnamənin alınması barədə iş materiallarında hər hansı sənəd olmasa da, Kollegiya aşağıdakılara əsasən hesab edir ki, qətnamə cavabdeh tərəfindən alınmış hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə, bu Məcəllənin 135.6cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.2-ci və 135.5-ci maddələrinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Bu Məcəllənin 135.2ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Baxılan işin faktiki hallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən bütün məhkəmə bildirişləri cavabdeh Şahin Qədirova onun qeydiyyatda olduğu yuxarıda qeyd olunmuş ünvan üzrə göndərilmiş və həmin bildirişlər cavabdeh tərəfindən ünvanda şəxsən imzalanmaqla qəbul edilmişdir. Buna baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Bundan sonra məhkəmə tərəfindən iş üzrə çıxarılmış yekun məhkəmə aktı da cavabdehə eyni ünvan üzrə göndərilmiş, lakin məhkəməyə nə onun alınması barədə poçt xəbərnaməsi daxil olmuş, nə də hər hansı poçt qeydi aparılmaqla göndəriş geri qaytarılmamışdır. Nəzərə alınmalıdır ki, cavabdeh məhkəmə prosesi barədə məlumatlı olmasına baxmayaraq, qeydiyyatını dəyişməsi və ya faktiki yaşadığı başqa ünvan barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən rayon məhkəməsi qətnaməni işdə olan qeydiyyat ünvan üzrə göndərməkdə haqlı olmuşdur. MPM-in 146-cı maddəsinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd olunanlara əsasən, Qaradağ Rayon Məhkəməsi tərəfindən qətnamədən apelyasiya şikayəti verilməsi müddəti ötmüş hesab edilməklə, qətnamə xx.xx.2014-cü il tarixdə icraya yönəldilmiş və xx.xx.2014-cü il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İcra mərhələsində iddiaçı LPO “xxxx” ASC xx.xx.2014-cü il tarixli məktubla Qaradağ rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək, cavabdehlə razılığa gəldiklərini bildirmiş, icra sənədinin geri qayatrılmasını xahiş etmiş və İcra şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixli qərarla icra sənədi geri qaytarılmışdır. Sonradan iddiaçı xx.xx.2016cı il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh aralarındakı razılaşmaya əməl etmədiyindən icra sənədinin yenidən icraya yöndəldilməsini xahiş etmiş və məhkəmə tərəfindən xahişi təmin olunmuşdur. Həmin icra işi üzrə sənədlərdən görünür ki, icra sənədinin könüllü icrası barədə xx.xx.2016-cı il tarixli bildiriş Şahin Qədirov tərəfindən imza edilməklə şəxsən qəbul edilmişdir. Eyni zamanda, Ş.Qədirov xx.xx.2017-ci il taixdə İcra şöbəsində yazılı izahat verərək, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarxili qətnaməsindən məlumatlı olduğunu etiraf etməklə, borcu ödəməyə maddi imkanı olmadığını bildirmişdir. Daha sonra isə, İcra şöbəsinə maliyyə arayışı təqdim edərək, borcu tam ödədiyini bildirmiş, bu halla bağlı İcra şöbəsinin xx.xx.2019-cu il tarixli sorğusuna cavab olaraq isə LPO “xxxx” ASC tərəfindən **********108 saylı məktubla bildirilmişdir ki, cavabdeh tərəfindən banka qətnamə üzrə ümumilikdə 832 ABŞ dolları ödəniş edilmişdir. Göründüyü kimi, işin yuxarıda sadalanan halları ilə cavabdeh Şahin Qədirovun qətnamə barədə məlumatlı olması tam təsdiq olunur. Belə olan halda, onun məhkəmə qətnaməsinin qəbul edilməsindən (xx.xx.2014-cü il) yeddi ilə yaxın müddət keçdikdən sonra xx.xx.2020-ci il tarixdə ötürülmüş prosessual müddətin bərpası barəd ərizə verilmədən və prosessual müddətin bərpası məsələsi həll olunmadan həmin qətnamədən verdiyi apellyasiya şikayəti mümkün sayıla bilməz. Odur ki, birinci instansiya məhkəməsinin şikayəti geri qaytarması əsaslıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-985/2014 nömrəli, xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3284/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3284/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver