Məhkəmə qərarları › İş №2(103)-3285/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3285/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3285/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit borcunun və hesablanmış faizlərin tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.02.2013-cü il tarixli 2(005)-124/2013 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC ilə cavabdeh arasında bağlanmış 01 dekabr 2010-cu il tarixli KM/FŞ 341 saylı kredit müqaviləsinə əsasən cavabdehdən əsas borc üzrə 330.000 manat, faiz borcu üzrə 91.299,56 manat, cərimə məbləği üzrə 4.154,83 manat olmaqla, ümumilikdə isə 425.454,39 manat məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulub ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC ilə Cavabdeh arasında 01 dekabr 2010-cu il tarixdə kredit verilməsi haqqında KM/FŞ 341 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya bank tərəfindən illik 17 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 330.000 manat məbləğində təminatsız kredit verilmişdir. Lakin, borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində də cavabdehin banka ümumilikdə 425.454,39 manat məbləğində borcu qalmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin kredit müqavilələrinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli 2(005)- 124/2013 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 01 dekabr 2010-cu il tarixli KM/FŞ 341 nömrəli kredit müqaviləsinə əsasən 330.000 manat əsas, 91.299,56 manat faiz borcu, 4.154,83 manat cərimə borcu, cəmi 425.454,391 manat məbləğində borc, həmçinin ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti, apelyasiya baxışı zamanı isə apelyasiya şikayətinə əlavə verərək, qətnamənin əsas, faiz borcu və dəbbə pulunun hesablanaraq tutulması hissəsində ləğv edilməsini və hazırki tələblə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini və əlavəni onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir. Əsas və faiz borcu şişirdilmişdir, kredit borcundan kifayət qədər ödənişlər etmişdir. Məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə, borc düzgün hesablanmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, təmsil etdiyi şəxs tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilmiş, lakin uzun zaman keçdiyindən ödəniş barədə hər hansı sənəd yoxdur. Təqdim edilmiş hesabdan çıxarışda göstərilən məbləğlə razılaşmırlar, ekspertiza keçirilməklə, borc müəyyən edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin dəlilləri ilə razılaşmayaraq, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, ekspertiza keçirilməsinə zərurət yoxdur, borc məbləği düzgün hesablanmışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, 01 dekabr 2010-cu il tarixli KM/FŞ 341 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh bank tərəfindən illik 17 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 330.000 manat məbləğində kredit verilmişdir. İş materiallarından aydın olur ki, cavabdeh iddiaçı tərəfindən borcun ödənilməsi barədə xəbərdar edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək, iddianı təmin etməkdə haqlı olmuşdur. Apelyasiya şikayətində irəli sürülən, borcların düzgün hesablanmaması arqumenti (həmçinin bu məqsədlə ekspertizanın təyin edilməsinin zəruriliyi) ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrinin ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Kredit müqaviləsi üzrə ödənişlər etdiyini qeyd etsə də, bu halı təsdiq edən hər hansı sənəd təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Digər tərəfdən Kollegiya qeyd edir ki, borcun düzgün hesablandığı hesabdan çıxarışla da müəyyən olunur, belə ki, həmin çıxarışdan görünür ki, cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir, əsas borc olan 330.000 manat məbləğində kreditin gündəlik (1 gün üçün) faizləri 155,83 manat (330.000x17%/360=155,83), həmin faizlərin hesablandığı müddət isə müqavilənin bağlandığı 01.12.2010-cu il tarixdən iddia qaldırıldığı 17.07.2012-ci il tarixədək 588 gün olduğu müəyyən edilir ki, bu da 91.630 manat təşkil edir. Cavabdehin dəlilləri əsassızdır, borcun hesablanması üçün ekspertiza keçirilməsinə ehtiyac yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməməsi ilə bağlı apelyasiya şikayətinin dəlilinə münasibətdə isə Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə bildirişləri cavabdehin qeydiyyatda olduğu, həmçinin tərəfindən verilmiş apelyasiya şikayətində də qeyd olunan ünvan üzrə göndərilmiş və poçt xəbərnamələrinə imza edilməklə qəbul edilmşdir. Beləliklə, Kollegiya hesab edir ki, cavabdeh tərəfindən apelyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir və əsassızdır, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli 2(005)- 124/2013 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar