Məhkəmə qərarları › İş №2(103)-3286/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3286/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3286/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Nümayəndə1 ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, müqavilənin vaxtından əvvəl ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi),katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Nümayəndə1 ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-1918/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli CP/44644/78/14 nömrəli "Kredit sazişi"ndən görünür ki, iddiaçı bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 27 % ödəmək şərtilə 5.000 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən 2 gündən 90 günədək gecikdirilmiş kreditə görə kredit alan hər gecikdirilərn gün üçün gecikdirilmiş kreditin 1 % (minimum 50 qəpik olmaqla) miqdarında cərimə ödəyir.

2. 10.01.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya kredit müqaviləsi üzrə 3625,02 manat əsas, 1857,76 manat faiz, 4,49 manat cərimə borcu var.

3. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 2454/2023 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair mülik iş üzrə iddia tələbi təmin edilmiş, Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən xx.xx.2022-ci ildə reyestrdə 8İ-8790 nömrə ilə qeyd edilmiş icra qeydi ləğv olunmuşdur.

4. Həmin iş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6770 nömrəli ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli CP/44644/78/14 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya xx.xx.2022-cü il tarixə 3.585,07 manat əsas, 663,48 manat faiz borcu mövcuddur.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 3.625,02 manat əsas, 1.857,76 manat faiz, 4,49 manat məbləğində cərimə, cəmi 5.487,27 manat məbləğində borcun və 75 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdlr ki, cavabdeh xx.xx.2021-ci il tarixli əsas kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır.

7. Cavabdeh iddiaya qarşı etirazla müraciət edərək bildirmişdir ki, iddiaçı 17 saylı Notariat Ofisinin notariusuna müraciət edərək, müqavilənin vaxtı bitmədən ondan düzgün hesablanmamış məbləğin tutulması tələbi ilə icra qeydi çıxartdırmışdır. O, həmin icra qeydinin ləğvi barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə icra qeydini ləğv etmişdir. O, iddiaçıya borcun restrukturizasiyası ilə bağlı müraciət etsə də, rədd cavabı almışdır. 2022-ci ilin sentyabr ayından işsizdir və adına heç bir əmlak yoxdur. İddiaçı qanun pozuntusuna yol verərək ona kredit ayrilmamali oldugu halda (rəsmi əmək haqqi 466 manat idi və “Beynəlxalq bank”da 7.750 manat nağd kredit, ayliq odənişi 236 manat ve 1.000 manat tam kart krediti, ayliq odəniş 76 manat var idi) iddiaçıya 500 manat “Bolkart” muraciəti etdiyi zaman ona əlavə olaraq 5.000 manat da nağd kredit verildi. Kreditin 3.000-4.000 manatını ödəmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir.

8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 1918/2024 nömrəli qətnaməsi ilə (hakim V.K.Qasımov) iddia təmin edilmiş, Cavabdeh 3.625,02 manat əsas, 1.857,76 manat faiz, 4,49 manat cərimə borcu, 75 manat dövlət rüsumu olmaqla, cəmi 5.562,27 manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə mülki qanunvericiliyin maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehdən həmin məbləğlərin ödənilməsini tələb etməkdə haqlıdır, ona görə də iddia təmin edilməlidir

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 449.4, 739.1, 739.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh tərəfindən apellyasiya şikayəti vaxtın uzadılması məqsədilə verilmişdir.

15. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı: Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir... Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: – digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); – Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal).... Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir... Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir... Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər... Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir... Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər... Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır...

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddia təmin edildiyindən və cavabdeh apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.

22. İşdən müəyyən edilir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli "Kredit sazişi" bağlanmış, saziş əsasında iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 27 % ödəmək şərtilə 5.000 manat kredit verilmişdir. Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2022-ci ildə reyestrdə 8İ-8790 nömrə ilə qeyd edilmiş, iddiaçının xeyrinə cavabdehdən sazişə əsasən vaxtında ödənilməmiş 4.503,58 manat pulun tutulması barədə icra qeydi aparılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-2454/2023 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair mülki iş üzrə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən xx.xx.2022-ci ildə reyestrdə 8İ-8790 nömrə ilə qeyd edilmiş icra qeydinin ləğv edilməsi qət olunmuşdur.

23. Cavabdeh həmin borcdan 3.000-4.000 manat məbləğində ödəniş etdiyini bildirsə də, bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir.

24. Məhkəmə kollegiyası yuxarıda istinad olunan Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini əsas tutaraq hesab edir ki, iddiaçı cavabdehin öz öhdəliyini əhəmiyyətli dərəcədə pozması səbəbindən müqavilə üzrə yaranmış bütün borcu tələb etməklə müqaviləyə xitam vermə niyyətini ifadə etmiş, müqaviləyə məhz iddiaçının müraciəti əsasında notarius tərəfindən icra qeydinin aparıldığı xx.xx.2022-ci il tarixdə xitam verilmişdir.

25. İcra qeydinin ləğvi ilə bağlı işə baxılarkən alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli CP/44644/78/14 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya xx.xx.2022-cü il tarixə 3.585,07 manat əsas, 663,48 manat faiz borcu mövcuddur.

26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə düzgün nəticəyə gəlsə də, əsas və faiz borcunun məbləği ilə bağlı yuxarıda qeyd olunanları və ekspert rəyini nəzərə almalı idi.

27. Məhkəmə cavabdehin iddiaçı tərəfindən ona kredit verilməli olmadığı barədə dəlili ilə bağlı qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Cavabdeh tərəfindən onun iradəsinə zidd olaraq müqavilənin bağlanıldığı iş materialları ilə təsdiq edilmir.

28. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilməli, Cavabdeh 3.585,07 manat əsas, 663,48 manat faiz, 4,49 manat cərimə borcu, cəmi 4.253,04 manat məbləğində borc, habelə Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 75 manat məbləğində dövlət rüsumunun 58 manatı alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 1918/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh 3.585,07 manat əsas, 663,48 manat faiz, 4,49 manat cərimə borcu, cəmi 4.253,04 manat məbləğində borc, habelə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 58 manatı alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar