Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3287/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1083/2020 saylı, 21 yanvar 2020-ci il tarixli qərardadından İddiaçı QSC BOKT tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC BOKT Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1083/2020 saylı, 21 yanvar 2020ci il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılaraq, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2020ci il tarixli, 2(001)-1083/2020 saylı qərardadından verilmiş şikayətə 3 gün müddətində baxaraq qərardadın ləğv edilməsi, mülki işin 28.02.2019-cu il tarixli fərmana əsasən baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini, əks təqdirdə bu şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,Cavabdeh İddiaçı QSC qarşısında yaranmış kredit borcu 28 fevral 2019-cu il tarixli fərmanın təsir dairəsinə düşdüyündən, cavabdehlə İddiaçı QSC arasında kreditin restrukturizasiya müqaviləsi bağlananadək mülki işin baxılmamış saxlanması barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. 21 yanvar 2020-ci il tarixdə məhkəməyə müvafiq ərizəni təqdim etsələr də, Binəqədi Rayon Məhkəməsi ərizədə göstərilən halları Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsi ilə tövsif edərək yanlış qərardad qəbul etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Kollegiya şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizə verildiyindən, cavabdeh də öz növbəsində məhkəmə iclasında iştirak etməyib, için mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılaraq, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə istinad edərək iddia ərizəsini baxılmamış saxlamaqla hazırkı işin halları, mübahisənin mahiyyəti və tətbiq edilməli hüquq normaları ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanın 6.2. bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanda nəzərdə tutulan güzəştlərin məhkəmə baxışı zamanı tətbiq olunması istisnadır. Çünki fərmanda nəzərdə tutulan bəzi güzəştlərin tətbiqi tərəflərin müqavilə azadlığı hüququnu qoruyur. Belə ki, borclu şəxslərlə yeni müqavilə bağlanması təklifi tərəflərin qarşılıqlı iradə ifadəsi ilə məhkəmədən kənar qaydada həll oluna bilər. Eyni zamanda dövlət dəstəyi ilə qaytarılmalı vəsait, yaxud azaldılmalı borc məbləği tərəflərin iştirakı ilə qarşılıqlı razılaşma yolu ilə həll edilə bilər. Çünki qəbul edilmiş qərarlardan tərəflərin məhkəməyə müraciət etmək hüquqları hər bir halda saxlanılır. Yuxarıda qeyd olunan halları ümumiləşdirərək, kollegiya hesab edir ki, qeyd olunan Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Hazırda bankların icraatında olan qeyd olunan müqavilələr üzrə fərmanın müddəaları tətbiq olunduqdan sonra məhkəmədə iddia qaldırıla bilər. Bu baxımdan məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədən kənar həlli qaydası fərmanla müəyyən edildiyindən və hazırkı işdə qaydalara riayət etmək imkanları itirilmədiyindən iddia tələbi Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda iddiaçıya izah olunur ki, fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1083/2020 saylı, 21 yanvar 2020-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 157-158, 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1083/2020 saylı, 21 yanvar 2020ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-3287/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3287/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver